Tarixi həqiqətlər

 

1-ci yazı

 

Bir neçə il öncə çıxmış "İstilalar, müharibələr: türk şəhərlərinin taleyi" adlı kitabımda müxtəlif vaxtlarda çıxmış yazılarımı cəmləşdirmişdim. Bu şəhərlər tarixən türk şəhərləriydi, əzəli türk məskənlərinin sərhədlərinə daxil olublar. Rus istilaçıları zaman-zaman türk ruhunun silinməsi üçün əllərindən gələni ediblər. Türk xalqları Volqa boyunca asimilyasiya edilib. Qədim bulqar mədəniyyətinin soraqları məqsədli şəkildə itirilib, yox edilib. Ruslar Volqa sahillərinə çıxdılar, şəhərlərə xristian əhalini köçürtdülər. Onlar mümkün qədər əhalini xristianlaşdırmağa çalışdılar və buna demək olar, nail oldular. Bu qayda ilə ruslar Sibirə qədər yeridilər. Həştərxan, Qazanbaşqa xanlıqlar məhv edildi. Rusiya XVIII yüzilin əvvəllərində özünü imperiya elan etdikdən sonra ardıcıl şəkildə sərhədlərini genişləndirməyə və möhkəmləndirməyə çalışırdı. Var gücü ilə çalışırdı ki, Türkiyəni Balkanlardan və ümumiyyətlə, Avropadan tədric etsin. Məqsəd isə Türkiyənin yerində Vizantiyanı bərpa etməklə yunan ölkəsini yaratmaq idi. Həmin ərazilərdə mövcud olan bugünkü adlar, yəni Cənubi Ukrayna, Kırım torpaqları, Qara dəniz sahillərində türklərin zəbt olunmuş torpaqlarında qurulan şəhərlərin hamısının adları faktiki yunansayağıdır. Əslində yunanlar bu torpaqların heç zaman sahibi olmayıblar, tarixən burada yaşamayıblar. Həmin şəhərlərin adlarını yunanlar qoymayıblar. Məsələn, Sevastopol, Odessa... Bunlar guya qədim yunan şəhərləridir. Ancaq bunlar yunan şəhərləri deyil, bu adları ruslar qoyublar. Bu ideya II Yekaterinanın idi. O, bu torpaqları istila etdikcə türklə bağlı bütün soraqları məhv edirdi.

Biz sovet dövründə təhsil almış nəsillər şübhəsiz ki, uzun müddət səhv ideologiyanın təsirində olmuşuq. İndi bizdə onillər boyunca yazılan kitabların səhv məntiqinə qarşı dura biləcək güclü kitablar ardıcıl olaraq yazılmalıdır ki, əvvəlki təsəvvürləri tamamilə alt-üst eləsin. Hərdən o əvvəlki kitabların nəsillərin yaddaşına vurduğu ziyanın təsiri barədə fikirləşərkən dəhşətə gəlirəm. Yəni təsəvvür edək, görün nə qədər zaman lazım gələcək ki, sözün böyük mənasında əsl milli yaddaşımız formalaşsın. Sovet dövründə yazılan o kitabların mütləq əksəriyyəti türkə qarşı olub. Bəli, çox dəhşətlidir: türkə qarşı bu dərəcədə nifrət, qisasçılıq, ən başlıcası isə onun böyük tarixini mümkün qədər kiçiltmək, alçaltmaq; bunlar bütünlüklə mədəniyyətdən, insanlıqdan uzaq məsələlərdir. Bu, bir həqiqətdir ki, mədəni xalqlar, mədəni alimlər heç vaxt belə şey etməzlər.

