Xalq Cümhuriyyəti-şərəf
tariximiz
Azərbaycan Demokratik Respublikasının yaranmasının 92-ci ildönümü münasibətilə ABŞ Konqresində məşhur "Cannon Caucus" zalında təntənəli qəbul mərasimi keçirilib. Məlumata görə, ziyafətdə ABŞ Konqresinin çoxsaylı üzvləri, Dövlət Departamenti, Müdafiə, Enerji və Ticarət nazirliklərinin və digər ABŞ dövlət orqanlarının rəsmiləri iştirak ediblər.
Mərasimə eyni zamanda Vaşinqtondakı elmi tədqiqat mərkəzlərinin aparıcı ekspertləri, ABŞ şirkətlərinin vəzifəli şəxsləri, müxtəlif QHT-lərin nümayəndələri, ABŞ-da akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, Azərbaycan diasporunun üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları və digər şəxslər qatılıblar.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr, Təbii Ehtiyatlar və Nəqliyyat komitələrinin üzvü, həmçinin "Azərbaycan üzrə İşçi Qrupu"n həmsədri Bill Şuster ADR-in böyük tarixi önəmini vurğulayaraq, Azərbaycan xalqını və hökumətini bayram münasibətilə təbrik edib.
Daha bir təbrik isə
San-Xose meriyasından daxil olub.
Məlumata görə,
Kaliforniyanın Oranc dairəsi rəhbərliyinin qərarı
ilə 28 May dairə ərazisində "Azərbaycan Milli
Günü" elan olunub.
Bəli, məhz həmin
tarix Azərbaycanın milli günü və şərəfli
dünənidir. Biz iki gündən sonra bu tarixi qeyd edəcəyik.
Yenə də bu tarixi bizlərə yaşadanları qəlblərimizdə
anacağıq. Qəlbələrimizdə anacağıq deyirəm
ona görə ki, rəsmi səviyyədə bu tarixə bir
ögey münasibət var. Halbuki bu tarixi yaratmasaydılar bu
gün Azəərbaycan adlı bir dövlətin olması və
bayrağının digər dövlətlərin bayraqları
yanında dağalanması sual altında olardı. Nə
xoş ki, bu tarixi bizlərə yaşadan kişilər oldu. Və
onlar "öncə Vətən deyib" hər çətinliklərə
sinə gələrək adarını tarixə əbədi
yazdılar.
Xalq Cümhuriyyəti necə
yarandı? Adı ona qədər dünya ictimaiyyətinə
bəlli olmayan Azərbaycan xalqının öncül,
yüksək amallı oğulları bir yerə
yığışıb bir-birinə dayaq olaraq, heç bir
şəxsi mənafe güdməyərək çoxdan bəri
gerçəkləşdirmək istədikləri bir niyyəti-Azərbaycan
dövlətini yaratmaq amallarını həyata keçirdilər.
Əbəs yerə deməyiblər ki, böyük işləri
böyük insanlar yaradarlar. Məhəmməd Əmin Rəsulzadə,
Fətəli Xan Xoyski, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Ağayev və s. kimi vətənpərvər
ziyalıların hər birisi sözün əsil mənasında
böyük insanlar olublar. Sözsüz ki, Cümhuriyyət
tarixini yaradanlara qədər və onlardan sonra da çox uca
insanlarımız həyata gəlib və bundan belə də
gələcəklər.
Bu gün qısqanclıqla
yanaşılan Məhəmməd Əmin Rəsulzadə
haqqında deyilənlər və bu işıqlı şəxsiyyətin
gördüyü işlər, onun hər hansı situasiyadan
ustalıqla çıxması cilid-cilid kitablara sığmaz.
Onlardan bir neçəsinə diqqət yetirək: "Məhəmməd
Əmin Rəsulzadə böyük və örnək insan
idi". "Məhəmməd Əmin son nəfəsinədək
"istiqlal, istiqlal" dedi". "Məhəmməd Əmin
Rəsulzadə Hitlerin hərbi kömək
çağırışına cavab olaraq "Biz başqa
xalqlara qarşı vuruşmayacağıq" cavabını
verdikdən sonra Almaniyanı tərk etmək tələbiylə
üz-üzə qaldı". "Atatürk kimi Stalin və
Hitler də Məhəmməd Əmin Rəsulzadəyə
hörmətlə yanaşırdılar".
1917-ci il inqilabına qədər
Azərbaycanın quberniyalara bölündüyü və bir
məmləkət olaraq Azərbaycan adının heç bir
dəftər-kitabda çəkilmədiyi məlumdur. Məhz
bu inqilabdan sonra Bakı Soveti və onun icraiyyə orqanı
olan Bakı Xalq Komissarları Soveti yaradıldı. Diqqət
yetirdinizsə, bu adların heç birində Azərbaycan
sözü yoxdur. Arxiv materiallarının tədqiqindən
anlaşılır ki, sovet hökuməti əhalisinin bir qismi
erməni olan, özləri üçün strateji əhəmiyyətli
Bakını paytaxt seçməklə, Azərbaycanı
müstəmləkəyə çevirməklə
yanaşı, eyni zamanda bu adın yeni tarixə düşməməsinə
nail olmaq istəyiblər.
