"Mübariz torpaq uğrunda şəhid olub"

 

 Şamama ana: "Torpaqlarımız işğaldan azad olsa bizi kimi analara təsəlli olar"

 

Mübariz bu ilin may ayında səkkiz günlük məzuniyyətə gəlir. Şamama ana deyir ki, sanki Mübariz toydan-bayramdan gəlirmiş: "Elə şən görünürdü ki, mən də fikirləşdim, yəqin yeri-yurdu rahatdır, ona görə kefi yaxşıdır. Bu rahatlığımı ona deyəndə güldü. Dedi ki, əsil mən istədiyim yerdə qulluq edirəm. Sonra da ağzından qaçırdı ki, güllənin biri sağdan, o birisoldan vıyıldayıb keçir. Bunu eşidəndə dizlərim əsdi, taqətim kəsildi.

Elə bildim ki, ürəyimdən nəyisə qoparıb atdılar. Çox üstünə getməsəm də, içimdə çəkdiyimi çəkirdim. Həmin gündən yuxum da ərşə çəkilmişdi. Gözlərimi yuman kimi qarma-qarışıq fikirlər beynimi didib-dağıdırdı. Namaz üstə Allaha dua edib, yalvarırdım ki, balamı qorusun"...

 

Allah sevgisi

 

...Mübariz məzuniyyətdə olduğu müddətdə ata-anası onun adına dedikləri yeddi qurbandan dördünü kəsirlər: "Niyyət eləmişdik ki, sağ-salamat olsun, qurbanlar kəsək. Üç qurbanı qalırdı, dedik torpaqlarımız yağı düşməndən azad olunsun, Vətənimizdə əmin-amanlıq yaransın o qurbanları da kəsib paylayarıq. Niyyətimiz hasil olmadı. Mübarizin ürəyində Allah sevgisi güclüydü. Elə bil o bu sevgidən güc alırdı, bəlkə də bu sevginin təsirindəniydi, qorxu-hürkü nədi bilməzdi"...

...Mübariz çarəsizləri, yetimi-yesiri görəndə əl uzadardı, onların haqqını qorumağı özünə borc bilərdi. Ancaq zalımlarla isə bir başqa cür rəftar edərdi. Onun zalım bildikləri erməni cəlladlarıydı ki, onlardan qisas almaq üçün özünü odun-alovun içinə atmışdı: "Mübariz hələ evdə olarkən televizorda Xocalı faciəsindən, qız-gəlinlərimizin erməni əsirliyində olmasından verilişlər veriləndə özünə yer tapmırdı. Yumuruğunu düyünləyirdi, sanki qisas gününü gözləyirdi". Şamama ana deyir ki, Mübariz məzuniyyətdən dönəndə ona bibisinin yetim qalmış balalarını tapşırır: "Bibisinin həyat yoldaşı rəhmətə gedəndən sonra biz onlara əl tuturduq. Mübariz isə onların qayğısını bir başqa cür çəkirdi. Həmin gün onlar da Mübarizi yola salmağa gəlmişdilər. Hamımızla sağollaşdı, bircə-bircə bağrına basdı. Elə bil birdəfəlik gedirdi"...

 

"Şəhid olsam, ağlamayın"

 

...Döyüş əməliyyatından bir gün əvvəl anasıyla telefonla danışır. Hal-xoşdan sonra anasına deyir ki, özünüzdən muğayət olun. Bir də tapşırır ki, qardaşlarının toyunu eləsinlər. Özü isə bu haqda heç vaxt fikirləşməyib. Heç sevdiyi, könül verdiyi qız da olmayıb. Mübariz sonda anasına bildirib ki, ondan dualarını əskik etməsin. Telefon danışığıyla ürəyi soyumayan Mübariz ata-anasına vida məktubu yazır: "Salam, anamatam. Məndən çox darıxmayın. İnşaallah, cənnətdə görüşərik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliydim. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin". Məktubu tamamlayıb yolaşına verir ki, başına bir gəlsə valideynlərinə çatdırsın...

...Səhərisi gün axşam xəbərlərində ailəsi Mübarizin ölüm xəbərini eşidir. Belə ki, Mübariz 2010-cu il iyunun 19-da gecə saat 22:30 radələrində əvvəlcədən planlaşdırdığı əməliyyata başlayır. Düşmənlə üzbəüz bir kilometrlik neytral ərazini keçərək neçə illərdir torpaqlarımızı işğal altında saxlayan, ana-bacılarımızın gözünü yaşlı, uşaqları yetim, qadınları dul, anaları ürəyi dağlı qoyan erməni cəlladlarından olanlara aman verməyərək, qarşısına çıxanları məhv edir. Gülləsi qurtaran Mübariz sonda şəhid olur. Mübarizin qəhərəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu elə alır ki, onlar Azərbaycanın igid oğlunun cəsədindən belə çəkinirlər. Şəhid olmuş Vətən oğlumuzun əllərini bağlayırlar. Yaramazcasına şəkillərini çəkib internetdə yerləşdirirlər. Ancaq mənfur düşmənin əlində olan Mübarizin cəsədidir, onun ruhu göylərdədir, Allahın yanında pərvaz edib, torpaqlarımızın azad olduğu günü gözləyir...

