Azərbaycanın şərəf
tarixi-18 oktyabr
18 oktyabr Azərbaycan Respublikasının Dövlət
Müstəqilliyi Günüdür. 19 il
öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktını qəbul
edib. Həmin il
oktyabrın 8-də işə başlanan
növbədənkənar sessiya məsələni
dörd gün
müzakirə etsə də, qərar verməyi bir həftə sonraya
saxlayıb. Nəhayət, 1991-ci il
oktyabrın 18-də Ali Sovetin
sessiyasında tarixi sənəd qəbul edilib.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmır, ya da əleyhinə səs verirlər.
Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Aktada 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi kimi qiymətləndirilir. Əlavə edilir ki, Azərbaycan Respublikasının müstəqilliyinə qarşı yönəldilən hər hansı hərəkət suveren dövlətin daxili işlərinə qarışmaqdır və beynəlxalq hüquq normalarına uyğun olaraq bu hərəkətlərə cavab veriləcək. Eyni zamanda bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır. Konstitusiya Aktı ümumilikdə 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95 faizi bu referendumda iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. 2006-cı il dekabrın 8-də isə Milli Məclis Əmək Məcəlləsinə dəyişiklik edib. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü, 17 noyabr Dirçəliş Günü bayram kimi qalsalar da, istirahət günü kimi qeyd edilmir.
Konstitusiya Aktının müəlliflərindən biri, Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimov deyir ki, birinci dəfə hazırlanan Konstitusiya Aktı onları qane etməyib: "İlk dəfə hazırlanan Konstitusiya Aktı bizi tamam qane etmədi. Çünki orada müstəqiliyyə təminat verən müəddalar yox idi. Ona görə də biz tələb etdik ki, akt yenidən işlənsin və yazılsın. Müstəqilliyə təminat verən müddəalar aktda öz əksini tapmalıdır. İsrarlı tələblərdən sonra yeni komissiya yarandı. O vaxt Ali Sovet komissiyanın tərkibini seçmişdi. Ancaq sədr müəyyən olunmamışdı. Ali Sovetin Rəyasət Heyəti bu məsələni müzakirə edib və qərara gəliblər ki, məni sədr seçsinlər. Ziyad Səmədzadə gəldi, dedi ki, Rəyasət Heyəti səni məsləhət görüb, ancaq bir şərtimiz var. Şərt də budur ki, Konstitusiya Aktında Sovet İmperiyası, sovet əsarəti, Azərbaycanın işğalı kimi ifadələrdən istifadə olunmamalıdır. Ancaq mən bu şərtlə razılaşmadım və dedim ki, bu rəsmi sənəddir, bütün məqamlar burada öz əksini tapacaq. Ziyad Səmədzadə güldü və dedi ki, "bilirəm, siz ağıllı oğlansınız belə şey eləməzsiniz". Cavab verdim ki, elə ağıllı oğlan oldğuma görə belə edəcəyəm. İstəmirsinizsə, mən imtina edirəm, gedin başqa sədr seçin. Rəyasət Heyəti artıq qərar qəbul etdiyindən geriyə yol yox idi. Nəsə, Konstitusiya Aktını hazırlamağa başladıq, kommunist çoxluq bir çox məqamlara etiraz edirdi, deyirdilər ki, SSRİ hələ yaşayır, onun əleyhinə nəsə yazmaq olmaz, müstəqillik haqda qeydlərin olması mümkün deyil. Amma bütün müqavimətlərə, etirazlara baxmayaraq biz nə lazımdırsa onu da yazdıq. Onu da yazdıq ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ali Sovetdə müzakirələr zamanı da "Komblok" çox müqavimət göstərirdi. Hətta çıxıb foyedə gizlənirdilər ki, səsverməyə qatılmasınlar. Biz də vəziyyətdən çıxış yolu kimi təklif etdik ki, səsvermə adbaad olsun. Hətta onları bir növ hədələdik də, dedik ki, burada baş verənlər tarixə düşür, siz müstəqilliyin əleyhinə olduğunuz üçün Azərbaycan xalqı qarşısında cavab verəcəksiniz. Yalnız bundan sonra uğurlu nəticə əldə etmək mümkün oldu. Təxminən 100 nəfər isə ümumiyyətlə qaçmışdı, iclasa gəlməmişdi. 258 nəfərin böyük əksəriyyəti Konstitusiya Aktına səs verdi. İndi qəzetlərdə yazırlar ki, 31 nəfər Konstitusiya Aktının əleyhinə səs verib. Bildirmək istəyirəm ki, həmin deputatların böyük əksəriyyəti həmin gün iclasda iştirak edib, aktın lehinə səs verib. Onlar SSRİ-nin saxlanılmasının əleyhinə səs verməyiblər, bu isə 7 mart 1991-ci il tarixinə təsadüf edir.
