Qəhrəman, yenilməz Türk Ruhumuz...

 

Mənası "möhkəm" anlamına gələn "Türk" sözü xarakter etibarilə birsifətliyi, dəyişməzliyi, ölümlə öcəşməyi, öldürməyi sevməməyi, fitri döyüşkənliyi, fitri inancıllığı, vətənsevərliyi ilə diqqəti cəlb edir. Deyə bilərlər ki, sadaladığımız bu cəhətlərin müəyyən qismi buya başqa millətdə də var. Təbiidir ki, hər hansı bir millət buya digər dərəcədə bəşəri dəyərlərdən soraq verir. Ancaq Türkün əsas xarakterik cəhətləri məhz ona məxsusdur və sözün gerçək anlamında bir xilas kimi dünyaya təqdim olunmalıdır. Bu, xüsusi bir söhbətin mövzusudur ki, möhtəşəm fikir, ruh quruculuğuna, ideyaçılığa, idraki və bədii vüsətə qadir olan Türk habelə möhtəşəm dövlətçilik ənənəsi yaratdı. Təbii ki, dövlətçilik ənənəmiz yaranmasaydı, digər keyfiyyətlərimizin qoruyuculuğu da mümkün olmayacaqdı. Gerçəkdir ki, dövlət qurmaq zamanın bütün çətinlikləri aşmaq millətin özünü təsdiqi deməkdir. Azərbaycan Türklərinin qəhrəmanlıqlarla zəngin dövlətçilik ənənəsi buna sübutdur.

Türk dövlətçilik ənənəsini minillər boyunca yaşatdı, bu gün də yaşatmaqdadır. Ancaq təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk özündən ayrıldı, zaman-zaman başqalarına yarıdı. Fitri halın qeyri-adiliyi onu özündən ayrılan məqamlarda belə daxilinə üz tutmağa, özündən güc almağa çağırdı. O deməkdir ki, ruhumuz ölmədi. Türk - fitri təbiətçidir. Onun insana, həyata, dünyaya münasibəti fitri xarakterinin ucalığından irəli gəlir. Türk həyata daim yaradıcı baxır, ruhunun gözü ilə insanilikdən soraq verən hər bir cəhəti ləyaqətlə dəyərləndirir. Bu cəhəti qoruyur, yaşadır və sabaha çatdırır. Bu gün müəyyən məqamlarda Türkün fitrəti dərinliklərə çəkilsə də, bu ilahi cəhət onun daxilində bir potensiya kimi mövcuddur.

Ana sazımızda ifadə olunan möhtəşəm ruh sədası Türkün uca, qəhrəman ruhundan hər məqamda soraq verir. "Qaraçı", "Yanıq Kərəmi", "Misri" və başqa saz havacatlarında bu cəhətlər aydınca görünür, duyulur. Bir millət olaraq dərdlərimiz çoxdur. Ancaq hər halda dünyanın axırı da deyil. Başımıza gələnlər bizə onu deyir ki, bundan sonra çaşmaq, sarsılmaq olmaz. Gerçək vəziyyətimiz bizə onu deyir ki, zəngin dövlətçilik ənənəmizi qiymətləndirməli, qədimliyimizlə, olmuşlarla yanaşı həm də ömrümüzdə daim yeni-yeni ümidli üfüqlər yaratmalıyıq. Bu gün Türklərin qarşısında duran ən vacib məsələ onların biri-birlərini anlaması məsələsidir. Türk Türkün dərdinə yanmağı bacarmalıdır. Özgəçiliyə yarıyan Türkün sabahı yoxdur. Türkün ruhunda ideologiya yaratmaq ənənəsi xüsusi yer tutur. Bu mənada 20-ci yüzilin əvvəllərində Azərbaycanda Əlibəy Hüseynzadənin ideya yaratmaq yönündə əməlləri xüsusi diqqətçəkən məqamlardandır. Öz dövrü üçün bu, qəhrəmanlıq idi. Bu, həmin dövr idi ki, dünya Türkün hər mənada məhvini gerçəkləşdirməyə çalışırdı. Belə bir zamanda Türkçülük ideologiyasının meydana çıxması mahiyyətcə Türklüyün yeni bir səviyyədə təqdimi demək oldu. Bu insanlar gördülər ki, əgər Türkçülük xüsusi bir ideologiyaya çevrilməsə, o zaman Türkün sabahı üçün böyük təhlükələr yaşanacaq. Bu mənada Türkçülüyün yaşarı bir ideya səviyyəsində meydana çıxması günü-gündən gərginləşən dünyada ideoloji mübarizənin, xəttin yaranmasında əhəmiyyətli rol oynadı. Az sonra uzun illərdən bəri ideoloji yöndə vuruşunu dövlət qurmaq səviyyəsində reallaşdıran Məhəmmədəmin Rəsulzadə və ətrafındakı ləyaqətli ziyalılar dövlətçilik tariximizdə hünərli bir səhifə yazdılar. Bu dövrdə Türkiyə başına gələn çoxlu fəlakətlərdən qurtuldu, hünər göstərdi.

