Türk yurdu -
Borçalı
Türkmənçay müqaviləsindən (1828) sonra mərhələlərlə kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülən ermənilər "Böyük Ermənistan"a siyasi və psixoloji cəhətdən hazırlaşdırılırdılar. Erməni əhalisi Türkiyədə iflasa uğrayan və puça çıxan bu qondarma ideyanın Qafqazda həqiqətə çevriləcəyinə inandırılırdı.
Ermənilər dayanmadan Borçalıda istəklərini gerçəkləşdirmək üçün işə başladılar, nəyin bahasına olur-olsun, regionda hər hansı bir erməni inzibati ərazi vahidinə malik olmaq istəyirdilər. Onlar bu iddianı həyata keçirmək işinə Borçalı və Axalkələk qəzalarında başladılar. Belə ki, hər iki qəzanın Tiflis quberniyasından ayrılması və ərazilərin Gümrü quberniyasına birləşdirilməsi nəzərdə tutulurdu. Bununla da geniş erməni ərazi vahidi əldə olunurdu. Ermənilərin bu planı Qafqaz canişinliyində dəstəklənirdi və canişinliyin müvafiq orqanlarında hazırlanmış sərhəd dəyişiklikləri layihəsində onun gələcək hüdudları artıq müəyyənləşdirilmişdi. Qafqaz canişini Vorontsov-Daşkov əslində erməni daşnaklarının cızdığı bu planın həyata keçməsinə tərəfdar idi. Borçalının parçalanmasına yönəldilmiş bu məsələ istər yerli əhali, istərsə də canişinlik idarələrində birmənalı şəkildə qarşılanmadı. Belə olan halda Vorontsov-Daşkov ermənilərin ayrılıb birləşməsi məsələsinə baxılmasına sərəncam verdi.
Həmin dövrdə 14 nəfərlik komissiya yaradılır ki, burada ermənilərdən 6, Azərbaycan türklərindən isə 4 nəfər təmsil olunub. Komissiya 1913-cü ilin noyabrında və dekabrın 18-dəki yığıncaqlarında məsələni müfəssəl şəkildə müzakirə edib. Qərara alınıb ki, sərhəd dəyişikliyi istər coğrafi, istərsə də iqtisadi baxımdan əlverişli və mümkün olmadığından Borçalı qəzasının Tiflis quberniyasından ayrılması yolverilməzdir. Komissiyanın qərarı və məsələ ilə bağlı tərtib edilmiş arayış baxılmaq üçün Tiflis Quberniya Şurasına təqdim edilib. Quberniya şurasının tərkibində azərbaycanlılar təmsil olunmurdular. 1914-cü il yanvarın 24-də quberniya sovetinin yığıncağında komissiyanın qərarı müdafiə və təsdiq olunub. İlk mərhələdə ermənilərin istəyi gerçəkləşməsə də, Borçalının Tiflis quberniyasından ayrılması məsələsinin yüksək dövlət orqanları səviyyəsində müzakirəsi müəyyən siyasi addımın başlanğıcını qoyub. Bu məsələnin müzakirəyə çıxarılması onun bundan sonra istənilən vaxtda arzuedilməz nəticələrə gətirə biləcəyini də istisna etmirdi. Bu cür düşünməyə hər cür əsas vardı: canişin Vorontsov-Daşkov və onun arvadı ermənilərin əhatəsində və təbii ki, təsirində idilər. Borçalının parçalanması, yaxud onun torpaqlarının başqa ərazilərə birləşməsi hesabına hər hansı bir erməni inzibati qurumu yaratmaq ideyası erməni siyasətçilərinin fəaliyyət proqramında ən aktual məsələ kimi dayanırdı. Ermənilər hər hansı bir əlverişli məqamdan bəhrələnməyə çalışırdılar. 1917-ci ildə yenidən Gümrü (Aleksandropol) quberniyası yaradılması məsələsini ortaya atdılar. Bu dəfə Borçalının Loru nahiyəsi iddia olunurdu. Ermənilərin bu yeni tələbi Borçalı qəzasının bütün millətlərinin təmsil olunduğu toplantıda rədd edilib.
1918-ci ilin mayında Azərbaycan və Gürcüstan müstəqilliklərini elan etdikdən sonra ermənilərin bu dövlətlərə qarşı torpaq iddiaları artıq daha mütəşəkkil bir forma alıb. Öz dövlətini qurmaq üçün müəyyən ərazisi olmayan ermənilər qonşu xalqların torpaqlarını ilhaq etmək yolunu seçdilər. Hədəfdə olan ərazilər içərisində Borçalı da var idi. Əgər 1918-ci ilə qədər ermənilərin Borçalının bir hissəsinə iddiası çar Rusiyasının Qafqazda müəyyənləşirdiyi sərhədlər ətrafında mübahisə doğururdusa, artıq 1918-ci ildə milli dövlətlərin yarandığı bir zamanda bu məsələ etnik mübahisələr çərçivəsindən çıxaraq dövlətlərarası münaqişə səviyyəsinə qalxmışdı. İstər tarixi ədalət, istərsə də əhalinin milli tərkibi baxımından Ermənistanın ərazi iddiaları tamamilə əsassız idi. O dövrə aid tarixi sənədlərlə tanışlıq göstərir ki, Azərbaycan Borçalı ilə bağlı sərhəd məsələlərində kifayət qədər ədalətli, bütün tərəflərin mənafelərinə cavab verən təkliflər irəli sürürdü. Ancaq bölgədə elə bir vəziyyət yaranmışdı ki, artıq bu təklifləri diplomatik danışıqlar yoluyla qəbul etdirmək mümkün deyildi. Hərbi qüvvələrdən istifadə olunması işi isə Azərbaycanın real imkanlarından xeyli uzaq idi.
