General taleyi...

 

 Ölüm ona yaraşmasa da diqqətsizlik, baxımsızlıq onu ölümə doğru sürükləyirdi. Bunu hamı görürdü, vaxtilə onun dəstəyilə indi bir çox kürsülərdə oturan səlahiyyətlilərdən tutmuş müvafiq qurum rəhbərlərinədək.

Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevadan başqa heç kim ona kömək etmədi. Heydər Əliyev Fondunun prezidentinin köməkliyilə o, Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında müalicə kursu keçdi. Amma diaqnozu "parkinson+" olan hərbçinin yaşamağına ümidi olmadığını bircə onu müayinə edənlər, iki oğlu (Sərxan və Siyavuş) və həyat yoldaşı Dilşad xanım bilirdi. Söhbət 2009-cu ilin yanvarın 29-da gecə saatlarında uzun sürən xəstəlikdən sonra 73 yaşında dünyasını dəyişən Azərbaycan Silahlı Qüvvələrinin istefada olan generalı, müdafiə nazirinin keçmiş birinci müavini Zadir Rza oğlu Rzayevdən gedir.

 

Leytenant rütbəsindən generaladək ucaldı

 

Zadir (el arasında Zaur deyə çağırardılar - C.) Rza oğlu Rzayev 1937-ci ilin oktyabrın 10-da Lənkəran rayonunun Şürük kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetin fizika-riyaziyyat fakültəsinə daxil olsa da ailə vəziyyəti ağır olduğundan təhsilini yarımçıq qoyub. 1958-1962-ci illərdə Bakı Ali Ümumqoşun Komandan hərbi məktəbini qırmızı diplomla bitirdikdən sonra leytenant rütbəsi alaraq Almaniyada yerləşən Sovet Silahlı Qüvvələrinin tərkibində xidmətə göndərilib. Yüksək hərbi göstəricilərinə görə o, Zaqafqaziya Hərbi Dairəsində - Ermənistanın Gümrü şəhərinə hərbi xidmətini davam etdirməyə göndərilib. 1971-ci ildə Moskvada M.F.Furunze adına Hərbi Akademiyaya daxil olub, 1975-ci ildə Ümumiqoşun Akademiyasını bitirib, Zaqafqaziya Hərbi Dairəsinə alay komandir müavini, sonralar isə Bakı şəhərinə azərbaycanlı zabit kadrlarını yetişdirmək üçün BDU-nun hərbi kafedranın müdir müavini vəzifəsinə göndərilib. Burada polkovnik rütbəsinə ucalan Zadir Rzayev kafedra rəisi vəzifəsinə təyin edilib. 1991-ci ildə vətənini erməni işğalçılarından azad etmək məqsədilə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələri sırasına yazılır. Təşəbbüsüylə yaradılan N saylı hərbi briqadanın komandiri vəzifəsini yerinə yetirib. Yüksək sərkərdəlik məharətinə döyüş bacarığına görə 1992-ci ilin oktyabrın 19-da prezidentin fərmanı ilə general-mayor rütbəsinə layiq görülüb. Həmin ilin noyabrında Bakıya çağırılaraq korpus komandir müavini vəzifəsinə, 1993-cü ilin iyunun 16-da isə Müdafiə Nazirliyində yaradılan cəbhə qərargahının rəisi nazirin birinci müavini vəzifəsinə təyin olunub. İstefaya çıxana kimi bu vəzifələrdə çalışıb.

 

"Yataq dustağı" idi

 

