Güney Azərbaycan aşıq sənətində
qəhrəmanlıq motivləri
Aşıqların çıxışlarında
döyüşkənlik ruhu əsas leytmotiv kimi diqqəti cəlb
edir
Güney Azərbaycan İran
əsarətində olduğu 200 ilə yaxın bir dönəmdə
özünün milli ruhunu çoxlu itkilər versə belə,
qoruyub saxlaya bildi. Bunun səbəbləri az deyil. Əsas səbəbi
isə odur ki, Azərbaycan Türkünün möhtəşəm,
yenilməz ruhunu məhv etmək mümkün olmadı.
Türk Ruhumuzun daşıyıcısı, yenilməz
soraqlarımızdan biri olan ana sazımızın rolunu bu yerdə
böyük bir sayğı ilə qeyd etməliyik. Sazın
türkün böyük ruhundan yarandığına kimsənin
şübhəsi yoxdur. Bu gün İranda bütün
qadağalara baxmayaraq sazın soydaşlarımızın əlindən
alınması mümkün deyil. Bu gün Güney Azərbaycanda
saz havalarının notlaşdırılmasında
böyük uğurlar qazanılmaqdadır.
Hazırda Azərbaycanımızın
Güneyində sazın əvvəlki dövrlərdən daha
güclü bir səviyyədə inkişaf etməsi milli
ruhun köklü, ciddi müqavimətinin sonucu kimi
anlaşılmalıdır. Türk Ruhundan yaranan saz daim
Türk döyüşkənliyini vəsf edir.
Güney Azərbaycanda milli
ruhumuzun yaşarı olmasında ana sazımızın
müstəsna xidmətləri var. Saz türkün möhtəşəm
döyüşkənlik ruhunu ifadə edir. Bu, Türkün
yenilməz ruhunun təqdimidir, burada zəifliyə və zəlilliyə
qətiyyən yer yoxdur. Düzdür, saz ruhumuzun bir zamanlar
daha güclü olmuş məqamlarını rəmzi şəkildə
bizə çatdırsa da, olmalı olanı inadla, inamla bizə
xatırlatsa da, bu ruhu ağlında, ürəyində gəzdirən
soydaşlarımızın, bütövlükdə millətimizin
ölümsüzlüyünü təsdiq edir. Güney Azərbaycada
saza ilahi səviyyədə sevgi var. Bu sevgi
soydaşlarımıza bütün məqamlarda sazı
anlamağa, onu böyük bir heyrət və eşqlə ifa
etməyə imkan verir. Saz itirdiyimiz yurd yerlərimizdən
yana-yana danışsa da, onun bu harayındakı kədər
bizə yenilməz güc verir.
Güney Azrəbaycan
aşıqlarının çıxışlarında
döyüşkənlik əsas leytmotiv kimi diqqəti cəlb
edir. Həm muğam dəstgahlarının, həm də
aşıq havacatlarının ifasında bəzi ümumi
oxşarlıqlar nəzərə çarpır. Adətən
Azərbaycanın Quzeyində dəstgahların ifası
zamanı muğam şöbələrinin arasındakı rənglər,
təsniflərdə bütövlükdə ansambl iştirak
edir. Ancaq müşaiyət zamanı daha çox tarı və
kamançanı müşahidə edirik. Qarmon, fortepiano və
başqa musiqi alətlərinin də bu sırada öz yeri
var. Ümumiyyətlə, Quzeydə musiqi ifalarında konkret
yığcamlıq özünü göstərir. Burada xanəndənin
uzun-uzadı improvizasiyalar etməsinə imkan yoxdur. Haradasa bu,
muğamın təhrif edilməsinin
mümkünsüzlüyünə bir sübutdur. Bu, həm də
bütövlükdə Azərbaycan türklərinin
muğamın ruhuna, mahiyyətinə bələdliyindən xəbər
verir. Güney Azərbaycanda muğam sənətinə
farssayağılıq müəyyən mənada təsir etsə
də, orada yaşayan xanəndələrimiz həm də
sırf Azərbaycanın Quzeyindəki sayaq muğam-dəstgahlar
oxuyurlar. Güneydə saz sənətinə kənar, yad,
xüsusi bir təsirin olmasını təsəvvür belə
etmək olmur.
