Böyük Vətən müharibəsində səhiyyəmizin
qəhrəmanlığı
Azərbaycanda müalicə alaraq sağalmış
minlərlə yaralıların 70%-i döyüş cəhbəsinə
qayıtmışdı
I yazı
Söhbət 1941-1945-ci
illərdə Böyük Vətən müharibəsinin
ağır sınaq günlərində Azərbaycanda
geniş fəaliyyət göstərmiş çoxsaylı hərbi
hospitalların alman faşist ordusu ilə döyüşən
cəbhəyə hərtərəfli tibbi yardımından
gedir. Əslində Azərbaycan və ilk növbədə
onun paytaxtı Bakı şəhəri yaralılara ən
ümdə tibbi yardım göstərməklə onların əksər
hissəsini müalicə edərək yenidən
döyüşən cəbhəyə qaytaran nəhəng
hospital mərkəzinə çevrilmişdi. Bu gün bir
çox dünya ölkələri tərəfındən
qeyd olunan həmin tarixi qələbənin qazanılmasında
Azərbaycanın payı daha çox olub.
Bütün Avropanı
və Sovetlər Birliyinin əksər strateji və sənaye
rayonlarını ələ keçirmiş faşist qüvvələri
eyni zamanda Azərbaycanın da taleyini kölgə altında
qoyurdu.
Artıq biz arxiv sənədlərindən
və tarixi ədəbiyyatdan yaxşı bilirik ki, tam
gücü ilə hərəkətə gəlmiş
faşist hərbi maşınının başlıca istiqamətlərindən
biri Bakı neftini ələ keçirmək, müqavimət
göstərən yerli əhalini məhv etmək və bununla
da Yaxın və Orta Şərqə doğru irəliləmək
idi. Faşist Almaniyasının rəhbərliyi Bakıdan
keçən yolu özü üçün ən əlverişli
yol hesab edirdi. Buna görə də Bakının strateji əhəmiyyətini
nəzərə alan ölkənin Ali Baş
Komandanlığı Azərbaycanın və ilk növbədə
isə nəhəng ölkənin döyünən ürəyi
sayılan Bakının düşmən hücumundan qoruyub
saxlanılmasını ön plana çəkmişdi.
Bu yazıda böyük
tarixi qələbənin əldə olunmasında Azərbaycanın
səhiyyə müəssisələrinin, çoxsaylı həkim,
alim, tibbi-texniki xidmət kollektivinin, ilk növbədə
respublikamızda fəaliyyət göstərmiş geniş
hospital xidmətinin unudulmayan böyük hünəri
haqqında danışmaq istəyirəm. İlk təşkilatçısı
və uzun illərdən bəri rəhbəri olduğum Azərbaycan
Respublikası Dövlət Elm və Texnika Sənədləri
Arxivinindən topladığım məlumatlar 1941-1945-ci illərin
Böyük Vətən müharibəsi zamanı Azərbaycanın
döyüşən cəbhə üçün nə qədər
vacib əhəmiyyət kəsb etdiyini təsdiq edir. Həm də
unutmayaq ki, xeyli sayda tarixi əsərlər yazılsa da, əldə
etdiyim faktlar hələ indiyədək mətbuatda
lazımınca işıqlandırılmayıb.
Sənədlərin dili
ilə desək, Azərbaycan o dövrdə döyüşən
cəbhənin ən böyük yanacaq və əla növ
benzinlə təminatı mərkəzi, strateji sənaye regionlarından
həyati əhəmiyyətli obyektlərin
köçürülməsi mərkəzi olmaqla
yanaşı, eyni zamanda cəbhədən kütləvi
qaydada daşınan yaralıları müalicə edən nəhəng
hospital mərkəzi rolunu oynamışdı.
