Qədim və müasirləşən
Xınalıq
Prezident İlham Əliyevin sərəncamları əsasında
Xınalıq kəndində
həyata keçirilən
işlər sosial-iqtisadi
inkişafla yanaşı,
Azərbaycan tolerantlığının
maddiləşmiş təsdiqidir
Hər bir kənddə, şəhərdə müxtəlif sənaye və infrastruktur obyektlərinin tikilməsi, yolların salınması həmin yaşayış məskəninin inkişafında çox mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan Respublikası inkişaf etdikcə, ölkəmizin iqtisadi potensialı artıqca, tikilən fabrik və zavodlara, məktəblərə, salınan yollara, çəkilən elektrik, qaz və rabitə xətlərinə və s. hər bir yaşayış məskəninin inkişafının mühüm mərhələsi kimi baxmaq vacibdir, bu da sonucda vətənin, dövlətin inkişafı deməkdir. Azərbaycan dövlətinin həyata keçirdiyi müxtəlif istiqamətli inkişaf proqramları, xüsusilə Regionların İnkişafı Proqramları əslində ölkənin bütün yaşayış məskənlərinin kompleks şəklində tərəqqisini nəzərdə tutur. Bu inkişaf proqramları siyasi, iqtisadi, sosial inkişaf sənədləri olmaqla yanaşı, həm də milli-dini tolerantlıq proqramı, şəhər və kəndlərdə inkişaf potensialının yaradılması, mərkəz və ucqarların inkişafına eyni gözlə baxılmasının nümunəsidir.
Regionları İnkişaf Proqramları və başqa inkişaf sənədləri çərçivəsində Azərbaycanın bütün bölgələrinin, o cümlədən, polietnik və konfessional baxımdan rəngarəng Quba-Xaçmaz iqtisadi zonasının inkişafı üçün bir sıra işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir neçə il əvvəl Quba-Xınalıq yolunun bərpası ilə bağlı xüsusi göstəriş verməsi, 57 km-lik yolun yenidən qurulması Quba rayonunun Xınalıq kəndinin həyatında mühüm dönüş nöqtəsi olub. Bu yolun çəkilişi Xınalıqla yanaşı, Qudyalçay vadisindəki 12 kəndin əhalisi üçün də mühüm iqtisadi irəliləyişdir. Xınalığa gedən yolda dağ çayları üzərində körpülər tikilib, yolun çəkilişinə 14 milyon manat pul xərclənib.
Hazırda Xınalıq kəndi kökü minillərə gedib çıxan qədimliyin və müasirləşmənin vəhdətində yaşayır. Yüzillərlə dağların döşü, sıldırımlı qayaların üstüylə uzanan dar və təhlükəli yoldan istifadə edən kənd sakinləri, eləcə də hər birimiz məhz Azərbaycan Respublikasının müstəqilliyi illərində inkişafın sevinci yaşayır. Bu sevinc hissləri Azərbaycançılığın təntənəsidir.
Prezident İlham Əliyev Xınalıq kəndində olarkən bildirib: "Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən yolda bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Sevinirəm ki, mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi...
Qafqazın ən yüksək zirvəsində yerləşən bu qədim kənd ən ucqar, əlçatmaz kəndlərdən sayılır. Xınalıqlılar ən qədim tarixə malikdir. Bilirəm ki, öz xüsusiyyətlərinizi saxlamısınız, öz dilinizi yaşatmısınız. Xınalıq dili dünyada mövcud dillərdən bəlkə də ən qədimidir. Mən bunları bilirəm. Bu onu göstərir ki, Azərbaycan nə qədər zəngin ölkədir: həm təbii ehtiyatlar, həm gözəl təbiət, həm də insanların - millətlərin, etnik qrupların müxtəlifliyi. Biz Azərbaycanda bir ailə kimi yaşayırıq".
Azərbaycan dövlətinin, cəmiyyətimizin etnik və dini tolerantlığı haqqında dönə-dönə qeyd olunur, yazılar yazılır, verilişlər hazırlanır. Adətən, tolerantlıq mənəvi yüksəklik kimi təqdim olunur. Məncə, polietnik bölgələrdə olduğu kimi, Xınalıq kəndinin inkişafı üçün atılan addımlar da Azərbaycan dövlətinin tolerantlığının maddiləşmiş nümunəsidir.
...Bu il avqust ayının sonunda Qubaya gedəndə ilk fürsətdə Xınalığa üz tutduq. Qudyalçay vadisi boyunca sıldırım qayaların arası, zirvələrin üstü ilə uzanan şosse yolla irəliləyərkən həqiqətən də Azərbaycana yaradıcı bir ruhun hakim olduğunu düşünürdüm. Bu yaradıcı ruh, ölkənin iqtisadi gücünün artması Azərbaycanın istənilən bölgəsində-şəhər mərkəzlərindən tutmuş, Xınalıq kimi ucqar kəndlərdə də özünü göstərir.
