Müstəqillik tariximizin
qəhrəmanlıq səhifələri
Hər bir xalqın yaşamasında, var olmasında onun fərdlərinin oynadığı rol çox əhəmiyyətlidir. Mahiyyətcə hər bir fərd özü vətəndir. Vətən səviyyəsinə yüksəlmək, yəni fərdlərin bir yerdə vətəni təmsil etməsi elə-belə başa gəlmir. Uzun illər ərzində davamlı, sabit əqidəçilikdə qalmaq, torpağı müqəddəsləşən səviyyədə yurd hesab etmək, yurdun yaşaması naminə hər cür əzab-əziyyətə dözmək son nəticədə vətənə layiq olmaq deməkdir. Azərbaycan dövlətçilik tarixində 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti şanlı bir səhifədir. Azərbaycan Demokratik Cümhuriyyətini Vətəni ürəkdən sevən uca kişilər yaratdılar. Xüsusən o dövrdə Rusiya imperiyasının caynağından qurtulub çıxmış Quzey Azərbaycanda milli dövlət quruculuğunu həyata keçirmək olduqca müşkül məsələ idi.
Professor Qüdrət Əbdülsəlimzadə Cümhuriyyətin xalqımızın tarixi taleyindəki rolunu belə dəyərləndirir: "Sivil dövlətçilik prinsiplərinə və atributlarına - çoxpartiyalı parlamentə, peşəkar siyasətçi və peşəkarlardan ibarət hökumətə, orduya, milli valyutaya, himnə, üçrəngli bayrağa, gerbə malik Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın keçdiyi əzablı yolların, sərt dönüşlərin, ziddiyyətli, ictimai-siyasi, iqtisadi-sosial, mədəni-mənəvi inkişaf prosesinin şərəfli yekunu oldu. Millətlərin özünüdərk və oyanışı prosesi əvvəlki nəsillərin maarifçilik ideyaları, yeniləşmək arzuları, mübarizlik çağırışları, insan hüquqlarına, onun ləyaqətinə hörmət göstərilməsi təməlində formalaşır. 19-cu yüzildən başlanan mürəkkəb ictimai proseslərin gedişi Azərbaycan cəmiyyətində zamanın tələblərinə uyğun köklü dəyişiklikləri tarixi zərurət kimi irəli sürmüşdü. Xüsusilə 19-cu yüzilin sonu, 20-ci yüzilin əvvəllərində bütövlükdə beynəlxalq aləmdə, çar Rusiyası daxilində, müxtəlif maraqların toqquşduğu Qafqaz bölgəsində, Azərbaycanda baş vermiş qanlı-qadalı hadisələrdən sonra çətinlik, ciddi maneələrə baxmayaraq dünyanın siyasi xəritəsində Azərbaycan Xalq Cümhuriyətinin meydana çıxması, habelə tanınması təkcə xalqımızın yox, Türk Dünyasının tarixi zəfəri idi. Cümhuriyyətin yaradılmasında misilsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi kişilərin xidmətləri sayəsində "işıqlı ulduza" bənzətdikləri və "bir daha enməyəcəyinə inandıqları" "Millətin hüquqi, İstiqlalı, Hürriyyəti" amallı yeni quruluşun siyasi-mənəvi varisi olmaq böyük şərəfdir. Babalarımızın bünövrəsini qoyduqları işi, arzularını başa çatdırmalıyıq. O çətin şəraitdə hansı işlərisə yerinə yetirməmək, başa çatdırmamaq halları olub. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə hələ də kökünü kəsə bilmədiyimiz rüşvətxorluq, korrupsiya, məmur harınlığı, israfçılıq halları, kəskin təbəqələşmə, hərisliklə mal-dövlət toplamaq, başqalarından seçilmək meylləri olmamışdı. Başqa xalqlar keçmişlərinə, tarixi mübarizə yollarına, siyasi xadimlərinə, tanınmış adamlarına dərin hörmətlə yanaşırlar. Onlar bəzən yaşamadıqları tarixi proseslərə belə müxtəlif variantlar uydurur və olmayan hadisələrə belə xatirə kompleksləri təşkil edir, heykəllər yapırlar. Biz əksinə, daxili-xarici müqavimətlərə sinə gərən, Azərbaycanı müstəqil dövlət kimi beynəlxalq aləmdə tanıdan, iqtisadi-sosial sahədə mühüm tədbirləri