Azərbaycanda
peyğəmbər məzarı...
"Ekskavator türbəyə toxunanda
hamı heyrət içində donub
qaldı..."
"Nəhəng
bir ilan ekskavatorun çalovuna sarılaraq, işi davam etdirməyə
mane olurdu..."
Uşaqlığım,
demək olar ki, onun ətrafında keçib. O vaxt
düşünürdüm ki, niyə onu məndən, kənd
camaatımızdan və ya uzaqbaşı rayon
camaatımızdan başqa heç kim tanımır, heç
kim onu ziyarətə gəlmir? Baxmayaraq ki, tanıyanların
inancında o, müstəsna rol oynayırdı.
Lakin illər keçdi,
böyüdüm, Bakıya gəldim. Ali təhsil aldım. Bir
neçə ölkə gəzdim və gördüm ki,
rayonumuzda olan, haqqında danışdığım ziyarətgahı
əslində bütün müsəlman dünyası
tanıyırmış. Sadəcə, o vaxt mən bunu hiss edə
bilməmişəm. Bunu sonradan bilməyim məni
utandırdı da...
Bu, Cərcis Peyğəmbərin
adı ilə bağlı olan Həzrəti Cərcis Peyğəmbər
Ziyarətgahıdır. Cərcis Peyğəmbər də
Allahın göndərdiyi elçi kimi neçə yüz
illər qabaq təkallahlığı yaymaq niyyətilə səyahəti
zaman burada dünyasını dəyişib və burada da dəfn
olunub. Türbə də onun məzarı üzərində
ucaldılıb. Allahın elçisinin məzarının bu
torpaqda yerləşməsi Azərbaycan və eyni zamanda
yaxınlığında yerləşən kəndimiz
üçün nə deməkdir, mən bunu illər
keçəndən sonra dərk etdim.
Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən
3-4 km şimal-şərqdə yerləşir.
Sovet hökuməti
dağıldıqdan sonra əlamətdar dini tarixlərdə bura təkcə
Azərbaycanın ayrı-ayrı bölgələrindən deyil, hətta Suriya,Yəmən, Türkiyə
və başqa müsəlman
diyarlarından də pənah gətirib ziyarət edənlər
var.
Ziyarətgahın tarixçəsi
də olduqca maraqlıdır. Bunu söhbətimiz zamanı türbənin axundu Məşədi Məhəbbət daha dəqiq nəql edir:
"Bu adda
dünyanın müxtəlif ölkələrində də
ziyarətgahlar var. Həzrəti Cərcis
Peyğəmbər təkallahlığı təbliğ edib (bütün peyğəmbərlər
kimi). O, İsa
Peyğəmbərin mövludundan sonra, təxminən 315-392-ci illərdə
yaşayıb. Tacir ailəsində anadan olub böyüyən
Cərcis Bin Anaq
atasının yolunu davam
etdirir. Mosul vilayətindən
çıxıb, tarixi İpək Yolu ilə qədim Beyləqan
torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər
edib, ticarətlə məşğul olub. Bütün sərvətini
təkallahlığı yaymaq yolunda sərf edib, 77 il ömür sürüb və IV əsrin sonunda
dünyasını dəyişib. Hazırda dünyanın dörd yerində bu
Peyğəmbəri ziyarətə gəlirlər. Qəbri bizim torpaqda
olsa da, onun adına, biri bizim ölkəmizdə olmaqla,
daha üç məqbərə
var - İraqın Mosul
vilayətində, Yunanıstanın Afina
şəhərində (yunan mənbələrində
peyğəmbərin adı Corcios kimi göstərilir) və Türkiyənin Urfa vilayətində.
Vaxtilə bu
Peyğəmbər məhz daha çox bu əyalətlərdə
təkallahlığı təbliğ edib.
Cərcis Peyğəmbərin adına "Tarixi-Ənbiya",
"Həyat əl-Qulub", "Züplətüf Təbərün"
kitablarında çox rast
gəlinir.