Azərbaycanın Borçalı ilə bağlı gerçək mövqeyinə gəlincə, Borçalı azərbaycanlılarının taleyilə bağlı narahatlıq, üstəlik, digər iki qonşu dövlətlə sərhədlərin müəyyənləşdirilməsi məsələsi daim diqqət mərkəzində idi. Azərbaycan Borçalı ilə bağlı problemin aradan qaldırılması üçün ərazini etnoqrafik tərkib baxımdan, könüllülük əsasında 3 hissəyə ayırmağın tərəfdarı idi. Azərbaycan qonşu dövlətlərlə dəqiq sərhəd xəttini də təklif edirdi. Bu variant ilk növbədə etnoqrafik yekcinslik baxımından diqqəti çəkir.
Sərhəd mübahisələrinin qızışmasında regionda marağı olan dövlətlər də ciddi rol oynayırdılar. O dövrdə Borçalıya artıq bir neçə dəfə əcnəbi ölkələrin qoşunları daxil olmuşdu. İyunun ilk günlərində artıq Borçalıda gürcü və alman hərbi hissələri tam yerləşdirilmişdilər. Azərbaycan Xalq Cümhuriyyətinin diplomatik yazışmaları məsələnin həllinə köməkçi vasitə ola bilmirdi. Eyni zamanda Gürcüstan tərəfi sərhəd məsələsinə, başlıcası isə Borçalının taleyi ilə bağlı məsələlərə o qədər də ciddi yanaşmırdı. Yalnız Almaniyanın və Türkiyənin Qafqazdakı nümayəndələrinin ciddi səylərindən sonra tərəflərin hər birindən bir nəfər və neytral dövlətdən də bir nəfər olmaqla arbitraj komissiyasının yaradılması nəzərdə tutuldu. Ancaq sonra bu variant da dəyişdirilməli oldu. Qarşılıqlı razılaşmaya əsasən qərara alındı ki, iki dövlət arasındakı sərhəd məsələsi İstanbulda keçiriləcək konqresdə müzakirə edilsin. Bu müzakirlər də heç bir ciddi nəticə vermədi.
Borçalıda ictimai-siyasi vəziyyət 1918-1920-ci illərdə daha da gərginləşdi. Borçalı bölgəsində azərbaycanlı əhali sıxışdırılmaqda davam edirdi: azərbaycanlılar yaşayan kəndlərə tez-tez hücumlar edilir, adamlar işgəncələrə məruz qalırdılar. Bölgədəki alman əsgərləri əmin-amanlığı qorumalı olduğu halda bütün cinayətlərin başında dururdu. Milli münasibətlərdə kəskin şəkildə gərginləşmə yaranmışdı. Gürcülərlə azərbaycanlılar, ermənilərlə azəbaycanlılar arasında vaxtaşırı toqquşmalar baş verir, qan tökülür, adam öldürülürdü. Gürcüstanın hökumət orqanları qəzada baş alıb gedən qanunsuzluqlara, artıq adi hal almış cinayətkarlığa, azərbaycanlı əhaliyə qarşı törədilən təxribatlara göz yumur və bununla da əslində azərbaycanlıların deportasiya edilmələrinə açıq şəkildə şərait yaradırdı. Qəzada bir-birinə düşmənçilik münasibəti bəsləyən tərəflər əmələ gəlmişdi. Gürcülər və ermənilər hökumət orqanları tərəfindən hər cür dəstək alır, Azərbaycan Türklərinə qarşı isə qanunsuzluq hökm sürürdü.
Borçalı azərbaycanlılarına Azərbaycan tərəfdən yardım göstərmək işi xeyli çətin idi. Müstəqilliyin birinci ilində özünün suverenliyini bəyan edən dövlətlərin qarşılıqlı razılaşdırılmış sərhədləri yox idi. Bu da bir sıra obyektiv səbəblərlə bağlı idi: ölkədaxili iqtisadi və siyasi vəziyyətin gərginliyi, lazımi səviyyədə ordu quruculuğunun olmaması və s. Borçalı əhalisi Azərbaycan tərəfdən heç bir dəstək almadığından özünün müqəddəratını həll etmək, gələcək siyasi taleyini sərbəst müəyyənləşdirmək yolunu tutmağa məcbur olmuşdu.