həyata keçirən, son nəfəslərinə qədər sözün əsil mənasında azadlıq uğrunda şəhid ömrü yaşamış kişilərin guya nəyisə düzgün etmədikləri, yaxud bacarmadıqları haqqında mücərrəd mülahizədər yürüdürük. Bir anlıq o mürəkkəb, ziddiyyətli günlərə qayıdaraq siyasətin imkanı gerçəkliyə çevirmək bacarığı-sənəti olduğunu, habelə hökmən müəyyən güzəştlər müstəvisində gerçəkləşməsi zəruriliyini nəzərə alsaq, Məhəmməd Əmin Rəsulzadənin sözləri nə qədər aktual səslənir: "Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və əngəllidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi nəzərə almalıyıq. Dumanlı yollar keçmək və son məqsədə çatmaq üçün bir çox fədakarlıq etməli, səbat göstərilməlidir". Çətin şəraitdə Cümhuriyyətin iqtisadi siyasətinin cari və perspektiv konturları, onun lideri M.Ə.Rəsulzadənin "Fikri, milli və siyasi istiqlalın kökü - İstiqlaldır" ideyası əsasında formalaşmışdı. Məhəmməd Əmin Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərində hər bir yeni hakimiyyət üçün aktual əhəmiyyət daşıyan mülkiyyət, torpaq, əmlak məsələlərinə dair hökumətin təkamül xarakterli demokratik dəyişikliklər yolu ilə irəliləmək siyasətini aydınlaşdıraraq yazırdı ki, əsas məqsəd cəmiyyətin bütün vətəndaşlarının bərabər yaşamaq hüququ əsasında qurulması idi". Nisbətən qısa bir tarixi dövr ərzində AXC-nin dünyanın müxtəlif qitələrində yerləşən 23 dövləti tərəfindən tanınması faktı onun və liderlərinin beynəlxalq aləmdəki nüfuzunu təsdiq edir".
Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə Azərbaycanda həbs edilərək Moskvaya aparıldı. Bir müddətdən sonra o, xaricə mühacirət etməyə müvəffəq oldu. Mühacirət dövrü ərzində M.Ə.Rəsulzadə daim Azərbaycanın azadlığı, onun sovet əsarətindən xilas olması uğrunda mübarizə apardı. Onun 1953-cü il mayın 28-də "Amerikanın səsi" radiosu ilə Azərbaycan xalqına müraciəti çox diqqətçəkəndir. Məlumdur ki, həmin ilin martında artıq Stalin ölmüşdü, onun yaratdığı xof hələ də yaşayırdı. Az sonra Xruşşov adlı birisi meydana çıxacaq, Stalinin xofunu yıxacaqdı. M.Ə.Rəsulzadəni qayğılandıran isə belə bir məqamda xalqın daxilən köklənməsi, ayılması istəyi idi. Bu mənada o, Cümhuriyyətin qurulmasının elan edildiyi 28 Mayda xalqa müraciət edərək onun tarixi qəhrəmanlıqlarla dolu keçmişini xatırladır. Qeyd edir ki, yüz il sürən çar əsarətindən sonra bundan 35 il əvvəl (1918-ci ildə - E.Q.) Azərbaycan Milli Şurası Azərbaycan Cmhuriyyətinin istiqlalını bütün dünyaya elan etdi. O, "istiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısının" 19-cu yüzilin əvvəllərində Rusiya imperiyasına qarşı aparıldığını bildirir: "Cavad xanın 1804-cü ildə Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu, həqiqi vətənpərvərlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır. İstiqlal elanından keçən az bir vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə çox işlər gördü. Yüz ildən bəri hərbi xidmətdən məhrum edilən Azərbaycanda bir ordu, çarlıq zamanında dövlət idarələrinə yaxın buraxılmayan azərbaycanlılardan zabit və ictimai asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin hüquqlarını qorumaq üçün tədbirlər gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili dövlətin rəsmi dili elan edildi. Orta və ali məktəblər açıldı".