Türkün ruhundan yaranan
saz türkün döyüşkənliyini daim vəsf edir.
Yuxarıda haqqında danışdığımız
ümumi oxşarlıq yalnız hər ikisində ifa müddətinin
uzadılması, improvizasiyaların artmasıdır. Güney
Azərbaycanda saz sənətinin daha çox Şirvan
aşıq məktəbindən bəhrələndiyi göz
önündədir. Ancaq güneyli aşıqlarımız həm
də bütövlükdə Azərbaycanın aşıq sənətinin
mahiyyətini, ənənəsini özündə
böyük bir səy və inadla yaşatmağa, inkişaf
etdirməyə çalışırlar. Çingiz Mehdipurun
rəhbərlik etdiyi ansamblın ifasında bu cəhətlər
özünü həmişə barizliyiylə göstərib.
Diqqətimizi çəkən bir əsas cəhət də həm
muğam dəstgahlarının, həm də saz
havacatlarının ifasında ayrı-ayrı aparıcı
musiqi alətləri ilə yanaşı digər alətlərin
də fəal iştirakıdır. Məsələn, burada
sazla yanaşı balaban da fəaldır, bir növ alət
"əyalətdə deyil": balaban sazla həmahəngdir,
həmruhdur. Aşıqların məharətli improvizələrindən
gözəl bir kompozisiya əmələ gəlir. Hərdən
bir havacatdan digərinə məharətli keçidlər
olur. Ümumiyyətlə, Quzey Azərbaycan
aşıqlarının repertuarında olan mahnıların
son dərəcə diqqətlə Güneydə izlənilməsi
və ifası təqdirəlayiq cəhətlərdəndir.
Güney Azərbaycan aşıqlarının ifa zamanı
döyüşkənlik ruhlu şeir parçalarından
istifadə etmələri onların sifətində gözəl
bir hal yaradır... Güney Azərbaycanda aşıq sənətinin
inkişafı hər şeydən əvvəl bir cəhətinə
görə diqqətçəkəndir. Sazımızla ana
dilimizin imkanları daim açılır, həm də
qorunur. Məlumdur ki, Güneydə ana dilimiz çox ciddi
basqılara məruz qalıb. Bu, o deməkdir ki, hazırda ana
dilimizin hər mənada varlığının qorunmasında
aşıq sənəti misilsiz hünər göstərir.
Aşıqların bu və ya digər havacatı oxuyarkən
aydın ifa tərzləri, türk sözlərinin əzəmətli
deyilişi insanı ruhlandırır.
Bu gün də Güney Azərbaycanda
yeni saz ansamblları yaranmaqda və xalq arasında
populyarlaşmaqdadır. Bu ifalarda sazın
bayağılığa varılmasına rast gəlmək
mümkün deyil. Təbiidir,
qərbçilik əhvalı
Güney Azərbaycana da təsir edir və oradakı
soydaşlarımız içərisində hər cür
yeniliyi göydəndüşmə kimi qəbul edənlər
az deyil. Bu meyl xüsusən ədəbiyyatda özünü
göstərir. Hətta Azərbaycan mətbuatında Güney
Azərbaycanda yaşayan bəzi gənc qələm
adamlarının guya ki, yenilikçi, əslində isə bədbin
ruhlu şeirlərinin də çapına meydan verilir. Bu
gün Quzey Azəbaycanda daha çox sezilən
qarışıq ədəbiyyatçılıq əhvalı
bu mənada Güney Azərbaycana da təsir etməmiş
deyil. Unutmamalıyıq ki, Güney Azərbaycandakı
yaradıcı soydaşlarımız Quzeydəki
yaradıcı mühiti diqqətlə izləyir.
