Böyük Vətən Müharibəsində
səhiyyəmizin qəhrəmanlığı
Azərbaycanda minlərlə yaralılar
müalicə alaraq yenidən döyüş
cəbhəsinə qayıtmışdılar
II yazı
Arxivdə mühafizə olunan onlarla tibb alimlərimizin şəxsi arxiv fondlarında və elmi-tədqiqat tibb inistitutlarının sənəd fondlarında toplanmış qiymətli məlumatlar əsasən Böyük Vətən Müharibəsinin aramsız davam etdiyi 1942-1943-cü illərdə tanınmış alimlərimiz tərəfindən irəli sürülmüş səmərəli elmi təkliflər hospitallarda tətbiq olunaraq yaralı döyüşçülərin müalicəsində müsbət rol oynamışdı. Məsələn, mərkəzi sinir sisteminin zədələnməsi zamanı Mustafa Topçubaşovun irəli sürdüyü yeni müalicə üsulu, Fuad Əfəndiyevin döş qəfəsinin xəsarət alması zamanı daxilə qanaxmanın qarşısının alınması yollarına aid kəşfi, Mir Qasımovun bədən sümüklərinin çatlaması zamanı müalicə üsulları, Zülfüqar Məmmədovun yaraların müalicəsində Naftalan suyunun tətbiq olunması qaydaları, Umnisə Musabəyovanin başından və gözündən ağır xəsarətlər almış yaralılarla bağlı orijinal müalicə üsulları və sair onlarla belə təkliflər Azərbaycandakı bütün hospitallarda geniş tətbiq olunaraq müsbət nəticələr verirdi. İrəli sürülmüş bu cür dəyərli təkliflərin tətbiq olunması sayəsində hospitallardakı minlərlə döyüşçülərimiz, o cümlədən azərbaycanlı əsgərlərimiz sağalaraq yenidən cəbhəyə qayıtmışdı.
Tibb işçiləri Həmkarlar İttifaqının 1944-cü il 24 aprel tarixli respublika plenumunda edilmiş hesabat məruzəsində hospitallarda səmərəli işlər aparmış həkim və alimlərə göstərilmiş yüksək dövlət qayğısından da xəbər verilir. Həmin məruzədən bəlli olur ki, hospitalların baş cərrahı Mustafa Topçubaşov bundan əvvəl aldığı iki ordendən əlavə Dövlət Mükafatı ilə də təltif olunub. Bununla yanaşı hospitallarda mühüm işlər aparmış tibb alimlərimizdən Q.K.Əliyev, Z.M.Məmmədov, D.M.Abdullayev, hospitallar üzrə baş terapevt Tarnaqratski, İ.İ.Şrokoqorov, F.Əfəndiyev, M.R.Nəzirov,V.Ü.Axundov, U.S.Musabəyova, B.F.Məcidov, A.S.Həsənov və bunlardan əlavə 20 nəfər yüksək mükafatlara layiq görülüblər.
Arxivdə mühafizə olunan başqa bir şəkildə təsvir olunur: Azərbaycan Respublikası Mərkəzi Qanköçürmə Stansiyasının əməkdaşlarından S.Həsənova və Pyetrovskaya döyüşdə ağır xəsarətlər almış yüz minlərlə əsgərlərimizi, o cümlədən minlərlə azərbaycanlı yaralı əsgərlərimizi həyata qaytarmaq naminə damla-damla toplanaraq konservləşdirilmiş qan ehtiyatlarını buzxanalarda yerləşdirirlər. 1945-ci ilin yanvarınadək keçən 3 il 6 ay ərzində respublikamızda təbii olaraq meydana gəlmiş kütləvi donorluq hərəkatı nəticəsində Mərkəzi Stansiya tərəfindən toplanmış 26194 litr qan ehtiyatı qruplaşdırılaraq hospitallara və döyüşən cəbhənin Hərbi Sanitar İdarələrinə çatdırılmışdı. 1941-1954-ci illərdə Respublika Mərkəzi Qanköçürmə Stansiyasina gələrək qan vermiş 85574 nəfərdən 5518 nəfəri könüllü olmuşdu. Konservləşdirilmiş qanı birbaşa ağır döyüş zonasına çatdıran
müstəsna əhəmiyyətli paraşüt də Mərkəzi Qanköçürmə Stansiyasının alimləri tərəflərindən ixtira edilmişdi. Bu barədə stansiyanın hesabat sənədlərində məlumat verilir.
