Mərhəmət və
qardaşlıq bayramı
İslam dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında Qurban bayramı adlanan dini mərasim müsəlmanlar arasında geniş yayılan ayinlərdəndir. O, Quranın müəyyən etdiyi dini tələbdir, müsəlmanların riayət etdiyi ümumi mərasimdir. Üç səmavi dinin- yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Amma İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət daşıyır.
Onun əsasında Allaha sonsuz sevgi, Yaradanın qüdrətinə dərin inam və iman işığı durur.
İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Əslində qurban ayini İslamdan çox-çox əvvəllər, müxtəlif ölkələrdə fərqli formada icra olunurdu. Məsələn, qədim dövrlərdə əsasən hərbi əsirlər qurban verilirdi. Çünki müharibədə ələ keçirilən əsirləri saxlamaq əlverişli deyildi, onlar izafi məhsul yaratmır, xüsusi gözətçi tələb edir və başqa əlavə qayğılar doğururdular. Buna görə də hərbi əsirlərin qurban verilməsi ən əlverişli və müqəddəs əməl sayılırdı.
Cəmiyyətin ictimai-iqtisadi inkişafının müəyyən pilləsində, insan əməyinin məhsuldarlığı artıb izafi məhsul yaratmağa başladıqda, yəni cəmiyyət siniflərə bölündüyü zaman hərbi əsirləri qurban verib öldürmək əvəzinə, onları qula çevirib işlətməyə başladılar. Bu dövrdən etibarən allahlara verilən qurbanlar əsasən heyvanlardan ibarət oldu. Ev heyvanları və quşları qurban vermək adət halını aldı.
Atəşpərəstlər isə insanı odda yandırırdılar. Onlar bu yolla guya Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkələrdə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları çaya atırdılar.
Xeyirxahlıq, paklıq, inam və sevginin təntənəsi
İslam dinində Qurban bayramı böyük bayram (eyd əl-kəbir) adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq evlərdə və qəbiristanlıqlarda dua oxunur, ehsan verilir.
Qurban bayramı haqqında Qurani-Kərimdə deyilir ki, "Allah Beytülhəram olan Kəbəni haram ayı (zilhiccəni), Kəbəyə gətirilən boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmış və taxılmamış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi". Şəriətə görə, qurbanlıq heyvanın qüsuru olmamalı və onu kəsən bıçağa xüsusi qurban duası oxunmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Bir qurbanlıq heyvan yeddi dindarın adından kəsilə bilər, lakin fərdi qurban daha savablı sayılır.
Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Allah öz sevimlisi İbrahim peyğəmbərin (Ə) sadiqliyini sınamaq üçün ondan yeganə oğlu İsmayılı qurban kəsməyi tələb edir və İbrahim peyğəmbər (Ə) gözünü qırpmadan oğlunu yerə yıxıb başını kəsərkən, Allahın göndərdiyi mələk Cəbrayıl (Ə) göydən enib onun əlini saxlayıb, Allahın İbrahimdən (Ə) razı qaldığını bildirib və oğlu İsmayılın əvəzinə Tanrının göndərdiyi qoyunu kəsməyi təklif edir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması Peyğəmbərin (Ə) Allah qarşısında imanının və səmimiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsi sayılır. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində İbrahim peyğəmbər kimi səmimi olmalıdırlar. Çətin anlarda Allahı yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!
Bu andan etibarən dindarlar hər il ev heyvanlarından birini Allahın şərəfinə kəsib, Ona öz itaətkarlıqlarını bildirirlər. Ömründə bir dəfə vacib Məkkə və ya Həcc ziyarətinə getməsi və orada qurban kəsməsi də dindarın mühüm borcu hesab olunur.
Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevinclərinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın
ən gözəl xüsusiyyətlərindən biri odur ki,
burada din, məzhəb
ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda
istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun
haqqı var ki,
varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi
qurbanlıq ətindən dadsın. Qurbanlığın şərtlərindən
biri də odur ki, qurban kəsmək
yalnız buna imkanı olan
varlı adamların boynunda haqdır.
İmkanı olmayan adama
isə qurban kəsmək vacib
deyil. Qurban kəsmək
üçün borc pula heyvan almaq
İslamda təqdir olunmur,
çünki bu
bayramın əsas mahiyyəti zənginlərlə
imkansızların birliyi,
qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra
etdikləri və kasıbları sevindirdiklərinə görə,
kasıblar isə- dünya nemətindən
əldə etdiklərinə və başqalarından
gördükləri mərhəmətə və
qayğıya görə ...
Xalq Cəbhəsi.- 2010.- 13 noyabr.- S.3.