22 yaşlı Milli
Qəhrəman
1990-cı illərin əvvəllərində
Dağlıq Qarabağda
erməni separatizmi və Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalı
başlananda bir çox vətən övladları buna etiraz olaraq könüllü
cəbhəyə yollandı. Belə igid oğullardan biri də Tahir Tofiq oğlu Həsənov
idi.
Anası Qalibə Budaqovanın verdiyi məlumata görə, ailənin yeganə oğlu olan Tahir Həsənov 1970-ci ildə Bakı şəhərində anadan olub. 18 yaşı tamam olduqdan sonra keçmiş SSRİ Silahlı Qüvvələrinə hərbi xədmətə çağırılan Tahir Moskvada hərbi-desant diviziyasında xidmət keçib. İki illik hərbi xidməti başa vurduqdan sonra Azərbaycana qayıdan Tahirin həyatında yeni dövr başlanıb: "Rəhmətlik jurnalist Çingiz Mustafayev belə bir çağırış etdi ki, kim kişidir gəlsin Qarabağa gedək. Tahir də bizə demədən evdən çıxdı, minib avtobusa və onlarla birlikdə Qarabağa yola düşüb. Beş-on gün onu axtardıq, nəhayət bir nəfər gəlib dedi ki, narahat olmayın, Tahir Qarabağda döyüşür. Döyüş yoldaşları danışır ki, iki-üç nəfər şəhər uşaqları silahsız, mülki geyimdə gediblər, bir nəfər silahlı ermənini tutub gətiriblər. Bizimkilər də deyiblər ki, nə yaxşı iş görmüsünüz, bu ermənini azərbaycanlı əsirlə dəyişməliyik. Sonra Tahirə silah veriblər və o döyüşməyə başlayıb. Tahir Bakı Dövlət Universitetinin tarix fakültəsinin axşam şöbəsinə qəbul olunmuşdu. Ondan soruşublar ki, sən kimsən, nəçisən? Cavab verib ki, mən tələbəyəm. O vaxt daxili işlər naziri Məhəmməd Əsədov idi. Tahirə deyiblər ki, biz nazirlə danışmışıq, get o səni qəbul edəcək. Tahir də Qarabağdan birbaşa gəlib nazirliyə, orada onu OMOH-a işə götürüblər. Bir də gördüm sevinərək gəldi evə ki, ana, məni OMON-a götürüblər. Beləliklə, 11 ay OMON-çu kimi döyüşdü. Tahir qoşunun önündə gedən kəşfiyyat qrupunun üzvü idi. O, Ağdərənin, Başkəndin alınmasında yaxından iştirak edib. Tahirin döyüş yolu cəbhənin müxtəlif istiqamətlərindən keçib. O Ağdərə, Füzuli, Laçın uğrunda döyüşlərdə iştirak edib, Xocalının müdafiəsində sona qədər vuruşub. Azərbaycan ordusu Ağdərəni azad edəndə Tahir iki döyüşçü ilə Ağdərəyə birinci daxil olub. 1992-ci il sentyabrın 2-də Tahir Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş əməliyyatlarına başlayır. Döyüş yoldaşı Sahib Nəbiyev deyir ki, kəndə girmək çox qorxulu idi. Hər tərəfdən ermənilər üstümüzə atəş yağdırırdılar. Tahir isə ermənilərin atəş nöqtəsini susdurmağa can atırdı. Yüksəkliklər ermənilərdə olduğundan bu çox çətin idi. Döyüş gərgin getdiyindən heç nədən xəbər yox idi. Bir döyüşçü yaxınlaşıb deyib ki, deyəsən sizin oğlanı vurdular axı? Sonra Tahirin yerini biləni də vurublar. Tahir yoldaşlarına deyib ki, siz gedin, mən sizi qoruyacam. Döyüş yoldaşları danışır ki, yaralı olub, sonra da deyib ki, ölsəm də təslim olmayacam. Nəhayət tank əleyhinə qumbara ilə özünü partladıb və şəhid olub. O, yaralandıqdan sonra düşmənə əsir düşməmək üçün özünü öldürməyi üstün tutub. Həlak olanda özü ilə barəbər 41 nəfər ermənini də məhv edib. Üstündən beş-on gün keçəndən sonra mənə dedilər ki, Tahir hələ Qarabağda döyüşür. Dedim axı, hamı qayıdıb? Mənə heç nə demədilər. Sonra bizim ordu yenidən hücuma keçdi və kəndi azad edərkən Tahirin meyitini tapdılar. Sentyabrın 30-da Tahirin meyitini gətirdilər. Oktyabrın 19-da isə qəzetdə çıxdı ki, Tahirə Milli Qəhrəman adı veriblər".
Qeyd edək ki, Tahir Həsənovun özü ilə barəbər atası Tofiq Həsənov da Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, Tahirin cənazəsini götürəndə ətrafında həqiqətən də 41 nəfər erməni əsgərinin meyiti vardı.
