İnsana sevgi üstə köklənmiş
ömür
Hüseyn Cavidin anadan olmasından 128 il ötür
Oktyabrın
24-də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn
Cavidin anadan olmasının 128-cı ildönümü tamam
olur. Cavid təkcə Azərbaycanın deyil, bəşər
mədəniyyəti tarixində bənzərsiz
yaradıcı simalardandır. Böyük şairin irsi
başdan-başa insana sevgi üstədir. Zaman keçəcək,
Hüseyn Cavidin yaradıcılığına maraq daha da
artacaq. "Mənim tanrım gözəllikdir, sevgidir"-
deyən Cavidin yaradıcılığı hər zaman
aktualdır. Tanınmış şair Musa Yaqub
özünün həyata, dünyaya, insana münasibətinin
formalaşmasında Hüseyn Cavidin əvəzsiz təsirindən
danışdı: "Əslində bizim nəslin
yaddaşında, yəni həm poeziya, həm də
ömür nümunəsi sarıdan Hüseyn Cavid obrazı
abidələşib. Zamanın gərdişindən idi, bizim vaxtımızda
Cavidin dərsliklərə salınması qadağan
olunmuşdu. Həmişə müəllimlərimdən, eləcə
də professor Abbas Zamanovdan və başqa ədəbiyyatşünaslardan
Hüseyn Cavid, onun şeirləri barədə eşidirdim.
"İblis", "Şeyx Sənan", "Peyğəmbər",
"Uçurum", "Səyavuş" və başqa əsərlərinin
adı gələndə yerimizdən diksinirdik ki, görəsən,
indi bəzilərinin haqqında heyrətlə
danışdıqları bu əsərlər necə olub?
Cavid bəraət aldıqdan sonra onun əsərləri
çap olunmağa başladı. Yadımdadır,
"Şeyx Sənan"ı böyük bir məhəbbətlə
oxuyurdum. Əsərin şeiriyyətinə vurulmuşdum,
tamaşasına da dəfələrlə baxdım. Birdən-birə
bizim nəslin gözləri qarşısında möcüzəli
aləm açıldı. Şərq şeiriyyətinin əhvalını
özündə yaşadan Cavid yaradıcılığı
məni həmişə məftun edib. Dünyəvi, bir az sentimental, bir az
da qanadlı olan bu poeziya ölməzdir.
Hüseyn Cavid mənim
üçün həmişə böyük sənətkardır.
O, ilk növbədə məhəbbət şairidir. Onun
şeirlərində fəlsəfilik güclüdür. Eyni
zamanda onun yaradıcılığının mayasında
mürəkkəblik olduğu dərəcədə ifadəsi
çox sadədir. Məsələn, "Gülbahar"
şeiri uşaqların anlaya biləcəyi bir dildə
yazılıb. Azərbaycan maarifçilərinin dəyərini
qətiyyən azaltmaq istəmirəm, sanki Cavid onları
üstələyib. Cavid həmişə bizim nəslin ürəyində
nisgilli, ağır məşəqqətlər çəkmiş,
dəhşətli sınaqlardan çıxmış, təqib
olunmuş nəhəng bir yaradıcı obrazı ilə qərarlaşıb.
Bolşevizm Cavidin yenilməzliyini hər vasitə ilə
sarsıtmağa, məhv etməyə
çalışırdı. Hüseyn Cavidin yadigarı Turan
Cavidlə həmişə rastlaşanda onun gözlərindəki
nisgili kədərlə seyr edirdim. Onun atasına ruhən
bağlılığı, Cavid irsinin toplanması, nəşri
yönündə çabaları məni heyrətləndirirdi.
Turan xanım ömrünün axırına kimi
atasının ideallarına sadiq qaldı. Cavid kimi bir insan
sürgünün soyuğunda-sazağında məhv edildi, sənətindən,
duyğusundan, məhəbbətindən ayırdılar onu.