Həzrəti Cərcis Peyğəmbərin
Beyləqan torpağına necə gəlib çıxması
barədə tarixi mənbələrdə
ətraflı əhvalatlar var. Rəvayət
olunur ki, Peyğəmbər
Suriyadan təkallahlığı təbliğ
edə-edə gəlib Mil torpağına
çıxır. O zamanlar bu ərazidə yaşayan
əhali atəşpərəstliyə sitayiş
edirmiş. O, insanları tək olan Allaha itaət etməyə
çağırdığı üçün
buradakı atəşpərəst kahinlərin qəzəbinə
tuş gəlir. Atəşpərəstlər
onu təqib etməyə başlayır. Qovula-qovula indiki ziyarətgah
yerinə gəlib çıxır. Allahın məsləhətindən
atılan oxlardan və zərbələrdən
ona xətər dəymir, nəhayət o, bir quyuya
düşür. Fürsəti əldən
verməyən atəşpərəstlər onun
üstünü torpaqlayır. Beləcə,
bu ziyarətgahın yerində müqəddəs
bir təpə yaranır. Əsrlər keçir, quşlar, heyvanlar bu müqəddəs
yerdə sığınacaq tapır, ovçuların oxuna tuş gəlmirlər".
Axund bizə
ziyarətgahla bağlı baş vermiş maraqlı faktlardan
da bəhs etdi: "Burada o zaman belə bir
möcüzəyə rast gəlinir ki, bu təpəlikdə
quşların, heyvanların sığındığı bu yerdə quş
zığına, heyvan nəcisinə rast heç vaxt gəlinmir. Əfsanələrdə yaşayan peyğəmbərin uyuduğu
müqəddəs yer illər sonra təxmin edilir. İnsanlar bu
torpağı ziyarətgaha çevirib, əzizlərini,
yaxınlarını da burada
dəfn edirlər".
Türbənin yerləşdiyi
yer Beyləqan rayonunda
məskunlaşan tərəkəmə kəndlərinin əhatəsindədir.
Əlinəzərli, Dünyamalılar, Eyvazalılar və
Aşıqlı kimi tərəkəmə
kəndlərinin əhatəsində olan
Cərcis Peyğəmdərin indiyə qədər ziyarətgah
kimi qorunub
saxlanması elə bu camaatın ənənələrə
sədaqətindən irəli gəlir.
Bu camaatın
ağsaqqallarından olan Aşıqlı
kənd sakini Hacı Mirsəməd Seyid Əsəd oğlu həyatı
türbə ilə bağlı olmuş
ata-babasından eşitdiklərini bizə nəql edir: "Cərcis Peyğəmbərin
yaşadığı dövrdə bu ərazilərdə
mənbələrdə adı Daziyanə şah
kimi çəkilən zalım bir şah hökmranlıq
edib. Əhali isə bütlərə sitayiş edirmiş. Bura gəlib çıxan Cərcis Peyğəmbər
xalq arasında təkallahlığı təbliğ
etməyə başlayır və çox
tezliklə gətirdiyi din insanlar
arasında sürətlə yayılmağa başlayır.
Deyilənə görə, burada onun gətirdiyi dini qəbul
edən insanların sayı 33 min nəfərə
çatır. Hə, onu da
deyim ki, Həzrəti
Cərcis Peyğəmbərin məhz qədim Beyləqan
torpağına gəlməsi, burada uzun müddət yaşaması və
insanları təkallahlığa dəvət etməsi təsadüfi
deyil. Beyləqan həmin dövrdə mədəniyyət
və ticarət mərkəzi kimi
tanınıb. Bunu tarix
də sübut edir. Karvan yolunun üzərində
yerləşib, möhtəşəm qala
divarları ilə əhatə olunan bir şəhər olub. Bağdad, Təbriz, Ərdəbil, Tiflis, Dərbənd, Gəncə və Bərdə
kimi şəhərlərin karvan yolları Beyləqan torpağında birləşərdi.
Burada baş verən
hadisələr ətraf ərazilərə tez
yayılırdı. Deyilənə görə, Peyğəmbər
ona görə də Beyləqanı seçir. Burada
insanları qorxu altında saxlayan
Daziyanə şah Cərcis Peyğəmbərin
gəlişindən sonra nüfuzunu
itirməyə başlayır... Ona görə ki, xalqın təkallahlı
dinə meyli çoxaldıqca Cərcis
Peyğəmbərin möcüzələri və camaatın
gündəlik həytında Peyğmbərin bu
möcüzələri ilə yaxından iştirakı
qarşısında şah tab gətirə bilmir.
