"Qardaşım vətən uğrunda canını fəda verdi"

 

 Şəhid bacısı: "Onun həlak olması bizim qəddimizi əysə , fəxr edirik"

 

Sərdarov Nizami Məhərrəm oğlunun ürəyində çox arzusu vardı. Orta məktəbi müvəffəqiyyətlə başa vurub, ali təhsil almaq, doğulub boya-başa çatdığı Şabran (əvvəlki adı Dəvəçi - C.) rayonunda çalışıb, xalqına, millətinə xeyir vermək. Beləcə, 1979-cu ildə adıçəkilən rayonun Tofiq Abbasov adına 1 saylı orta məktəbini bitirdi. Nizami sadə, kasıb, lakin zəhmətkeş bir ailədə doğulmuşdu. Kasıbçılığın dadını, əzab-əziyyətini görmüş Nizami üçün arzularını reallaşdırmaq çox çətin idi. Amma həyatını valideynləri kimi məhz zəhmət hesabına qurmağa üstünlük verdiyindən bütün çətinliklərə sinə gərməyə müvəffəq oldu. Nizaminin mübarizliyi imkansızlığına baxmayaraq onun təhsilini davam etdirməyə kömək göstərdi. 1987-ci ildə Soltan Hacıbəyov adına Sumqayıt musiqi məktəbinə qəbul olundu. Məktəbi bitirdikdən sonra doğma rayonuna qayıdıb şəhər musiqi məktəbində çalışdı. Daha böyük uğurlara, müvəffəqqiyyətlərə imza atmağı planlaşdırmışdı. Hələ qarşıda konservatoriya, beynəlxalq festivallar onu gözləyirdi. İstedadı onu uğurlara səsləyirdi. Bütün bunları əsgəri xidmətdən sonraya saxlamışdı. Vətənə borcunu yerinə yetirdikdən sonra onları da yavaş-yavaş reallaşdıracağını qarşısına məqsəd qoymuşdu. Amma vaxtsız ölüm onun bütün arzularını özü ilə birlikdə torpağa əbədi gömdü, özü 22 yaşında.

Nizami bütün rayonda xatırlanır. Həm musiqi müəllimi, həm bacarıqlı rəssam, həm sakit xeyirxah insan kimi. Amma bütün bunların tacı şəhid adını qazanmasıdır ki, bununla daha çox hörmət qazandı. Həm Allahın dərgahında, həm xalqı içində. 1993-cü ildə onu əsgərliyə yola salanda, valideynləri, qohum-əqrəbası, qonşuları hətta şagirdlərinə belə "sağlıqla qalın, tezliklə görüşərik" demişdi. Amma bir ildən sonra rayona onun cənazəsinin qayıdacağına heç kim inanmırdı. Heç kim inanmırdı ki, Nizaminin ölüm xəbəri onun atası Məhərrəm kişi, anası Pəri xalanın sinəsinə dağlar çəkəcək, Nizamisiz günlər onları da vaxtsız sonbeşiklərinə qovuşduracaq.

Bu bir il ərzində Nizami çox əziyyətlərə qatlaşdı. Əsgərlikdə olduğu müddətdə çəlimsiz, amma ürəyi vətən eşqi, düşmənlərə nifrəti ilə çırpınan 21 yaşlı gənc sakit bir gün yaşamadı. Hər günündə mübarizə apardı. Şəhid adını qazanmaqla zənginliklərə qalib gəldi, dünyanın rənglərinə aldanmadı, özünü heç kimə oxşatmaq istəmədi. Nizami kimi doğuldu, adı ilə əbədiyyətə qovuşdu.

 

***

 

Kəlbəcər döyüşlərində iştirak edən Nizaminin fədakarlığından onun döyüş yoldaşları bu gün danışırlar. Xatırladaq ki, ermənilər 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal ediblər. Kəlbəcər uğrunda döyüşlərdə 55 hərbçi 220 mülkü şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. O vaxtkı qiymətlərlə rayonun xalq təsərüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. Ermənilər Kəlbəcəri ələ keçirmək üçün 5 il ərzində bir neçə dəfə güclü həmlə ediblər. Ermənistan Laçın rayonunu işğal edərkən Kəlbəcəri ələ keçirməyə cəhd göstərmiş, ancaq buna nail ola bilməmişdi. Buna baxmayaraq, Laçının işğalı Kəlbəcər ətrafında dairəni daha da daraltdı nəhayət, 1993-cü ilin aprelin 2-də rayon işğal olundu. Kəlbəcərin işğalı ilə Ermənistan ordusu bütün Qarabağda ən hündür nöqtəni - Murovdağ yüksəkiliyini əldə etdi. Kəlbəcər işğal edildikdən sonra bu rayonun kəndlərinin birinin 64 sakini düz dörd ay dağlarda mühasirədə yaşayıb. Rayonun 128 kəndi içərisində ən böyüyü olan Başlıbel kəndinin (3 min sakini olub) əhalisi kəndi tərk etmək istəməyib. Bu kəndin əhalisi öz yurdlarını o zaman tərk edib ki, artıq Kəlbəcər işğal olunub. Hətta kəndi piyada tərk edən camaatın bir qismi rayon mərkəzinin yaxınlığında erməni tankları ilə qarşılaşmışdılar. Nəticədə çoxlu sayda insan qətlə yetirildi əsir götürüldü. Kənddə qalan sonuncu 64 nəfər isə rayonun işğal olunmasından xəbər tutduqları mühasirədə qaldıqları üçün yola çıxmayıblar kəndin yaxınlığındakı kahalara çəkiliblər. Həmin 64 nəfərin 10-a yaxını azyaşlı uşaq, təxminən 15 nəfəri qoca qadın kişi olub. Ermənilər kəndi aprelin 2-də işğal etsələr , kahalarda əhalinin gizləndiyindən aprelin 18-də xəbər tutublar. Kənd camaatına hücum edilib. Nəticədə 64 nəfərdən 16-sı öldürülüb, 10 nəfərə yaxın əsir götürülüb. Sağ qalanlar isə dağlara çəkiliblər. İçərisində azyaşlı uşaqların da olduğu 30-dan yuxarı kənd sakini düz 4 ay Dəlidağın ətəyində yaşamağa məcbur olublar.