...Dəniz səviyyəsindən 2.360 metr hündürlükdə yerləşən Xınalıq kəndi Şahdağ, Bazar düzü, Tufan dağı kimi yüksəkliklərlə əhatə olunub. Hazırda Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Burada orta əsrlərə aid Atəşpərəst məbədi, Xıdır Nəbi türbəsi, Şeyx Şahbuz, Əbu Müslüm məscidləri, mağaralar və çox sayda arxeoloji abidələr mövcuddur. Kənddə qaz, su xətti də çəkilib, telefon-rabitə xidməti əsaslı şəkildə yaxşılaşdırılıb, təmirə ehtiyacı olan qədim abidələrinə - Pir Comərd (X əsr), Xıdır Nəbi (XV əsr), Möhüc baba (XVI əsr), Şeyx Şalbuz (XVI əsr), Şeyx İsrafil baba (XVII əsr), Əli Müslüm (XVIII əsr) məscidlərinə diqqət artıb, bu mədəniyyət-memarlıq abidələri turizm marşrutu obyektləri siyahısına salınıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci ildə sərəncamı ilə Quba rayonunun Xınalıq ərazisi "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Bu sənəd kənd sakinlərinin, Xınalığın, eləcə də bütövlükdə Qudyalçay vadisində turizmin, infrastrukturun daha da inkişafına mühüm təkan verməkdədir.
...Xınalıqlılar kəndlərini "Ketş" və ya "Katiş", özlərini "ketiş"-"ketiş xalq", yaxud "Kattidur" (bir kənddən olanlar), dillərini "ketş" və ya "ketiş" mitç adlandırırlar. Kəndin Xınalıq adlanmasının tarixi isə təxminən 200 il əvvələ aiddir. Xınalıq dili çoxsəsli dil kimi 76 hərflə ifadə olunur, bu dildə 28 sait var. Hazırda Xınalıq dili kənd internat məktəbinin 1-4-cü siniflərində tədris olunur. Ümumiyyətlə, son illərdə kənddə təhsilin inkişafına xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyilə tikilmiş şəhid Kəlbiyevin adını daşıyan, göz oxşayan Xınalıq kənd internat orta məktəbi gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayır.
...Adətən bu kəndə dağların qoynunda, alp çəmənliklərində olan bir kənd kimi baxılır. Əslində Xınalıq həm də Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan lokal bir mədəniyyət mərkəzidir. Kəndin tarixinin 2-3 min il əvvələ gedib çıxması, kəndin üç tərəfində 6 qəbristanlığın olması, hətta Yarğandərədə bir məzarda 3 mərtəbəli qəbrin olması təkcə buranı qədim yaşayış məskəni kimi xarakterizə etmir. Həm də inkişaf etmiş, lokal xüsusiyyətlərə malik mədəniyyət mərkəzi kimi tanınmasına imkan verir.
Kənddə söhbətləşdiyimiz insanlar öz yurdlarının tarixi barədə kifayət qədər məlumatlıdırlar. Onlar danışdıqca İ.Beryozin (1840) A.H.Qenko (1926) məlumatlarını, H.Q.Volkova (1949-1954), Y.Deşeriyev, V.P.Kobıçev, A.Q.Trofimova, İ.Şahbazov, Q.C.Cavadov kimi etnoqraf və tarixçilərin Xınalıq haqqında tədqiqatları gözlərimin önündə canlanırdı.
Kənd sakinləri- Məmmədov Ənvər Hacıməmməd oğlu (1949), Babayev Ələddin Nəcməddin oğlu (1944), Abdullayev Cəmo Yarəmmədoğlu (1931), Babayev Xalid Mərdəli oğlu (1948), Qasımov Azər Qasım oğlu (1950), Əhmədov Hakim Məhəmməd oğlu (1957), Qasımov Rəşad Laçın oğlu ilə söhbətlərimiz məndə belə təsəvvür yaratdı ki, öz tarixlərini bilmək və öyrənmək bu yurdun insanları üçün şərəf məsələdir.
...Kənddə Məmmədyarlılar, Qancıl, Kaka, Əhmədlilər, Hacıəhmədlilər, Qaryağdılar, Mollabeylər, Hişani, Bakkarlar və s. kimi nəsillər yaşayır. Adətən, dağların qoynunda, əlçatmaz-ünyetməz yerlərlə yerləşən kəndlərdə daha çox bir-birinə qız verib-almaq adəti üstünlük təşkil edir. Xınalıqda da belədir, amma təxminən 100-150 il əvvəl bu kənddə qız çox az doğulduğundan gənclər 30 km uzaqda yerləşən Dağıstanın Quruş və Qəbələnin Vəndam kəndinə üz tutublar. O da maraqlıdır ki, məsələn, Quruş kəndindən olan qaynanan öz oğluna həmin kəddən olan gəlin alıb. Xınalıqda nişan mərasimi zamanı "çörək kəsdi", toy günü gəlinin dayı evindən bəy evinə göndərilməsi, bəyin dayı evindən gəlini gətirməyə getməsi kimi adətlər hələ də qalıb. Maraqlıdır ki, 40-50 ildir ki, bu kənddə boşanma yoxdur. Kənd sakinləri bunun səbəbini ailələrin qohumluq zənciriylə bir-birinə bağlanmasıyla əlaqələndirdilər. Bir zamanlar Xınalıqda mədrəsə fəaliyyət göstərib, burada dini təhsil verilib. Kənd muzeyində hələ ötən əsrlərdən başlayaraq, Xınalıqda dini təhsilin yüksək olmasını qədim əlyazma kitablarının nümunəsində bir daha gördük. Çox təəssüf ki, bütün fotoşəkilləri qəzetin səhifəsində vermək olmur.