1962-ci ildə ilk zabit rütbəsini alandan sonra qarşısına bir məqsəd qoymuşdu - zabit adını şərəflə qorumaqla vətənə sədaqətlə xidmət edib general olmaq. vaxtsa buna nail olacağını bilirdi. Çünki vətənə, torpağa bağlılığı, hərb sahəsində zaman-zaman göstərdiyi şücaətlər, əldə etdiyi uğurlar onun general rütbəsinə layiq olacağından xəbər verirdi. 1992-ci ildə general-mayor rütbəsinə layiq görüldü. Amma Zadir Rzayev bilmirdi ki, vətən uğrunda sağlamlığını itirən, Azərbaycanın hərb sahəsinə töhfələr verən bir generalvaxtsa unudulacaq, heç kimin yadına düşməyəcək, bir vaxtlar əlindən tutduğu, çörək verdiyi insanların, heç yaxınlarının da. Xatırladaq ki, generalın səhhətində yaranmış problem vəzifə borcunu yerinə yetirərkən - 1993-cü il avqustun 28-29-da Beyləqan yolunda avtomobil qəzasına düşməsilə bağlıdır. Həmin vaxt Zadir Rzayev cəbhə bölgəsinə öz xidməti avtomaşınında yox, Müdafiə Nazirliyindən göndərilən maşınla getmişdi. Generalın həyat yoldaşı Dilşad Rzayevanın dediklərinə görə, o zaman generalı heç kim müşayiət etmirdi, bir özü, birsürücü idi. Naməlum səbəbdən avtomobilin qəzaya düşməsi nəticəsində generalın başı zədələndi. 3 aya yaxın hospitalda müalicə aldı. Zadir Rzayevin Türkiyənin "Gülhanə" Hərbi Hospitalında müayinə olunmasında isə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük rolu olub. Belə ki, o vaxtadək dövlət orqanlarından heç kim onun vəziyyəti, səhhətilə maraqlanmayıb. Rzayevlər ailəsinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya teleqramından sonra generalın sağlamlığı diqqətdə saxlanıldı. Müraciətə baxılmaq üçün Səhiyyə Nazirliyinə tapşırıq verildi. Oradan isə sənədlər Müdafiə Nazirliyinə göndərildi. Bir neçə gündən sonra Hərbi Hospitalın rəisi Rzayevlərin ailəsinə zəng vurdu ki, generalı müayinə etmək lazımdır. Azərbaycanda generalın müalicəsi olmadığından xaricə göndərməyi lazım bildilər. Amma Hərbi Hospitalda müalicə alması vacib olduğundan sentyabrın 2-dən 10-na qədər orada qaldı. 2 otaqlı lüks palatada müalicə alan Rzayevi müayinə ediblər və daxili orqanlarında heç bir problem tapılmadı, bircə başından başqa. Ona "parkinson" diaqnozu qoyulub. Buradakı həkimlər generalın müalicəsinin Türkiyənin Gülhanə Hərbi Hospitalında mümkünlüyünü deyiblər.

 

Xəstəliyinin müalicəsi yox idi

 

Mərhum generalın həyat yoldaşı Dilşad xanımın dediklərindən: "Allah Mehriban xanıma cansağlığı versin, özünün və ailəsinin ömrünü uzun etsin ki, onun köməkliyilə Türkiyəyə getdik. Türkiyədə bizi çox yaxşı qarşıladılar. Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi, "Gülhanə" Tibb Akademiyasında təhsil alan azərbaycanlı tələbələrin də bizə münasibəti çox yaxşı idi. Orada generalı müayinə etdilər və "Parkinson+" diaqnozu qoydular. Bu xəstəliyin də bir sıra xəstəliklər kimi müalicəsi yoxdur. Ancaq bahalı dərmanların vasitəsilə bu xəstəliyin müvəqqəti qarşısını almaq, zəiflətmək olardı". "Bəs xərci kim çəkmişdi" sualımızı cavablandıran Dilşad xanım dedi ki, əvvəlcə generalın təyyarə haqqı ödəməyəcəyini dedilər, bunu elmi işçi kimi çalışdığı Müdafiə Nazirliyinin Elmi Mərkəzinin ödəyəcəyini bildirdilər. Sonradan həmin mərkəzdə ixtisar getdiyindən Zaur Rzayev də işdən kənarlaşdırıldı. Mən sonra beynəlxalq əlaqələr şöbəsinə zəng edib bunu aydınlaşdırdım. Sonradan belə məlum oldu ki, həm onun, həm də mənim gedib-gəlmək haqqını özümüz ödəməliyik. Belə də etdim. Amma onun Türkiyədə müayinə haqqını dövlət üzərinə götürmüşdü: "Ümid edirdim ki, onun müalicəsinin bir effekti olacaq, ümidlərimin hamısı puça çıxdı. Bunu onun özü də yaxşı bilirdi. Olacağa çarə yoxuydu, neyləyəydi. Mən də ancaq onun qulluğundaydım, bir saat belə onu nəzarətsiz qoymurdum. Qarşımızda bir vaxtlar erməni qəsbkarlarına divan tutan, gurultulu səsi səngərlərdən gələn əzəmətli general şam kimi əridi".

