Türklüyümüz yaşayırsa, Atatürk də yaşayır

 

Mustafa Kamal Atatürk 19 May 1919-cu ildə Samsuna gəldi...

 

Çağdaş dönəmdə dünyada türklüyə qarşı açıq və gizli savaşların açıldığı bir zamanda Atatürkü hər an yaşatmaq gərəkdir. Əgər türklüyümüz yaşayırsa, deməli, Atatürk də yaşayır. Bu gün dünya nə olur-olsun, Atatürkü yenməyə çalışır. Əgər Türk xalqı Atatürkə yiyə durmasa, bu təhlükə gerçəkləşə bilər. Atatürk az qala yox yerdən Türkiyə yaratdı, onu var elədi. Dünyada Türklüyə qarşı savaş var və siyasi Türkçülüyün çağdaş yenilməz siması Atatürkə qarşı yönələn son gedişlər bu qəbildəndir. İndi Türk xalqı o dərəcədə milli ölçüyə əsaslanmalı və özgəliklərdən imtina etməlidir ki, varlığını qoruyub saxlaya bilsin. Bu, Atatürkün şəxsi, şöhrəti üçün gərək deyil, Türk xalqının sabahı üçün önəmlidir. Atatürkün min bir əzabla qurduğu Türkiyə Cümhuriyyəti ideoloji sarıdan mahiyyətcə çıxış yolu tapa bilmədi. Atatürk sözün böyük mənasında sərkərdə, qurucu idi. İdeyasını Ziya Göyalpdan almalı oldu: bu ideologiya isə Türkçülük, Batıçılıq və İslamçılığın vəhdəti idi. O zaman Atatürk daha çox Qərbə meylləndi. Baxmayaraq ki, Türkiyə vəhşi Qərbin caynağından qurtulmuşdu, bu yandan da SSRİ ilə münasibətlərdə son dərəcə ehtiyatlı olmalıydı. Atatürkdən sonra tədricən onun xətti inkişaf etmək əvəzinə səngidi: o, siyasi gedişlərdən çox üstün idi. Ölkədə dinin hegemonluğuna son qoydu.

Mustafa Kamal Atatürkün (1881-1938) 1881-ci ildə Səlanikdə (indiki Yunanıstanın Salonika şəhəri) doğulub. Polis zabitliyi, katiblik və taxta-şalban ticarəti ilə məşğul olmuş Əli Rza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evlənir. Atatürkün beş bacı və qardaşlarından təkcə Makbule (Atadan) 1956-cı ilə qədər yaşayıb. Mustafa 7 yaşında atasını itirib. Bir müddət Rapla fermasında dayısının yanında qaldıqdan sonra Səlanikə qayıdıb məktəbi tamamlayır. 1893-cü ildə hərbi məktəbə daxil olur, bu məktəbdə ikən riyaziyyat müəllimi Mustafa bəy adına "Kamal"ı əlavə edir. 1896-1899-cu illərdə Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbində təhsilə başlayır. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olur, Hərbi Akademiyada təhsilinə davam edir. 1905-ci ildə kapitan rütbəsi ilə Akademiyanı bitirir. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində xidmət edir, 1907-ci ildə kolağası (kıdemli yüzbaşı) rütbəsi alır. Sonra Manastıra 3-cü Orduya təyin olunur. 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda qərərgah rəisi olaraq xidmət edir. 1910-cu ildə Fransaya göndərilir, Pikardi Manevralarında iştirak edir. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzi əmrində xidmətə başlayır. Türk-İtalyan müharibəsində Mustafa Kamal bir qrup yoldaşıyla Tobruk və Dərnə bölgəsində xidmət edir, 1911-ci ilin dekabrında italyanlara qarşı Tobruk döyüşündə qalib gəlir. 1912-ci ilin martında Dərnə komendantı təyin olunur.