Döyüşən cəbhəyə müstəsna xidmətlər
göstərmiş Azərbaycandakı hərbi xəstəxanaların
rolunun qiymətləndirilməsi və bu böyük işlərin
bir daha xatırlanması ədalətli olardı. Səbrli zəhmət
hesabına toplayıb arxivlərimizdə qoruya bildiyimiz sənədlər,
dolğun məlumatlar indinin özündə də
xatırlanan ağır sınaq günlərində Azərbaycan
tibb müəssisələrinin, hospital əməkdaşlarının
yiiksək xidmətlərindən, ağır yaralıları
həyata qaytararaq cəbhəyə göndərmiş həkimlərimizin
və texniki tibb işçilərimizin əsl vətənpərvərliyindən
söhbət açır. Sənədləri izlədikcə
o çətin illərin acı xatirələri bir kino lenti
kimi göz önündən gəlib keçir, istər-istəməz
o faciəli anların iştirakçılarına
çevrilmiş oluruq. Bir də unutmayaq ki, bugünkü nəslimizi,
bütövlükdə bəşəriyyəti dəhşətli
faşizm təhlükəsindən qurtarmış
Böyük Vətən müharibəsi
iştirakçılarının az sayda qalmasını və
hazırkı müstəqil ölkəmizin bədnam
qonşularımızla təkrar müharibə şəraitində
yaşamasını nəzərə alaraq arxivlərimizin
qorunmasına ciddi fıkir verilməlidir.
Azərbaycan Səhiyyə
Komissarlığının 1941-ci ilə aid hesabat sənədlərinə
diqqət yetirək. Aramsız düşmən
bombardmanından ağır top və tank zərbələrindən
çətinliklə xilas edilmiş yüz minlərlə
yaşlılar, uşaqlar, hətta körpələr
ardı-arası kəsilmədən şütüyən
qatarlarla Bakıya daxil olurdular. Şəhərin çoxlu
yararlı və inzibati binalarının əksəriyyəti,
respublikamızın ən təcrübəli tibb kollektivi cəbhədən
kütləvi halda daşınan yaralı və xəstələrə
xidmət edən hospitalların sərəncamına
verilmişdi. Artıq 1941-ci ilin sonunda belə hospitalların
sayı 40-a çatdırılmışdı. Daxil olan
yaralıların sayı hədsiz çox olduğundan,
1942-1943-cü illər-də hospitalların sayı xeyli
artırılaraq 89-a çatdırıldı.
Arxivdə saxlanılan
çoxsaylı sənədlər arasında respublikamızda
yaranan hərbçilərə ən iri xidmət mərkəzi
sayılan 1543 N-li hospitalın Böyük Vətən
müharibəsi illərində fəaliyyətini əks etdirən
tarixi xülasə o çətin illərdə aparılan
işlərin miqyası barədə ətraflı məlumat
verir. 1941-ci ilin iyul ayında yaradılmış həmin
hospital Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
binasında yerləşdirilmişdi. Hospitalda əvvəlcə
600 çarpayı yerləşdirilmişdi, ancaq cəbhədən
daxil olan yaralıların hədsiz çox olmasını nəzərə
alan respublika səhiyyə komissarlığının nəzarəti
altında çarpayıların sayı 1200-ə
çatdırıldı və qonşuluqdakı digər bir
bina da alıb hospitalın sərəncamına verildi.
Artıq hospitaldakı çarpayılarda gün ərzində
daxil olmuş 700-800 yaralı xəstəni yerləşdirmək
mümkün idi.
Xalq Səhiyyə
Komissarlığına təqdim olunmuş 1944-cü ilə
aid hesabat sənədləri insanı heyrətə gətirir.