Hospitallarla yaxından əməkdaşlıq edən Qanköçürmə Stansiyası tərəfindən toplanmış keyfiyyətli qan ehtiyatı ilk növbədə döyüş şəraitində, yaxud uzaq məsafədən gətirilərkən yolda çoxlu qan itirmiş yaralılara vurulurdu. Sənədlərdə, belə xəstələrə düzgün qan köçürülməsi "Əsil vətənpərvərlik nümunəsi və şərəf işi" kimi qiymətləndirilmişdi. Yaralılara vacib əhəmiyyət kəsb edən keyfiyyətli qanın köçürülməsi Azərbaycanda fəaliyyət göstərən bütün hospitallarda həyata keçirilmişdi. Yalnız 1543 N-li hospitalda 1941-ci ilin 6 ayı ərzində 37 yaralıya, 1942-ci ildə 308 yaralıya, 1943-cü ildə 501 yaralıya, 1944-cü ildə isə 840 yaralıya tələb olunan normalar üzrə qan vurulmuşdu. Müharibənin davam etdiyi bütün illər ərzində isə 1543 N-li hospitallarda 1686 nəfər yaralının həyata qaytarılmasında Mərkəzi Qanköçürmə Stansiyasından göndərilmiş qan ehtiyatının müstəsna əhəmiyyəti olmuşdu. Qanköçürmə Kabinetinə haqlı olaraq "hospitalın dayaq məntəqəsi" adı verilmişdi. 1543 N-li hospitalın fəaliyyətinə dair tarixi xülasədə yaralılara qan köçürülməsi işində mühüm xidmətlər göstərmiş həkimlərdən bir çoxunun familiyaları da göstərilib. Bu təxirəsalınmaz işin icrasında gənc həkimlərdən Orucəliyevanın, Hüseynbəylinin, Hüseynovanın, Abdiyevanın, Məmmədovanın və onlarla başqalarının şərəfli əməyi heç vaxt unudulmamalıdır.
Böyük qurbanlar bahasına əldə olunmuş tarixi qələbədən söhbət açarkən Azərbaycanda fəaliyyət göstərmiş və döyüşçü yaralıların müalicəsində əsaslı xidmətlər göstərmiş Azərbaycan hospitallarının rəisləri vəzifələrində işləmiş şəxsləri də xatırlamaq yerinə düşər. Bu gün artıq çoxlarının həyatda olmadığı, ancaq sənədlərdə izləri qalmış hospital rəislərindən həkim Ş.Ağayevin, A.Seyidovun, İsmayılovun, Allahverdiyevin, Əhmədovanın, Axundovun, Y.Bayramovun, Q.Ağayevin, Ə.Ağayevin, Tanrıverdiyevin, Ə.Əliyevin, İbrahimovun, Əmirovun, Sadiqovun, Qədimovun, Mirməmmədovun, Həsənbəyovanın, N.Zeynalovun, Ə.Cavadovun, Ə.Hüseynovun, Ə.Səfərovun, D.Məhərrəmovun və onlarla başqalarının adları xatırlanmalıdır. Çünki onların da yaralı əsgərlərin həyata qaytarılmasında az rolu olmamışdı.
Təəssüf ki, cəbhədən gətirilmiş Azərbaycan-türk millətindən və ümumiyyətlə, müsəlmanlardan ibarət ağır yaralıların müalicə olunduğu hospitallarda erməni millətindən olan rəislər, həkimlər və tibb bacılarının sayı az olmamışdı. Məsələn, 1543 N-li ən iri Seçmə-Köçürmə hospitalına 1943-cü ildən sonra 3-cü dərəcəli hərbi həkim Tumanyan rəhbərlik etmişdi. Ter-Teryan familiyalı başqa bir erməni isə həmin hospitalda baş cərrah vəzifəsinə irəli çəkilmişdi. Karapetyan familiyalı digər erməni də Böyük Vətən Müharibəsinin davam etdiyi bütün illər ərzində adı çəkilən hospitalın tibb rəisi vəzifəsində işləmişdi. Xoşagəlməz hallardan biri də o idi ki, Karapetyan 1543 N-li hospitalın Xırdalan Boşaltma Məntəqəsindən daşınan yaralıların müayinədən keçirilməsi üzrə həkim komissiyasının sədri idi. Elə həmin Karapetyanın rəhbərliyi ilə Boşaltma Məntəqəsindən daşınan yaralıların bir qismi yoldaca dünyalarını dəyişmişdilər. Hospitalın apardığı işlərə dair geniş məzmunlu tarixi xülasədən aydın olur ki, Karapetyanın göndərdiyi həkim komissiya üzvlərinin tələbi ilə Xırdalandan şəhərə doğru piyada getməyə məcbur edilmiş ağır yaralılardan 79 nəfəri yolda vəfat etmişdilər. Bu murdar hərəkətlərinə görə Karapetyana verilmiş cəza barədə sənədlərdə heç bir məlumat yoxdur. Belə faktların sayını artırmaq da olar. 1946-cı ilin iyul ayı üçün əldə etdiyim arxiv məlumatına görə Azərbaycanda fəaliyyət göstərmiş 7 hospital rəisindən 3-ü erməni millətindən olan Babayan, Poqosov və Ter-Baraqamov olmuşdu. Ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərmiş cəmi 89 hosbital rəisindən 15-i erməni olmuşdu. Onların yaxın himayəsi sayəsində hosbitallarda işə cəlb olunmuş çoxsaylı erməni həkim, tibb bacısı və texniki xidmət işçiləri azərbaycanlılardan və müsəlmanlardan ibarət minlərlə yaralının taleyi ilə oynayırdılar.