Azərbaycanın böyük filosofu Asif Atanın fikrincə, Azərbaycana zahiri gözlə baxanda o, kiməsə balaca görünə bilər. Ancaq idrakın gözüylə, daxili gözlə baxanda Azərbaycan çox böyükdür; Şərq mahiyyətinin bütün xalqlardan daha bütöv, parlaq, atəşin, dərin ifadəsi kimi-ruhani mərkəz səviyyəsində. Ata hesab edir ki, Azərbaycanın ilk möhtəşəm, qəhrəmanlıq məqamı Zərdüştlüyümüzdür: "Zərdüştlük ilk peyğəmbərlikdir. İşıq və Xeyir Allahı Hürmüzd Qaranlığı və Şəri aradan qaldırmaq üçün fasiləsiz döyüşdədir. Zərdüştçülükdə Allah insançıdır. Buradakı odsevərlik-atəşpərəstlik əslində işıqsevərlikdir. Zərdüştçülük dinlərə, fəlsəfi cərəyanlara, sənətə təsir edib, yön verib. Zərdüştə yiyə durmaq istəyənlər çoxdur. Ancaq Zərdüşt Midiyanındır, Midiya Azərbaycanındır. Zərdüştçülüyün türkçülük mahiyyətini ifadə edən döyüşkən Allah, od işığı, insançılıq kimi üç əsas ideyası var".

Qəhrəman Babək Xürrəmdində ruhani türkçülük özünün yenidən xüsusi ifadəsini tapır: "Babək inamı fərəhçilik, yəni özünəməxsusluq, özünə sahiblik, yenilməzlik deməkdir". Babək mövzusunu ardıcıl olaraq xalqımızın qürur, qəhrəmanlıq mənbəyi kimi təqdim etmək gərəkdir. Babək qələbələrini təkbaşına əldə etmişdi. 23 il ərzində xalqın ruhunu bir xəttdə kökləyə bilmişdi. Ərəblər başa düşdülər ki, Babəki yalnız Əfşinlə yıxmaq olar. Babək Xürrəmdini xəyanət yıxdı. Səhl Sumbat Babəki satdığına görə mükafat olaraq böyük varidat və hakimiyyət aldı. Babəkin Ruhunu isə məhv edə bilmədilər.

Bu gün tarixi taleyimizdə daha ciddi hadisələrin olacağından xəbər verən məqamlar yaşanmaqdadır. İkiyə bölünmüş xalq taleyini yaşayırıq, bu, istər-istəməz aqibətimizdə acı təsirlərini göstərməkdədir. Başımıza gələn bütün fəlakətlərə baxmayaraq ruhumuz sarsılmadı. Bütöv Azərbaycan idealı ömrümüzdə və aqibətimizdədir, bunu gerçəkləşdirmək əməli isə hər birimizdən ilk növbədə güclü idrak əməli tələb edir.

Ötən illərdə Azərbaycanın Güneyində Bəzz qalasına yürüşlər çox olub. Xalqın tarixi taleyinə, aqibətinə daha səyli şəkildə yiyəlik etmək qüdrəti yaranmaqdadır. Artıq ayrı-ayrı fərdlərin timsalında anlaşılan budur ki, soydaşlarımız yalnız ruhən bir olduğu dərəcədə Bütöv Azərbaycan idealı gerçəkləşə və əbədi olaraq mövcudluğunu qoruyub saxlaya bilər.

Dərdlərimiz ömrümüzə işıq salır, qətiyyən belimizi qıra bilmir. Millət o zaman var olur ki, ilk növbədə fəlakətindən güc ala bilsin. Əgər o, bunu bacara bilirsə, deməli, yetkinliyini təsdiq edəcək. Azərbaycanımızın Güneyində - öz tarixi dədə-baba torpaqlarında yaşayan soydaşlarımız hər il Babək qalasına yürüş etməklə bu ziyarətdən mahiyyət etibarilə böyük, təsəvvürəgəlməz güc aldıqlarına inanıblar. Babək tarixən onu sevməyənlərin bütün cəhdlərinə, iftiralarına baxmayaraq Azərbaycan türklərinin bənzərsiz milli qəhrəmanı olaraq qalmaqdadır. O, əslində bəşər tarixində misli-bərabəri olmayan sərkərdədir. Babək öz Vətəninin, Azərbaycanımızın azadlığı uğrunda döyüşürdü. Onun Xürrəmdinlik təlimini ifadə edən özünəməxsus kitablarının olduğunu fəhm etmək olar. Hazırda bunu sübut etmək mümkün deyil, çünki ərəblər Babəklə bağlı bütün soraqları məhv etdilər.