Cavidin nəşinin Vətəninə gətirilərək dəfn
edilməsi onun gec də olsa, Azərbaycana qovuşması demək
oldu. Hüseyn Cavidin bənzərsiz romantikasından
doğulmuş əsərləri daim ucalığını, əlçatmazlığını
saxlayır. Bu ucalığa hər qələm yetişməz.
Heç olmasa, Cavidimizin
ruhunu yaşadaq. Zaman-zaman ədəbiyyatımızda
Füzuliyanə şeirlər çox yazılıb. Ancaq nəsə,
Hüseyn Cavid yaradıcılığından təsirlənmə
Füzuli ilə müqayisədə azdır. Sanki Cavid ruhu o qədər
ucadır ki, bəziləri ona çata bilməməkdən
ehtiyat edirlər. Sanki Cavidə
bu mənada yanaşmaqdan
qorxuruq. Cavidin əsərləri dilimizə doğma, yaxın
olan türk söz tərkiblərilə zəngindir. O,
Türkiyədə təhsil almışdı, şübhəsiz,
bu da yaradıcılığına təsirsiz
ötüşməmişdi. Osmanlı dövrünün
türkcəsindən fərqli olaraq indiki Türkiyə
türkcəsi daha aydındır. Bu sahədə
aydınlığı yaradanlardan biri əslində Hüseyn
Cavid oldu. Cavidin əsərləri ortaq türkcə ruhuna daha
yaxındır".
Cavidin poeziyasında dərin
həyat fəlsəfəsi, güclü, poetik məntiq,
romantik xəyalpərvərliklə üzvi surətdə
qovuşan realizm özünü göstərməkdədir.
Cavid son dram əsərləri olan "Səyavuş" və
"Xəyyam"da hadisələr İranda və Turanda
baş versə də, onların qəhrəmanları
bütün bəşəriyyətin taleyi üçün
narahatlıq keçirən və məsuliyyət
daşıyan insanlardır.
AMEA-nın müxbir
üzvü, professor Rəfael Hüseynovun
araşdırmalarında Cavidin yaradıcılığına
münasibət belə ifadə olunur: "Cavidin
"günahı" o idi ki, Türkiyədə təhsil
almışdı, sovet ideologiyasının əsiri
olmamış, bu siyasi rejim içərisində yaşasa da,
onun diktəsi ilə heç nə yazmamışdı. Azərbaycanın
fanatik bolşevik liderlərinin tələblərinə məhəl
qoymayaraq gələcəksiz sosialist tematikasından vaz
keçmiş, mövzularını tarixdən
almışdı. Cavidin "günahı" o idi ki,
böyük ağıl və cəmiyyət içərisində
yüksək nüfuz sahibi idi. O, müasiri olduğu
quruluşun və hakimiyyətin puçluğunu,
qondarmalığını başa düşürdü,
bunları bütün senzura yasaqlarına baxmayaraq əsərlərində
ifşa edirdi. O, Azərbaycanın ən üstün
ziyalılarından biri idi. Dar sovet qəliblərinə
sığmırdı və öz tələblərinə uyğun
nəsillər yetişdirmək istəyən yeni sovet sisteminə
belə aydın zəkalı insanlar qətiyyən lazım
deyildi. Ona görə də 1937-ci il iyulun 4-də Cavid
"xalq düşməni" elan edilərək həbs
edildi. Həmin gün əslində yaradıcı Cavidin
ömrünün bitən günüdür. O, yazı masasından,
ailəsindən, şeirdən, teatrdan zorla ayrı
salınanda artıq 22 pyesi vardı, 55 yaşında idi.
"Cavid" - "əbədi", "həmişəyaşar"
deməkdir. O, bu gün Bakıda ucalan abidəsi,
Naxçıvandakı məqbərəsi ilə, dillərdə,
ürəklərdə, beyinlərdə sayrışan
şeirlərilə, səhnələrdəki pyeslərilə
canlıdır, yaşayır. Cavid həyatı bitəcəksiz
bir ömürdür. O, böyük əsərlərini
yaradarkən bilirdi ki, qarşıda gözlənilən təhlükələr
bir gün qapısını döyəcək. Ancaq buna
baxmayaraq haqq sözü yazmaqdan əl çəkmədi.