Yalnız müharibənin davam etdiyi 1941-ci ilin ikinci yarısında
1543 N-li hospitala 4657 nəfər, 1942-ci ildə 27867 nəfər,
1943-cü ildə 27393 nəfər, 1944-cü ildə isə
30289 nəfər yaralı daxil olmuşdu. İnstitutun
geniş dəhlizlərində saysız-hesabsız
çarpayılar düzülmüşdü. 1941-ci ilin avqust
ayından keçən cəmi 3 il 6 ay ərzində hospitalda
müalicə alanlardan 1681 nəfəri sağalaraq yenidən
döyüş cəbhəsinə qayıtmışdı. Vətənpərvər
həkimlərin və sutka ərzində çalışan
tibb bacılarımın qayğısı sayəsində digər
hospitallarda müalicə alaraq sağalmış
yaralıların 70%-i döyüş cəbhəsinə
qayıtmışdı.
Yuxarı təşkilatlara
təqdim olunan yazılı hesabatlar və qeyd etdiyim tarixi
xülasə daha maraqlı məqamlardan xəbər verir.
Yalnız 1543 N-li hospitalda 4 iri şöbə və əlavə
5 köməkçi struktur bölmə
yaradılmışdı. Qəbul və Seçmə
şöbəsi Xırdalan boşaltma məntəqəsindən
daxil olan yaralıları və digər xəstələri
növlərinə görə seçir, 8 və bəzən
də 15 gün müalicə aldıqdan sonra onlarla müalicələrinin
davam etdirilməsi üçün respublikanın digər sahə
hospitallarına göndərirdi. Bundan başqa, iki cərrahiyyə
şöbəsi yalnız cərrahi əməliyyat işlərini
icra edirdi. Hər iki şöbənin apardığı
işlər daha ciddi məsuliyyət tələb edirdi.
Düşmənin yaydığı zəhərləyici
qazlardan infeksiya xəstəlikləri almış xəstələr
sağalanadək qapalı otaqlarda müalicə olunurdular. Hospitalda
ayrıca təşkil olunmuş bir şöbədə isə
yüksək hərarətli yaralılar yerləşdirilmişdi.
Qeyd olunanlardan əlavə, 2 cərrahiyyə əməliyyatı
otağı və hər bir şöbənin müstəqil
sarğı bölmələri də var idi.
Dövlət Elm və
Texnika Sənədləri Arxivində saxlanılan rəsmi
siyahı üzrə 1941-1946-cı illər ərzində Azərbaycanda fəaliyyət göstərmiş 89 hospitaldan
64-ü Bakı şəhərində, 25-i isə digər
şəhər və rayon mərkəzlərində yerləşdirilmişdi.
Şəhər və rayon mərkəzlərində fəaliyyət
göstərən hospitallardan 9-u Gəncədə, 3-ü
Xanlarda, 2-si Naxçıvanda, 2-si Xankəndində yerləşdirilmişdi.
Bunlardan əlavə, Kürdəmir, Sabirabad, Yevlax, Lənkəran,
Salyan, Qazax, Şuşa, Ağdam və Əli Bayramlı rayon
mərkəzlərinin hər birində 1 hospital təşkil
olunmuşdu.
Böyük Vətən
müharibəsi illərində respublikamızda fəaliyyət
göstərmiş hospitalların işləri ilə
maraqlanan tədqiqatçıların, orada müalicə
almış vətəndaşların və onların
qohumların diqqətinə belə bir məlumatı
çatdırmağı məqsədəuyğun bilirəm.
Xeyli axtarışlardan sonra əldə etdiyim siyahıda
Böyük Vətən müharibəsi illərində
Bakıda və digər şəhər, rayon mərkəzlərində
fəaliyyət göstərmiş hospitallardan
hamısının adlarını, ixtisas sahələri, dəqiq
ünvanların, nömrələri və hospital rəislərinin
soyadları göstərilib. Məsələn, 1491 N-li Neyrocərrahiyyə
hospitalı indiki Musiqi Akademiyasının binasında, 1543 N-li
hospital indiki Dövlət Pedaqoji Universitetinin binasında, 1544
H-li Cərrahiyyə və protez hospitalı əvvəlcə
Azərbaycan Dövlət Universitetinin sabiq binasında, sonra isə
Bayyıldakı Doğum Evinin binasında və onun
yaxınlığındakı Mədəniyyət Evinin
binasında fəaliyyət göstərmişdi. Bunlardan əlavə,
digər hospitallar da Mərdəkandakı və Buzovnadakı
İstirahət Evlərinin binalarında, "Köhnə
Avropa" mehmanxanasının binasında yerləşdirilmişdi.