Hələ də yadımdadır, səs vermədən sonra alqışlardan qulaq tutulurdu, insanlar göz yaşlarını saxlaya bilmirdilər. Xalq isə Ali Sovetin ətrafında yığışmışdı. Xalq da Konstitusiya Aktının qəbul edilməsini böyük şadyanalıqla bayram elədi. Mən tribunadan düşəndə gördüm çıxış etmək istəyənlərin böyük bir növbəsi var: İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə çıxış etdilər ki, bu gün Azərbaycanın dövlət müstəqilliyi günün qeyd olunmasıyla bağlı qərar qəbul edək. Təklif dəstəkləndi və belə bir qərar qəbul olundu. Xalqın böyük birliyi yarandı. Amma sənədi prezident imzalamalıydı, nəsə bu prosesi yubadırdılar. Ali Sovetdə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışan Şahin Əliyev vasitəsilə müəyyənləşdirə bildik ki, bizim qəbul etdiyimiz Konstitusiya Aktında prezidentin göstərişiylə çox ciddi dəyişikliklər edilib, böyük təhriflər var. Doğrudur, Şahin Əliyevin köməkliyilə müəyyən məqamları düzəltdik, ancaq akt yenə də qəzetdə ciddi təhriflərlə dərc edildi. Mən məsələni Ali Sovetdə qaldırdım, böyük qalmaqal yaşandı, deputatlar bildirdilər ki, bu böyük cinayətdir. Bunu kim edibsə onun haqqında cinayət işi qaldırmaq lazımdır. Ali Sovetdə Tofiq Bağırovun sədrliyilə komissiya yarandı, bizim hazırladığımız layihəni, stenoqramı qəzetdə çap olunanla tutuşdurdular, bəlli oldu ki, doğrudan da ciddi dəyişikliklər edilib. Ali Sovet məsələni müzakirəyə çıxardı və qərar qəbul olundu ki, əsl mətn bərpa edilsin".
Hacıbaba Əzimov Konstitusiya Aktının qəbulunun tarixi əhəmiyyətindən danışdı: "Konstitusiya Aktının qəbul olunmasından sonra dərhal Türkiyə bizi tanıdı. Daha sonra Ruminiya, Pakistan, İran Azərbaycanın müstəqilliyini tanımaq qərarı verdilər. Martın 2-də isə BMT bizi suveren dövlət kimi tanıdı, bu təşkilatın üzvü olduq. Dərhal Azərbaycan Respublikasının Avropa tipli parlamentini yaratdıq. Bu, həmin aktın tələblərindən irəli gəlirdi. Həmin Milli Məclis müstəqil Azərbaycan Respublikasının qanunvericilik bazasını yaratdı. Dövlətin bütün atributları təsdiq olundu. Azərbaycanın hüquqi dövlət kimi fəaliyyət göstərməsi üçün geniş imkanlar yarandı. Konstitusiya Aktının 32-ci maddəsində qeyd olunur ki, Azərbaycanın yeni konstitusiyası bu aktın prinsipləri əsasında hazırlanmalıdır. İndiki konstitusiyanın giriş hissəsində yazılıb ki, bu konstitusiya 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Konstitusiya Aktının prinsiplərini əsas götürərək referendum yolu ilə qəbul edilir. Azərbaycanda hakimiyyətin bölgüsü məsələsi ilk dəfə olaraq bu aktla müəyyənləşdirildi".
VAMBP-nın sədri deyir ki, bu gün Konstitusiya Aktı yaddan çıxıb: "Təəssüf ki, bu gün Konstitusiya Aktı tamam yaddan çıxıb, məktəblərdə keçmirlər, hətta ali məktəblərin hüquq fakültələrində də bu barədə məlumat verilmir. O vaxt bir-iki dəfə çap olunub, ondan sonra üzərinə yekə bir daş qoyublar. Bu da ki yaxşı iş deyil".
Ağa Cəfərli
Xalq Cəbhəsi.- 2010.- 15 oktyabr.- S.7.