Tankçı Nazimin
hekayəti...
Tankçılardan danışanda ilk olaraq Həzi Aslanov yada düşür, o, tankın imkanları hesabına çox böyük uğurlar əldə etməyin mümkünlüyünü növbəti dəfə sübuta yetirməyi bacarmışdı. Bizlərin tank haqqında ilkin təsəvvürləri də Həzi Aslanov haqqında oxuduqlarımız və "Mən sizi dünyalar qədər sevirdim" filmi əsasında formalaşıb.
Bu film böyük sənət
əsəri olmasa da, baş rolun
ifaçısı Ramiz Novruzov
Həzi Aslanov obrazını bizlərə
sevdirməyi bacarıb. İki dəfə
Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru
Həzi Aslanov Azərbaycanın ilk qəhrəman tankçısı olaraq böyük
şörhət yiyəsi idi. Azərbaycan
Həzi Aslanovdan sonra da qəhrəman tankçılar yetişdirə
bildi.
Qarabağ savaşı dövründə
tankçı Albertin
göstərdiyi qəhrəmanlıqlar
dillərdə dastan idi.
Bu yazıda haqqında danışacağımız Nazim Allahverdiyev də qəhrəman tankçılardandır, o, Azərbaycanın Milli Qəhrəmanı Albert Xetaqurovla bir yerdə döyüşüb.
Allahverdiyev Nazim Qarlen oğlu 1964-cü il iyul ayının 15-də Qafan rayonun Baharlı kəndində anadan olub. Ermənilər hələ o vaxtlar kəndin yerində göl yaradıb balıq yetişdirəcəklərini bəhanə edərək türkləri yurdundan didərgin salıblar. Qarlen kişi də ailəsini götürüb yaxın qohumlarının yaşadığı Abşeron rayonunun Mehdiabad qəsəbəsinə köçüb. Təzəcə istifadəyə verilmiş dördmərbətəli binalardan birində onlara mənzil ayrılıb, ata-ana üzüm sahəsində çalışmağa başlayıblar.
Nazim orta məktəbin səkkizinci sinifini bitirib Binəqədi qəsəbəsindəki 101 nömrəli texniki peşə məktəbinə qəbul olub. Orada çilingərlik, traktorçuluq və sürücülük sənətlərinə yiyələnib. Peşə məktəbini qurtarandan sonra yaşadığı qəsəbədə işə düzəlib. Qısa müddətdə sınıq-salxaq, əldən düşmüş, işləməyən bir traktoru nizamlayıb işə salmasıyla hamını təəcübləndirib. Bir az işlədikdən sonra isə ordu sıralarına çağırılıb. Monqolustan torpaqlarında tankçı kimi qulluq edib. Nazim hərbi xidmətdə olduğu dövrdə hərbi texnikanın sirrlərini dərindən öyrənib. O ordudan təxris olunandan sonra bir müddət sürücü işləyib. Amma Qarabağda gedən döyüşlər, döyüş texnikası idarə edənlərin çatışmaması barədə eşitdikləri onun yuxusuna haram qatıb. Təzəcə ailə qurmasına, körpəsi olmasına baxmayaraq hərbi komissarlığa müraciət edərək döyüş bölgəsinə gemək istədiyini bildirib və çox keçmədən döyüşə yollanıb. Əfsanəvi tankçı Albertlə bir yerdə döyüşən Nazim Laçın-Turşsu-Zarıslı əməliyyatları zamanı itkin düşüb.
Həsən Nasir Nazimin dil-ədəbiyyat müəllimi olub, bir neçə hekayələr kitabının müəllifidir. O Nazim haqqında bir neçə məqalə də yazıb. Həsən Nasirin sözlərinə görə, Nazim ilyarım Goranboy ətrfında yağılarla üzə-üzə dayanıb, düşmənə qan uddurub:"O vaxt ordumuza kömək üçün bəziləri texnika alıb cəbhəyə göndərir, qələbəmiz üçün öz töhfəsini vermək istəyirdi. Üç qardaş varmış, şəxsi vəsaitləri hesabına tank alıblar. Amma o vaxt hərbi texnikanın sirrlərini bilənlər azdı, ona görə də bu tank demək olar ki, istifadəsiz qalmışdı. Vəziyyəti belə görən Nazim həmin üç qardaşa tankı necə idarə etməyi böyük səbrlə öyrətmişdi. Həmin qardaşlar aldıqları tankla çox böyük fədakarlıqlar göstərmişdilər. Nazim iki ailənin orduya bağışladığı BTR-i idarə edirdi. 1992-ci ilin əvvələrində isə Rəhim Qazıyevin dəstəsinə qoşulub Şuşanın müdafiəsinə yollanır. Hərbi texnikanın sirrlərini bildiyinə görə tanklardan birini idarə etməyi ona tapşırırlar. O, texnikadan yaxşı baş çıxardığı üçün əfsanəvi tankçı-komandir Albetrdən tutmuş adi döyüşçülərəcən hamının hörmətini qazanır. Döyüşlərdən birində Nazimgil bir düşmən vertalyotunu vururlar. İkinci vertalyot isə tanka atəş açır, Nazimin ayağı yanır. Nazimgilə 10 günlük məzuniyyət vermişdilər, lakin ürəyi yoldaşlarının yanında qalan Nazim cəmi üç gün evdə qalıb təzədən geri qayıtmışdı".