Bir zamanlar Xınalığın toy məclislərini Aşıq İzzət, Dədə Əmin, Aşıq Həsrət, Aşıq Məhəmmədağa, Mikayıl Azaflı şənləndiriblər. İndi Xınalığın öz sənətkarı yetişməkdədir. Xınalıq kənd Etnoqrafiya Muzeyində olarkən Orucov Natiq Sabir oğluyla tanış oldum. Natiq Şirvan şəhərində muğam ustası İrşaddan muğam öyrənib, muğamları yazıb-öyrənib, qavalla çalıb oxuyur. Rəşid Behbudovun bütün mahnılarını, xalq mahnılarını ifa edir. Ancaq Xınalıqda tar və kamança ifaçıları olmadığından muğam üçlüyü yarada bilmir. Natiq dedi ki, Danimarka və TRT Xınalıq haqqında veriliş hazırlayanda orada çıxış edib. Danimarka telekanalı kənd haqqında verilişi elə xınalıq dilində yayımlayıb, yalnız aşağıda danimarka dilində titrlər gedib.
Tarixən Xınalıqda təsərrüfatın müxtəlif sahələri inkişaf etsə də maldarlığa üstünlük verilib, 1962-ci ildə Xruşşovun zamanında bu kənddə qoyunçuluq təsərrüfatı yaradılıb. Ancaq Qudyalçayın vadisi boyu əkin sahələri dəyişmə yolu ilə (əhr il bir yerdə əkin əkilməklə) taxıl əkilib-becərilib, kənddə kənardan taxıl gətirilməyib, burada 7 dəyirman fəaliyyət göstərib. Ölkə müstəqillik əldə etdikdən sonra Xınalıq kolxozuna məxsus 51 min baş qoyun əmlak bölgüsü əsasında camaata paylanılıb.
Torpaq islahatı zamanı əkin sahələrindən adambaşına 25 sot torpaq düşüb, dəmyə sahələrindən düşən adambaşına 45 sot ərazidən isə kənd sakinləri örüş yeri, biçənək yeri kimi yararlanır. Nazırda kənddə 500-600 qoyunu olan fermerlər var, kənd sakinləri Hacıqabulda, Şirvanda qoyunçuluq üçün yataq yerləri saxlayırlar.
Maraqlıdır ki, qlobal istiləşmə Xınalıq kəndinin təbiətinə müsbət təsir göstərib. Rəhmətlik Hakim Əhmədov yaxşı bağ salıb, ağac calamışdı. Bağçılıq İnsttitunun mütəxəssisləri bizə dedilər ki, Xınalıqda bağçılığın inkişafı müvəqqəti xarakter daşıyır, çünki bu kəndin iqlimi üçün xarakterik olan sərt şaxta hər an ağacları dondura bilər.
Kəndin siması gündən-günə dəyişir. Kənd sakinləri bildirdilər ki, 1972-ci ildə kənddə ev tikmək üçün yer yox idi, ancaq indi Qudyalçayın sahili boyu müasir işıqlı evlər tikilir. Xınalıq kəndindəki 221 evdə 2147 nəfər "ketş" yaşayır. Təxminən 15-20 ev kimsəsiz və boş qalıb. Ancaq kənd sakinləri yarı-zarafat, yarı-gerçək deyirlər ki, bəzi evlər söküləndən sonra kəndin içinə avtomobillə qalxmaq olur. Artıq kənddəki qədim evlərin sökülməsinin qarşısını almaq üçün dövlət səviyyəsində işlər görülür. Quba-Xınalıq şossesinin çəkilməsi, kənd sakinlərinin 1,5-2 saat ərzində Quba şəhər mərkəzinə çatması artıq Xınalıqdakı evlərin tikintisində, daxili səhmanında özünü göstərir.
Qədim qalalara bənzəyən Xınalıq kənd etnoqrafiya muzeyi də bizdə dərin təəssürat yaratdı. Muzeydə toplanan xeyli sayda maddi mədəniyyət nümunələri, qədim əlyazmalar və s. muzey əşyaları oranı ziyarət edənlərin marağına səbəb olur.
...Xınalıq Azərbaycan mədəniyyətinin tərkib hisssidir, Azərbaycan dövləti, cəmiyyətimiz ümumi inkişafa nail olmaqla bu zəngin mədəniyyəti qoruyur, inkişaf etdirir, gələcəyə ərməğan saxlayır.
Bəhmən Faziloğlu
Xalq Cəbhəsi.- 2010.- 26 noyabr.- S.5.