Üçrəngli bayrağımızın keçdiyi şərəfli yol

 

Məcid Musazadə xaricdə yüzlərlə elmi-publisistik yazılarını Azərbaycanın tarixinə, ədəbiyyatına həsr edib

 

1-ci yazı

 

Azərbaycan Xalq Cümhuriyyətinin - 28 may 1918-ci ildən 27 aprel 1920-ci ilə qədər yaşamış, Şərqdə ilk dəfə müstəqil dövlət kimi fəaliyyət göstərmiş məmləkətimizin ömrü cəmi 23 ay oldu. Bu dövrdə qədim dövlətçiliyimizin əsası yenidən quruldu. Dövlət atributları yarandı, azad, müstəqil bir dövlət kimi az müddətdə xeyli gördü. Ancaq az sonra toplu-tüfəngli sovet, "sosializm" deyilən bir quruluş yarandı. Zəkalı insanlarımız pərən-pərən oldular, dağıldılar dünyanın bir çox ölkələrinə. Xüsusilə də dili, dini, canı, türkçülüklə yoğrulmuş "türkün-türkdən başqa köməyi yoxdur"-fikri ilə soydaşlarımız Türkiyəyə daha çox üz tutdular: Beləliklə, milli, müstəqil cümhuriyyətmizin simvollarından biri olan üç rəngli bayrağımız da müvəqqəti olaraq endirildi. 70 ildən artıq dönəmdə sosializm bayrağı başımızın üstündə zorla dalğalandı. "Köksündə tufanlar, gəldim irəli"- deyən, gülləyə tuş edilən (1937) Əhməd Cavadımız, Almaz İldırımımız, "Vətən qaldı"- deyən Mirzə Bala Məmmədzadə, Əhməd Ağaoğlu, C.Hacıbəyli, M.Rəsulzadə, Ə.Topçubaşov, A.X.Xoyski, Ü.Hacıbəyli, Ə.Hüseynzadə onlarla başqaları üçrəngli bayrağın həsrəti ilə yaşadılar.

Birdən nağıllarda deyilən kim, XX yüzilliyin sonunda ikinci dəfə üç rəngli bayrağımız bərpa olundu, ünlü şairimiz Ə.Cavadın sözləri, dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəylinin musiqisi əsasında gözəl, bənzərsiz himnimiz yenidən canlı ömrünü yaşamalı oldu.

Üç rəngli bayrağımızın yaranmasının 92-cü ildönümü tamam olur. Şair Əhməd Cavadın dediyi kimi, üçrəngli bayrağın meydanı "Quzğun" (Xəzərin köhnə adı-M.T.) dənizdən görünəcək, Xəzərin yaxınlığında dalğalanaraq nəhəng bir meydana çevriləcək. Bu sətirləri yazarkən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Bayrağının keçdiyi yol barədə vaxtıilə Vətəndən uzaq düşmüş jurnalist, politoloq Məcid Musazadənin bir məktubunu oxuculara çatdırmağı özümüzə borc bildik. Bu da tarixin bir yarpağı, üç rəngli bayrağın keçdiyi yola az da olsa işıq salınmasıdır. Xaricdə yaşamış mühacir-soydaşlarımızdan biri olan Məcid Musazadə 1914-cu ildə Bakıda anadan olub, Bakı iqtisadi texnikumunu bitirib, üç il mühasib vəzifəsində çalışıb, 1936-cı ildə indi Bakı Dövlət Universitetin tarix fakültəsinə qəbul olunub. 1941-ci ildə təhsilini başa vurana kimi indiki Nizami adına Dövlət Ədəbiyyat muzeyində işləyib (1939-1941). İkinci Dünya müharibəsi başlanır, o əsgəri xidməti çağırılır. Müharibədən sonra xaricdə qalır. Berlində nəşr olunan "Azərbaycan" qəzetinin redaktoru kimi çalışır, "Azadlıq" radiosunda şöbə müdiri kimi fəaliyyət göstərir. Mühacirət həyatını yaşayan M.Musazadə yüzlərlə elmi-publisistik yazılarını Azərbaycanın tarixinə, ədəbiyyatına həsr edir. O, 1990-cı ildə xaricdə vəfat edib. Onun oxuculara təqdim etdiyimiz məktubu üç rəncli bayrağımızın keçdiyi həyat yolunu öyrənmək üçün tarixi bir sənəddir.

Qarabağ müharibəsi başlanan zaman o daha aktivləşir, canından artıq sevdiyi müstəqillik, üç rəngli bayraq haqqında, ermənilərin hiyləgər siyasətini bütün dünyaya çatdırmaq istəyi ilə Bakı ilə sıx əlaqə saxlayır. Vətəndən tarixi sənədlər istəyir ki, xaricdə düşmənin hiyləgərliyini cəsarətlə təbliğ etsin, tarixi faktları dünya xalqlarına çatırsın. Aşağıda M.Musazadənin ilk məktubunu olduu kimi təqdim edirik. Qeyd edək ki, birinci məktubunda o, üçrəngli bayrağımız haqqında yazıb: "Hörmətli həmvətənlər!" müraciəti ilə yazdığı məktub isə unudulmaz rəssamımız Həsən Haqverdiyev barədədir. Məktubun surətləri 648 saylı şəxsi fondda mühafizə olunur.

 

***

 

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Bayrağı

(28.5.1918-27.4.1920)

 

Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım.

Üç rəngin əksini "Quzğun Dəniz"dən,

Ərmağan yolla sən, yara bayrağım.

Gedirkən Turana çıxdın qarşıma,

Kölgən dövlət quşu, qondu başına.

