Azərbaycanda
yəhudilərə münasibət və Məhəmməd(ə)
peyğəmbərin bir müqaviləsi...
Məlumdur ki,
ölkəmizin digər dövlətlərlə
siyasi-iqtisadi-mədəni əlaqələri xarici siyasətin
prioritet istiqamətləri kimi ölkədaxili proseslərə,
o cümlədən müxtəlif xalq və inanclara mənsub
olan vətəndaşlarımızın
qarşılıqlı tolerantlıq göstərərək
sülh şəraitində birgə yaşamasına da stimul
yaradıb. Sevindirici haldır ki, ölkədəki
tolerantlıq və dözümlülüyün örnək
olması artıq BMT və əksər demokratik dövlətlər
tərəfindən birmənalı qəbul edilib.
Əlbətdə, bu dəyərlərin
bərqərarında çağdaş Azərbaycan
Respublikasının xarici ölkələr və orada
yaşayan müxtəlif xalqlarla dostluq əlaqələrinin də
rolu danılmazdır. Və sözsüz ki, bu dövlətlər
sırasında ümmətinin və millətinin bir hissəsi
Azərbaycan vətəndaşı olan İsrail dövləti
də var.
Son
17 ildə Azərbaycan-İsrail münasibətlərinə və
Azərbaycanda yaşayan yəhudi
icmasının haqq və
azadlıqlarını gerçəkləşdirməsi sahəsində
görülən işlərə nəzər salsaq, aydın olar ki, hər iki istiqamətin
dinamikası yüksələn xəttlə inkişaf etməkdədir.
Bunu 2010-cu il
oktyabrın 4-də Bakının Xətai rayonunda
prezident İlham Əliyevin
iştirakı ilə yəhudi uşaqlar üçün 450 yerlik
"Xabad-Or-Avner" təhsil mərkəzinin
açılışı bir daha sübut etdi. Tədbirdə MDB Yəhudiləri
Cəmiyyəti Federasiyasının və "Or-Avner"
Beynəlxalq Fondunun prezidenti
Lev Lavayev Azərbaycanda
yəhudilərə göstərilən qayğı və
diqqəti yüksək qiymətləndir - ərək, ölkəmizi
tolerantlıq nümunəsi adlandırıb. Həmin gün İlham
Əliyev Bakıya gəlmiş yəhudi icmalarının
nümayəndələri - MDB Yəhudilər Cəmiyyəti
Federasiyasının prezidenti Lev Lavayevi, İsrailin
baş ravvini Şloma Atarı, Amerika Yəhudi
Konqresinin prezidenti Cek Rozeni, Rusiyanın baş ravvini Berl Lazarı da qəbul edib.
Qeyd edək ki, L.Lavayevin
çağdaş respublikamızı
tolerantlıq nümunəsi adlandırmasının etnik və dini kökləri
vardır. Əvvəla, 2500 il bundan qabaq Azərbaycanda məskunlaşan
yəhudilərə yerli xalqın
münasibəti həmişə tolerant olub. Bu böyük tarixi dövr ərzində yəhudilərin azərbaycanlılar
tərəfindən nə vaxtsa dini, etnik
ayrı-seçkiliyə məruz qalmasına dair
bir dənə də olsun
fakt yoxdur. Deməli, müstəqil Azərbaycanın bu sahədə apardığı siyasət həm
xalqın əsrlərlə formalaşdırdığı ənənəsinə
uyğundur və həm də demokratik dünyanın tələblərinə
cavab verir. İkincisi, ölkələrarası məlum
qarşılıqlı münasibətlər və ölkədaxili
dözümlülük həm də
İslamın tələb və tövsiyə etdiyi
əxlaqi keyfiyyətlərdir. Çünki
İslam insanın fitratdan
gətirdiyi fərqli dil, din,
dünyagörüş kimi
təməl haqların müdafiəçisi, əmin-amanlığın,
xüsusən dövlətlərarası sülhün
və barışığın carçısıdır.
Göründüyü kimi,
bu sahədə də Azərbaycanın tutduğu yol ümumbəşəri
olduğu üçün
o, insanidir, insafidir və islamidir. Deməli,
hətta düşmənlərimizin belə etiraf
etdiyi bu uğura kölgə salmaq
cəhdləri ən azı ya tarixi bilməmək, ya Quran hikmətini görməmək, ya da görməməzliyə
vurmaqdır.
