Üçrəngli
bayrağımızın keçdiyi şərəfli yol
Vətən həsrəti ilə
yaşayan Məcid Musazadənin məktubları
2-ci yazı
...Qeyd etməyi unutmayım ki, mən əslində
ifratçı deyiləm,
mehriban olduqları təqdirdə bütün
insanlarla mehriban yaşamaq tərəfdarıyam.
Lakin hər hansı bir ölkənin və ya xalqın
milli işləri ilə onun öz
nümayəndələrinin məşğul olmaları
daha faydalı, daha məqsədəmüvafiq
olardı.
O zaman digər təcrübəsiz
gənclər kimi belə bir məsul
vəzifəyə təyin
olunmaq mənim də xəyalımdan keçməzdi. Bununla belə bu cür vəzifələrə
"təltif" olunanların
bacarığı ilə
də iftixar etmək səhv olardı. Xəyalımızdan keçsəydi belə,
bunun üçün
nə vaxtımız,
nə biliyimiz və nə də elmi təcrübəmiz
kifayət etməzdi.
Lakin bunların hamısına rəğmən, kifayət
qədər azərbaycanlı
mütəxəssisin olmadığını
da iddia etmək doğru olmazdı.
Bir cəhəti də etiraf etmək lazımdır ki, belə bir xoşagetməz vəziyyətin yaranmasında o zamankı ədəbiyyat, incəsənət və mədəniyyət xadimlərimizin də günahı az deyildi. İndi deyə bilərlər ki, o dövrdə hər şey yuxarıdan göstərilən əmrlə yerinə yetirilirdi. Bu iddia ilə tam razılaşmaq çətindir. Belədirsə, bəs nə üçün erməni, gürcü və Baltik xalqlarının əlifbaları mühafizə edildi; yalnız türk və müsəlman dininə itaət edən xalqların əlifbaları ruslaşdırıldı?! 13 il içərisində bu talesiz xalqların əlifbası üç dəfə dəyişdirildi ki, bugünün nəinki gəncləri, hətta qocaları belə 50 il bundan əvvəl nəşr olunan mətbuatı, kitabları oxuya bilmir. Çox faciəli bir vəziyyət! "Din ayrı qardaşlar!" əfsanəsinə batilən və ya zahirən inanan o zamankı rəhbər ziyalılarımız "beynəlmiləlçilik"dən bərk yapışmaq məcburiyyətində qaldıqları üçün belə bir acınacaqlı vəziyyət hasil olmuşdu.
Sözün qısası, Azərbaycanın o zamankı görkəmli ədəbiyyatçıları, şair və yazıçıları, eləcə də incəsənət xadimləri - heykəltəraş Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, rəssamlardan İsmayıl Axundov, Qəzənfər Xalıqov, Nəcəfqulu Nəcəfov, Maral və Güllü xanımlarla və digərləri ilə həmin münasibətlə üzdən tanış olmuşdum.
...Nizami muzeyinin qurulmasında biz tələbələr də onlarla bərabər az toz udmamış, rəhmətlik Həsən Haqverdiyevin adını da orada söhbətlər zamanı eşitmiş, fəqət üzünü görməmişdim.
Həsən Haqverdiyevlə ilk dəfə 1943-cü ildə Berlində üzləşdik və bu andan etibarən möhkəm, sədaqətli dosta çevrildik. Rəhmətlik çox zarafatcıl, xoşsifət, hər zaman gülümsəyən yaraşıqlı bir gənc idi. Tale onu da on minlərcə gənc və qoca azərbaycanlılar kimi qərib, himayəsiz ağır şəraitin, ələlxüsus təyyarələrin bombardmanından göz açmaq mümkün olmayan bir şəraitin qucağına atmışdı. Əsir lagerlərindəki vəziyyət daha çətin, daha qorxunc və daha dözülməz olduğundan, bomba yağmuru altındakı Berlində yaşamaq böyük xoşbəxtlik sayılırdı.
Burada yenə kiçik bir haşiyəyə çıxmaq zəruriyyəti hiss etdim: insanları "ən dəyərli kapital" adlandıran üzdəniraq "xalqlar atasının" - Stalinin xalqımızın, onun dəyərli ziyalılarının, fəhlə və kəndlilərinin başına nə oyunlar açdığı hamımıza bəllidir. Fəqət o, ən böyük və rəzil cinayətlərindən birini müharibə dövründə və müharibədən sonrakı illərdə işləmiş oldu. Belə ki, Stalin habelə onun ətrafında toplaşan qaraguruh: "Bizim hərbi əsirimiz yoxdur, olsa-olsa bir ovuc vətən xainlərimiz vardır"-deyib öz vətəndaşlarına himayədən imtina etdilər. Əsl həqiqətdə isə bu, neçə deyərlər, ovuc "vətən xainlərinin" sayı, ehtiyatlı deyəcək olsaq, on milyon nəfəri aşırdı. Stalin o dərəcədə rəhmsiz, mərhəmətsiz idi ki, o, almanlara əsir düşmüş oğlu Jakovun dəyişdirilməsinə belə razı olmamış, "mənim bu adda oğlum yoxdur!" demiş.