Daha sonra Nizami Murovdağ döyüşlərində igidlik göstərdi. Dağlar qoynunda qərar tutan Kəlbəcər talan ediləndə, odlara qalananda Murovdağ nicat qalasına çevrildi. Dəniz səviyyəsindən 3200 metr yüksək olan Murovdağ köməyə gəldi. Dinc əhali, qadınlar, uşaqlar vahimə içində özlərini yamaclarına, ətəklərinə qan çilənmiş bu dağın zirvəsindən keçən qeyrət yoluna atdılar. Dar cığırlarla, az qala hündürlüyü adam boyuna çatan qarın-buzun içi ilə qaçmağa başladılar. Ölənləri ölür, qalanlar isə don vurmuş ayaqlarını sürüyə-sürüyə əzabla irəliləyirdilər. Nizamini Murovdağda soyuqdan don vurmuşdu. Sonradan hospitalda müalicə aldı. Şəhidin bacısı Sədaqət deyir ki, qardaşı şahidi olduğu bütün hadisələri ürək ağrısı ilə məktublarında yazıb: "Elə qardaşım qarlı aşırımları aşmaq istəyən dinc əhaliyə köməklik göstərdiyindən özü dondu".

Nizami Sərdarov yenicə sağalmışdı ki, 1993-cü ildə dövlət dövlətçiliyimiz üçün təhlükə yaratmış məlum Gəncə hadisələrində qiyamçılarla mübarizəyə qalxdı. Gəncəyə göndərilmiş üç mitndən artıq silahlının arasında Nizami vardı. Bacısının xatirələrindən: "Qardaşım həm Kəlbəcər, həm Murovdağ döyüşlərində, həm Gəncə hadisələrində yalnız bir məqsədə xidmət edib: vətəni qorumaq. Onun ölümü bizim qəddimizi əysə , fəxr edirik. Çünki o, vətən uğrunda canını fəda verdi".

1994-cü ilin yanvarından Nizami Ağdam ərazisində "Dəvəçi" batalyonunda xidmət keçib. Həmin ilin aprelin 26-da isə ön xəttə döyüşərkən düşmənin snayperi onun həyatına son qoyub. Nizaminin bacısı deyir ki, qardaşının böyük arzularından biri İncəsənət Universitetinə daxil olmaq idi. Axı yuxarıda qeyd etmişdik ki, Nizaminin yaxşı əl qabiliyyəti vardı-rəssamlıq. O xalçanın çeşnilərini çəkərdi. Onun çəkdiyi çeşnilər Azərbaycanda xalçaçılıqla məşğul olan bir çox tanınmışların marağına səbəb olmuşdu. Əsərlərindən bir qismi Şabran tarixşünaslıq muzeyində saxlanılır: "Çox istərdik ki, onun adı əbədiləşdirilsin". Rayonda söhbətləşdiyimiz insanların əksəriyyəti bu istəkdədirlər. Onların sözlərinə görə, Nizamidə Allah vergisi vardı. Bəlkə Allahın sevimli bəndələrindən olduğundan tez ikən rəbbimiz onu yanına apardı, digər şəhidlər kimi. Tanrı şəhid olanları onsuz da cənnətlə mükafatlandırıb. Heç olmasa biz bizim azadlığımız vətənimiz uğrunda şəhid olanların qisasını almaqla azadlığımızı qorumaqla, vətənimizi qorumaqla onların ruhunun sakit yatmasının təminatçısı olaq. Tanrı bizə qisas gününü nəsib etsin. Həqiqətən qanlı şanlı tarix....

 

 

Cavid

 

Xalq Cəbhəsi.- 2010.- 25 noyabr.- S.10.