Cavidə övladlıq borcunu qaytaranlara, ona sədaqət və
məhəbbətlərini böyük əməkləri ilə
sübut edənlərə bu əbədiyyətdən pay
düşür. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Bakının baş memarı olmuş Zivər
bəy Əhmədbəyov Cavidlə görüşü
zamanı onun yazıb-yaratdığı otağa işarə
edərək soruşur ki, bu balaca otaqda necə işləyirsiniz,
pəncərəsi belə yoxdur. Cavid cavab verir ki, ehtiyac
yoxdur, mənim öz pəncərəm var. Cavid dünyaya daim
öz pəncərəsindən baxırdı".
Hüseyn Cavid fitri istedad
sahibiydi. Zaman onu əymək, sındırmaq istəyirdi, ancaq
bacarmadı. Cismini əlimizdən aldı, öldürdü. Əslində
bununla şər Cavidimizin ölümsüzlüyünü təsdiq
etdi. Hüseyn Cavid bəşər mədəniyyəti
tarixində ən uca simalardan biridir. Böyük şairin məzarı
Azərbaycana 1982-ci ildə gətirilib. Həmin vaxt Cavidin məzarının
uzaq Sibirdən gətirilməsində başı müsibətlər
çəkmiş H.Cəfərov Cavidin cənazəsinin Vətəninə
gətirilməsi ilə bağlı bunları
xatırlayır: "Caviddən son məktub 1941-ci ilin
mayında Maqadandan gəlib. Bu səbəbdən də
hamı elə bilirdi ki, Cavid Maqadanda vəfat edib. Camaatın
canında xof vardı, hər şeyi danışa bilmirdilər.
Oradan gələn əsirlərdən deyənlər
varmış ki, Cavidi öz əlimizlə
basdırmışıq. Təbii ki, qorxudan belə deyirdilər.
Məsələni dəqiqləşdirmək lazım idi.
1982-ci ildə Maqadandan gələn rəsmi məktub
bütün qaranlıq mətləblərə işıq
saçdı. Məlum olurdu ki, Hüseyn Cavid 1941-ci ilin
mayınadək burada saxlanılmış, oktyabrda isə
İrkutsk Vilayətinin Tayşet rayonunun Şevçenko kəndində
yerləşən əlillər evinə göndərilib. Məktubumuza
diqqətli reaksiyadan çox ruhlandıq, bu dəfə
növbəti məktubu İrkutsk vilayətinin DİN-nə gəndərdik.
Xahişimizə əsasən Cavidin 13133 saylı şəxsi
işini bizə göndərdilər. Şəxsi işdən
məlum oldu ki, Cavid 1937-ci il iyunun 3-dən 4-nə keçən
gecə DTK tərəfindən evindən aparılıb.
1937-1939-cu illərdə Bakıda - Bayıl, Keşlə və
DTK kameralarında görünməmiş əzab-əziyyətə,
hər cür təzyiqlərə məruz qalıb. Məqsəd
o olub ki, Cavidin "günahını" üzünə
sübut etsinlər: sən İran casususan, sən
pantürkistsən, sən alman casususan... Xatırladaq ki, Cavidi
Müşviq və Əhməd Cavadla bir gecədə tutublar.
Müşviqlə Cavadı 1938-ci ildə güllələmişlər.
