Generalın ruhu o zaman şad olar ki...

 

 Dilşad xanım həyat yoldaşının döyüşdən qorxmadığını, ölümün gözünə dik baxdığını dedi: "Kəlbəcərliləri danışdırın görün, Zaur haqqında nələr deyirlər. O, əsl qəhrəmandır, ona Milli Qəhrəman adı vermək istəyiblər, özü istəmədi. Zaur öz qüvvəsi ilə Laçının iki kilometrliyində olarkən o vaxtkı müdafiə naziri Rəhim Qazıyev onu geri çağırdı.

 

(əvvəli ötən sayımızda)

 

Sabiq müdafiə naziri Valeh Bərşadlı da Zauru yanına çağırıb demişdi ki, gəl, sənə birdən-birə yüksək vəzifə verim. Zaur isə razılaşmayıb demişdi ki, aşağıdan başlamaq istəyir. Baxmayaraq ki, hərbi akademiyanı bitirmişdi. Sonradan briqada yaratdı, hərbi andı da Zaur yazıb".

Xatırladaq ki, Zadir Rzayevin Azərbaycan hərbi sahəsində göstərdiyi xidmətlərdən biri 1991-ci il oktyabrın 9-da ilk hərbi hissəni yaratmasıdır. Həmin vaxt keçmiş sovet ordusunun Bakı qarnizonunda yerləşən 18110 saylı hərbi hissəsinin bazasında könüllülərdən ibarət ilk hərbi hissə yaradılıb. Sonralar "birinci batalyon" kimi tanınan bu hərbi hissənin komandiri özü olub. O, həmin il dekabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin qəbul etdiyi ilk hərbi andı hazırlayanlardandır.

 

Həzi Aslanovdan da səs çıxmadı

 

Dilşad xanım müəmmalı bir əhvalatı da danışdı. Bildirdi ki, ötən ilin may-iyun aylarında Türkiyədəki azərbaycanlı milyarder Mübariz Mənsimovun ünvanını əldə etdikdən sonra kömək üçün ona müraciət ediblər: "Müraciətimizdə bildirmişdik ki, ya Türkiyədə, ya da Almaniyada Zaurun müalicəsinə köməklik göstərsin. İnanmadığımız halda cavab gəldi ki, sənədləri hazırlayın. Amma cavab bizə yox, hüquq-mühafizə orqanlarında çalışan general Həzi Aslanova (iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun nəvəsi - C.) gəlmişdi. Bunu hələ anlaya bilməmişik. O da bizə zəng vurdu ki, Mübariz müəllim sizin sənədləri təcili olaraq Türkiyədə gözləyir. Biz təcili bütün lazım olan sənədləri düzəltdik, hazırlıq gördük ki, bu gün, sabah Türkiyəyə gedəcəyik". Sənədlərin Aslanovun əli ilə Mənsimova göndərildiyini deyən Dilşad xanım bir səs çıxmadığını görüb üz tutub generalın yerinə: "Həzi Aslanovun köməkçisi mənə bildirdi ki, rəisi Türkiyədədir bizə dedi ki, artıq işimizi görmüşük. Həzinin telefon nömrəsini mənə vermədi ki, məsələnin yerdə olduğunu öyrənəm". Dilşad xanım bu sualın cavabını hələ tapa bilmədiyini deyir: "Əgər Mübariz Mənsimov əvvəlcədən buna razılıq verməsəydi, nəyə görə sənədləri hazırlatdırırdı?" Bu vaxtadək müəmmalı qalan bu məsələyə Aslanovun özü aydınlıq gətirməyib. Onu da bildirək ki, Həzi Aslanov BDU-da Zadir Rzayevin tələbəsi olub. Dilşad xanım Türkiyədə olarkən orada təhsil alan azərbaycanlı tələbələrin Zadir Rzayevi görmək üçün Gülhanəyə gəldiklərindən danışdı: "Tələbələrdən biri Mübariz Mənsimova faks göndərdi ki, burada yerlin, azərbaycanlı general müalicə olunur. Amma o, bir zəngi qıymadı. Görünür, bu məsələlərdə qaranlıq qalan məqamlar var".

 

Prezidentə müraciət

 