Professor Qara Namazov deyir ki,
aşıq sənətinin kökü eramızdan əvvəlki
minilliklərə gedib çıxır: "Amerika alimi Diklas
1960-65-ci illərdə Güney Azərbaycanda
apardığı arxeoloji qazıntı işləri əsasında
maraqlı, son dərəcədə tutarlı elmi nəticələrə
gəlib. Eramızdan əvvəl 6-cı minillikdə Güney
Azərbaycanda mövcud olmuş, müəyyən dövrdən
sonra yerə batmış Cığamış şəhəri
tapılıb. Çoxsaylı tapıntılar zamanı
saxsı qab üzərində aşıq ansamblının
şəkli ifadə olunmuş qiymətli əşya diqqəti
cəlb edib. Cığamış şəhərinin qiymətli
tapıntıları çox mətləblərdən xəbər
verir. Eramızdan əvvəlki minilliklərdə Mesopotamiyada
- İkiçayarasında mövcud olmuş mədəniyyətin
bu ərazinin qonşuluğunda təşəkkül
tapması təbiidir ki, təsirsiz ötüşməyib.
Diklas bu tapıntını yüksək dəyərləndirərək
deyib ki, insanlığın tarixi boyunca qədim dövrlərdən
soraq verən bu tapıntı son dərəcə nadirdir, ona
görə ki, burada ilk dəfə olaraq orkestr şəkli
ifadə olunub. Ortada ozan oturub, ətrafında müxtəlif
musiqi alətləri ifa edən sənətkarların rəsmləri
yer alıb. Həmin səhnədə oxuyan şəxsin də
təsviri var. Təbiidir ki, bir tapıntı ilə müəyyən
dəqiq elmi-tarixi qənaətə gəlmək mümkün
deyil. Digər bir fakt isə həmin ərazidən 4 min əvvəl
tapılmış, hazırda Misirin muzeylərindən birində
saxlanılan saxsı qab üzərində olduqca maraqlı bir
şəkil diqqəti cəlb edir: çoban rəsmi verilib,
başından çalma var. Məlumdur ki, bu cür çalma
forması sırf türklərə məxsusdur. Çoban sinəsindəki
sazla sanki heykəlləşib. Yanında it şəkli və
su qabı da təsvir edilib. Təbiidir, güman etmək olar,
zaman-zaman bu cür tapıntıların sayı artacaq, o zaman
fitrətimizin gəldiyi elmi qənaətlər tarixi faktlar
vasitəsilə təsdiqini bir daha tapacaq. Bu cür
tapıntılar, ciddi faktlar əsasında aşıq sənətinin
lap qədim tarixə malik olması haqqında fikir irəli
sürməyə tamamilə haqqımız var. Bu, onu göstərir
ki, sözügedən dövrlərdə aşıq sənəti
mükəmməl bir sənət olaraq mövcud imiş".
Aşıq sənətinin qədimliyindən
danışarkən bir məqama diqqət yetirməyimiz olduqca
vacibdir. Bu da "aşıq" sözünün mənşəyi,
kökü ilə bağlı olan bir məsələdir. Bu
sözün haradan qaynaqlanması haqqında müxtəlif qənaətlər
var. Ancaq aşıq sənətinin məhz türk ruhu ilə
sırf bağlı olması onu deməyə əsas verir ki,
"aşıq" sözü "işıq"
sözündəndir. Q.Namazov deyir ki, "aşıq"
sözü orta əsrlərə aiddir. Bu söz haqqında
müxtəlif fikirlər mövcuddur. Bəziləri bu
sözü ərəb sözü kimi qəbul edir,
"aşiq olmaq", "vurulmaq" anlamında qəbul
edirlər. "Aşıq" sözünün
"işıq" sözündən qaynaqlandığı
haqqında mülahizə irəli sürənlər də
var. Hətta bu sözü "aşılamaq" sözü
ilə də əlaqələndirirlər. Hər halda bu və
ya digər yaradıcı sənət heç bir vaxt yerində
durmur, daim inkişaf edir, cilalanır: "Mən də bu qənaətdəyəm
ki, "aşıq" sözünün kökü
"işıq" sözündəndir. Bu gün bizim
öyrəndiyimiz aşıq sənəti heç də qədim
aşıq sənəti deyil. Aşıq sənəti bir tərəfdən
şifahi xalq ədəbiyyatının çox zəngin bir
qoludur, digər tərəfdən də onu şifahi ədəbiyyata
yamaq etmək mümkün deyil. Ona görə ki, aşıq
sənətinin mahiyyətcə müəllifi məlumdur.
