Tarixi taleyimizdə "qara
ləkə" olan müqavilə
"Gülüstan"
müqaviləsindən 197 il ötdü
1813-cü il oktyabrın 12-də Qarabağın Gülüstan kəndində Azərbaycanın tarixi torpaqlarının Rusiya və İran arasında bölüşdürülməsinin, xalqımızın iki yerə parçalanmasının müqavilə ilə yolu təsdiqindən 197 il ötdü. Bu tarix Azərbaycan türklərinin taleyində ən kədərli günlərdən biridir. Tarixçi-alim Vaqif Abışovun fikrincə, Azərbaycanı bu faciəyə gətirib çıxaran ən başlıca səbəblərdən biri Azərbaycanın vahid dövlətinin olmaması idi: "Azərbaycan ayrı-ayrı xanlıqlara parçalanmışdı, daim xanlıqlar arasında müharibələr gedirdi. Hər bir xanlıq özünü tamamilə müstəqil hesab edirdi. Müqavilədən əvvəl ayrı-ayrı Azərbaycan xanları, konkret olaraq Quba xanı Fətəli xan, Şəki xanı Çələbi xan, Urmiyalı Fətəli xan Əfşar, Qarabağ xanı Pənahəli xan ayrı-ayrılıqda Azərbaycanı birləşdirmək üçün xeyli cəhd etmişdilər. Ancaq təəssüf ki, onlar biri-birlərinə mane oldular. Məsələn, Pənahəli xana məqsədini reallaşdırmaqda Güneydə Məhəmməd Həsən xan Qacar, Kərim xan Zənd, eləcə də Şəki xanı Çələbi xan mane olurdu. Hacı Çələbinin Azərbaycanı birləşdirmək istəyinə Pənahəli xan, Gəncə xanlığı, Quba xanlığı mane olublar. Azərbaycanın birliyi daxili və xarici səbəblərdən gerçəkləşmədi".
Təəssüf ki, tarixin çox dönəmlərində türklər arasında birlik olmayıb. Babək dövründə, eləcə də sonrakı yüzillərdə, xüsusən Səfəvilər dövründə Azərbaycan türklərinin biri-birinə yadlığının acı nəticələrini görmək mümkündür. V.Abışov qənaətimizlə razılaşır: "Həmin dövrdə Rusiya nəzərə çarpacaq üstünlüyə malik idi. Onun Cənubi Qafqazda erməni kimi güclü bir dayağı vardı. Ermənilər daim təxribatla məşğul olur, rus hərbi hissələrində xidmət edir, bir sözlə, Rusiya imperiyasının Cənubi Qafqazda qələbələr qazanması üçün əllərindən gələni edirdilər".
1813-ci il oktyabrın 12-də Azərbaycanın ilk dəfə olaraq iki yerə bölünməsinin əsası qoyuldu. Azərbaycanın parçalanması 1722-ci ildən Birinci Pyotrun vaxtından üzü bəri başlamışdı. 1805-ci il mayın 14-də "Kürəkçay" müqaviləsi imzalanmışdı. Qarabağ, Şəki, Şamaxı rəsmi şəkildə dinc yolla Rusiyaya birləşdirildi, onlar faktiki olaraq Rusiyanın himayəsini qəbul etdilər, yəni daxildə müstəqil, xarici siyasətdə isə Rusiyadan asılı oldular. Mahiyyətcə belə bir tarixi fəlakət "Gülüstan" müqaviləsi zamanı gerçəkləşdi. Birinci mərhələdə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalmaq şərtilə, qalan ərazilər Rusiyanın tabeliyinə keçdi. O cümlədən Qarabağ, Şəki, Bakı xanlıqları və digər ərazilər bura daxil idi.
Müqavilənin şərtlərinə görə, Xəzər dənizində ancaq Rusiya gəmiləri üzə bilərdi. Habelə Rusiya "Gülüstan" müqaviləsi nəticəsində bir sıra digər üstünlüklər də əldə etdi. Bu müqavilə Azərbaycanın tarixi torpaqları, eləcə də xalqımızın parçalanması bahasına imzalandığına görə tarixi taleyimizdə ağır itkilər yarada bilən bir sənəddir. "Gülüstan " müqaviləsi 1828-ci ildə imzalanmış müqavilə üçün böyük bir gediş oldu. İran sonrakı mərhələdə İngiltərənin təhriki ilə itirilmiş ərazilərin bərpası yönündə cəhdlər elədi. Məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq idi, ancaq sonrakı məqamlarda da Rusiya bu ərazilərdə üstünlüyünü qoruyub saxlaya bildi.