Vətən Müharibəsi Veteranları Birliyi, Bakı Müharibə, Əlil Veteranlar İctimai Birliyi, Qarabağ Müharibəsi Əlilləri, Veteranları Şəhid Ailələri İctimai Birliyinin rəhbərləri adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan Zadir Rza oğlu Rzayevə Milli Qəhrəman adının verilməsi haqqında Milli Məclisə birgə təqdimatında öncə generalın tərcümeyi-halı xatırlanır sonra isə onun fədakarlığından bəhs edilir: "... Zadir Rzayev 1991-ci ildə təzəcə yaradılan "N" saylı hərbi briqadanın komandiri təyin olunur birbaşa cəbhə bölgəsinə göndərilir. Şuşanın kəndlərinin, Ağdamın müdafiəsində fəal iştirak edir. 1992-ci ilin mart ayında Zadir Rzayevin rəhbərlik etdiyi briqadanın tabor bölükləri iki ay təlim keçdikdən sonra müharibənin qaynar nöqtələrindən birinə - Ermənistanla həmsərhəd olan Kəlbəcər rayonuna göndərilir. İyunun 10-da ermənilər üç istiqamətdən - Ağdaban, Çərəkdar, Narıncılar tərəfindən hücuma keçirlər. Təcrübəli komandir Zadir Rzayevin rəhbərliyilə briqada düşmənin müqavimətini qırır erməniləri geri qovur. İyunun 24-də isə onun briqadası əks-hücuma keçir Ağdərənin 20 kəndini düşməndən azad edir. Qüvvələrini səfərbər edən düşmən yenidən Ağdaban istiqamətində güclü hücuma keçir. Amma Rzayevin yüksək hərbi hazırlığa malik olan sərkərdə məharəti nəticəsində düşmən böyük itki ilə geri çəkilir. Bu dəfə onun döyüşçüləri Ağdərənin 12 kəndini erməni daşnaklardan təmizləyirlər. 1992-ci il sentyabrın 6-da briqadanın azad etdiyi rayon kəndlər "N" saylı hərbi hissəyə tapşırılır. Zadir Rzayevin rəhbərliyi altında briqada Laçın istiqamətində döyüşərək 40 kəndi erməni işğalçılarından geri alır". Müraciətdə daha sonra bildirilir ki, general-mayorun peşəkarlığından, şücaətindən Kəlbəcər Laçın rayonunun camaatı iftixarla danışır. Kəlbəcər rayonunun onun ətraf kəndlərinin erməni işğalçılarından qorunmasında kəlbəcərlilər general Zadir Razyevin onun döyüş hissələrinin ətrafında sıx birləşdi. Kəlbəcərlilər Zadir Rzayevin simasında xilaskar ordumuzun ağıllı, bacarıqlı komandirini gördülər. O əsgərləri - bizi indiki Qarabağ veteranlarını döyüşlərə apararkən müraciətlə deyirdi: "Balalarım, bizim geriyə yolumuz yoxdur. Ardımca irəli!" Onun bu komandir əmri mehriban atalıq qayğısı əsgərlərimizdə böyük rüh yüksəkliyi yaratmışdı: "General özü şəxsən çiyninə silah götürərək qanlı döyüşləri idarə edir, döyüşün ən mühüm yerlərində əsgərlərimizlə bir yerdə olurdu. General 1993-cü ilin may-iyun aylarında Azərbaycan üçün ağır olan mürəkkəb dövrdə saf, təmiz qəlbinə arxalanaraq yüksək vətəndaşlıq mövqeyindən çıxış edərək doğma vətənimizdə baş verən hadisələrə vaxtında düzgün qiymət verməyi bacardı. O, düzgün ədalətli yoldan dönmədi, belə bir çətin dövrdə radio, televiziya mətbuat səhifələrində çıxışlar edərək xalqımızı birliyə çağırdı".

 

Ruhu o zaman şad olar ki...

 

Sağlığında "necəsən, general" kəlməsinə ehtiyacı olan Zadir Rzayevi dünyasını dəyişəndən sonra yüzlərcə insan yad etdi. Dilşad xanım dedi ki, generalı yüksək səviyyədə II Fəxri xiyabanda dəfn etdilər. Üçü, yeddisi isə onun mənzilində verildi: "Müdafiə Nazirliyi yalnız dəfn olunması üçün yer aldı. Dəfnin qalan xərcini özümüz çəkdik. Ölümündən sonra dövlətdən 200 manat pul verildi. Bununla da bitdi..." Bir vaxtlar Azərbaycanın çətin anlarında bir sərkərdə kimi vətənin bütövlüyü, azadlığı uğrunda əlində silah ölümə atılmışdı. Həmin vaxtlar ölüm ondan dəfələrlə yan keçmişdi, Allah onu qorumuşdu. Bu dəfə isə Dilşad xanımın boğazından kəsib Türkiyədən baha qiymətlərlə aldığı dərmanlar belə onun ömrünü uzada bilmədi...

Yazı KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliği" layihəsi çərçivəsində təqdim olunur.    Generalın ruhu o zaman şad olar ki...

 Dilşad xanım həyat yoldaşının döyüşdən qorxmadığını, ölümün gözünə dik baxdığını dedi: "Kəlbəcərliləri danışdırın görün, Zaur haqqında nələr deyirlər. O, əsl qəhrəmandır, ona Milli Qəhrəman adı vermək istəyiblər, özü istəmədi. Zaur öz qüvvəsi ilə Laçının iki kilometrliyində olarkən o vaxtkı müdafiə naziri Rəhim Qazıyev onu geri çağırdı.

 

 

 Cavid

 

  Xalq Cəbhəsi.- 2010.- 4 noyabr.- S.10.