Aşıq sənətinin tarix boyunca çox mötəbər
ustadları olub. "Dədə Qorqud" eposunu da yaradanlar məşhur
ozanlardır. Bu, o deməkdir ki, aşıq sənəti
möhkəm, qədim təmələ, özünəməxsus
yönə malik xəlqi yaradıcılıq xəzinəsidir,
məktəbidir. Şəxsən məndə belə bir qənaət
artıq tamamilə formalaşıb: uzun müddətdir ki,
dünyanı heyrətləndirən Şumer mədəniyyəti
Türk mədəniyyətinin özəyini, təməlini təşkil
edir. Təkcə "Bilqamıc" dastanını diqqətlə
nəzərdən keçirsək, görərik ki, onun
"Dədə Qorqud" dastanları ilə hər mənada
sıx bağlılığı var. Bu bağlılıq bizə
çox mətləbləri açmağa işıq ucu
verir. Ümumiyyətlə, türk dastanlarının
hamısında biri-biri ilə bağlılıq, bəşəri
mahiyyəti ifadə etmə xətti hədsiz dərəcədə
güclüdür. Hazırda bu yöndə daha ciddi
araşdırmaların aparılmasına ehtiyac
böyükdür. Etiraf edək ki, bu məsələlərin
özümüz tərəfindən
araşdırılmasına çox gec
başlamışıq. Məlumdur ki, sovet ideologiyasının
hakimi mütləq olduğu bir zamanda belə şeylərə
imkan verilmirdi. Digər bir tərəfdən də imperiya
ideologiyasının təsiri nəticəsində
tarixşünaslığımızda bu yöndə ciddi
ziddiyyətlər nəzərə çarpırdı.
İndi də bu, qalmaqdadır. Məhz bu səbəbdən də
Şumer mədəniyyətinin türkçülük
istiqaməti yönündə araşdırmalar
aparmalıyıq. Burada dilçilik, epos sahəsində
araşdırmaların son dövrlər nəzərəçarpacaq
dərəcədə aparılması xüsusi qeyd edilməlidir.
Təbiidir ki, sözügedən sahələrdə müəyyən
uğurların yaranması və artması gələcək
tədqiqatlar üçün yaxşı bir ümid
yaradır. Şübhə etmirəm ki, müəyyən
dövrdən sonra "Tarix Şumerdən
başlayır", "Tarix Türklərdən
başlayır" deyənlərin sayı daha çox olacaq.
İlk növbədə bu qənaətin özümüzə
bütün aydınlığı ilə məlum olması
çox gərəklidir".
Tanınmış saz
ifaçısı Nemət Qasımlı isə Güney Azərbaycanda
aşıq sənətinin inkişafı barədə bu qənaətdədir:
"Güney Azərbaycanda bu gün saz döyüşkənlik
xarakteri kəsb edir. Orada yaşayan
soydaşlarımızın yaxşı cəhəti odur ki,
Azərbaycanın həm Şirvan, həm də Qərb
bölgəsinin aşıq musiqisini inkişaf etdirərək
yaşadırlar".
Yazı KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyələşdirdiyi müsabiqə əsasında
çap olunur
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 23 oktyabr.- S.11.