Ayna Sultanova: ziddiyyətli tale

 

Qəzənfər Musabəyov: "1920-ci ilin aprelində Orconokidze Kirovun tapşırığıyla mən Mikoyan Yefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik..."

 

1926-cı ildə Birinci Türkoloji Qurultayın hazırlanmasında fəallıq göstərən Ayna Sultanova bolşevik repressiyasının qurbanı olub

 

Paytaxtda bir vaxtlar kommunist ideologiyasına xidmət edən, amma onların tarixi fəaliyyətləri bu günün reallıqlarına cavab vermədiyi üçün heykəlləri yığışdırılanları barmaqla saymaq olar. Hələlik bu sırada Məşədi Əzizbəyov, Qəzənfər Musabəyov və "26 lar"ın heykəlləri aradan götürülüb. Amma bir çoxu qalıb. Onlardan biriAtatürk prospektində balaca bir parkda ucaldılan Ayna Sultanovanın abidəsidir. Bu şəxsin kimliyilə bağlı məlumatla tanış olduqdan sonra onun abidəsinin nə dərəcədə paytaxtın mərkəzi küçələrinin birində, özüAtatürkün adını daşıyan prospektdə qaldığını başa düşmək olmur. Çoxunun onu tanımadığını nəzərə alıb bir daha onun kimliyi ilə tanış olaq: Sultanova Ayna Mahmud qızı - ictimai-siyasi xadim. 1895-ci ildə indiki Şabran (əvvəlki Dəvəçi rayonunun) Pirəbədil kəndində doğulub. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918 Mart soyqırımı zamanı erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib.

O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirib və Həştərxana gedərək şərqdə ilk Demokratik Respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərib. Bu dövrdə Ayna Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvüZaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olub. 1919-cu ilin avqustunda Moskvaya Yuri Sverdlov adına kommunist universitetində oxumağa göndərilib, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləyib. Ayna Sultanova XI Qızıl ordu Azərbaycanı işğal etdikdən sonra Bakıya qayıdıb və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışıb, "Şərq qadını" jurnalının redaktoru olub. Ayna Sultanova 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın təşkilində xüsusi xidmətləri olub. Yəqin ki, məhz bu fəallıq Ayna Sultanovanın repressiyaya məruz qalmasında əsaslı rol oynayıb. Bolşeviklərə inanan Ayna Sultanova milli kimliyini itirmək istəmədiyi üçün Stalinin repressiya maşınının qurbanı oldu. O, 1930-1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışıb.

Yasamal rayonu ərazisində Ayna Sultanovanın qardaşı Qəzənfər Musabəyovun şərəfinə ucaldılan möhtəşəm heykəl isə çoxdan götürülüb və yerində park salınıb, üçrəngli bayrağımız ucaldılıb. Bacısı kimi Qəzənfər Musabəyov da dövründə komunizmin qələbə çalacağına inanan şəxslərdən olub. 1929-1931-ci illərdə Azərbaycan SSR MİK RH-nin sədri (indiki parlamentin sədri) vəzifəsində çalışıb. Amma bütün ömrünü sistemin bərqərar olmasına, möhkəmlənməsinə həsr edən bu adamı məhz həmin sistemin özü xalq düşməni elan olunub. Qəzənfər Musabəyov barəsində həqiqətlər Milli Təhlükəsizlik Nazirliyinin arxivindədir. Burada onun üç cilddən ibarət istintaq materialları saxlanılır. Bəzi məqamlar aşağıdakı kimidir.

1937-ci il iyul ayının 25-də SSRİ Xalq Daxili İşlər Komissarlığı Musabəyov Moskva şəhərindəki evində (Serfimoviç küçəsi 2, mənzil 74) həbs edilib və evində axtarış aparılıb. Qzənfər Musabəyovun 1931-1936-cı illərdə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikaları Xalq Komissarları Sovetinin sədri vəzifəsində işlədiyi nəzərə alınaraq, o, Tiflisə gətirilib. Həmin il avqustun 2-də Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsinin 3-cü şöbəsinin rəis müavini Viner arayış hazırlayıb: "1889-cu ildə anadan olmuş, Zaqafqaziya SFSR Xalq Komissarları Sovetinin sabiq sədri Musabəyov Qəzənfər Mahmudoviç əksinqilabçı terrorçucasusluq təşkilatının rəhbəri kimi ifşa olunub. Arayışa Çiçinadze, Getmanov, Xeçuyan və başqalarının ifadələri əlavə edilib"...

1938-ci ildə Ayna Sultanova, qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələniblər.

Azərbaycan Respublikası MTN-nin arxivində saxlanılan qovluqdan: "1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək Bakıya qayıtdım. Bakı kommunasında CaparidzeŞaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində çalışdım. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra Caparidze yoldaşın təklifilə mən digər kommunarlarla birlikdə Həştərxana yollandım. Burada iki il Sergey Kirov yoldaşın rəhbərliyi altında partiya işində və XI Orduya xidmət sahəsində fəaliyyət göstərdim. 1920-ci ilin aprelində OrconokidzeKirovun tapşırığı ilə mən MikoyanYefremovla birlikdə "Beynəlmiləl" zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik"...

Beləcə, bacı-qardaşın tarixi fəaliyyətinə ötəri nəzər saldıq və onların Azərbaycanın qəddar düşmənləri ilə bir sırada çalışıb xalqımıza qarşı tutduqları mövqelərdən az da olsa məlumatlandıq. Belə olan təqdirdə Ayna Sultanovanın abidəsinin qalmasına nə ehtiyac var?..

Cavid

 

Xalq Cəbhəsi.- 2010.- 27 noyabr.- S.13.