Yuxarıda qeyd
olunan fikirləri əsaslandırmaq üçün ilahi vəhylərə
söykənən sevimli Peyğəmbərimizin(ə)
fəaliyyətindən bəzi məqamları gündəmə
gətirmək, məncə yerinə düşər.
Həz.Peyğəmbər dözümlülük nümunəsidir
Qurani-Kərim insanların inanc fərqliliklərini onlar
üçün bir imtahan, sınaq vəsiləsi kimi
təqdim edir: "Sizin
hər biriniz üçün
bir şəriət və bir
yol təyin etdik. Əgər
Allah istəsəydi, sizi
(eyni şəriətə tabe)
vahid bir ümmət
edərdi. Lakin (bu
müxtəliflik) Allahın verdiklərilə sizi
imtahan etməsi üçündür.
Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə
çalışın (bir-birinizlə yarışın)"
(Məidə, 48). Müqəddəs Kitabın nazil
olan son ayələrindən
biri kimi, bu ayə Həz.Məhəmmədin yəhudi
və xristinlarla münasibətinin mənəvi
praktik kompası olub.
Məlumdur ki, Məhəmməd(ə) Məkkədən
Mədinəyə hicrət etdikdə (622-ci il)
orada çoxlu yəhudi
və xristian yaşayırdı. Həmin
səbəbdən yeni qurduğu
dövlətdə Həz.Peyğəmbərin ən vacib işi onlarla bir anlaşma
imzalamaq oldu. Məqsəd
ölkə daxilində vətəndaş həmrəyliyinə
nail olmaqla ölkənin
müdafiə qabiliyyətini artırmaq idi.
Müqavilədə göstərilirdi ki,
yəhudilər də lazım olan anda müsəlmanlarla birlikdə ölkəni
qoruyacaqlar. Bununla da Həz.Məhəmməd dövlət quruculuğunda həm də dini
dözümlülüyün ilk nümunələrini tətbiq etdi. Müqaviləyə görə;
"Dövlətə tabe olan
yəhudilərlə yaxşı davranılacaq, onlara kömək ediləcəkdir. Onlar heç bir
haqsızlığa uğramayacaq və
düşmənlərinə yardım edilməyəcəkdir"
(maddə 17.); "Onlar öz
dinlərinə, müsəlmanlar da öz dinlərinə görə yaşayacaq" (maddə 25.); "Müsəlmanlarla
yəhudilər qarşılıqlı hörmət və
xeyirxahlıqla yaşayacaqlar" (maddə
36, bax: Muhamməd Hamidullah, əl-Vəsaik, s.
61).
Maraqlıdır ki,
tolerantlıq və dözümlülüyün
vacibliyini rəsmiləşdirən bu müqavilə 1370 il sonra BMT-nin 16 noyabr 1995-ci ildə qəbul etdiyi
"Tolerantlıq prinsipləri deklarasyası"nın 6 maddəsinin
hamısını ehtiva edib.
Lakin Həz.Peyğəmbərin
imzaladığı bu andlaşma
və ondan qaynaqlanan BMT-nin məlum deklarasiyasının işləkliyi
çox təəssüf ki,
hələ də şübhə altındadır. Bunu bəzi Qərb
dövlətlərində müsəlmanlara qarşı dözümsüz münasibət, İsrail - Fələstin, İsrail
- İran qarşıdurmaları, monoetnik Ermənistanın müsəlman
soydaşlarımıza qarşı etnik
soyqırımı, bin ladenlərin qeyri-islam və islam
ölkələrində törətdiyi terrorlar
da sübut edir. Həz.Məhəmmədlə yəhudilər
arasında bağlanan həmin sazişdən
xəbərdar olan İran
və İsrailin dövlət səviyyəsində
düşmənçilik münasibətləri isə
xüsusilə başa düşülən
deyil.
Xristianların
məsciddə ibadət etməsi
Qeyri-müsəlmana və əhd bağlanan adama zülm etməyin İslami
sifət olmadığını bəyan edən Rəsulu Əkrəm(ə)
buyurub: "Bir qeyri-müslim vətəndaşı haqsız
yerə öldürən iyi qırxillik məsafədən
duyulan Cənnətə girməyəcək".