M.Ə.Rəsulzadə soydaşlarımıza müraciətində daha sonra bir məqamı xatırladır ki, Stalin dönəmindən fərqli olaraq Cümhuriyyət dövründə Azərbaycanda tam bir azadlıq var idi: "O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yox idi. Hər yerdə əmin-amanlıq vardı. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara istərsə gedərdi. Az vaxtda bir çox böyük dövlətlər istiqlalımızı tanıdılar. 1920-ci ilin 12 yanvarı cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü Azərbaycan xalqı candan bayram etdi. Çünki bu gündən etibarən Azərbaycan davası Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlərarası bir məsələ olmuşdu. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila xəyalı artıq bizdən uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə daha qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 apreldə sovet təbliğatçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər". O, sovet quruluşunu "qəddar", "ən yalançı bir istibdad rejim" adlandırır: "Müqayisə etmək imkanında olsaydınız, bunun nə qədər doğru olduğunu gözünüzlə görərdiniz. Qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar yarasa kimidirlər, günəşdən qaçarlar".
M.Ə.Rəsulzadə qeyd edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin hər cür hüquqdan məhrum şəkildə yaşamasını dünyaya anlatmaq çox çətin olmayıb: "Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi olan stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə yenidən doğacaq. Buna qətiyyən şübhə etməyin".
Araşdırmaçı Yadigar Türkel M.Ə.Rəsulzadəni "Azərbaycan Türklərinin 20-ci yüzillikdə yetişdirdiyi ən böyük dövlət qurucusu və milli ideoloqu" adlandırır: "O, 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətini elan edən Azərbaycan Milli Şurasının sədri, Milli Azadlıq Hərəkatının öncülü idi. M.Ə.Rəsulzadə arxadaşları ilə yüz il çar Rusiyasının əsarətində qalıb var-yoxu talanmış "Tarixi-coğrafi Azərbaycan"ın quzeyində Azərbaycan Cümhuriyyətini quraraq milli kimliyi dolaşdırılmış Azərbaycan Türklərini 20-ci yüzillikdə ilk dəfə siyasi millət halına gətirib. M.Ə.Rəsulzadə deyirdi: "Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi"ni elan etməklə sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir". Məhəmməd Əmin gənc yaşlarından tükənməz bir sevgi ilə "Azərbaycan davası"na qalxmış və son nəfəsinədək andına bağlı qalmışdı. O, deyirdi: "Rusiya idarəsindəki müsəlmanlara "türk" dedirtmək qazanılmış bir davadır. Yalnız "türk" kəlməsi yox, Azərbaycan adı da qazanılmışdır". Y.Türkel daha sonra vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyətində "Türkçülük, Vətənçilik, Milli Dövlətçilik, Xalqçılıq, Cümhuriyyətçilik" siyasi millətçilik - Azərbaycançılıq səviyyəsinə qaldırılmışdı. Y.Türkel bu qənaətə gəlir ki, Azərbaycanın millətçi, dövlətçi, Azərbaycançı aydınları Azərbaycan Cümhuriyyətinin 23 aylıq qısa dönəmində millət üçün onillərlə də edilməsi çətin olan böyük siyasi-ideoloji, iqtisadi, milli-mənəvi işlər görüblər: "M.Ə.Rəsulzadə Türkiyədə və Avropada açdığı qəzet və jurnallarda yazdığı siyasi məqalələri, çap etdirdiyi dəyərli kitabları ilə "Azərbaycan davası"nı davam etdirmiş, millətinə düzgün ideoloji yol göstərməyə çalışmışdı. "Mühacirət həyatının çəkilməz şərtləri içərisində" etdiyi bu davanın genişliyi heyrətləndirici olub, bugünkü millətçi, dövlətçi, Azərbaycançı gənclərə örnəkdir".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 20 oktyabr.- S.10.