1912-ci ilin oktyabrında Balkan müharibəsi başlayan vaxt Mustafa Kamal Gəlibolu və Bolayırdakı ordu hissələri ilə müharibədə iştirak edir. Dimetoka və Ədirnənin geri alınmasında böyük xidmətləri olur. 1913-cü ildə Sofiya Hərbi Ataşeliyinə təyin olunur, bu vəzifədə ikən 1914-cü ildə podpolkovnik rütbəsinə yüksəlir. Hərbi Ataşe vəzifəsi 1915-ci ilin yanvarında sona çatır. Bu müddət ərzində I Dünya Müharibəsi başlayır, Osmanlı İmperatorluğu müharibəyə girmək məcburiyyətində qalır. Mustafa Kamal 19-cu Tüməni qurmaq üçün Tekirdağa göndərilir, Çanaqqalada Antanta dövlətlərinə qarşı vuruşlarda böyük şücaət göstərir. Çanaqqala döyüşündən sonra 1916-cı ildə Ədirnə və Diyarbəkirdə vəzifə alır, general-mayor rütbəsinə yüksəlir. Muş və Bitlisin ruslardan geri alınmasını təmin edir. 15 avqust 1918-ci ildə Hələbdə 7-ci Ordu komandiri təyin edilir, bu cəbhədə ingilislərə qarşı uğurlu müdafiə təşkil edir. Mondros Müqaviləsinin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-ci ildə İldırım Orduları Qrupuna komandir təyin edilir, bu ordunun ləğv edilməsindən sonra isə 13 noyabr 1918-ci ildə İstanbula gələrək Müdafiə Nazirliyində vəzifəyə başlayır. Antanta dövlətlərinin Osmanlı ərazilərini işğala başlamalarından sonra Mustafa Kamal 19 May 1919-cu ildə Samsuna gəlir. 23 iyul-7 avqust 1919-cu il tarixində Ərzurum, 4-11 Sentyabr 1919-cu ildə Sivas Konqresini çağıraraq ölkənin işğaldan təmizlənməsi üçün izlənməli yolu müəyyən edir. 1919-cu ilin dekabrında Ankarada həyəcanla qarşılanır. 23 Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda əhəmiyyətli addım atılır. Məclis və hökumət başqanlığına seçilərək Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün gərəkli qanunları qəbul edib tətbiqinə başlamasını təmin edir.

Atatürkün rəhbərlik etdiyi Türk Qurtuluş mübarizəsinin əsas mərhələləri: Sarıqamış (20 Sentyabr 1920), Qars (30 Oktyabr 1920) və Gümrünün (7 Noyabr 1920) azad edilməsi; Çukurova, Qaziantep, Maraş və Urfa müdafiələri (1919-1921); I İnönü zəfəri (6-10 Yanvar 1921); II İnönü zəfəri (23 Mart-1 Aprel 1921); Kütahya-Eskişehir döyüşləri; Sakarya zəfəri (23 Avqust-13 Sentyabr 1921); Böyük Hücum, Başkomandanlıq döyüşü və Böyük Zəfər (26 Avqust-9 Sentyabr 1922). Sakarya zəfərindən sonra 19 Sentyabr 1921-ci ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala marşal rütbəsi və Qazi titulu verib. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozan Müqaviləsi ilə sona çatıb. "Sevr" müqaviləsilə parçalanan, türklərə 5-6 vilayət böyüklüyündə ərazi verilən Türkiyə varlığını Atatürkün hünəriylə təsdiq etdi.

1922-ci il noyabrın 1-də xilafət və monarxiya bir-birindən ayrılır, monarxiya ləğv edilir. 29 Oktyabr 1923-cü ildə Cümhuriyyət elan edilir, Atatürk yekdilliklə ilk cümhurbaşqanı seçilir. 30 Oktyabr 1923-cü ildə İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti qurulur. Türkiyə Cümhuriyyəti "Hakimiyyət qeydsiz-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideoloji əsasları üzərində qurulur. Atatürk 1927, 1931, 1935-ci illərdə TBMM tərəfindən yenidən cümhurbaşqanı seçilir.

