"Döyüşmək üçün arzu, istək,
milli qürur hissi və ürək lazımdır"
"Hərə
öz sahəsində
vətənpərvərlik nümayiş etdirməklə
torpaqlarımızın azadlığını
yaxınlaşdırmalı, ordumuzun daha da güclənməsinə
mənəvi dəstək
verməlidir"
Qarabağda müharibəyə hazırıqmı? Paytaxtımızda qarşımıza çıxan hər bir insana bu sualı ünvanladıq, rəyini soruşduğumuz vətəndaşların cavabları isə heç də birmənalı olmadı.
Sorğumuzun ilk iştirakçısı 21 yaşlı bank işçisi Əfqan Muradov oldu. O, mövzunun çox maraqlı olduğunu dedi. O bildirdi ki, müharibəyə hazırlıq özünü iki sahədə göstərir: "Biri var, hərbi-texniki, biri də var ki, mənəvi hazırlıq. Məncə, əvvəla özümüzə bir neçə sual verməliyik. Biz müharibəni kimə qarşı aparırıq? Təbii ki, müharibəmiz təkcə Ermənistana qarşı olmayacaq. Ermənistandan regionu əldə saxlamaq üçün istifadə edən Rusiya, Avropa və ABŞ yarana biləcək müharibədən öz mənafeləri üçün bəhrələnəcək. Ermənilər artıq etiraf ediblər ki, onlar müharibəni Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı aparırlar. Hərbi texniki hazırlığımız Ermənistandan üstün olsa da, Rusiya, Fransa və işğalçını dəstəkləyən digər dövlətlərlə müqayisədə zəifik. Bizim ordumuzun gücü təkcə Ermənistan ordusundan deyil, həm də Gümrüdə yerləşən Rusiya hərbi bazalarındakı qoşunların birlikdə gücündən, texniki imkanlarından bir neçə dəfə çox olmalıdır. Fikrimcə, hazırda bizim üçün önəmlisi müharibəyə mənəvi hazırlıqdır. Biz müharibəyə mənəvi cəhətdən hazırıqmı? Düzdür. Azərbaycan əhalisinin çox hissəsi müharibədə qalib gələcəyimizə inanır. Amma inanmaqla yanaşı, hərə öz sahəsində vətənpərvərlik nümayiş etdirməklə torpaqlarımızın azadlığını yaxınlaşdırmalı, ordumuzun daha da güclənməsinə mənəvi dəstək verməlidir".
Evdar xanım Fəridə İmanovanın (33 yaş) sualımıza cavabı qısaca "yox" oldu: "Yalnız ölkənin daxilində stabil vəziyyətin və birliyin olacağı halda biz müharibəyə hazır sayıla bilərik. Amma hər bir kəs yalnız özünü, ailəsini düşünməsə, övladlarını vətənpərvər böyütsə, yəqin ki, gələcək nəsil Qarabağın, işğal olunmuş ərazilərimizin geri qaytarılmasına nail olacaq".
"Binaların üstünə
gəncliyi hər an müharibəyə
hazır olmağa çağıran
lövhələrin vurulması yaxşı olardı"
Mühəndis Tofiq Məmmədovun (25 yaş) fikrincə, müharibəyə hazırlıqlı olmaq Azərbaycan insanının həyatı, dövlətimizin yaşaması, milli problemlərimizin həlli üçün çox vacib bir prosesdir: "Amma bizim paralar xərcləyib aldığımız hərbi texnikanı Rusiya Gürcüstandan çıxarıb Ermənistana yerləşdirir. Hətta vəziyyət o yerə gəlib çatıb ki, bəziləri düşünürlər ki, müharibə etmək belə səlahiyyətimizdə deyil...Bu məqamlar göstərir ki, biz psixoloji tərəfdən də döyüşə tam hazır deyilik. Başı yalnız əyləncə və maddiyyata qarışmış Azərbaycan xalqının bəzi nümayəndələri bu hisslərdən çox uzaqdır".
Müəllimə Elmira Hacıyeva (48 yaş) "müharibəyə həm hazırıq, həm də yox" dedi: "Faşist Almaniyası SSRİ-yə hücum çəkəndə SSRİ buna hazır idimi? Təbii ki, yox. Amma tez bir zamanda hərbi və inzibati resursları işə saldı, səfərbərlik etdi, ruh yüksəkliyi yaratdı. Müharibədə, döyüş cəbhələrində dönüş yarandı. Bütün bunları yada saldıqda qısa müddət ərzində toparlana bilərik. Ordudakı vəziyyətə toxunmadan deməliyəm ki, 1990-cı ilin əvvələrinə baxanda Azərbaycanda ordu quruculuğu xeyli inkişaf edib. Bəli etiraf edək ki, bu inkişaf indikindən xeyli çox ola bilərdi. Amma hələlik bacardığımız budur. Nikbinlik üçün daha bir əsas var. Bir neçə il əvvəl bu sahəyə aid yeni qurum Müdafiə Sənayesi Nazirliyi yaradıldı, artıq ölkəmiz özü müdafiə silahları, sursat, hərbi texnika istehsal edir. Müharibəyə hazırlıqda təbliğat işinin qurulmasından çox şey asılıdır. Bu gün məyusedici məqamlardan biri odur ki, torpaqlarımız şəhərdə işğalını andıran lövhələr yox dərəcəsindədir. Binaların üstünə reklam lövhələri asmaqla yanaşı, hər an gəncliyi müharibəyə hazır olmağa çağıran lövhələrin olması yaxşı olardı. Birinci Qarabağ müharibəsində 30 mindən çox şəhid verən xalq müharibəyə necə hazır olmaya bilər, axı? Atatürk Türkiyəni işğaldan azad edəndə iqtisadiyyat pis vəziyyətdə, millət yoxsul idi. Çünki Türkiyə Birinci Dünya Müharibəsindən, Çanaqqala savaşlarından çıxmışdı. Amma Atatürkün rəhbərliyilə Türkiyə müharibəni uddu, işğalçıları ölkədən qovdu".