Axı indiyə qədər ki, minlərcə müharibədən heç olmasa, tək bircəsinin əsir alınmadan bitdiyini kim iddia edə bilər? Stalin əmr etmişdi ki, hər cəbhəçi əsgərə 50 güllə verilsin. Bunlardan 49-nu o, düşmənə atmalı, 50-cisi ilə öz həyatına son qoymalıdır. Düşmənə əsir düşmək olmaz; bunu hər kəs bilməlidir. "Sən saydığını say, gör fələk nə sayır"- demişlər. Hər şeydən əvvəl, güllə tüfənglə atılır. Hər bir əsgər bir tərəfə, ön cəbhədəki əsgərlərdən bir çoxunun tüfəngi yox idi. Cəbhəyə sürülən ordu nəfərlərinə əmr vermişdilər ki, silahlarımız qıt olduğundan, cəbhədə həlak olan yoldaşlarınızın silahını alıb mübarizəni davam etdirməlisiniz. Hərbi ləvazimat, ərzaqla təminat haqqında danışmağa dəyməz. Milyonlarla "qızıl" əsgərin əsir düşməsi də elə bu başsızlığın, kor siyasətin nəticəsi idi. Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa hökumətləri "Qırmızı Xaç" Cəmiyyətinin vasitəsi ilə öz əsir əsgərlərinin qayğısına qaldığı, onların ailələri ilə məktublaşmalarını, bağlama göndərmək imkanlarını təmin etdikləri halda, sovet əsirləri tif, ishal və digər xəstəliklərdən əsir lagerlərində milçək kimi qırılırdı. Stalinin "ən qiymətli kapital" adlandırdığı biçarə insanlar beləcə məhv olurdu. Hələ bu da kafi deyilmiş: Stalinin rəzil tərəfdarlarından, insafsızlıq iliyinə hopmuş qorxunc İlya Erenbur müharibə bitəndən dərhal sonra mətbuat və radio ilə bəyan etmişdi ki, biz düşmənə əsir düşən sovet əsgərlərini göydə, suyun və torpağın altında gizlənmiş olsalar belə tapıb, lazımi cəzalarını verəcəyik. Marksizm-leninizm "mərhəmətinə", kommunizm "insafına" bundan daha bariz misal zənnimcə, çətin tapılar.
Mövzudan uzaqlaşdığım üçün üzr istəyirəm; zira belə bir izahsız bəzən mümkün olmayır. Ona görə ki, elə rəhmətlik Həsən Haqverdiyev, habelə onun onminlərlə həmvətəni də bu azğın siyasətə qurban verilmişdi. Rəhmətlik Həsəni sonuncu dəfə 1945-ci ilin fevralında, ya da martında görmüşdüm. Sonra tale bizə xudahafizləşmək fürsəti belə vermədi. O, Nizami mövzusunda yaratdığı sözükeçən yağlı boyanı müharibə illərində Berlində nəşr olunan həftəlik "Azərbaycan" qəzetinə hədiyyə etmişdi. Zəmanənin, hadisələrin üzü qara olsun. Həsənin bu dəyərli əsərini də xilas etmək mümkün olmadı. Səhv etmirəmsə, bu əsər də 1945-ci ilin əvvəlində Berlindəki alman mətbəəsi ilə birlikdə yanıb kül oldu.
Sovet ordu hissələri Berlini işğal edərkən Həsən onu tərk etməmiş və ya edə bilməmişdi. Sonradan duyduğuma görə, Berlin tutulduqdan sonra bir neçə azərbaycanlı ilə birlikdə o da ələ keçmiş və Sovet İttifaqına aparılmışdı. Bu rəvayəti sonralar Azərbaycan mətbuatında zühur edən məlumatlar da təsdiq edir. Həmin yazılardan aydın olur ki, 1945-ci ildə Həsən də "məşhur" İlya Erenburqun hədələrinə uyğun olaraq "tapılmış" və Sibirə sürgün edilmişdi. Xruşovun Stalin cinayətlərini ifşa etməsindən sonra (1956-cı ildə) bir çox "vətən xainləri" kimi, Həsən Haqverdiyev əfv edilmişdi. Fəqət görünür, icazə verilmədiyi üçün sevimli ana vətəni və ailəsinə qovuşa bilməmişdi. Çəkdiyi ağır əzab-əziyyət, məhrumiyyət və qəribliyin acı ucbatı üzündən bir neçə ildən sonra gözlərini əbədi olaraq yummuşdu. Hər halda vətənimizdə onun "Nizami" əsəri xaric, həyatı və yaradıcılığı haqqında daha çox məlumat var. Bunu da qeyd etmək gərəkdir ki, Haqverdiyev təkcə istedadlı rəssam kimi deyil, eyni zamanda görkəmli və mahir bir karikaturaçı kimi də tanınmışdı. Onun məşhur yoldaşlıq şarjlarına Azərbaycan mətbuatında vaxtaşırı rast gəlmək olurdu. Həsənin özünəməxsus yaradıcılıq üslubu var idi. Həsən Haqverdiyev hələ 30-cu illərdə Azərbaycan yaradıcı ziyalıları cərgəsində özünə layiqli bir mövqe qazanmışdı.
Ən sonda bir qeyd daha: nə qədər qəribədir ki, Azərbaycan Sovet Ensiklopediyasında azərbaycanlı, erməni, gürcü, ukraynalı, rus "adlı-sanlı" çobanlara, sağıcılara, üzdəniraq "Sosialist Əməyi Qəhrəmanlarına səhifələr, xüsusi maddələr həsr edildiyi halda, bu nakam, talesiz rəssamın-Həsən Haqverdiyevin adına rast gəlmədik. Neçə acı bir həqiqət?! Bu baxımdan Azərbaycan Sovet Ensklopediyasını da yenidən işləmək, onu ağ səhifələrdən təmizləmək lazım gələcək. Hər şeydən əvvəl bu qamusu hap-gopdan xalqımıza düşmən kəsilən ünsürlərdən, onların şərindən xilas etmək gərəkdir.
Salam və sayğılarımla, Məcid L.Musazadə.
Maarif Teymur
Xalq Cəbhəsi.- 2010.- 27 may.- S.14.