İzin ver, gözümdən coşan yaşıma,

Dinlətsin dərdini aha bayrağım.

... Köksümdə tufanlar, gəldim irəli,

Öpüm kölgən düşən mübarək yeri.

 

(Əhməd Cavad)

 

* Hörmətli həmyerlilərim!

Azərbaycan Xalq Cəbhəsinə hədiyyə göndərdiyim bu üç rəngli Milli Bayrağımızın qısa hekayəsini sizlərə bildirməyi məqsədəmüvafiq sayıram. 33 il bundan əvvəl - 1956-cı ilin 23 oktyabrında macar xalqı Kreml rəhbərliyinin təzyiqinə qarşı ayağa qalxdığı zaman Nyu-Yorkda yaşayır, sovet özbaşınalığıdan cana doyan digər xalqların mühacir qrupları ilə əlaqə saxlayırdım. Təxminimə görə, noyabrın başlarında Macarıstandakı xalq üsyanının sovet tankları süngüləri zoruna boğulmasına etiraz əlaməti olaraq şəhərin məşhur Roosevelt otelində kütləvi yığıncaq keçiriləcəyi xəbərini aldım. Təbii, bu toplantıda Azərbaycanın yerini boş qoymaq olmazdı. Dərhal bütün ölkələrin bayrağının satıldığı bir dükana getdim. Fəqət o zaman Amerika Birləşmiş Ştatlarında Azərbaycan adında bir məmləkətin mövcud olduğunu çox az adam bilirdi. Bu səbəbdən dükanda hazır Azərbaycan bayrağı yox idi. Zənnimə görə indi belə hazır bir Azərbaycan bayrağı satışda yoxdur. Sifariş vermək lazım idi. Fəqət vaxt da çox dar idi. Dükan sahibinə dərdimi anlatdım, məsələni qavradıqdan sonra onu iki günə hazırlayacağına söz verdi. Üçüncü gün bayrağı alıb, oradan da toplantı yerinə getdim. Yığıncaqda məndən başqa 10-12 azərbaycanlı mühacir daha var idi. Beləliklə, toplantının rəyasət heyətində müxtəlif xalqların milli bayraqları ilə yanaşı bizim milli bayrağımız da asılmışdı. Milli bayraqlar səhnədə nümayiş etdirildi sürəkli alqışlarla qarşılandı.

O vaxtdan bəri bu bayraq Azərbaycanla əlaqədar müxtəlif toplantı iclaslarda - Azərbaycanın istiqlal bayramlarında, sovet rəhbərliklərinin milli siyasətinə etiraz yığıncaqlarında iftixarla dalğalanıb, xalqımızı onun iradəsini tərənnüm edib. 33 yaşında olan Milli bayrağımızın Azərbaycan Xalq Cəbhəsinə uğurlar gətirməsini, onun müstəqilliyə, azadlığa təyin müqəddəratına gedən yolu işıqlandırmasını tərənnüm edir, onun bu yolda inadla mübarizə edən cəfakeş idarəçilərinə səmimi qəlbdən müvəffəqiyyət diləyirəm.

Salam hörmətlə: Məcid L.Musazadə, Daland Str.4/b, 8000, Münhen-81. Münhen, 1.11.1989.

 

***

 

Hörmətli həmyerlilər!

Əvvəlcə salam ehtiramlarımı izhar edirəm! Göndərdiyim bu fotosurətin əsli yağlı-boya idi. Əsəri Azərbaycanın o zamankı gənc, müqtədir bacarıqlı rəssamlarından rəhmətlik Həsən Haqverdiyev, səhv etmirəmsə, 1943-cü ildə Berlində yaratmışdı. Müharibədən təxminən bir il əvvəl, hələ tələbə ikən, böyük, mütəfəkkir şairimiz Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə hazırlıq dövründə kiçik elmi işçi sifəti ilə qurulmaqda olan Nizami muzeyində çalışırdım. Tarix fakültəsində təhsil aldığımı nəzərdə tutaraq, bir neçə tələbəyə belə bir fürsət verildiyindən, özümüzü xoşbəxt saymışdıq. yazıq ki, bu səadət uzun sürmədi. Muzeyin müdiri vəzifəsinə görkəmli ədəbiyyatşünas, xüsusən Füzulişünas alim, rəhmətlik Həmid Araslı təyin olunmuşdu. Muzeyin sənət cəhətdən idarə edilməsi işi görkəmli incəsənət xadimlərimizdən mərhum rəssam İsmayıl Axundova həvalə olunmuşdu. Onun təsərrüfat (daşbaşlı) hissəsi adını unutduğum (xeyirli adlar yadda qalır) cüssəsiz, qaradinməz bir erməniyə tapşırılmışdı. Muzeyin baş mühasibi, vəzifəsi isə uzundraz bir rus-yəhudi qadınına etibar edilmişdi. "Vur patlasın, çal oynasın!...". O zamanlarda xalq arasında belə bir lətifə dolaşırdı: Ruslarla söhbət əsnasında bir azərbaycanlı demiş ki, "Axı necə olur, bu dəniz bizimdir!" Rus ona cavab verir ki, "əlbəttə dəniz sizindir, ancaq oradakı balıqlar bizimdir!" Təhlilə ehtiyac var: Nizaminin 800 illik yubileyi kimi fəaliyyətdə üzdəniraq "internasionalizm" prinsipinə dərəcədə dəqiq riayət edildiyi, yuxarıda zikr olunan adlardan lətifədən aydın görünür".

 

 

(Ardı var)   

 

Maarif Teymur

 

Xalq Cəbhəsi.- 2010.- 26 may.- S.14.