Məhəmməd Əmin Rəsulzadə,
Fətəli Xan Xoyski, Əlimərdan bəy
Topçubaşov, Nəsib bəy Ağayev və
adlarını çəkmədiyimiz bir çox vətənpərvər
ziyalılar buna imkan verməmək üçün Azərbaycan
Demokratik Respublikasını yaratdıqlarını bəyan
etdilər. Onlar bunu dünyaya bəyan etməklə, həm də
sovet Rusiyasını fakt qarşısında qoydular.
Əvvəlcə Tiflisdə,
sonra isə Gəncədə fəaliyyət göstərən
Azərbaycan Cümhuriyyətinin ilk dönəmlərdə
heç bir hərbi və maddi bazası
olmadığını əsas gətirənlər Milli
Şura üzvlərinin uzaqgörən siyasətinin üzərinə
kölgə salmağa çalışırlar. Bildirirlər
ki, Milli Şura gərək rus ordusunun qarşısında
dayanmağın mümkünsüzlüyünü dərk edəydi.
Təbii, əgər milli istiqlalçıların siyasəti
yaxın gələcəyə hesablansaydı, onlar gərək
reallıqla barışaydılar. Amma bunu deyənlər
unudurlar ki, Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi
ilə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti süquta
uğradıldıqdan sonra belə, ruslar Azərbaycanla əvvəlki
qaydada rəftar edə bilmədilər. Artıq dünyanın
əksər ölkəsinin rəsmən
tanıdığı Azərbaycan Demokratik
Respublikasını xəritədən silmək, onu ermənilərə
peşkeş etmək və onunla sözün əsil mənasında
müstəmləkə kimi davranmaq sadəcə olaraq
mümkün deyildi. Azərbaycan dövləti ifadəsi
diplomatik gündəmdə səslənmişdi. Elə Məhəmməd
Əmin Rəsulzadənin "bir kərə yüksələn
bayraq bir daha enməz" ifadəsi də bu mənada öz təsdiqini
tapmışdı.
Yuxarıda qeyd etdiyimiz kimi Məhəmməd
Əmin Rəsulzadə və onun məsləkdaşları əvvəlcə
Tiflisdə, sonra Gəncədə çox çətin şəraitdə
və ağır şərtlər daxilində Azərbaycan
dövlətini qurdular və yaşatdılar. Cümhuriyyəti
quranlar Avropanın müxtəlif dövlətlərinə
gedir, Azərbaycanı tanıtmaq üçün
danışıqlar aparır, Türkiyədən kömək
istəyir, qlobal siyasətdən doğan
çarpışmaların düz mərkəzində özlərinin
dövlətini ayağa qaldırmaq, qorumaq və yaşatmaq
istəyirdilər. Məhəmməd Əmin Rəsulzadə
1918-ci il avqustun 6-da Azərbaycan Demokratik Respublikasının
xarici işlər naziri Məmməd Həsən Hacınskiyə
yazırdı: "Mən bir daha Tələt Paşa və Ənvər
Paşayla görüşdüm. Sual çox qaranlıq idi,
indi hər şey keçdi, onlar mənə ümid verdilər.
Mən alman səfiri Bernsdorfoimia ilə də
görüşdüm". Başqa bir məktubda Rəsulzadə
"siyasi mənzərə tamamilə dəyişib. Vilsonun
prinsipləri əsasında sülh təklif edilib. Konfrans
baş tutmayacaq. Ermənilər Qarabağı tələb
edir. Avropada mütləq gecikmədən təbliğat
lazımdır. Biz getməyə hazırlaşırıq. Əlimərdan
bəy Avropaya gedir" yazır. Göründüyü kimi, məktubların
hər ikisində həyəcan təbili çalınır.
Dünya siyasi düzəninin dəyişməkdə
olduğu bir dönəmdə, İngiltərə, Almaniya,
Rusiya kimi böyük dövlətlərin maraqlarının
çarpışdığı bir vaxtda bu insanlarsız Azərbaycanın
taleyinin necə ola biləcəyini təsəvvür
edirsinizmi?
Birmənalı olaraq deyə
bilərik ki, bu insanlar olmasaydı Azərbaycan param-parça
olacaqdı. Çünki sözügedən dövlətlər
Azərbaycan adlı bir dövlətin yaranmaması
üçün bütün vasitələrdən istifadə
edirdilər.