Arxivə müraciət edən tədqiqatçıların diqqətinə bir məqamı da çatdırmaq yerinə düşər. Onların bəziləri arxivə müraciət edərkən 1941-1945-ci illərin Böyük Vətən Müharibəsi zamanı Azərbaycanda fəaliyyət göstərmiş hərbi hospitalların sənədləri ilə maraqlandığını bildirsələr də, istədiklərini əldə etmək imkan xaricində olmuşdu. Böyük Vətən Müharibəsi illərində hospitallarımızda və hərbi xəstəxanalarımızda müalicə olunmuş vətəndaşların və onların yaxın qohumlarının dövlət arxivindən müsbət məzmunlu arxiv arayışlarını almaları da mümkün olmamışdı. Azərbaycan tarixinin çox mühüm mərhələsini əks etdirən ilkin və vacib sənədlərin birdən-birə yoxa çıxmasının səbəbləri indi çoxlarını maraqlandırır. Bu barədə bir qədər ətraflı məlumat vermək duzgün olardı. Bəs necə oldu həmin sənədlər?
12 il bundan əvvəl Respublika Səhiyyə Nazirliyinin dəvəti ilə nazirliyin bərbad vəziyyətdə olan arxiv sənədlərini nizamlayarkən məndən əvvəl yığılaraq məhv olunması nəzərdə tutulan makulatura qalağı arasında kiçik bir qovluğa rast gəldim. Qovluqda toplanmış sənədlərdə, tədqiqatçıların çoxdan axtarışında olduğu hospitalların sənədlərinin Moskvaya və Leninqrada göndərilməsi barədə siyahılar və rəsmi məktub da həmin qovluğun arasına qoyulmuşdu. Sənədlərdən aydın olurdu ki, 1947-1950-ci illərdə Sovet Hərbi Komandanlığının razılığı ilə hosbital arxivlərinin toplanaraq Moskva ətrafında fəaliyyət göstərən Hərbi Tarix Arxivində cəmləşdirilməsi yenə də ölkə hərbi rəhbərliyini razı salmamışdı. Əslində ümumölkə mərkəzi 1957-ci ildə Azərbaycan arxivlərində təsədüfən qalan digər sənədləri də tələb edirdilər. Bəhanə isə bu idi ki, məktubda qeyd olunduğu kimi hospital sənədlərinin SSRİ Hərbi-Tarix Arxivində və Leninqraddakı Hərbi-Tarix Muzeyində yerləşdirilməsi ölkənin mərkəzi şəhərlərində tədqiqat işlərinin aparılmasına və vətəndaş sorğularının icrasına daha çox imkanlar yarada bilər. Əslində isə bu, tamamilə qeyri-obyektiv mövqe olmaqla yanaşı eyni zamanda Sovetlər Mərkəzinin Azərbaycana qarşı yönəldilmiş mənfi münasibətinin nəticəsi idi. Məzmunca hədsiz qiymətli məlumatların əks olunduğu Azərbaycandakı hospitalların və mülki xəstəxana sənədlərinin respublikamızın arxivlərində saxlanılması daha düzgün olardı. Axı vətəndaşlar üçün istənilən hər hansı bir sorğunun vaxtında icra olunması məqsədilə Şimali Qafqazdan, Zaqafqaziya və Orta Asiya respublikalarından Bakıya gəlmək daha yaxın olardı. Çünki 1941-1946-cı illərdə hospitallarda müalicə alanların əksəriyyəti məhz həmin respublikaların vətandaşları olmuşdu.
Sonda indi əksəriyyət üçün çox vacib olan bir məqama da toxunmaq istəyirəm. Olduqca ağır nəticələr vermiş ötən müharibə illərində Azərbaycan tibb müəssisələrində çalışaraq çoxsaylı yaralı döyüşçülərin həyata qaytarılması naminə böyük xidmətlər göstərmiş həkim, alim və texniki tibb kollektivinin nümayiş etdirdikləri yüksək vətənpərvərlik nümunələri, sonrakı dinc quruculuq illərində göstərilmiş xeyirxah xidmətlər bu gün də müharibə şəraitində yaşayan ölkəmizin həkimləri və bütün tibb işçiləri üçün əsl nümunə olmalıdır. Qoy hamı bu inkaredilməz tarixi həqiqətdən dərs alsın.
Şahsuvar Haşımov,
Elm və Texnika Sənədləri
Arxivinin direktoru
Xalq Cəbhəsi.- 2010.- 29 oktyabr.- S.14.