 

O buna layiq deyildi

 

Dilşad xanımın danışığından hiss etdik ki, Zadir Rzayev çoxdan aidiyyəti orqanların çoxdan diqqətindən kənarda saxlanılıb. Belə olmasaydı, Dilşad xanım məlum məsələlərlə bağlı Mehriban xanım Əliyevaya müraciət etməzdi. General isə 4-5 ildir yataq dustağına çevrilmişdi: "Açığını deyim ki, onunla heç kim maraqlanmayıb. Hansı ki bir vaxtlar onun tələbələri olub, indi yüksək vəzifələrdə təmsil olunurlar. Aralarında general da var. Heç biri maraqlanmayıb ki, Zaur müəllim, necəsən, haradasan, telefon belə açmırdılar. Mehriban Əliyeva bu məsələyə münasibət bildirməsəydi, heç bir dövlət orqanı da onunla maraqlanmazdı. Qohum-əqrəbası, yoldaşları da elə bil ki, yoxuydular, elə indiyoxdurlar. Elə bil ki, Zaur Rzayev adlı Azərbaycanda general olmayıb. İşlədiyi Elm Mərkəzinin rəhbəri Kərim Vəliyev bir neçə dəfə zəng etmişdi. 70 illiyi oldu. Heç kim zəng vurub təbrik etmədi. Konfederasiyadan yubiley medallarının verilməsilə bağlı evimizə zəng vuranda da heç kəs onunla maraqlanmadı. Olmazdı ki, konfederasiyadan iki zabit evimizə gəlib medalları generala təqdim edəydilər. Özü də sevinərdi ki, onu da yada salan var". Dilşad xanım onu da dedi ki, vəfat etməzdən bir müddət öncə həyat yoldaşına Azərbaycan Silahlı Qüvvələrinin 10 və 90 illiyi yubiley medalları ilə təltif edilib: "Konfederasiyadan zəng vurdular ki, bəs Zaur Rzayevə çatacaq medallar var, gəlin aparın. Siyavuş gedib gətirdi. Məgər, bu medalları özləri gətirə bilməzdilər. Axı bu onun üçünxoş olardı, gözü qapılarda qalmışdı ki, bəlkə hərbçi yoldaşlarından biri aça".

 

İşsizlikbir problemdir

 

Dilşad xanımdan dolanışıqları ilə maraqlandıq. Bildirdi ki, həyat yoldaşı xəstələndikdən sonra işdən çıxıb. Oğlanlarının da heç biri işləmir: "Böyük oğlum Siyavuşun 43 yaşı var. Məktəbi qızıl medalla bitirib. 1991-ci ildə BDU-nun şərqşünaslıq (ərəb dili), 2005-ci ildə isə hüquq fakültəsini bitirib, ailəlidir. Kiçik oğlum Sərxanın isə 28 yaşı var. O da BDU-nun hüquq fakültəsinin həm bakalavr, həm də magistr pilləsində təhsil alıb. Siyavuş Daxili İşlər Nazirliyində çalışırdı. Atası işdən azad edildikdən sonra onu da nazirlikdən çıxardılar. Türkiyədə olarkən eşitdilər ki, Azərbaycanda sağlamlığını vətən uğrunda itirən bir generalın övladları işsizdir, təəccübləndilər. Oğlanlarım üçün hara müraciət edirsə, deyirlər ki, Məşğulluq Mərkəzinə gedin. Onlara isə elə işlər təklif edirlər ki, oğlanlarımın ixtisaslarına uyğun gəlmir, qaz idarəsində, su idarəsində. Əgər onlardan heç olmasa biri normal yerdə işləyib evə pul gətirsəydi, vəziyyətimiz bir qədər yaxşılaşardı. Çox qəribədir, bütün qapılar oğlanlarımın üzünə bağlanıb. Yoldaşımın özü də bunları görüb daha da pisləşirdi, həyəcanlanırdı. Rəhmətlik elə deyirdi ki, sağalıb sizin üçün axtaracam, xahiş edəcəm ki, sizi işə götürsünlər. Halbuki vaxtilə nazir müavini olanda onlarca insanı işə düzəldib, yüzlərcə insana kömək əlini uzadıb. Onun özü köməksiz, uşaqları isə işsiz qaldı".

 

 

(ardı gələn sayımızda)

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2010.- 3 noyabr.- S.11.