Bu gün Ankaranın ən uca yerində qərar tutan Anıtqəbir kompleksi tamaşaçını Türkiyənin sözün əsl mənasında yox olmaqdan qurtarmış böyük Atatürkə bir daha insani sayğı üstə kökləyir. Atatürk doğrudan da bütün türklərin sayğısına layiqdir. O, elə bir gərgin, çətin, təhlükəli dövrdə meydana atıldı ki, bütövlükdə Türkiyə məhv olmaq gerçəkliyilə üz-üzə idi. Məhz onun fitri sərkərdəlik, dövlətçilik, qəhrəmanlıq keyfiyyətləri sayəsində artıq çökməkdə olan Osmanlı imperatorluğunun qalıqları üzərində Türkiyə Respublikası quruldu. Az bir vaxt ərzində Türkiyə dövlətini qurmaq, onun ideologiyasını müəyyənləşdirmək, dövləti daim ayaqda saxlamaq üçün perspektivlər fikirləşmək Atatürkün hünərli zəka sahibi olduğunu sübut etdi. Adətən belə cəhətlər çox az insanlara nəsib olur.

Bu gün Türkiyədə müxtəlif dairələrdə zaman-zaman Atatürkə olan hücumların artması müşahidə edilir. Onun həyatının, fəaliyyətinin müxtəlif məqamları məqsədli şəkildə müzakirə mövzusuna çevrilir. Atatürk kimi dahinin həyatını bu mənada təftiş etmək əslində Türkiyə dövlətçiliyini onun ideologiyasından və ordu üstünlüyündən məhrum etmək istəyi daşıyır. Ancaq Atatürk türk dövlətçiliyi tarixində əvəzsiz xidmətlərinə görə həmişə yaşayacaq.

Tanınmış türk yazıçı-publisisti İsmət Bozdağın "Lətifə xanım. Atatürkün həyat yoldaşı" kitabı Atatürkün şəxsi həyatı haqqında müəyyən təsəvvür yarada bilir. Kitabın dili son dərəcə anlaşıqlıdır. Hadisələrin baş vermə şəraiti canlı şəkildə ifadəsini tapıb. Digər tərəfdən də hazırda sənədli əsərlər oxucuda daha yaxşı əhvallar yaradır. Oxucu üçün məşhur tarixi şəxsiyyətlərlə bağlı bütün soraqlar, xüsusilə də onların ailə həyatı son dərəcə maraqlıdır. Aydındır ki, şəxsiyyətin xarakterinin ifadəsi onun ailəçiliyində təsdiqini tapır. Türk ailəçiliyinin dünyaya örnək olası cəhətlərinin görünməsi, bilinməsi baxımından kitabda əhəmiyyətli məqamlar var. Olduqca maraqlı çalarlarda ailəçilik həyatı təsvir olunan Atatürk burada da qeyri-adi qətiyyətini göstərir; onun xarakterinə güzəşt prinsipi tamamilə yaddır. Hiss olunur ki, özünəməxsus bir aqibət yaşayan Atatürk uzun illər ərzində onu bütünlüklə anlaya biləcək ömür-gün yoldaşı axtarır. Lətifə xanımla evlənərkən haradasa zənn edir ki, axtardığı qadın obrazını Lətifənin timsalında tapıb, ancaq az sonra anlayır ki, səhv edibmiş. Bu da təbiidir: Atatürk kimi bir şəxsiyyətin qadını olmaq çox çətin idi... O deməkdir ki, Atatürk Türk xalqının xoşbəxtliyi üçün ömrünü fəda etdi. Əsərdə Atatürkün möhkəm xarakterli bir türk kişisi obrazı məharətlə yaradılıb.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 19 may.- S.14.