Bakıdakı mədəniyyət evlərindəki
binaların hər birində daha bir neçə hospital yerləşdirilmişdi.
Şəhər və rayon mərkəzlərindəki
hospitalların əksəriyyəti orta məktəb
binalarında fəaliyyət göstərirdi.
Sənədlərdə
Böyük Vətən müharibəsi illərində fədakarlıqla
çalışmış həkimlərimiz, minlərlə
döyüşçünün həyatını
ölümdən xilas etmiş tibb alimlərimiz və texniki
tibb işçilərimiz haqqında da ətraflı məlumat
verilir. Yaralı əsgərlərin müalicə
aldığı hospitallarda sanki böyük bir səhiyyə
or-dusu xidmət göstərirdi. Sənədlərdə hospitallar
üzrə baş cərrah Mustafa Topçubaşovun misilsiz
xidmətləri barədə ürəkaçan sözlərə
daha çox rast gəlirik. Müharibə illərində
bütün həyatını cəbhəçi
yaralıların müalicəsinə sərf etmiş Mustafa
Topçubaşovun cərrahiyyə sayəsində əməliyyatları
yüzlərlə döyüşçünün həyatını
xilas etmişdi.
İndiyədək
dövlət arxivində saxlanılan bir şəkildə cəbhədən
daxil olan azərbaycanı döyüşçünün
ölümdən xilas edilməsi üçün Mustafa
Topçubaşov şəxsən özü əməliyyat
aparır. Onun üz mühafizə maskasındakı qan ləkələri
indi də çox aydın görünür. Topcubasov hər
gün onlarla belə əməliyyatların gecə və
gündüz yatmadan, həm də təmənnasız
aparırdı. Sənədlərdə daha bir fakta da rast gəlirik
ki, Mustafa Topçubaşov yuxusuzluqdan, yorğunluqdan əziyyət
çə-kir, bəzən onun əlləri əsir və bədəni
titrəyirdi. Ancaq o, ağır yaralını xilas etmədən
rahat otura bilmirdi. Görkəmli alim hər gün hosbitallara
baş çəkərək onun təklif etdiyi üsullarla cərrahiyyə
əməliyyatları aparmış həkimlərin işlərini
tez-tez yoxlayır və yalnız bundan sonra sakit nəfəs
alırdı. Mustafa Topçubaşov eyni zamanda tarixi qələbəyə
xidmət edən sanballı bir ixtiranın müəllifi idi.
Onun 1943-cü ildə ixtira etdiyi aparat döyuş zamanı
orqanizmə pərçim olunmuş, irinləmə prosesi
yaratmış güllə və mərmi
parçalarını müəyyən etməklə cərrahiyyə
əməliyyatını xeyli
asanlaşdırmışdı. Çoxsaylı bədən
xəsarətlərinə məruz qalmış
döyüşçülərimiz məhz həmin
aparatın köməyi nəticəsində xilas
olmuşdular. Hətta bunlardan bir çoxu sağalaraq yenidən
döyüş yerinə qayıtmışdı.
Yazı KİV-ə
Dövlət Dəstəyi Fondunuın maliyyələşdirdiyi
"Azərbaycan xalqının qəhrəmanlıq ənənələrini
təbliği" layihəsi çərcivəsində təqdim
olunur.
Şahsuvar Haşımov,
Elm və Texnika Sənədləri
Arxivinin direktoru
Xalq Cəbhəsi.- 2010.- 28 oktyabr.- S. 11.