(Buxari, v.e.,
870, Cizyə, 5); "Kim bir
müqaviləyə - andlaşmaya sadiq qalana zülm
etsə və ya gücündən
artıq iş ilə yükləsə, ya da zorla
ondan bir şey alsa qiyamət günü mən onun
düşməniyəm" (Əbu Davud,
v.e., 889, Harac 31-33).
Xeybər yəhudiləri Peyğəmbər(ə)-yə
şikayət etdilər ki, ərzaq məhsulları
bəzi müsəlmanlar tərəfindən onlardan
izinsiz alınıb. Həz.Peyğəmbər
dərhal müsəlmanları məscidə toplamış və
onlarla andlaşanların mallarının
alınmasının haram olduğunu
demişdi. Peyğəmbər(ə)-nin əhli
kitabdan çoxlu
qonşuları var idi.
O, həmin qeyri-müsəlmanlarla yaxşı
davranmış, onlara hədiyyə vermiş və hədiyyələrin qəbul etmişdi. O, həmçini Həbəşistandan
gələn xristian nümayəndələrini
məscidində qəbul etmiş və
onların xidmətində durmuşdu.
Peyğəmbərimiz
İslamın dəvətinə qarşı zor
tətbiq etməyən və ümumbəşəri ali dəyərlərə - vicdan,
inanc və söz
azadlıqlarına hörmət edən hər kəslə
gözəl münasibətlər qurmuş,
digər din və məzhəb nümayəndələrinin
inanclarına müdaxilə etməmişdir. O, əhli
kitabı (yəhudi və xristianları) cəmiyyətin bir üzvü - müxtəliflikdə
bir hormaniya kimi qəbul etmişdi.
Mötəbər hədislərə görə, Məhəmməd(ə)
onların toy, məclis yeməklərindən
yeyib, xəstələrini ziyarət və
onlara kömək edibdir.
Qurana
görə, müsəlman kişinin əhli-kitablı
qadınla evlənməsi qadağan edilməyib.
İslam, ərə gedəndən sonra qadının öz
dinində qalıb sərbəst yaşamasına və ona heç bir təhdid, məcburetmənin
olmayacağına zəmanət verir.
İbni Xişamdan gələn rəvayətə
görə, Nəcran xristianları Mədinəyə gələrkən
ibadət vaxtları tamam olduqda
məscidə girib Şərq-Qüds
istiqamətinə yönəldilər və ibadət etməyə
hazırlaşdılar. Bu zaman
səhabələr onlara mane
olmaq istədilər. Lakin
Rəsulu Əkrəm(ə) səhabəyə əmr etdi ki, onların ibadətinə
şərait yaratsınlar. Xristianlar məsciddə
ibadətini qurtardıqdan sonra Həz.Peyğəmbər
onları qəbul edib, fərqli din və inanc sahiblərilə
fikir mübadiləsi aparmışdı.
Bəli, xristianların Peyğəmbər(ə)
razılığı ilə məsciddə ibadət etmələri
Rəbbin bir elçisi
kimi onun dözümlülüyünün zirvəsi hesab oluna bilər. Nəcranlılarla
razılığa gəldiyi müqavilədə Həz.Məhəmməd
onların kilsə və inanclarının
toxunulmazlığını xüsusilə vurğulayıb.
