"Oğlum
vətən uğrunda şəhid olub"
Tərxis
olmağına beş
gün qalmış düşmənin gülləsinə
tuş gələn Taleh Abbasovun anası Xatun bununla təskinlik tapır
1993-cü ilin payızında-oktyabrın 29-da bütün zəngilanlılar kimi Abbasovlar aləsi də yurdlarından məcburən köçkün düşdülər. Erməni silahlı qüvvələri Qubadlı rayonunu işğal edəndən sonra növbəti qurban olaraq Zəngilanı seçmişdilər.
Özü də Zəngilanda ikinci Xocalı soyqırımını törətmək planını cızmışdılar. Onların planına görə, yalnız Araz çayını çıxmaq şərtilə, bütün yolları ermənilər tərəfdən bağlı olan zəngilanlılar kütləvi surətdə qətlə yetiriləcəkdi. Çünki qonşu rayonlar işğal olunduqdan sonra Zəngilan camaatı dirəniş göstərib öz yurdlarını tərk etmirdilər. Rayon mühasirədə qalsa da, ermənilərin həmlələrini dəf edir, onları ağır itkiyə məruz qoyurdular. Deyilənə görə, həm bu, həm də mərhum daxili işlər naziri, 20 noyabr vertolyot qəzasının qurbanı Məhəmməd Əsədovun əslən Zəngilandan olması bu qətliamı, qısası şərtləndirən faktlar sırasındaydı...
Yolda doğulan uşaq
... Zəngilanın Şərfat kəndində ailəsinə gün-güzəran quran Tofiq Abbasov həyat yoldaşı Xatunu və 4 yaşlı oğlu Talehi ermənilərin qətliamından qorumaq üçün özlərini Araz çayına vuraraq Cənubi Azərbaycana keçirlər. Ayın-günün içində olan hamilə Xatun mal-qaralarının, var-dövlətlərinin, ən əsası da qurub-yaratdıqları ev-eşiklərinin erməni yağılarına qalmasıyla heç cür barışa bilmir. Elə hey ağlayır, bundan sonra necə yaşayacaqlarını, kimə sığınacaqlarını fikirləşir. Bəlkə də elə buna görəydi ki, ağrıları başlayır və yoldaca qızı Türkan dünyaya gəlir. Bir neçə gün Cənubi Azərbaycanda qalan Abbasovlar ailəsi Sumqayıta pənah gətirirlər. Xatunun bacısı Dilşad özü kasıb dolansa da, evində doğmalarına yer ayırır. Beləcə 8 ay bacısı evində qalan Xatun və ailəsi 16-cı məhəllədə tikilib başa çatdırılmayan üçmərtəbəli binada bir mənzilə yerləşirlər. Buna yerləşmək demək mümkünsə... Tavanı örtülməyən, qapı və pəncərəsi olmayan bu mənzildə Abbasovlar ailəsinin günü gün olmur. Yağış yağanda mənzilin demək olar ki, hər yerinə bir qab qoyurlar. Ona görə də ailə Allaha yalvarır ki, bircə yağış, qar yağmasın. Ancaq bu mənzili də onlara çox görürlər. Ailəni buradan çıxarıb xaraba bir yerdə yerləşdirirlər. Xaraba ona görə deyirəm ki, çünki iki gün bundan öncə gördüyüm mənzərə dünyamı alt-üst elədi. İyirmi birinci əsirdə bir insan övladının belə bir şəraitdə yaşadığını təsəvvürümə də gətirmirdim. Bu barədə bir qədər sonra...
2005-ci ilin
fevralı
...Beləliklə, Tofiqlə Xatun min bir əziyyətə qatlanaraq körpələrini böyüdürlər. Ancaq əcəl Tofiqə aman vermir. O 2005-ci ilin fevralında Xatunu başsız, uşaqlarını isə atasız qoyub bu dünyadan köçür. O gündən Xatun övladlarına həm ata əvəzi, həm də ana olur. Sumqayıt Elektirik Şəbəkəsində xadimə işləyən Xatun bununla kifayətlənməyib, tanış-bilişin, qonum-qonşunun yorğanını, döşəyini sırıyıb çörək pulu qazanır. Üstəlik Sumqayıtdan Bakıya xlor daşıyıb satır ki, balalarını bir günə çıxarsın. Gün o gün olur ki, oğlu Taleh Sumqayıt peşə məktəbini bitirib hərbi xidmətə yollanır. Bir il altı ay Taleh Vətənin keşiyində şərəflə, qeyrətlə dayanır. Ancaq ordudan tərxis olmağına beş gün qalmış-sentyabrın 25-də düşmən gülləsinə tuş gəlir...