Görəsən, zaman-zaman bizi sevməyənlərin fitnə-fəsadları, eləcə də öz səhvlərimiz ucbatından başımıza gələn bu acı təəssürata qarşı nə dərəcədə durmaq iqtidarındayıq? Görəsən, bu gün biz gecolsa sabaha nələrisə yazıb qoymaq üçün hazırıqmı? Hərdən bu mövzuda yazılanlarla bağlı eşidəndə çox narahat oluram. Fikirləşirəm ki, görəsən, problem məsələyə necə yanaşılıb? Yəni qaş qayıran yerdə göz çıxarılmayıb ki? Onu da deyim ki, hazırda bu mövzuya müraciət edənlərin sayı elə də çox deyil. Ancaq sözügedən mövzular çox sensasiyalı olduğu üçün nəzərə tez çarpır, diqqəti cəlb edir. Bəziləri mövzunun adını qabardır, sadəcə, başqalarını təəccübləndirmək, bəlkə də şöhrət naminə belə mövzulara əl atırlar. Şovinist olsalar da, bizi sevməyənlər tarixlərini yaradıblar, pis-yaxşı xeyli sayda kitablar yazıblar. Deməli, bu mənada tarixi gedişatı çox düzgün təhlil etmək və doğru-dürüst qənaətlərə gəlmək lazımdır. Deməli, tədqiqatçı bu sahədəki bütün biliklərə əsaslı şəkildə yiyələnməlidir. Sözün həqiqi mənasında əksər hallarda idraki vüsətdən bəhrələnməyən, sadəcə, quru pafosa əsaslanan qənaətlər haqqımızı sübut etmək yönündə bizə dəstək ola bilməz. Çox gurultulu şəkildə demək ki, filankəs də türkdür, filan yer türk torpağıdır; bunu demək azdır, gərək iddianın arxasında gerçək faktlargüclü əsaslandırmalar olsun. Nəzərə almaq gərəkdir ki, fəhmimizin gücü ilə duyduğumuz həqiqətləri əsaslandırmağımızdan ötrü qarşı tərəfdən də bizə dəstək ola biləcək az da olsa tədqiqatçılar var. Ruslarda belə namuslu alimlər olub. Məsələn, Qumilyov bu qəbildəndir. Bəzən bizimkilərdə problem məsələlərə üzdən yanaşma faktlarını görüb çox narahat oluram. "Ura" dalınca qaçmaq olmaz. Dəfələrlə bunun şahidi olmuşam.

Təəssüf ki, belələrinin idddialarına inanmaq olmur. Əgər ürək yanırsa, deməli, nəsə meydana çıxa bilər. Ürəksiz adamın prinsipiallığına necə inanmaq olar? Bu, şəksizdir ki, gərək tədqiqatçının ilkin təməl olaraq güclü savadı olsun. Əgər tədqiqatçının Vətəninin keçmişinə, qədimliyinə, sabahına sevgisi varsa, heç olmasa, bu sevginin xatirinə savadlı olmalıdır. Fikrimi izah etmək üçün bir faktı buradaca deyəcəyəm. Məlumdur ki, bu gün qədim türk məskəni olan, hazırda Ermənistan adlandırılan bir ərazidə zaman-zaman türklərin yaşam tərzi, oradakı çoxsaylı soraqları bildirən adlar barəsində və s. çox yazılır. Bu yöndə yazıların çoxu hazırda yazılırsa da, sözügedən mövzuda ilk yazını 1984-cü ildə yazmışam. İlk ciddi yazımın tarixini o vaxtdan hesablayıram. Sanki o tarixi yazıdan sonra mənim yazılarımın xarakteri dəyişməyə başladı, sabit formasını aldı.