V.Abışov daha sonra qeyd edir ki, 1813-cü ildən sonra bu tarixi fəlakətə qarşı demək olar, müqavimət olmadı. Əslində müqavimət bu dövrədək olmuşdu: "Məsələn, Bakı xanlığı Rusiyaya tabe olmadı. Qafqazda rus qoşunlarının baş komandanı Sisianovun başı Bakı xanı Hüseynqulu xanın qohumu tərəfindən kəsildi. Qarabağ xanı İbrahimxəlil xan ailəsi ilə birlikdə məhv edildi. Şəki, Şamaxı xanlıqları rus ordusuna qarşı mübarizə apardılar. Gəncə xanı Cavad xanın rus qoşunlarına qarşı uzunmüddətli müqaviməti tarixi hadisəyə çevrilib. Ancaq 1813-cü ilin 12 oktyabrında imzalanmış "Gülüstan" müqaviləsindən sonra burada ciddi narazılıq müşahidə edilmədi. Səbəb o idi ki, artıq əhalinin inadı qırılmışdı".
Professor Vaqif Arzumanlının fikrincə, "Gülüstan" müqaviləsi Azərbaycan türklərinin tarixində ən acılı-ağrılı məqamlardan biridir: "Tariximizlə, qədim keçmişimizlə bağlı bir sıra məqamlar var ki, nədənsə bəzən onlara unutqanlıq və biganəlik hissi bəsləyirik. Zaman keçəndən sonra fəlakətlərin, bəlaların bu və ya başqa formaları ilə üzləşirik. Tarixən dünyanın böyük xalqları daim öz tarixlərindən, keçmişlərindən, başlarına gələnlərdən ibrət dərsi götürüblər. Hər halda belə xalqlar sonradan da olsa başlarına gələcək fəlakətlərin qarşısı almış olurlar. Ancaq təəssüf ki, biz bu mənada tariximizdə buraxdığımız səhvlərdən ibrət dərsi götürə bilmədik. Heç olmasa, ötənlərdə baş verən hadisələri yada salıb bu günün baxımından təhlil etməyimiz son dərəcə zəruridir.
Hazırda Azərbaycanın Quzeyi müstəqillik dövrünü yaşayır, dünya dövlətləri tərəfindən tanınır. Bu gün beynəlxalq hüquq normaları haqqını sübut edə bilən, yəni özünəməxsus keçmişinin olduğunu sübut edən xalqa imkanlar açır. Gələcəyini görmək istəyən xalq beynəlxalq hüquq normalarından yararlanmağı bacarmalıdır. 60-cı illərdə Bəxtiyar Vahabzadə "Gülüstan" adlı öz dövrü üçün böyük rezonans doğuran poema yazdı. Daim Araz çayı bu mövzuda yazılan şeirlərdə ayrılığın rəmzi, hətta baiskarı kimi təsvir edildi. Təəssüf ki, əməllərimizdə istəyimizə doğru inadla yeriyə bilmədik. Əlbəttə, sazla, sözlə belə məsələlərdə qələbə çalmaq mümkün deyil. Baxmayaraq ki, kimsə sazın-sözün, ədəbiyyatın rolunu qətiyyən inkar etmir. Mədəniyyyətin, ədəbiyyatın öz funksiyaları var. Bu gün dünyada siyasi düzən əvvəlki dövrlərdən tamamilə fərqlənir". İndi xalqların azadlığa çıxma ənənəsi daha təkmildir. Faktdır ki, dünya bizi bizdən yaxşı tanıyır. Dünya Bütöv Azərbaycan məsələsini bəllidir ki, elə də asan həzm etmək istəmir. Hər şeydən əvvəl Güneydəki soydaşlarımızın ayaq üstə qaldırılması gərəkdir. Bu, həm də ideyanın Quzey Azərbaycandakı soydaşlarımızın ruhuna nə dərəcədə keçməsindən, qanadlanmasından çox asılıdır. Əvvəlki inqilablardan, yəni Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarından dərs almalıyıq: "Təəssüf edirəm ki, "Gülüstan" və "Türkmənçay" müqavilələrinə münasibət ancaq tarixi mərhələdə, ildönümlərində yada düşür. Elə ki, bir neçə tarixçi, ziyalı bu mövzunu gündəmə gətirir, o zaman mövzu dirilir, yox, əgər gündəmə gətirilmirsə, o zaman belə bir təəssürat yaranır ki, sanki hər şey qaydasındadır. Belə bir təbliğat olmadığından bugünkü kütlə daha çox bu və ya başqa xalqın tarixinin aktual məsələriylə daha çox məşğul olur, maraqlanır, nəinki özümüzün. Əgər unutqanlığımız olmasaydı, o zaman başımıza gələn fəlakətlərin miqyası hər halda indikindən az olacaqdı. "Türkmənçay" müqavləsindən az sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə başlandı. Çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarında İrəvan quberniyası, sonradan isə Ermənistan Respublikası yaradıldı. Əgər vaxtında tədbir görsəydik, o zaman ermənilər indiki kimi üstümüzə ayaq açmağa cəsarət etməyəcəkdilər. Biz ilk dəfə 1995-ci ildə elan etdik ki, indiki Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarının ərazisində yaradılıb. Bunu biz 1987-ci ildə Aqambekyanın çıxışından azca sonra deməli idik. Həmçinin də Zori Balayanın nəinki rus, ondan əvvəl ermənicə çıxan "Ocaq" kitabından dərhal sonra hiddətimizi bildirməliydik".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 15 oktyabr.- S.14.