Köhnə qapıdan düşən
işıq
...Bu ağır xəbəri televiziya ekranlarından seyr edəndə, belə qərara gəldim ki, talesiz Talehin anasıyla görüşüb, bir yazı hazırlayım. Xatunun qohumu Adillə vədələşib şəhid ailəsinin evinə yollandıq. Küçədən bir qədər aralıda birmərtəbəli, yataqxana kimi yerdə qalan Xatunun qapısını döydük. Cırıltıyla açılan köhnə qapıdan qaranlıq və dar dəhlizə işıq düşdü. Bir anlıq fikirləşdim ki, yəqin içəri bu dəhlizdən fərqli durumda olar. Ancaq nə yazıq ki, gördüklərim fikirlərimi alt-üst elədi. Yalnız iki çarpayı və bir stul yerləşən otağın qarşı tərəfində "mətbəx" yerləşirdi. Qeyri-ixtiyari otağın tavanı diqqətimi çəkdi. Tavana alçipan və ya kardon əvəzinə, sintetik materialdan olan çadır vurulmuşdu. Eyni zamanda, tavan o qədər alçaqdan idi ki, əlini uzatsaydın çatardı. Bəlkə də otağın yarıqaranlıq və rütubətli olmasının səbəblərindən başlıcası bununla bağlıydı...
Qara geyimli ana
...Qarşımda
qara geyimli, üzü dərdən-qəmdən
qaralmış, taqəti qırılmış, yaşı az olsa da,
beli bükülmüş
oğul dərdli bir ana dayanırdı. Hardan
başlayacağımı, bu anaya necə təskinlik verəcəyimi, nə
deyəcəyimi bilmirdim. Elə bu vaxt qapı
açıldı və içəriyə bir
qadın daxil oldu. Xatun anaya dil-ağız eləyib,
gətirdiyi şirniyyatı stulun
üstünə qoydu və dedi: "Vallah bilmirəm
sənə necə təskinlik verim. Bizim uşağın xeyir
işi bildiyin kimi əvvəlcədən təyin olunmuşdu. O qədər arzulayırdım ki, Taleh əsgərlikdən
gəlsin toyda iştirak
eləsin. Allaha and olsun, uşaqları qoymadım
maşının siqnalın versinlər. Dedim,
Taleh şəhid olub".
Xatun ana qonşusuna xeyir-dua verdi: "Kim fikirləşirdi
ki, belə olacaq. Deyirdim gələcək, tay-tuşları
kimi qonşusunun toyunda qol götürüb
oynayacaq. Zalım düşmən bütün
arzularım kimi bunu da gözümdə
qoydu".
Qonşu qadın
gedəndən sonra Xatun anaya təskinlik
verdim. Ancaq bilirdim ki, kimin
təskinlik verməyindən
asılı olmayaraq sızlayan ana ürəyini ovutmaq mümkün deyil. Heç bir məlhəm onun yaralarını sağaltmaz.
Onun yalnız bir təskinliyi var-oğlu Vətən yolunda şəhid olub. Şəhidlik zirvəsinə qalxıb, bütün şəhidlər
kimi Taleh də cənnətdədir.
Xatun ana özünü toparlayıb
ciyərparası haqqında
danışır: "Taleh
qızdan həyalıydı.
Orta məktəbdə
oxuyandan sinif yoldaşlarının qeyrətini
çəkərdi. Bir
dəfə sinif yoldaşlarından bir qıza məhlə oğlanları söz atmışdılar. Taleh onların cavabını vermişdi. Yığılıb
üstünə gəlmişdilər.
Mən də narahat oldum, dedim ki, atasız
uşaqsan, nəyinə
gərəkdir başqaları
ilə dava-dalaş eləmək. Dedi ki, o da mənim
bacım, qeyrətini
biz sinif yoldaşları
olan oğlanlar çəkməlidir. Mənə
ürək-dirək verirdi
ki, qoy gedib
əsgərliyimi çəkib
gəlim, işləyib
güzəranımızı düzəldəcəm. Ancaq
olmadı, əvəzində
dərd verdi ki, çəkməyə
taqətim qalmayıb".
Yer-göy qan ağlayırdı
...Ordudan
tərxis olunmaqla bağlı dövlət başçısının fərmanını
eşidən kimi Xatun ana əl-əyağa
düşür. Təzə
paltar alır, nübar meyvələrdən
tədarük edir ki, bağlamanı açanda oğlu yoldaşlarının yanında
xar olmasın, atasızlığını hiss etməsin. Bağlamının
içinə yol pulu da qoyub
Ağdam istiqamətinə
gedən avtobus sürücüsünə verir
ki, Talehə çatdırsınlar. Sonra
komandiriylə danışır,
deyir ki, Taleh gedib bağlamanı
alar. Komandir Xatun anaya anladır
ki, Taleh tibb məntəqəsinə
gedib iki gündən sonra gələcək. Xatun ana oğlunun gəlişinə hazırlıq
görməyə başlayır.
Fikirləşir ki, kasıb komasında Allahın yetirdiyindən süfrə açıb
dost-tanışı çağıracaq.