Müqavilədə deyilirdi: "Nəcranlılara
pislik və zülm
edilməyəcək. Cahiliyyət dövründən qalan qan davasına son qoyuldu. Nə məhsullarından
onda bir vergi alınacaq, nə də mal-mülklərinə
qəsd ediləcək. Hamı Nəcranda haqq
tələbilə yaşayacaq, ədalətlə
davranacaq. Onlar nə zülm edəcək, nə də zülmə
məruz qalacaqlar. Başqasının
günahına görə onların heç
biri günahkar
sayılmayacaq. Nəcranlılıar bu
müqaviləyə əməl etsələr, Allahın və
Onun Peyğəmbərinin himayəsi
altında olacaqlar"
Dözümlü
ol ki, sənə də
dözümlü olsunlar
Həz.Peyğəmbər
zövcələrinə, uşaqlarına, yanında
böyüyənlərə və xidmətində duranlara dözümlü olmaqla yanaşı, həm də dilindən,
dinindən və irqindən asılı olmayaraq
cəmiyyətin bütün kəsimlərinə
səbrli olubdur. İnsanlara
bəslədiyi sevgi, şəfqət
və mərhəmət hissi ən
çətin günlərində - Məkkə dövründə
belə, onun Rəbb əxlaqından qaynaqlanan əxlaqına kölgə
salmayıb. Həz.Cəbrail Peyğəmbər(ə)-yə
əzab verən və cəfa edən düşmənləri
haqqında nə edilməsini ondan soruşduqda Rəsulu Əkrəm(ə):
"Rəbbim, xalqımı bağışla, onlar nə etdiklərinin fərqində deyillər"
(Buxari və başqaları) demiş və sonra da Rəbbindən: "Onların nəslindən
yalnız Allaha ibadət edəcək və
Ona heç bir şeyi şərik qoşmayacaq insanları yaratmasını"
diləmişdi. (Buxari, Müslim,
v.e. 875).
Dövlət quruculuğunda
Həz.Peyğəmbərin əsas uğurlarından biri onu xarici
siyasəti olub. O çox
gözəl bilirdi ki,
bəşərin həyatının xilası
"üçlüyə", məcusiliyə və heç bir iləhə inanmayanlarda yox, tək
İləhin varlığına iman edən
dində, İslamdadır. Lakin o, "dayanmağa vaxt yoxdur, bəşərə
iman" prinsipindən
çıxış edərək dünyanın bütün dövlətlərilə,
xüsusən qonşu dövlətlərlə
sülh, əməkdaşlıq
münasibətlərini qururdu. Peyğəmbər(ə)-nin xristian
Bizans imperatoruna, məcusi
(atəşpərəst) İran
hökmdarına, Həbəşistan nəcasisinə
(çarına), Misir, Suriya,
Bəhreyn, Yəmən və digər ölkələrin
başçılarına göndərdiyi əməkdaşlığa
dəvət məktubları onun xarici siyasətinin prioritet
istiqamətlərindən idi. Həmin
dövrdə yenicə təşəkkül tapan,
müstəqilliyə qovuşan İslam dövləti həm də bir-birilə
antoqonist ziddiyyətdə olan
və uzun illər müharibə aparan Bizans və İran imperiyalarının maraq
dairəsində idi. Doğrudur,
İslam dini Allah zəmanəti altında idi.
Lakin İslamın bir
din olaraq, həm də
dövlət kimi mövcud
olması üçün daxili
və xarici siyasətdə tolerantlıq, dözümlülük, sabah
naminə bu gün səbirli
olmaq və s. dəyərlər
tələb olunurdu. Bu
işi də ilahi vəhylərə
söykənən Rəsulu Əkrəm(ə) çox
uğurla həyata keçirirdi.
Bununla
yanaşı sevimli Peyğəmbərimiz(ə)
dözümlülük və
tolerantlığın sərhədlərinə də toxunub. O hesab edirdi ki, dözümlülük,
xoşməramlılıq bir tərəfli
yox, qarşılıqlı
olmalıdır. Haqsızığa yol verilməməsi üçün
bir tərəfin daim dözümlü olmasına rəğmən,
digərinin birincidən dözümlülük
tələb etməsi və ya ondan hörmət gözləməsini təqdir
etməyən Peyğəmbər(ə) həmişə
buyurardı: "Dözümlü
ol ki, sənə də
dözümlü yanaşsınlar" (Əhməd
B. Hənbəl, v.e.
856).
Beləliklə, bu gün respublikamızda əksər
dövlətlər üçün
örnək olan tolerantlıq və dözümlülük modeli
və onun işləkliyi
xalqımızın əsrlərlə
formalaşdırdığı ənənədən, İslami dəyərlərdən və bu sahədə ölkə rəhbərinin
apardığı siyasətdən qaynaqlanır. Bu dəyərlər haqq,
ümumbəşəri, İslami olduğu üçün
sülhün, demokratiyanın, insan haqq və
azadlıqlarının qarantıdır.
Məqalə Azərbaycan
Respublikasının Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap olunub
Vaqif Cəliloğlu
Bakı xəbər.-2010.- 1 noyabr.-
S. 15.