1939-cu ilin iyulunda Cavidin sənədləri xüsusi
şöbəyə göndərilir. Məsələ
burasındadır ki, onun boynuna heç bir günah qoyub
sübut edə bilməyiblər. NKVD-nin xüsusi idarəsi
iyunun 9-da guya ki, gizli antisovet fəaliyyətinə görə
Cavidə 8 il iş kəsir. Həbs müddəti 4 iyun 1937-ci
ildən hesablanır. 1939-cu ilin 26 avqustunda sənədlə
tanış olaraq qol çəkən Cavidin soyuq,
şaxtalı Sibir həyatı başlanır. Gəmi ilə
Həştərxana, oradan Xabarovskiyə qatarla, Vladivostoka,
sonda Maqadana gəlib çatır. 1939-cu ilin sentyabrından
1941-ci ilin sentyabrınadək yüzlərlə məhbus kimi
ağır işlərdə işlədilir. Şəxsi
işində iş qaydası ətraflı olaraq
yazılıb. O, ardıcıl olaraq işə
çıxıb. 1940-cı ildə artıq qeydlər
başlayır. 41-ci ildə işə çıxmalar tam
azalır. Hazırda bu şəxsi iş
Naxçıvandakı Tarix Arxivində qorunur".
Ömrünün qocalıq
dövrünü yaşayan, ruhu güclü, fəqət
cismi zəif olan Cavidimizin ayaqlarını Sibir şaxtası
aparır, bir yandan da gözləri yenidən xeyli zəifləyir.
Onu İrkutsk vilayətinin Tayşet rayonundan 75 km aralıda
yerləşən tayqa meşələrinin içindəki
Şevçenko kəndində olan 21 saylı əlillər
evinə gətirirlər. 1941-ci ildə Maqadandan
çıxarılan Cavid yalnız 17 noyabrda bura
çatdırılır.
Ancaq burda Cavidin ömrü
uzun sürmür. Həmin ilin 5 dekabrında İrkutsk
vaxtı ilə gecə saat 10.30-da vəfat edir. Cəsədi
iki gün əlillər evində qalır. Məsələ
burasındaydı ki, həmin kəshakəsdə siyasi məhbusları
birdən-birə basdırmaq olmazdı. Gərək tam
sübut olunaydı ki, ölən həqiqətən Caviddir.
Dekabrın 7-də Cavidin cəsədini qara adyala bükərək
palıddan düzəldilmiş taxta tabutda dəfn edirlər.
59 nömrəli aktda deyilir ki, başı Şərqə tərəf
qoyulan Cavid 2 metr dərinlidə basdırılıb: 59
yaşında, 59 nömrəli aktla, 59 nömrəli məzarda:
"Tayşet rayon İK-nin 14 saylı qərarına əsasən
Cavidin məzarının aparılmasına icazə verildi. 50
nəfərədək adam 10 nəfərədək
silahlı ilə birlikdə Şevçenkoya getdik. Burada 40
min qəbir vardı. İki saatlıq axtarışdan sonra qəbri
tapdıq. Növbə ilə qazdıq. 2 metrlik məzardan
tabut çıxdı. Faktlar, dəlillər qəbrin Cavidin
olduğunu sübut edirdi. 50 adam şahidlik edərək
kağıza qol çəkdi. Həmin kağızı
butulkaya qoyub qəbrin yerində basdırdıq. Sonra mitinq
keçirildi. Əsgərlər Cavidin şərəfinə
100 yaylım atəşi açdılar. 26-sı Bakıya
çatdıq. Aeroportda mitinq oldu. Oradan böyük insan
axını ilə Cavidin 1919-1937-ci illərdə
yaşadığı indiki Əlyazmalar İnstitutunda yerləşən
evinin qarşısından ötüb Qoşaqala
qapısından İçərişəhərə -
Şirvanşahlar sarayına gəldik. Noyabrın 2-si tabut Əlyazmalar
İnstitutuna gətirildi. Noyabrın 2-də xalq Cavidlə
vidalaşdı. Həmin gün tabutu Naxçıvana
apardıq. O gecə Cavid öz ata evində qaldı. Ayın
3-də isə sevdiyi tut ağacının altında
basdırıldı".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 23 oktyabr.- S.14.