Bu gün Milli hökumətə
qarşı yönələn süni ittihamlardan biri də
İrəvanın ermənilərə verilməsidir. Bu
ittihamı yox eləmək üçün həmin dövrkü
situasiyaya nəzər salmaq lazımdır. Almaniya ilə Rusiya
arasında bağlanan sazişə əsasən, Almaniya
Bakı neftinin bir hissəsini alır, yerdə qalan
bütün neft yataqları Kür çayına qədər
Rusiyanın əlinə keçirdi. Bu zaman İstanbulda olan Məhəmməd
Əmin Rəsulzadə Almaniyanın səlahiyyətli
nümayəndəsi Valdburqa bəyanat təqdim edir. Bəyənatda
1917-ci il inqilabından sonra rus hökuməti tərəfindən
"hər millətin öz müqəddaratını
özünün təyin etməsi" hüququnu elan etməsi
xatırladılır və Azərbaycanın da bu hüquqdan
bəhrələnərək öz istiqlalını elan etməsi
bildirilirdi. Qeyd olunurdu ki, Almaniya bu müqaviləylə
Bakının rus hakimiyyəti altında qalmasına yardım
göstərmiş olur". Nəhayət, bütün cəhdlər
nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt
Paşa ilə Almaniya arasında gizli protokol imzalanır. Həmin
protokola əsasən Türkiyə qoşunları Azərbaycandan
çıxmalı, Almaniya isə Azərbaycanın
istiqlalının Rusiya tərəfindən
tanınmasını təmin etməliydi. Almaniyanın
müharibəni uduzması ucbatından bu şərti yerinə
yetirə bilməməsi və Bakının ingilislərin nəzarətinə
keçməsi vəziyyəti yenidən mürəkkəbləşdirir.
Yenidən gərgin danışıqlar, yenidən mübarizə...
Azərbaycan Xalq Cümhuriyyəti
təkcə bu xalqın milli azadlıq istəyinin real nəticəsi
deyildi. Xalq Cümhuriyyəti həm də beynəlxalq aləmdə
baş verən poseslərin bir məntiqi nəticəsi idi. Bu
məntiqi nəticə xalqın müstəqillik və
azadlıq ideyalarının reallaşmasına gətirib
çıxardı. Azərbaycan Xalq Cümhuriyyəti bizlərə
çox şeyi, həm də liderlərin birgə
olmasını öyrətdi. Ona görə də Xalq
Cümhuriyyəti bizim üçün şərəfli bir
tarixdir. İnsan haqlarının qorunması və milli etnik
azlıqlara qarşı dözümlülük siyasəti, Azərbaycanın
beynəlxalq aləmdə təqdimatı, milli mədəniyyətin
yüksəlişi sahəsində Xalq Cümhuriyyəti
tariximizə böyük örnək verib.
Xalq Cümhuriyyəti
dövrünü Azərbaycanın tarixində unikal dövr
kimi də qiymətləndirmək olar. Çünki o illər
Azərbaycan adında müstəqil dövlətin
yarandığı bir dövrdü. İkinci bir tərəfdən,
milli əsasda dövlətin yarandığı bir dövr
kimi də qiymətləndirilməlidir. Bundan əvvəlki
dövrlərdə Azərbaycan coğrafiyasında müstəqil
dövlətlər olub. Amma nə Azərbaycan adında, nə
milli əsasda dövlətlər yaranmayıb. Milli dövlətçiliyin
əsasaları həqiqətən də 1918-ci il mayın 28-də
qoyuldu. Bu, həm də adi bir dövlət deyildi, eyni zamanda
demokratik bir dövlət idi. Azərbaycan Demokratik
Respublikası islam aləmində və türk
dünyasında bir model dövlət olaraq böyük zəhmətlər
bahasına meydana gəlib. Bu model də demokratik dünyəvi
rifah dövləti modelidir ki, bu gün belə sözügedən
model islam aləmi üçün çox aktualdır. Təssüflər
olsun ki, 1918-ci ildən model quran Azərbaycan bu gün o modeli
yarada bilmir. Yəni nümunəvi və örnək ola bilmir.
Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması nəinki Azərbaycanın tarixində, həm də
bütün dünyada cümhuriyyətçilik, respublikaçılıq
üsul-idarəsinin bərqərar olmasında gedən
mübarizədə əlamətdar bir tarixi hadisəydi. Qədim
Roma və Yunanıstan tarixində Afina respublikası, Roma
respublikası o dövrün sivilizasiyasında hansı mərhələnin
başlanğıcı olmuşdusa, sonra burjua inqilabları
dövründə Avropada respublika üsul-idarəsinə
keçən ölkələr bu hadisələrlə
bütün Avropanın tarixində hansı rol
oynamışdısa, 20-ci əsrin əvvəllərində
Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda
elan olunması da bütün şərq ölkələrində
və Asiya qitəsində cümhuriyyətçilik
ideyalarının yayılmasında həmin tarixi rolu
oynayıb. Bəlkə də unutqanlığın nəticəsidir
ki, indiyə qədər demokratik respublikanın bütün
Şərq aləmində hansı bir prosesi
başlatdığı lazımi qədər təhlil
olunmayıb. Amma əminliklə deyə bilərik ki, bu, gələcəkdə
öz layiqli qiymətini alacaq.
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2010.- 26 may.- S.9.