Rəyini soruşduqlarım arasında 13 yaşlı məktəbli Vasif cəsarətli çıxdı, onun cavabı isə belə oldu: "Bəli, mən müharibəyə hazıram..."
"Əvvəl-axır
müharibə baş verəcək"
Çəkməçi Qədir dayı (65 yaş) sözlərinə görə, "Qarabağ, Qarabağ" deməklə müharibədə qalib gəlmək olmaz: "Üstəlik nə qədər ki, dövləti, cəmiyytəi qoca və savadsız kadrlar idarə edəcək və yerini gənclərə verməyəcəklər o zaman hər şey hədərdir. Ölkəni, ayrı-ayrı sahələri nə qədər pulla təhsil alan insanlar idarə edəcək? Bəs deyil? Məncə, müharibəyə tam hazır deyilik. Müharibə başlasa, çətinliklərlə üzləşəcəyik, amma əvvəl-axır bu baş verəcək. Çünki torpaqlarımız daim işğal altında qala bilməz".
Telman Süleymanov (42 yaş) dedi ki, Qarabağı, işğal olunmuş digər bütün ərazilərimizi geri qaytaracağıq: "Amma hazırda hadisələrin məntiqi ardıcıllığını nəzərə alaraq bunun həyata keçməsi mümkünsüzdür. Unutmayaq ki, tarixdə heç bir zaman əzilən xalq daima məğlub olmur. Zaman-zaman öz itirdiklərini geri qaytarır".
Menecer Fuad Məlikovun (29 yaş) cavabı belə oldu: "Görün, ermənilər bizim haqda nə fikirdədirlər. Guya o vaxtı müharibəni birinci biz başlamışıq. Üstəlik, deyirlər ki, inanmırsınızsa, gedin Romadakı dünyanın ən böyük xəritəsinə baxın, orada göstərilib ki, Qarabağ bizimdi. Məncə, hər şey hərbi paradlarımızda nümayiş etdirildiyi kimi mükəmməldirsə, müharibə başlasa, heç bir problem olmayacaq. Bilirsiniz, həm də şalvar geyinməkdən, qalstuk taxmaqdan, silah tutmaqdan başqa insanda döyüşmək üçün arzu, istək, milli qürur hissi və ürək lazımdır. Hər bir insanın içərisində döyüşmək ruhu yaranmalıdır".
Nə vaxta qədər
torpaqlarımız əsarətdə qalacaq?!
Müəllim Sərdar İbrahimli (41 yaş) torpaqlarımızın nə vaxta qədər əsarətdə qalacağını bizdən sordu: "Bu rəzilliyə nə vaxtsa son qoymaq lazımdır, ya yox?! Belə olmaz axı. Nə vaxta qədər bizim torpaqlarımız əsarətdə qalacaq?! Artıq dunyanın bir çox yerlərində istehsal olunmuş xəritələrdə Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Demək olar ki, dünya yavaş-yavaş Qarabağı onların ərazisi kimi qəbul edir. ICQ-nun xəritəsində Qarabağ torpaqları Azərbaycanınkı kimi göstərilsə də, yaxınlaşdırıb baxanda görürsən ki, rayonların adları erməni adları kimi yazılıb. Çox təəssüf. Məncə, biz bu danışıqlar başlayan illər boyunca öz düzgünlüyümüzü ortaya qoya bilmədik. Bir şey ki, nə ATƏT, nə Avropa Şurası, nə də dünyanın hegemon dövlətləri erməniləri işğalçı kimi tanımadı və onlar bu danışıqlarda hər iki ölkəyə eyni baxırlar. İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmursa, daha nəyi gözləyirik? Bir qədər də gözləsək, mövqeyimizi bir az da itirəcəyik. Azərbaycan o cərraha bənzəyir ki, ölümcül xəstə onun əməliyyat stolunda nə vaxt işə başlayacağını gözlədiyi halda, cərrah əllərini heç cür yuyub qurtara bilmir ki, bilmir. Biz özümüzü lazımi səviyyədə tanıda bilməmişik. Çünki diasporanın işi pisdir, şanssızlığımız isə ondadır ki, dünyanın super gücləri xristian dininin nümayəndələridir. Heç kim inkar edə bilməz ki, bunun təsiri yoxdur. Buna görə də özümüzü yalnız Türkiyəyə yetərincə tanıda bilmişik".
Nurlan Rəhimov (38 yaş) Azərbaycanın müharibəyə tam hazır olduğunu söylədi: "Məndə döyüşmək və düşmənə qalib gəlmək arzusu və istəyi var. Milliyyətimlə də fəxr edirəm, qürur duyuram, vətənim üçün döyünən ürəyim də var! Mən bunları öz adımdan deyirəm və ümidvaram ki, belə düşünənlər çoxdur. Hərdən elə an olur ki, "dünyanı dəyişəcəyəm" deyirəm, hərdən isə "dünya məni dəyişəcək" deyirəm. Amma bəzən də "kaş, dünyamı dəyişsəm" deyirəm. Həyatım budur".
Raifə
Xalq Cəbhəsi.- 2010.- 8 oktyabr.- S.10.