Qazaxıstan azərbaycanlılarının
qurultayı keçirildi
Əbülfəz Müslümoğlu yenidən
təşkilatın sədri
seçilib
Sonda Qazaxıstan və Azərbaycan
prezidentlərinə müraciət qəbul olunub
Oktyabrın 29-da Almatı şəhərində Qazaxıstan azərbaycanlılarının I Qurultayı keçirilib. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin təşəbbüsüylə düzənlənmiş tədbirdə quruma daxil olan vilayət, şəhər, rayon ve qəsəbə filiallarının rəhbərləri, Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Haşımov, Qazaxıstan Xalqları Assambleyası katibliyinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qabit Nürədil, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov, Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov, Qazaxıstandakı bir sıra etno-mədəni birliklərin rəhbərləri və təmsilçiləri, eləcə də KİV təmsilçiləri iştirak ediblər. Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin prezidenti Əbülfəz Müslümoğlu məruzəylə çıxış edərək bu vəzifəyə seçildiyi vaxtdan bəri görülən işlərdən söhbət açıb. O, ötən müddət ərsində Azərbaycan və Qazaxıstanın dövlət bayramları, Novruz bayramı və digər əlamətdar günlərlə əlaqədar keçirilən tədbirlər, Almatı şəhərində inşa olunaraq soydaşlarımızın ixtiyarına verilən 2 məscid, Xocalı faciəsi mərasimlərinin təşkili, Almatı vilayətinin Qızılağac qəsəbəsində təbii fəlakət nəticəsində dağılmış qəsəbədə bir neçə sosial obyektlərin tikintisinin Ahıska türkləri və Uyğur diasporlarıyla birgə həyata keçirilməsi və s. haqqında məlumat verib. Eyni zamanda Əbülfəz Müslümoğlu birliyin tərkibində fəaliyyət göstərən "Arzu" musiqi, "Bahar" rəqs qruplarının, "Vətən" qəzetinin və Qazaxıstan dövlət radiosunda efirə çıxan "Azərbaycan" proqramının maliyyələşdirildiyini söyləyib. O, əsas məqsədlərinin Qazaxıstan boyunca ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycanın bütün diaspor təşkilatlarının bir çatı altında - vahid birlik tərkibində birləşərək fəaliyyət göstərmələrinə nail olmağın yollarını aramaq və yekdil qərara gəlmək olduğunu deyib: "Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının təmsilçilərini Almatıya yığmaqla ümumi birliyə nail olmaq üçün yekdil qərar qəbul etmək niyyətindəyik".
Qazaxıstan Xalqları Assambleyası katibliyinin cənub bölgəsi üzrə nümayəndəsi Qabit Nürədil isə prezident Nursultan Nazarbayevin sədrlik etdiyi qurumun digər millətlər kimi azərbaycanlılara da ölkədə dilini, mədəniyyətini, tarixini, adət-ənənəsini inkişaf etdirmək üçün hər cür imkan və şərait yaratdığını deyərək, qazax adət-ənənəsinə uyğun olaraq Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin hazırladığı milli geyimi Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Haşımova təqdim edib.
Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Haşımov bir neçə ay öncə rəsmi olaraq səfir kimi fəaliyyətə başladığı andan Qazaxıstanda məskunlaşan soydaşlarımızla görüşərək onların ümumi birliyinə çalışmaq qərarına gəldiyini bildirib. O, 2011-ci ilin əvvəllərində Almatı şəhərində də Azərbaycan səfirliyinin konsulluq şöbəsinin açılacağını vurğulayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov özüylə gətirdiyi Heydər Əliyev Fondunun buraxdığı Azərbaycan musiqilərindən ibarət albom CD-ləri Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinə təqdim edib. Daha sonra o, Qazaxıstan azərbaycanlılarının birliyi istiqamətində hansı addımların atılmasıylv bağlı fikir və təkliflərini səsləndirib.
Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov isə ümumi birliyin yaranması üçün Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin prezidenti Əbülfəz Müslümoğluyla birlikdə qarşıya çıxan maneələrin aradan qaldırılması yolunda çalışacaqlarını dilə gətirib. O, Qazaxıstanda fəaliyyət göstərən bütün cəmiyyət və mədəniyyət mərkəzlərimizin birliyi istiqamətində hüquqi cəhətdən yeni mexanizmin yaradılmasının faydalı olacağını söyləyib və bir müddət keçdikdən sonra təkrarən ölkənin bütün bölgələrindən diaspor təşkilatlarının ümumi yığıncaqlarının qərarıyla nümayəndələr seçilərək vahid təşkilatın statusuna dair İdarə Heyətinin yaradılmasını diqqətə çatdırıb. Qazaxıstan azərbaycanlıları arasında birliyin tezliklə gerçəkləşəcəyinə inandığını deyən Vidadi Salahov Türk Dünyasının tanınmış şairi Oljas Süleymenovun "Qazaxıstan-Azərbaycan" adlı şeirini söyləyərək iki ölkənin birliyi naminə Azərbaycan diasporunu daha da fəal olmağa çağırıb.
Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Qazaxıstan Ahıska Milli Mərkəzinin rəhbəri, doktor Ziyaəddin İsmihanoğlu da Qazaxıstan azərbaycanlılarının birliyinə doğru atılan bu addımı yüksək qiymətləndirərək, Əbülfəz Müslümoğlunun daim yanında olacağını vurğulayıb: "Atalar demişkən "Məsləhətli don gen olar". Ona görə də tərəflərin millət, xalq, azərbaycançılıq naminə bir-birinə güzəşt etməsi mühüm fayda verəcək və birliyə daha tez nail olunacaq. Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Zakir Haşımovun qurultayda iştirakı onu göstərir ki, xaricdə yaşayan bütün azərbaycanlılar daim dövlətin diqqət mərkəzindədir.
Qurultayda təşkilati məsələyə də baxılıb. Əbülfəz Müslümoğlu yekdilliklə yenidən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri seçilib. Bundan əvvəl qəbul olunmuş "birliyin prezidenti" kəlməsinin dəyişdirilərək "sədr" sözüylə əvəzlənməsi qərara alınıb. Sonda qurultayı iştirakçıları adından Qazaxıstan və Azərbaycan prezidentlərinə müraciət qəbul olunub.
Turqut
Xalq Cəbhəsi.- 2010.- 2 noyabr.- S.4.