Buna görə də Şah
hər vəchlə onu məhv etmək
istəyir. Peyğəmbər isə, həyatını təhlükəyə
atmaqdan belə çəkinməyərək,
Allahın əmrlərini yerinə yetirməkdə davam edir. Hətta bununla bağlı indiyə kimi
dillərdən düşməyən maraqlı bir fakt da
var... Daziyanə şah
Cərcis Peyğəmbəri tutdurub
adamlarına doğratdırır və bir
quyuya tökülməsini əmr edir. Lakin adamlar
uzaqlaşan kimi
Peyğəmbər Allahın verdiyi əmrlə
yenidən dirilib quyudan
çıxır... Bəlkə də bu indi bunu eşidən kiməsə
nağıl kimi görsənə bilər.
Cərcis Peyğəmbərin dörd dəfə
öldürülüb-dirilməsi haqqında məlumat Həzrət
Məhəmməd Peyğəmbərə (s)
yəhudilərin verdiyi 40 sualın 32-ci
sualında da öz əksini
tapır. Nəhayət, dördüncü
dəfə Şah tərəfindən
doğranılıb quyuya tökülən
Cərcis Peyğəmbər Allahdan dirilməməsini
təvəqqe edir. İndi
həmin quyu - onun qəbri
Beyləqan torpağında olan təpəlik
üzərində tikilən bax o türbədir. Vaxtilə Azərbaycan
torpağına yürüş edən türk sərkərdələrindən Çingiz xan, Əmir Teymur Həzrəti Cərcis Peyğəmbərin
qəbrini ziyarət edib. Qəbrin üzərində
ucaldılan bu türbədən əvvəl
də onun üzərində gümbəz
formasında tikili məhz bu
hökmdarlardan birinə məxsus olub. Ancaq əsrlərin
yadigarı olan bu abidə
də təbiət qüvvələrinin
dağıdıcı təsirinə məruz qalıb. Onu da deyim
ki, neçə yüzilliklərin
yadigarı olmasını onun ətrafında
üzərində yazılar olan qəbirlərin
olması da təsdiq edir"
Elə bu ətraf kəndin ağsaqqalları ilə
söhbətdən də məlum oldu ki, 100 il öncə qeyd olunan günbəzin
üzərində Peyğəmbər türbəsinin tikilməsi
kimi mühüm bir hadisə buranın Aşıqlı tayfasının
imanlı ağsaqqalı Hacı Qulu kişinin taleyinə yazılır.
Hacı Qulunun bu təşəbbüsünü
bütün tərəkəmə
ağsaqqalları və camaatı dəstəkləyir. Maddi imkanı olan
imkanı ilə, olmayan isə öz fiziki gücü ilə Hacı Qulu
kişinin ətrafında birləşir.
Camaatın xeyir-duası və köməyilə o, rayonun Örənqala
hissəsindən bura bişmiş
kərpic daşıtdırır. Təbrizdən dəvət
etdiyi memar Mirzə Həsən
bu müqəddəs türbəni XX əsrin
ilk illərində inşa
edib başa gətirir.
Türbənin tikintisində yapışdırıcı kimi çiy yumurtadan istifadə olunur.
Hazırda Hacı Qulu kişinin
qəbri türbənin içindədir...
Türbə 8 daxili
sütundan ibarətdir. Oradakı din xadimlərinin dediyinə görə, bu, cənnətin səkkiz qapısına
işarədir. Sütunların üstündə onların
sayına uyğun ərəbcə
yazılmış səkkiz mətn var. Çox təəssüf ki,
son illərin təmir işlərində bu mətnlər diqqətsizlik ucbatından silinib.
Səsi bütün
İslam dünyasına yayılan və
Azərbaycanda mövcud olan
Cərcis Peyğəmbər məqbərəsinin taleyi bəs ateist sovet dönəmində necə olub? Bu suala
ətraf kəndin yaşlı insanları təəssüf
hissilə cavab verir.