1983-cü ildə ermənilər Azərbaycan türklərinə qarşı növbəti vandalizm aktını həyata keçirdilər: Ermənistanda Azərbaycan türklərinin qəbristanlıqlarından birinə hücum etdilər, qəbirləri yerlə yeksan etdilər. Bakıya biri-birindən həyəcanlı xəbərlər gəlirdi. Mövzu məni necə tutdusa, bu barədə bir yazı yazdım. Mənim üçün qəti yəqin idi ki, indiki Ermənistanın ərazisi qədim türk məskənidir. Ermənistanın, eləcə də Ermənistanda yaşayan türklərin tarixi ilə bağlı kitablar axtardım, tapa bilmədim. Hətta bununla bağlı ayrı-ayrı şəxslərə də müraciət etdim. Müraciət etdiyim tanınmış ziyalılar niyyətimi bilincə məni fikrimdən döndərməyə çalışdılar ki, bu cür münasibət düzgün deyil. Ancaq mövzu məni elə tutmuşdu ki, inadımdan əl çəkmək fikrində deyildim. Ardıcıl olaraq bu mövzularda oxumağa başladım. O müddətə qədər, yəni sovet hakimiyyəti illərində Ermənistan ərazisində yaşayan soydaşlarımızın yaşadıqları tarixi məskənlərin adlarının dəyişdirilməsinin faktların dili ilə şahid olduq.

Təkcə 1948-1953-cü il deportasiyası zamanı 2 mindən artıq artıq türk yer adları dəyişdirilmişdi. O zamanlar "Ədəbiyyat" qəzetində tarixən türk ərazisi olan Ermənistanda dəyişilməyə məruz qalan adlarımız barəsində yazdığım məqaləni Nəriman Həsənzadə çətinliklə də olsa çap etdi. Hər halda bu, o dövr üçün riskli bir idi. Mən Cəlilabadın Pokrovka kəndində anadan olmuşam. Bu, qədim türk kəndidir. Hələ 13-14 yaşım olan zaman dəftərimin üstündə bu adı yazanda özümü çox pis hiss edirdim. Təklə və Alarlı kəndlərinin birləşməsindən ibarət olan Pokrovkaya 1901-ci ildə ruslar köçürülüblər. Bu, rusların kilsəsinin adıdır. Xristian təqvimində Pokrov günü var. Sonradan pasport alanda da bu ad yenidən məni əsəbiləşdirdi. Hazırda bu kəndin rəsmi adı Günəşlidir. Yaxşı olardı ki, kəndin əvvəlki adı (Təklə-Alarlı) bərpa olunsun. Ümumiyyətlə, adqoyma məsələsi çox qəliz məsələdir. Məsələn, görürsən ki, indiki adların az qala çoxu qeyri-türk, qeyri-şərqidir. Tələbələrimə də deyirəm ki, siz böyük türk xalqının övladlarısınız. Adı milli ruhumuza uyğun olmayanlara deyirəm ki, nədən siz belə adlar daşımaqdan usanmırsınız?

Olan-qalan ənənəni yaşatmaqdan ötrü hesab edirəm ki, ilk növbədə savad lazımdır. Hər şeyi savada bağlamağıma görə hərdən mənimlə razılaşmırlar. Mən savadlanmaya, maariflənməyə inqilab qədər əhəmiyyətli yanaşıram. Bəli, inqilabın bacara bilmədiyini, eləcə də qanla etdiyini maarifləndirmə çox gözəl, insani yollarla həyata keçirir. Bu mənada maariflənməyə inqilabdan çox inanıram, yenə də ümid edirəm. Əgər maarifləndirmə yoxa çıxırsa bu, dəhşətdir.

Savadsızlıq millətin bəlasıdır. Əslində millətin bundan böyük düşməni yoxdur. Təəssüf ki, ətrafımızın müəyyən hallarda düşüncədən məhrum olması biz yaradıcı insanlara pis təsir edir. Arzu edirəm ki, oxucular tərəfindən eqoist kimi başa düşülməyim. Gözəl istəklərin həyata keçməsi üçün xalqa yananların çox olması lazımdır. Hesab edirəm ki, hər şey yüksək səviyyədə həll olunmalıdır. Bu, daha geniş səviyyədə ölkə siyasətinə çevrilməlidir.    .

 

 

Minaxanım Təkləli,

filologiya elmləri doktoru,

professor  

 

Xalq Cəbhəsi.- 2010.- 12 oktyabr.- S.14.