 

Sığal çəkən əllər

 

...Mübarizin müxtəlif geyimlərdə çəkdirdiyi şəkillərinə baxdığımızı görən Şamama ana dillənir:"Allah Mübarizdən heç nəyi əsirgəməmişdi. Ona hündür boy-buxun, gözəlik vermişdi. Bu şəkillərdə hələ bir qədər solğun düşüb". Şamama ana bunu deyib əlindəki kitabın üz qabığında olan Mübarizin şəklinə sığıl çəkdi. Ananın sığalı bir başqaydı-həm kövrək, həm məlhəm, həm də ürəkləri titrədən. Biz ondan soruşduq ki, hardandır sizdə bu qədər təmkin, dəyanət, səbr. Şamama ana bizlərə bunları anlatdı:"Mübariz məni də, atasını da, qardaşlarını da öz ölümünə hazırlamışdı. Onun israrla ikinci dəfə orduda qulluğa yollanması, telefon zənglərində deydiyi sözlər, məzuniyyətə gələndə özünü aparmağı hər şeydən xəbər verirdi. Ancaq biz bunları görməməzlikdən gəlirdik. Sonu da belə. Çalışıram kimsənin qarşısında ağlamayım. Dərdimi içimdə çəkim. Bəzən olur ki, yoldaşımın, uşaqların gözündən yayınıb ağlayıram. Sonra məkbubunu dönə-dönə oxuyub toxtayıram". Şamama ana bunları deyib özünü saxlaya bilmədi, hönkür-hönkür ağladı. Bizona qoşulduq. Ancaq tezözümüzü ələ alıb Şamama anaya toxtaqlıq verdik:"Siz bütün analara örnək olan bir anasınız. Siz elə bir oğlul böyüdüb boy-başa çatdırmısınız ki, əlli milyonluq Azərbaycan türkü, eyni zamanda bütün Türk Dünyası onunla qürur duyur. Analar övladlarına Mübariz kimi bir oğul olmaq öyüdünü verir. Yeni doğulan oğlan uşaqlarına Mübarizin adı qoyulur ki, o da mübariz olsun, Vətəni Mübariz kimi sevsin, Vətənin yolunda Mübariz kimi canından keçməkdən belə çəkinməsin. Mübariz 22 yaşında elə bir iz qoyub gedib ki, bu iz bizi torpaqlarımızın düşməndən azad edilməsinə və qələbəyə doğru aparacaq. Mübariz həm də illərdir yatmış beyinləri, ruhları oyatdı ki, ayağa qalxıb torpaqları azad edək, şəhid ruhlarını sevindirək, anaların sızlayan yaralarına məlhəm qoyaq, tapdalanmış namusumuzu və qeyrətimizi qaytaraq. Bu gün elə şəhid anaları var ki, sizin təmkininizi və səbrinizi özlərinə örnək seçiblər".

Bizim təsəllimizdən sonra Şamama ana özünü toparlayıb dedi: "Torpaqlarımız işğaldan azad olsa, bizi kimi analara təsəlli olar. Mən düz deyirəm, ən böyük təsəllim budur. Çünki Mübariz torpaq uğurunda şəhid olub". Şamama ananın digər bir arzusu isə oğlunun cəsədinin ermənilərin əlindən alınmasıdır. O inanır ki, bu arzusu gerçəkləşəcək. Və oğlunun cəsədini geri alıb torpağa tapşıracaqlar. Heç olmasa bundan sonra rahatlıq tapar...

...Artıq sağollaşmaq vaxtı yetişir. Dəhlizə çıxırıq. Bu zaman gözlərimiz qapısı açıq otağa sataşır. Mübarizin otağıdır. Bura ev muzeyini xatırladır. Bir kənarda stulun üstündə üzərini ay-ulduzlu bayrağımız örtmüş parltarları qalaqlanıb. Digər tərəfdə isə yenə də böyük portretistulun üzərinə qoyulmuş müxtəlif kitablar, qəzetlər və

əşyalar var. Şamama ana ilə vidalaşıb həyətə gəlirik. Stun üzərində qoyulan xatirə kitabına Fəridə Ləman hər birimizin ürəyindən xəbər verən sözləri yazır. Hər birimiz bu xatirə kitabına imza atıb atasıyla da sağollaşırıq. Ağakərim İbrahimovdan təmkinlə bu sözləri eşidirik: "Mənim üç oğlum vardı. Onlardan birini Vətənimə qurban demişdim. Mübarizin cəsədinin geri qaytarılmaması məni qətiyyən narahat etmir. Artıq oğlum Tanrı dərgahındadır, məqamı isə ucadır-o, şəhiddir".

Mən əminliklə deyirəm ki, bu ocaqdan hər birimiz nələrisə əxz elədik. Ən əsası isə dəyanəti, mətinliyi, səbri və dözümü...

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2010.- 20 oktyabr.- S.9.