İlk səhra hospitalının
həkimi
Çingiz getdi gül qaldı,
Yaşım gözdə sel qaldı.
Çingizi son mənzilə
Yola salan el qaldı.
Əzizim, karvana bax,
O dərdli karvana bax.
Sarvanı Çingiz
qardaş
Boyanıb al qana bax.
Əzizim, dağ
aşırımı,
Dumandır dağ
aşırımı.
Orda bir igid ölüb
Keçmərəm sağ
aşırımı.
Çingizim can verəndə,
Yarası qan verəndə.
Necə dözdünüz
dağlar
Canın qurban verəndə.
Ürək viran, göz
yatır,
Dağ oyanıb, düz
yatır.
O qanlı xiyabanda
Səs salma Çingiz
yatır.
Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayevin xatirəsinə yazılan bu bayatı Məleykə
Səmanın "Mən elimin göz yaşıyam",
(Bakı, "Hərbi nəşriyyat", 2001)
kitabındandır. O, daha çox bu adla tanınırdı,
şairə idi. Amma xatirələrdə döyüş
bölgələrində yüzlərlə yaralıya
yardım edən qəhrəman həkim kimi qaldı. Söhbət
Azərbaycanın ilk səhra hospitalının həkimi,
kapitan Məleykə Əhmədovadan gedir. Qədim oğuz
yurdu olan Qərbi Azərbaycanda, Allahverdi (Tumanyan) bölgəsinin
Böyük Ayrım kəndində dünyaya gələn Məleykə
xanım 1988-ci ilin noyabr ayında deportasiya olunduğu yurdun
ağrısını içində çəkə-çəkə
yenidən o yerlərə qayıtmaq inamı ilə
yaşayırdı. Məleykənin ilk adı (9-cu sinifə qədər)
Səmayə olub. Məleykə adını ona el təbibi,
Oğuz ağsaqqalı, gün-güzəranı dağlarda,
yaylaqlarda keçən ovçu babası Əli kişi ceyran
ovuna çıxarkən çeşmə başında
gördüyü ecazkar yuxusundan sonra qoyub. Elə buna görə
də Məleykə özünə "Səma" təxəllüsünü
seçib və Məleykə Səma adı altında
yazıb-yaradıb, sənət zirvələrinə ucalaraq
istedadlı qələm sahibinə çevrilib. Vətənin
vətənpərvər yazarı kimi onlarla kitabın müəllifi
olub. Yaradıcılığında əsas yeri vətənpərvərlik
ruhunda yazılmış nəzmlər tutsa da, bəzən o nəsrə
də müraciət edib, xüsusən də
döyüşlərdə şahidi olduğu hadisələri
qələmə alıb. Məleykə Səma Qarabağ
müharibəsinin ilk günlərindən həkim-cərrah
olaraq ermənilərlə döyüşlərdə
yaralanmış yüzlərcə, bəlkə də minlərcə
əsgərimizi ölümdən qurtarıb. Azərbaycan
Silahlı Qüvvələrində həqiqi hərbi xidmətini
davam etdirən I dərəcəli tibb xidməti kapitanı,
Qarabağ müharibəsi veteranı Məleykə Əhməd
qızı Əhmədova döyüş bölgəsindəki
fədakarlığına, tibbi xidmətin təşkilində
xüsusi xidmətlərinə, torpaqlarımızın erməni
işğalçılarından müdafiəsində
göstərdiyi şəxsi şücaətinə və
igidliyinə görə "Azərbaycan Bayrağı"
ordeni, "Qüsursuz Xidmətlərə Görə",
"Veteran", "Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 10 illik yubileyi" medalları, "Fəxri
Döş" nişanları ilə təltif olunub.
İyirminci əsrin faciəsi sayılan Xocalı
soyqırımının şahidlərindən biri olan Məleykə
Əhmədovanın üç qardaşı şəhid
olub, atası Əhməd kişi isə
üçüncü şəhid oğlu - Kamandarın
ölümünə dözməyərək həyatla
vidalaşıb. Məleykənin ortancıl qardaşı
Yaqubu azərbaycanlılar Ermənistandan qovulduğu zaman ermənilər
öldürüb. Əsgərlikdən təzəcə
qayıtmışdı, toyu olacaqmış. Bir müddətdən
sonra isə Məleykənin 16 yaşlı qardaşı Səyyadı
da ermənilər suda boğub öldürüblər. Ermənilər
onların meyitlərini Məleykənin ailəsinə verməyiblər,
indii hər iki qardaşın məzarə doğulub-boya
başa çatdıqları kənd qəbristanlığındadır.