Bəşər tarixində Babək səviyyəsində yenilməz qəhrəman tapmaq çətindir. Biz təəssüf ki, tarixi taleyimizin çox dönəmlərində dəyərlərimizin arxasında dura, onlara yiyəlik edə bilməmişik. Babək Xürrəmdinin taleyibu sarıdan çox acınacaqlı olub. Yurdunun azadlığı uğrunda qəti döyüşə qalxan, azadlıqdan böyük nemət tanımayan, azadlığı inam yönünə, böyük amala çevirən Babək anadangəlmə insansevər idi. Onun qəhrəmanlığı, yenilməzliyi ərəb xilafətini dəhşətə gətirmişdi. Heç də təsadüfi deyil ki, ərəb xilafəti Babəki sağlığından başlayaraq amansızcasına lənətlədi. Onu cismən məhv etdikdən sonra belə xatirəsini ərəb və fars tarixçiləri məhv etməyə çalışdılar. Ancaq bütün səylər heç bir bəhrə vermədi, əksinə, Babəkin uca azadlıq əməlləri xalqımızın bu boyda mənəvi itkilərindən sonra da ölmədi.

Tarixi (ərəb) mənbələrində biri-birinə dolaşıq, hətta aşağılayıcı, təhqiramiz ifadələr belə işlədilib. Kasıb bir ailədən çıxan Babəkin "soysuz", "köksüz" olmasını sübut etməyə çalışıblar, onun qəhrəmanlığının təsirinin hər vəchlə aşağılanmasına cəhd göstəriblər. Ancaq tarixi faktdır ki, Babək xilafətin çoxsaylı cahangirlərini, möhtəşəm ordularını biri-birinin ardınca məhv etdi, 20 ildən çox azman ərəb xilafətinə qarşı mətanətlə sinə gərib dura bildi. Bu, onun fitri qəhrəmanlığından, sərkərdəliyindən, vətənini aşiqanə səviyyədə sevməsindən irəli gəlirdi. Babək inanırdı ki, daxilində Şirvin gücü daşıyır. Ərəb tarixçiləri daim Babəkin kefcil obrazını yaratmağa çalışdılar. Guya ki, Xürrəmilərdə ümumilik var imiş, onlarda ailəçilik ənənəsi, namus-qeyrət anlamı yox imiş. O zaman ortaya məntiqi sual çıxır: əgər Babək kefcil idisə, uzun müddət ərzində xilafətin kefcil ruhlu ordularına qarşı necə döyüşə bilmişdi?

Babəkin ölümünü ərəb xilafəti son dərəcə qisasçı bir əhvalda təşkil etdi. Bununla bağlı Səid Nəfisinin "Azərbaycan qəhrəmanı Babək Xürrəmidin" adlı kitabında xeyli faktlar var. Məsələn, kitabda Babəkin qətl məqamlarından biri belə təsvir olunur: "Mötəsim dedi: "Onu soyundurun". Xadimlər onun sağ əlini kəsdilər. Babək o biri əli ilə üzünü vurdu. Onun sol əlini kəsdilər. Sonra ayaqlarını da kəsdilər. Babək öz qanı içində çabalayırdı. O, bir az əvvəl çox sözlər demişdi, kimsə onun dediklərinə qulaq asmamışdı. O, kəsik biləklərini üzünə vurdu. Ona əzab vermək məqsədilə Mötəsim cəllada əmr etdi ki, qılıncı onun iki aşağı qabırğasının arasından ürəyinə soxsun. Bu işi etdikdən sonra Mötəsimin əmri üzrə onun dilini kəsdilər, bədənini dara çəkdilər, başını Bağdada aparıb körpü üstündə bir ağaca taxdılar. Sonra həmin başı Xorasanın bütün şəhər və qəsəbələrində dolandırdılar. Səbəbi isə bu idi ki, o, böyük bir nüfuza malik idi".

Azərbaycanda Babəklə bağlı nəsr, musiqi əsərləri yazılıb, film çəkilib. Ancaq filmdə qəhrəman Babəkin obrazı tam mənası ilə yoxdur. Habelə filmdə kefcil Babək obrazı bəzi hallarda qəhrəman Babək obrazı ilə yanaşı durmaq istəyir. Hər halda sovet ideologiyası sözün əsl mənasında daxilində böyük möhtəşəmlik daşıyan, əməllərində bunu təsdiq edən Babəkin obrazının yaradılmasına razı ola bilməzdi. İmperiya Babək mövzusundan öz istəyinə uyğun istifadə etdi.

Babək haqqında çəkilmiş sənədli filmin ssenari müəllifi, araşdırmaçı Elçin Bayramlının zəhmətini burada qeyd etməmək olmur. Ümumiyyətlə, Elçin Bayramlı Babək Xürrəmdin mövzusuna çəkdiyi Azərbaycan soraqlı kliplərdə ardıcıl olaraq müraciət edib. Bu, sabah üçün ciddi bir gələnəyin əsasını qoyan ləyaqətli əməl kimi dəyərləndirilməlidir. Nəhayət, yaradıcı soydaşlarımız anlamalıdırlar ki, Babək mövzusundan qorxmaq yox, onu xalqımızın qürur, qəhrəmanlıq mənbəyi kimi təqdim etmək gərəkdir. Tarixi, xəlqi silsilədə ən möhtəşəm qəhrəmanlıq gələnəyimiz Babəkdir və bu barədə geniş, çəkinmədən danışmalıyıq.   

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 11 noyabr.- S.11.