Həsən Nasir deyir ki, Nazim növbəti dəfə ailəsinə baş çəkmək üçün Bakıya gələndə cəbhə xəttində vəziyyətin pisləşdiyini eşidib: "Taleyin qismətinə bax ki, o, ailəsinə baş çəkmək üçün Bakıya gələndə dəhşətli xəbərlər eşitdi-Şuşa düşmənlər tərəfindən alınıb, Albert öldürülüb. Nazim ayın 12-də Şəhidlər Xiyabanında komandiri Albertin dəfni prosesində iştirak etdi və dərhal cəbhə bölgəsinə qayıtdı. Laçın-Turşsu-Zarıslı əməliyyatlarında böyük qəhrəmanlıqlar göstərdi, düşmənə qan uddurdu. Döyüşçü yoldaşlarının dediyinə görə, Nazim həmin döyüşlər zamanı başqa döyüşçülər Fərrux və Benyaminlə birlikdə həlak olublar. Mayın 18-də onların həlak olması barədə məlumatı televiziyada da elan etdilər. Ancaq maraqlıdır ki, tankın içində Nazimin meyiti tapılmadı. Odur ki, onun barəsində müxtəlif fərziyələr söylənilir".
"Həyat" qəzetinin 25 iyun 1992-ci il tarixli nömrəsində indi "Azərbaycan" qəzetinin baş redaktoru olan, millət vəkili Bəxtiyar Sadıqovun maraqlı qeydləri var. "Tankçılar" sərlövhəli məqalədə Bəxtiyar Sadıqov yazır: "Nazim motoryığan usta idi. Arxada qalıb daha çox iş görə bilərdi. Amma qeyrəti buna yol vermədi, döyüş xəttində vuruşmağı üstün tutdu. Turşsu tərəfə kəşfiyyata gedəndə tankları minaya toxunaraq sıradan çıxıb daha irəliləyə bilməyib. Düşmənlə hərbi sursatları qurtarana qədər atışıblar. Tankçılar əsir düşməmək üçün özləri üçün bir qumbara saxlayır..."
Həsən Nasir Nazimin sonuncu döyüşüylə bağlı müxtəlif şaiyələrin gəzdiyini deyir: "Deyilənə görə Nazim düşmənə əsir düşməmək üçün qumbarayla tankı partladıb, tank yandığından onun nəşi ələ gəlməyib. Bir sözlə, əsl həqiqət müxtəlif söz-söhbətlər içərisində it-bata düşüb. Nazimin rəhmətlik atası Qarlen kişi doğru-dürüst məlumat əldə etmək üçün bir neçə hərbi hissəsini gəzmişdi. Allahverdi Bağırovla görüşmək istəmişdi, ancaq demişdilər ki, Allahverdi döyüşdədir. Bir neçə gün sonra isə bəlli olmuşdu ki, Allahverdi Bağırov şəhidlik zirvəsinə yüksəlib. Qarlen kişinin görüşdüyü adamlar ona ürək-dirək vermişdilər ki, fikir eləmə, ola bilsin, oğlun sağdır, gəlib çıxacaq. Qarlen kişi Nazimi gözləyə-gözləyə dünyasını dəyişdi".
"Abşeron" qəzetinin 15 sentyabr 1992-ci il tarixli nömrəsində Nazimin döyüş yoldaşı, mehdiabadlı Fikrət Şəmiyev deyib ki, Nazim qırıq-sökük maşınlardan tank, BTR düzəltməyi bacarırmış:"...O vaxtlar texnika az idi. Bir neçə qırıq-sökük maşını daşıyıb gətirirdik, Nazim hissələri bir-birinə quraşdırıb tank, BTR yığırdı, hamı məətəl qalırdı". Döyüşçü yoldaşı onu da bildirir ki, sonuncu döyüş bu günki kimi yadındadır: "Nazimgilin tankında rabitə əlaqəsi yox idi, həm də cəmisi 19 mərmi vardı. Belə halda döyüşə getmək çox böyük risk idi. Ancaq onlar bu riskə getdilər. Nazimgilin tankı irəli şığıdı, lakin minaya toxunduğundan irəli gedə bilmədi. Tankdakılar lükdan çıxıb avtomatla döyüşə girdilər. Bizim tanklardan üçü köməyə getmək istəsə də irəliləmək mümkün deyildi. Az keçməmiş Nazimgili vurdular və həmin sahəyə ermənilər nəzarət etdiyindən onlara yaxın düşmək mümkün olmadı.
Həsən Nasir deyir ki, Nazimin ad günlərindən birində onların evinə toplaşıblar: "Süfrəyə toplaşanların hamısının sifəti tutqun, kədərliydi. Heç kəs nə bir kəlmə kəsir, nə də əlini süfrəyə uzadırdı. Yuxarı başda qoyulmuş boş stul dərhal diqqəti cəlb edirdi. Elə bil hamı onun sahibinin intizarındaydı. Bütün nəzərlər mənə dikilmişdi, ailədəki övladların müəllimi kimi ilk sözü söyləməyi mənə həvalə etdilər. Özümü toplayıb ağzımı açmaq istəyəndə evin gəlinin qucağındakı altı yaşlı Günayın-Nazimin qızının səsi eşidildi. Körpə altdan yuxarı anasının üzünə baxa-baxa dilləndi: "Ata niyə gəlmədi, mən onu istəyirəm". Nazimin anası rəhmətlik Tərlan arvad dərhal nəvəsinin başını köksünə sıxdı ki, körpə yaş tökən gözləri görməsin, hönkürtü səslərini eşitməsin. Nəhayət nənə özünü toplayıb sevimli nəvəsinə cavab verə bildi: Atan gələcək quzum. Hələlik şəklini yollayıblar. Düşmənləri torpaqlarımızdan qovandan sonra mütləq gələcək".
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 2 noyabr.- S.11.