Həmin vaxt isə Məleykə İrəvanda oxuyurdu. Anası
Sona nənənin xatirələrindən: "Məleykə
qovhaqovu eşidib kəndə qayıdanda onu görən kimi məni
ağlamaq tutdu. Soruşdu, niyə ağlayırsan, dedim,
hamı gedib, tək qalmışıq, bizi öldürməsələr,
yaxşıdır. Məleykə öləndən sonra mənim
üçün bazarlığı ya başqaları edir, ya
da həyətə nəsə gətirib satan olanda alıram.
Bəzən gecələr oyanıb övladlarımı səsləyirəm,
amma səsimə səs verən olmur. Qışqırıram
ki, ay Məleykə, ay Kamandar, ay Yaqub, ay Səyyad,
hardasınız, biriniz gəlin mənə dərman verin -
heç kim dinmir. Deyirəm, ay Allah, bunlar niyə
qırıldı axı, mən də qaldım bu vəziyyətdə.
Vaxtilə oğlum Kamandarın tabutunu açanda meyidin al-qan
içində olduğunu görüb bayıldım. Elə həmin
vaxt da infarkt keçirdim. O vaxtdan halım tez-tez pisləşib,
dərmanlara möhtac qalmışam".
Məleykənin 20-dən
artıq kitabı çap olunub, hələ neçə-neçə
əsəri işıq üzü görməyib. O, prezident
İlham Əliyevin sərəncamına əsasən,
İkinci Fəxri Xiyabanda dəfn edilib. Sona nənənin xatirələrindən:
"Bir gün Məleykə işdən gələndə
baxdım ki, rəngi qaralıb. Nə olduğunu soruşanda
cavab verdi ki, küçədə qəfil kürəyindən
şiddətli ağrılar tutub və dözməyərək
bayılıb. Yaxşı ki, yanında leytenant rütbəli
həmkarı olub, kömək edib, yerdən qaldırıb. Səhəri
həkimə getdi və bununla da onun məğrur həyatı
ağır xəstəliklə mübarizəyə
başladı. İlk dəfə 8, ikinci dəfə isə 6
ay müalicə olundu. "Xocalı şərqisi"
adlı kitabını yataqdaykən yazıb. Ürəyinə
dammışdı ki, öləcək. Həmişə də
mənə deyirdi ki, ana, bədənim soyuyur, əllərim
boşalır. O, həkim idi, başa düşürdü ki,
ölümünə az qalıb. Məleykənin
ömrünün son günləri idi, yatdığı yerdəcə
başına bayrağımızı sarımışdı.
Deyirdi, məhz bu bayrağı Qarabağda dalğalandırmaq
üçün ömrünü xərcləyib, amma arzusuna
yetişmədən axirətə köçür. Dedi ki,
ana, mən öləndən sonra bu bayrağı özündə
saxla, Qarabağ alınanda bayrağı başın üzərində
dalğalandıraraq küçəni
aşağı-yuxarı gedərsən. Dedim, qızım,
onda Məleykənin anasının dəli olduğunu
düşünəcəklər. Cavab verdi ki, onda onlara
sevindiyindən belə etdiyini deyərsən". Məleykə
Əhmədova Qarabağ savaşı dönəmində
neçə-neçə azərbaycanlının yarasına
məlhəm qoydu, onları ölümdən qutardı. Amma
özü ölümün ağuşundan qurtula bilmədi:
"Müharibənin qızğın vaxtlarında
nişanlı bir əsgər Məleykənin qollarında can
verirmiş. Yazıq oğlan xahiş edib ki, qolundakı
saatı və barmağındakı üzüyü
götürüb özündə saxlasın, imkan düşəndə
onları anasına çatdırsın. O da üzüyü
və saatı yadigar saxlamaq üçün
nişanlısına versin. Məleykə işlərinin
çox olması səbəbindən həmin vəsiyyəti
yerinə yetirə bilməyib. Ona görə də bu vəsiyyəti
mən yerinə yetirməyə çalışacam".
Məleykə xanım
qardaşı- Azərbaycanın Milli Qəhrəmanı
Kamandar Əhmədovun adını daşıyan küçədə
yerləşən, təxminən ötən ərin əllinci
illərində tikilmiş ümumi həyətli iki mərtəbəli
köhnə bir binada yaşayıb. Anası ilə iki
otaqlı bu köhnə evdə yaşayan Məleykə
xanımın sağlığında ziyarətinə hərbiçi-həkim
dostları, cəbhə yoldaşları gəlirdi. Bir vaxtlar cəbhə
bölgəsində ən qaynar döyüşlərdə
iştirak etmiş, neçə-neçə qəhrəman
Azərbaycan övladının yaralarını
sarımış Məleykə xanım beş aydan çox
idi ki, yataq dustağına çevrilmişdi. Yataq
dustağı olanda onu yad edənlərdən biri də
"İrfan" jurnalının əməkdaşı
Rövşən Qəniyev olub. Onun yazdıqlarından:
"Biz ora gedəndə cəbhədə
çiyin-çiyinə çalışdığı həkim
yoldaşları ona bir xanımın qanını
köçürürdülər. Məramımızı
ona yetirdik. Məleykə xanım çox sevindi, göz
yaşlarını gizlədə bilmədi: "Zalım fələk.