Deyirlər ki, sovet
dönəmində xalqın maddi-mənəvi dəyərlərinə
laqeyd münasibət bu
abidədə də özünü
göstərib. Ancaq burada
fərqli və sevindirici bir
şey var ki, o da
Peyğəmbərin öz möcüzəli
gücü olub. Məhz
bu onu sovet
dövründə müxtəlif təcavüzlərdən qoruyub. Yaxın tarixdə baş verən bu
möcüzəli hadisələrlə bağlı faktlar var ki,
bunu canlı şahidlər özləri
danışır. Ətraf kəndin ağsqqallarından biri deyir: "1940-cı
illərin sonlarında o dövrdə
türbəyə yaxın kəndlərdən birinin
sovet sədri (həmin adamın
adını da çəkmədi. Deyir, indi onun
nəvə-nəticələri bu kəndlərdə
yaşayır: "Onlar bilməsin
deyə, adını çəkməsəm
yaxşıdır") abidənin uçurulması
haqqında əmr verir. Ancaq yerli əhalidən heç kəs bu əmrə
tabe olmur. Göstərişində
israrlı olan məmur o
vaxt Azərbaycanda yaşayan
(Rusiyadan gəlmiş) malakanlardan
istifadə edir. Malakanlardan
əli külünglü, kürəkli,
baltalı dəstə abidəyə yaxınlaşanda qəflətən
zəhərli ilanlarla
qarşılaşırlar. Hətta bir
neçəsi zəhərli ilan
sancmasından ölür, qalanları da qaçıb gedir. Halbuki, hələ o vaxta qədər türbənin ətrafında
zəhərli ilana rast
gəlinməmişdi. Baş verən
hadisələri yerində araşdırmaq istəyən sovet sədri vertolyotla
türbənin ətrafına özünün
şəxsi adamını göndərir. Həmin adam da vertolyotdan
düşüb türbəyə yaxınlaşarkən
ilan sancır və o,
yerindəcə ölür". Qeyd edim ki,
bu faktı, həmin qocadan
başqa, digər kənddə
rastlaşdığım o dövrü yaşamış yaşlı insanlardan da eyni şəkildə eşitdim.
Həmsöhbəti olduğum Hacı Mirsəməd kişi bununla bağlı
şahidi olduğu anqloji hadisəni danışır: "1980-ci
il idi. Bildiyiniz kimi,
Beyləqan o zaman
inqilabçı Jdanovun adını
daşıyırdı. İnqilabçı adını
daşıyan rayonunun o
zamankı katiblərindən biri (nədənsə,
Hacı da bu katibin adını demədi. Əslində, bunu anlamaq çətin deyil, çünki o dövrdə Beyləqanda çalışan
vəzifəli şəxslərin nəsli- nəcabəti indi burada məskunlaşıb.
Yəqin, Hacı və digər müsahiblərim
bu səbəbdən ad
çəkmək istəmir) abidənin uçurulması
haqqında məsələ qaldırır. Buna qarşı əhalinin, rayon
ziyalılarının bütün
etirazları rədd edilir. Nəhayət,
rəsmi əmr alan söküntü
briqadası türbənin ərazisinə gəlir. Ekskavator məqbərəyə doğru irəliləyir. Mənzərəni seyr edən və Cərcis Peyğəmbərin
möcüzəsinə bələd olan yerli sakinlər bu hadisənin
nə ilə qurtaracağını maraqla
gözləyir. Həmin katib göstərişinin
icrasına hər hansı bir müqaviməti
heç ağlına belə gətirmədən
kənardan briqadaya göstərişlər
verir. Buldozer türbənin
sütunlarını dağıtmaq üçün
ona toxunur. Bu zaman birdən hamı
heyrət içində donub qalır; adətən
vəhşi heyvanlar texnika,
insan səsi eşidəndə oradan uzaqlaşır. Ancaq
nəhəng bir ilan ekskavatorun çalovuna
sarılaraq onu tərk etmək istəmir,
sanki işi davam etdirməsinə mane olurdu. Bu səhnədən
vahimələnən ekskovatorçu işi davam etdirməkdən
boyun qaçırır. Nəhəng
texnikanın mühərrikini söndürür,
məmurun təhdidlərinə, hədələrinə əhəmiyyət
verməyib oradan uzaqlaşır".
Hacı deyir ki, bu hadisə tezliklə əhali içərisində
sürətlə yayıldı. İşə təhkim olunan digər ekskavatorçular
da boyun
qaçırır: "Ancaq bu hələ son deyildi. Bir həftə
keçməmiş həmin katibin həyatında
gözlənilməz hadisələr baş
verir, qəflətən infarkt
keçirir. Ayaqları tutulur.