Bir il altı
aya dözən ananın beş günə dözməyə
səbri çatmır.
Nəsə baş verəcəyindən, bir daha oğlunu görməyəcəyindən qorxsa da, bu
qorxunu yaxına buraxmaq istəmir. Ancaq ana ürəyi
fəlakəti hiss edir
və...
"Zəng
vurub dedilər ki, Taleh şəhid
olub, gətiririk. Dünya başıma fırlandı. Gözlərim
qaraldı, elə bildim həyatımın sonudur. Taleh mənə vəfasızlıq
elədi. Verdiyi vədlərin heç birinə əməl eləmədi. Məni və bacısını bir daha yarı
yolda qoyub getdi".
Elə bu yerdə Xatun ananın bacısı Dilşad söhbətə
qoşulur: "Talehin
şəhid olmasından
daha çox bizə onun urvatsız dəfn olunması təsir eləyir. Elə bilirdik ki, başqa
şəhidlər kimi
onu da Şəhidlər
Xiyabanında dəfn edəcəklər. Ancaq olmadı. Axşam saat altıda gətirib tez-tələsik
nənəsinin yanında
dəfn elədilər.
Əvvəldən bilsəydik
Sumqayıtdan kənarda
uyuyan atasının yanında yer düzəldərdik".
Taleh torpağa
tapşırılan günü
yer də, göy də qan ağlayırdı. Bir yağış yağırdı ki, sanki göylər fəryad eləyirdi. Elə oradaca qəribə mənzərə
yaranmışdı. Ana oğlunun
cəsədi qoyulan maşının arxasınca
ayağı yalın qaçır və üzü üstə yıxılır. Rayonun vəzifəliləri, eyni
zamanda millət vəkili İmamverdi İsmayılov isə başlarında çətir
bu müsibəti seyr edirdilər. Ananın harayı qulaqlardan çəkiməmiş
birisi gəlib şəhid anasına pul uzadır ki, oğlunun ehsanını verərsən.
Xatun ana deyir bundan artıq
təhqir görməmişdi
ki, onu da
gördü. İcra hakimiyyətindən isə
bildirirlər ki, hamının başı seçkiyə qarışıb,
seçki qurtarandan sonra baxarıq. Zəngilan və Qubadlı camaatından iki dəfə səs alıb(?) deputat mandatı qazanan, bu gün
də eyni arzu ilə yaşayan
İmamverdi İsamyılov
isə 200 manat verməklə işini bitmiş sayıb. Yaxşı ki, icra hakimiyyətindən səhvlərini başa düşüblər və
anlayıblar ki, şəhidin məclisini təşkil etmək lazımdır. Bu işi isə oğul itirən ananın çiyinlərinə yıxmaq
olmaz...
...Taleh şəhid olandan bu yana dəfələrlə
olub ki, Xatun ana intihar
etmək istəyib. Hətta bir dəfə gecə yarısı qızı Türkanı oyadıb ki, əgər qorxmursansa, gedib hər ikimiz Talehin məzarı üstündə özümüzü
öldürək. Onsuz
da bundan sonra yaşamağın mənasız olduğunu deyən anaya bacısı Dilşad təskinlik verir. Deyir ki, sən
bundan sonra Türkanı fikirləşməlisən.
Məncə, Türkanı
təkcə ürəyi
yaralı Xatun və yaxud xlor
sataraq ailəsini dolandıran xalası Dilşad fikirləşməməlidir.
Onun haqqında hər birimiz fikirləşməliyik. Yaşadığı
mənzilin təmirindən
tutmuş, onun təhsil alması və işləməsi kimi problemlərin həllində yardımçı
olmalıyıq. Heç
birimizə baş ucalığı gətirməz
ki, Vətən uğrunda şəhid olan Talehin anası
və bacısı yarıqaranlıq, yağış
yağanda başlarına
su axan rütubətli
bir mənzildə rəzil günündə
yaşayırlar...
P.S. Yazı
çapa gedən ərəfədə bir neçə də cəhd elədim ki, millət vəkili İmamveri İsmayılovla danışıb
bu ailənin dərdini bir daha onun diqqətinə
çatdıram. Çünki
İmamverdi İsmayılovun
aça bilmədiyi qapı yoxdur. Ancaq nə yazıq
ki, onunla telefon danışığım
baş tutmadı. Çünki sürücüsü
bildirdi ki, tədbirdədir...
Yazı Azərbaycan
Respublikası Prezidenti
Yanında Kütləvi
İnformasiya Vasitələrinə
Dövlət Dəstəyi
Fondunun maliyyələşdirdiyi
"Azərbaycan xalqının
qəhrəmanlıq ənənələrinin
təbliği" layihəsi
çərçivəsində təqdim olunur.
Arzu Şirinova
Xalq Cəbhəsi
.- 2010.- 13 oktyabr.- S.9.