Ziya Göyalp və Əli bəy Hüseynzadə

 

Bakı Dövlət Universitetində Türk Dünyasının böyük şəxsiyyətlərinə həsr olunmuş tədbir keçirildi

 

Dünən Bakı Dövlət Universitetində Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti Bakı Dövlət Universitetinin birgə təşkil etdiyi Əli bəy Hüseynzadə Ziya Göyalpa həsr olunmuş simpozium keçirildi. Şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndi.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışında dedi: "Bu tədbirə mən çox böyük dəyər verirəm. Türk Dünyasının bilim adamları, milli vətənpərvər ruhlu insanları və onların ümumi düşüncələri haqqında tədbirin, simpoziumun düzənlənməsi təqdirəlayiq haldır. İşıqlı ziyalılarımızın dedikləri kimi vahid türk dilinə və vahid himnə ehtiyac var. Türk Dünyasına həsr olunmuş tədbirlərdə də elə həmin himn səslənməlidir. Hər bir dil dünya dillər qrupuna daxil edilərkən, beynəlxalq dil statusu ala bilər. Əgər hər hansı bir dildə üç yüz milyon adam danışırsa, onda həmin dil beynəlxalq dil sayıla bilər. Hansı ki, Türk Dünyasında əhalinin sayı bunun üçün lazım olan rəqəmdən də çoxdur. Ziya Göyalpın və Əli bəy Hüseynzadənin də düşüncələri vaxtilə bu istiqamətdə yönəlib. Onların Türk Dünyasının birliyinə, vahid düşüncəyə yönələn bir fikirləri olub. Bizə digər ölkələr bir millət kimi baxır. Bu faktdır. Necə ki, Avropa İttifaqı var, digər dövlətlərin birliyi var, mən hesab edirəm ki, Türk Birliyi də olmalıdır. Həmin birlikZiya Göyalp, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və digər millətci ziyalılarımızın düşüncələri üzərində qurulmalıdır. Onlar bunu təxminən yüz il bundan qabaq düşünüblər. Artıq bunun üstündən bir əsrə qədər vaxt keçibindi hiss olunur ki, onların düşüncələrinə böyük ehtiyac var".

Akademik Tofiq Hacıyev simpoziumun gənclər tərəfindən düzənlənməsini çox müsbət qiymətləndirdi: "Bir halda ki, belə təşəbbüslər gənclərdən gəlir, deməli, Türk Dünyasının böyük bir gələcəyi var. Əli bəy Hüseynzadə, Ziya Göyalp ictimai-siyasi əqidə, məslək yoluna qədəm qoyanda da gənc olublar. Əli bəy Hüseynzadə 1885-1889-cu illərdə Peterburq universitetinin fizika-riyaziyyat fakültəsində oxuyub. Tələbə üsyanlarında iştirak etdiyi üçün universitetdən qovulub. Həmin il İstanbul Universitetinə daxil olur və 1895-ci ildə həmin ali məktəbi bitirib. Bu şəxsin bir təhsili riyaziyyat elmlərinə, bir təhsili təbabətə həsr olunub, və bununla yanaşı fəlsəfədə, ədəbiyyatda, jurnalistikada böyük bir ad qoyub. Əli bəyin bu əqidəyə gəlməsində ailəsinin birbaşa rolu olub. O bunu öz babası, otuz il Qafqazın şeyxülislamı olmuş Şeyx Əhməd Səlyanıdan öyrənib. Əli bəy öz xatirələrində yazır ki, hələ uşaq ikən babasının söhbətlərinə qulaq asarmış. Deməli, Əli bəy Hüseynzadə uşaqlığından milli ruhlu böyüyüb. Bildiyiniz kimi 1880-ci illərdə İsmayıl bəy Qaspiralının "İşdə, fikirdə, dildə birlik" şüarı səsləndirilirdi. həmin o şüarın inkişaf etdirən bilavasitə Ziya Göyalp və Əli bəy Hüseynzadə olub. Atatürk deyirdi ki, mənim iki atam var. Biri cismani atam Əli, biri də mənəvi atam Ziya Göyalpdır. Ziya Göyalp isə deyirdi ki, mənim müəllimim Əli bəy Hüseynzadədir. Əhməd Cəfəroğlu deyirdi ki, Əli bəy Hüseynzadə Türklüyün imamıdır. Bir qrup gənc 1890-cı illərdə Türkiyədə cəmləşirlər. Orada Türkiyədən Ziya Göyalp, Uraldan Yusuf Akçura, Orta Asiyadan, Türküstandan müxtəlif böyük təşkilatçılar, ziyalılar bir araya gəlirlər. "İttihadi Türk Cəmiyyət"ini yaradırlar ki, gələcəkdə bu "İttihad və Tərəqqi" adlı böyük bir siyasi təşkilata çevriləcəkdir. Həmin şəxslər türk dövlətlərinə dağılışırlar ki, Türk Dünyası üçün vacib olan ideyanı həyata keçirsinlər. Həmin vaxt da Əli bəy Hüseynzadə Azərbaycana gəlir. Belə işlərin də reallaşdırılması üçün müəyyən maliyyə imkanları olmalıdır. Bu işdə də Əli bəyə Azərbaycanın böyük xeyriyyəçsi Hacı Zeynalabdin Tağıyev yardımçı oluro, Əhməd bəy Ağaoğlu ilə bir yerdə 1905-ci ildə "Həyat" qəzetini çıxarırlar. Bundan az sonra "Fyuzat" jurnalı işıq üzü görür. "Həyat" qəzetində Əli bəy hüseynzadə türklüyün məqsədini, türk birliyini nə demək olduğunu əminliklə yazırdı. Əli bəyin şüarı beləydi. "Türkləşmək, islamlaşmaq, müasirləşmək". Bu gün səslənən qloballaşma məsələsini Ziya Göyalpla Əli Bəy Hüseynzadə XX əsrin əvvəllərində gündəmə gətirmişdilər.

Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin həmsədri Rəşxan Qaraşlı bildirdi ki, bu simpoziumun keçirilməsində əsas məqsəd Türk Dünyası üçün önəmli şəxslər olan Ziya Göyalpın və Əli bəy Hüseynzadənin o zamankı düşüncələrini bu günün şərtləri ilə gənclərə çatdırmaqdır. Bizdə bu kimi planlar çoxdur. Ümidvaram ki, bu tədbirin keçirilməsindən hər kəs razı qalacaq. Bu tədbirin məhz universitetdə düzənlənməsinin bir səbəbi var ki, o da gənclərimizin bu sahədə məlumatlı olmalarını təmin etməkdir". O bildirdi ki, Türkiyənin Adana şəhərindəki Çukurova universiteti təklif edib ki, belə tədbirlər orada da keçrilsin. Bu da indi aldığımız bir məlumatdır və çox sevindirici haldır ki, qardaş ölkədə də bu sahəyə maraq güclüdür.

Tədbirdə çıxış edən digər ziyalılar, elm adamları maraqlı fikirlər səsləndirdilər və sonda belə simpoziumların davamlı keçirilməsi qərara alındı.   

 

 

Nicat Göyüşlü 

 

Xalq Cəbhəsi.- 2010.- 25 noyabr.- S.5.