Əllərdə gəzdirilən keçmiş
katibə baxmayan həkim qalmır, ancaq çarəsi tapılmır. Ağsaqqallar yığışıb, ona etdiyi günahın
bağışlanması üçün
Allaha tapınmağı məsləhət
görür. O, yaxınlarının
köməyi ilə türbənin həyətinə gətirilir...
İndi danışanda birtəhər oluram. O zaman ətrafdakılar
bu təsirli mənzərəni heyrətlə
seyr edirdi. Ayaqlarında hərəkət olmayan
məmur bir vaxt uçurmaq, yerlə-yeksan etmək istədiyi
Peyğəmbər türbəsinin önünə
sürünə-sürünə gəlir, onun
ətrafına dolanır, dönə-dönə
divarlarından öpür,onu
bağışlaması üçün
bu Allahın evində ona
yalvarır. Bir müddət keçir, katib tədricən
sağalıb əvvəlki kimi
ayaqları üstündə dura və
yeriyə bilir. O vaxt həkimlər
bu cür xəstəliyin
sağalmasını möcüzə hesab
edir və təccüblərini gizlətmirdi...
Bu, gözlərimizin qabağında olan hadisələrdir".
Yerli ziyalılarla söhbətdən aydın oldu ki, birinci
Qarabağ müharibəsi zamanı
sürətlə Ağdam, Füzuli və Beyləqan üzərinə hücuma keçən erməni silahlı
qüvvələrinin məhz Beyləqan ərazisində
ağır məğlubiyyətə uğradılması və
əks hücuma keçərək bir neçə kəndin geri
alınması bu müqəddəs ziyarətgahın
qüdrətilə bağlıdır. O zaman
erməni kafirlər Beyləqanın bir
neçə kilometrliyinə çatır. Yerli
əhali son ümid yeri kimi-istər döyüşə gedən,
istər getməyən-dəstə-dəstə
axışıb Cərcis Peyğəmbər ziyarətgahına
gəlir. Məhz belə davam edən bir neçə həftədən sonra ermənilər itki
verərək geri oturdulur.
Bu hadisə əhalidə bu
müqəddəs Peyğəmbər torpağına inamı
daha da artırır.
İndi Ziyarətgahın
ətrafı əlamətdar dini tarixlərdə
ayinlərin icrası üçün
istifadə edilir. Son
günlərdə ziyarətgahın həyətində
möminlərin ibadəti üçün
tikilən böyük bir
məscidin inşası da artıq başa çatdırılır. Camaatın
dediyinə görə, burada görülən
hər bir abadlıq-tikinti işinə
imkanlı şəxslər könüllü
dəstək verir. Orada
olduğum bütün
vaxt ərzində bura
ziyarətçilərlə dolu oldu. Ziyarətçilər Azərbaycanın
müxtəlif bölglərindən tutmuş,
əcnəbi ölkələrə qədər təmsil olunur. Ruhi sarsıntı, psixi gərginlik keçirən insanlar hamının gözü
qarşısında burada sakitləşir,
normal yaşayışına dönür.
P.S. Mənim həyatımda bura ilə bağlı bir
məqam var: böyüdüyüm
kənddə o vaxt təhsil
səviyyəsi o qədər yüksək
deyildi. Mən də Universitetə girmək
istəyirdim. İmkan olmadığı üçün digər yerlərdə orta təhsil ala bilmirdim. Bacardığım qədər
hazırlaşmağıma baxmayaraq, ali təhsil almaq üçün sənəd verəndən sonra kəndimizdən piyada,
təxminən 4- 5 kilometrlik yolu Cərcis Peyğəmbər ziyarətgahına
gəldim. Uşaq təxəyyülü
ilə bildiyim sözlərlə Allaha dua etdim
ki, istədiyim Universitetə girim. Həmin il kəndimizdən
ali məktəbə sənəd verən
23 nəfər arasında yalnız mən, özü
də istədiyim Universitetə daxil oldum. Bilmirəm bunun
adı nədir, amma bu,
həyatımda onun qoyduğu
izdir..
Məqalə
"Lent.az"da çap
edilib
Mübariz
ASLANOV
Bakı xəbər.- 2010.-1 noyabr.- S. 12.