Mən həsrəti ilə yandığım o cənnət
Qarabağımı bir daha görməməkdən qorxuram,
ölümdən deyil!"
Onu da xüsusi olaraq qeyd edək
ki, Məleykə Azərbaycanın azadlığı, mütəqilliyi,
ərazi bütövlüyü uğrunda gedən mübarizəyə
1988-ci ildə qoşulub, 1990-cı ilin 20 Yanvar
qırğını zamanı meydanlardan, küçələrdən
yaralıları işlədiyi Mir-Qasımov adına Mərkəzi
Republika Kliniki Xəstəxanasına şəxən
özü daşıyaraq ilkin yardımlar götərib,
ağır yaralılıra qan verib. Terrorçu erməni
daşnaqları sərhədlərimizi pozaraq
torpaqlarımızı işğal etməyə
başladıqda və çağırılmamış
müharibə elan edildikdə qardaşı Kamandar Əhmədovla
birgə silaha sarılan Məleykə 17 fevral 1992-ci il tarixdən
etibarən Qarabağ döyüşlərinə
atılıb. Cəbhədəki ilk günlərdə Azərbaycan
xalqına qarşı törədilən ən qanlı erməni
cinayətinin -Xocalı soyqırımının şahidi
olub. Ağdam bölgəsinin Fərrux dağı istiqamətində
gedən qanlı və ağır döyüşlərin
birində kəşfiyyat bölüyünün komandiri olan cəsur
qardaşını itirsə də, düşmən
önündə əyilməyib, silahını, qələmini
və cərrah bıçağını daha da möhkəm
saxlayıb. Yeri gələndə hər üçündən
də məharətlə itifadə edən həkim Məleykə
dediyi kimi üç oğul itirən dərdli Sona anaya
qız, vətənə oğul olub. Müqəddəs
ata-baba məzarlarını dağıdan, qədim Oğuz
yurdunu tapdalayan, qoynunda boy atdığı obasını
yandırıb yerlə-yeksan edən, elatını didərgin
salan erməni yağılarına nifrəti, qəzəbi,
kini-küdurəti günü-gündən artıb Məleykənin.
Azərbaycanda ilk hərbi səhra-cərrahiyyə
hospitalını yaradanlardan biri olan, elimizin qəhrəman
qızı yağılardan intiqam almayınca hərbi
formasını əynindən çıxarmayacağına
söz verib. Xəstə yatağında ölümlə
çarpışan Məleykə xanımın ürək
sözləri: "Xalqımız və gələcəyimiz
hesab olunan gənclər bilməlidir ki, Qarabağ uğrunda
minlərlə qəhrəman oğullarımız şəhid
olub. Onların ruhları itkin torpaqlarımız üzərində
pərvaz edir. İntiqam alacağımız günü,
Qarabağın azad olunacağı günü gözləyir.
İndi hamımız ölkə başçısı
İlham Əliyevin ətrafında sıx birləşməli,
Qarabağın azad olunması üçün əlimizdən
gələni etməliyik. Kimlərinsə gəlib bizim
torpaqlarımızı azad etməsinə inanmaq sadəlöhvlük
olar. Savaş əmrinə həmişə hazır
olmalıyıq". Məleykə Əhmədova ilə
bağlı yazımızı elə onun "Vətən həsrəti"
adlı şeri ilə bitiririk:
Çay batıb, çaylaq
qalıb,
Ceyransız oylaq qalıb.
Dağlar qəm libasında,
El köçüb yaylaq
qalıb.
Şamama qopub tağdan,
Alma düşüb budaqdan.
Ey gözümün
işığı
Məni qurtar bu dağdan.
Eləmi dağlar çəkər,
Dumanı dağlar çəkər.
Şəhid bala
dağını
Analar ağlar, çəkər.
Eləmi, Vətən yeri,
Yurd yeri, Vətən yeri.
Haraylayıb gəzirəm
Bülbüllər ötən
yeri.
Əzizim, qala dərdi,
Yurd dərdi, qala dərdi.
Elim xoş günlər
görə
Düşmənə qala dərdi.
Yuvadan uçan ağlar,
Vətəndən qaçan
ağlar.
Dərdlilərin içində
Obadan köçən
ağlar.
Yazı KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan
xalqının qəhrəmanlıq ənənəlrinin təbliği"
layihəsi çərçivəsində təqdim
olunur. biləcəyini isə
düşünənlər çox azdır.
Cavid
Xalq Cəbhəsi.- 2010.-
12 noyabr.- S.10.