Xatırladaq ki, hazırda Tahir Həsənovun məzarı Şəhidlər Xiyabanındadır.
Tahir Həsənov həm də döyüş yoldaşları və
dostları arasında istedadı ilə tanınıb. O, ingilis,
rus dillərini bilirdi. Arzusu da "İnterpol"a
girmək idi. Tahir Azərbaycanın ən gənc Milli Qəhrəmanlarından biridi.
O, 22 yaşında bu yüksək ada layiq görülüb. Ancaq təəssüf ki, bunu görmək özünə qismət olmadı.
Tahir Həsənovun
anasından onu da öyrəndik ki, Milli Qəhrəmanın
ailəsinin dövlət
tərəfindən sosial
qayğıya ehtiyacı
var. Amma onlar bu qayğıdan məhrumdurlar:"Biz Milli
Qəhrəman ailəsi
olaraq qazpulu, işıqpulu ödəyirik.
Axı nəyə görə bizə güzəşt etmirlər? Hökumət tərəfindən bizə göstərilən
yeganə dəstək
ayda 600 manat müavinətdir. O müavinət
təyin olunandan sonra bir neçə
dəfə inflyasiya olub. Qiymətlər həddən artıq
bahadır. Belə vəziyyətdə
600 manat o qədər
yüksək məbləğ
deyil. Biz analar cavanlaşmırıq,
qocalırıq. Dərmana, həkimə
ehtiyacımız var. Yaxşı
olardı ki, Milli Qəhrəman ailələri üçün
bir poliklinika açsınlar. Mən hansı
həkimə deyim ki, Milli Qəhrəman
anasıyam? Baxmayaraq ki,
nazir müalicənin pulsuz olduğunu deyir, həkim məndən pul istəyir".
Qalibə Budaqova bildirdi ki, Tahir Həsənovun
xatirəsi də əbədiləşdirilib. 1992-ci ildə
Tahir Həsənovun adına gəmi
verilib. Bundan başqa, 1993-cü ildə
Bakı şəhərindəki
23 saylı orta məktəbə Tahir Həsənovun adı verilib: "1992-1993-cü illərdə
nə isə bir iş görülüb.
İstər Elçibəy, istər
Heydər Əliyev tərəfindən mən
bu qayğını görmüşəm. Yeganə milli
qəhrəmandır ki,
prezident Heydər Əliyev 1994-cü ildə
orta məktəbdə
Tahirin barelyefinin açılışına gəlmişdi.
Bunlar hamısı o vaxt olub. Bəs bu gün niyə yoxdur?"
Qalibə Budaqova Milli Qəhrəman Ailələrinin
Sosial Müdafiəci İctimai Birliyini yaradıb. Özü isə əvvəllər
Tahir Həsənovun adını daşıyan
23 saylı məktəbdə
direktor işləyib.
Lakin 2000-ci ildə heç bir səbəb göstərilmədən
işdən azad edilib: "Mən direktor işlədiyim müddətdə Nəsimi
rayonunda 23 saylı məktəbi elə etmişdim ki, vətənpərvərlik, nizam-intizam,
dərslər ən yüksək səviyyədə
idi. Məni yaxşı işimə
görə təltif etdilər. Buna baxmayaraq, nazir məni səbəb göstərmədən işdən
çıxartdı. Mən də
bundan sonra hazırda rəhbərlik etdiyim ictimai birliyi yaratmaq qərarına gəldim".
Qalibə Budaqova hesab edir ki,
hazırda Azərbaycanda
qəhrəmanlıq ənənələrinin
təbliği, o cümlədən
Milli Qəhrəmanların
tanıdılması istiqamətində
yetərincə iş
görülmür: "Telekanallarda,
Rəqsanə və başqa müğənnilər
Azərbaycan xalqına
öyüd-nəsihət verir,
ağbirçəklik edirlər.
Onlara baxıb necə qəhrəmanlıq öyrənmək
olar? Olmazmı ki, onların
əvəzinə şəhid
analarını, Milli Qəhrəman analarını
çağırıb danışdırsınlar?
Axı, bu təbliğatdır.
Azərbaycanda heç kimə
müharibə lazım
deyil? Bəs işğal olunmuş
torpaqlar necə olacaq? Artistləri çağırıb ağlayan verilişlər
təşkil etməkdənsə,
Milli Qəhrəmanları
təbliğ edən verilişlər vermək hər halda daha yaxşı olardı. Əgər kürsüdə oturan məmur şəhid anasına deyir ki, oğlunu
nəyə göndərirdin,
göndərməyəydin, başa düşmür ki, bu hadisələr
nə ilə başa çatacaqdı?
Hansı
məmurun yanına gedirsən, deyir ki, "mənim yanımda niyə ağlayırsan, oğlunu
göndərməyəydin". Bu dəhşətdir..."
Müşfiq Abdulla
Xalq Cəbhəsi.- 2010.- 6 noyabr.-
S.10.