Artıq payızın əvvəlində Azərbaycan-Gürcüstan diplomatik yazışmaları və danışıqları davam etdiyi bir zamanda erməni hərbi birləşmələri Borçalıda təxribatlar törədirdi. Ermənistanla Gürcüstan arasında münasibətlərdə xeyli soyuqluq yaranmışdı. Ermənistan açıq şəkildə Axalsıx, Axalkələk və Borçalı qəzalarını iddia edirdi. Ermənilər öz iddialarına tarixi don geyindirir, göstərilən əraziləri, hətta üstəlik Tiflis və Qorini də "Böyük Ermənistan" xəritəsinə daxil edirdilər.
Ermənistanın əsassız ərazi iddiaları Gürcüstanla müharibəyə səbəb oldu. Dekabrın 17-də müharibə rəsmən bəyan edildi,
2 gün sonra isə Ermənistanla Gürcüstan arasında diplomatik münasibətlər tamam kəsildi. Artıq 1918-ci il dekabrın 31-də döyüşən tərəflər atəşi dayandırdılar. Ermənilər ilk həmlələr zamanı ələ keçirdikləri əraziləri sonrakı döyüşlərdə azad etməli oldular. Hərbi əməliyyatlarda qələbə qazana bilməsələr də, hər halda törətdiyi təcavüz aktı Ermənistana sonrakı sülh danışıqları zamanı bir sıra üstünlüklər qazanmağa imkan yaratdı. Əvvəla, Ermənistan iddiaçı tərəf kimi barışdırıcı dövlətlərin razılığı və aşkar dəstəyilə müəyyən ərazilərə sahib ola bildi. İkincisi, Ermənistan öz ətrafında mübahisəli məsələləri iddia etməkdə haqqı olan dövlət imici formalaşdırdı. Bu da regional və beynəlxalq məsələlərdə prinsipial bir məsələdir. Üçüncüsü, mübahisələrin silahlı yolla həll edilməyə başlanması siyasi danışıqlara ümid bəsləyən və əslində buna məcbur olan
Azərbaycanı çıxılmaz vəziyyətdə qoydu və diplomatik sahədə aktiv vəziyyətini xeyli çətinləşdirdi. Təsadüfi deyil ki, 1919-cu ilin yanvarında Tiflisdə keçirilən sülh konfransına Azərbaycan dəvət edilmədi. Halbuki regional və problemlə bağlı marağı olan dövlət kimi Azərbaycan nümayəndələri konfransa dəvət edilməliydi. Azərbaycan hökuməti Borçalının taleyini həll edən danışıqlarda Azərbaycanın iştirakının təmin olunmamasına qəti etirazını bildirdi. Konfransın qərarına görə, Ermənistanla Gürcüstan arasında neytral zona (Loru nahiyəsi) yaradıldı. Borçalının cənubu Ermənistana, şimalı isə Gürcüstana aid edildi. Ancaq müharibədən sonra da Qafqazda sərhəd məsələsi tam həll edilib başa çatdırılmadı. Sülhün şərtləri müharibə iştirakçısı kimi Gürcüstanı, maraqlı dövlət kimi Azərbaycanı qane etmirdi. 1919-cu il aprelində Tiflisdə 3 dövlət arasında sərhəd məsələlərini müzakirə emək və münasibətləri nizamlamaq məqsədilə konfrans keçirildi. Ancaq bu konfrans da əməli nəticə vermədi.
Tarixi şərait elə gətirdi ki, ermənilər yenidən Rusiyanın əlində
alətə çevrildilər. Bütövlükdə
bölgədə, o cümlədən də
Borçalıda gərgin vəziyyət hökm
sürürdü. Milli
ədavət, özbaşınalıq əhalini ağır vəziyyətə
salmışdı. Üstəlik də siyasi
şərait get-gedə dəyişirdi. Apreldə Azərbaycan
Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən
yıxıldı. Borçalı ilə yanaşı
Qarayazı, Sığnaq mahallarını da
Azərbaycan sərhədlərinə daxil
etmək imkanı birdəfəlik itirildi.
Adı çəkilən 8,7 min kvadrat kilometrlik türk əraziləri (Azərbaycan) tarixi ədalətsizliyin qurbanı oldu. 1921-ci il fevralın
16-da yaradılan Gürcüstan İnqilab Komitəsinin fevralın 20-də
"Gürcüstan fəhlə, kəndli
və əsgərlərinə, bütün
zəhmətkeşlərinə" etdiyi
müraciətdə deyilirdi: "... Üsyana qalxmış Borçalının zəhmətkeş
xalqına ... imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə
Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet
respublikalarından birinə ilhaq edilsin". Amma siyasi hakimiyyəti ələ keçirmiş
qüvvələri əhalinin istək və arzuları qətiyyən
maraqlandırmırdı. RK(b) P MK-nın Qafqaz bürosu iyulun 7-də Loru nahiyəsinin
bütövlükdə Ermənistana verilməsi barədə
qərar qəbul etdi. Beləliklə, uzunillik mübarizələrdən və
qanlı müharibələrdən sonra
ermənilər Borçalı ərazisində iddia etdiklər torpaqları qoparıb
aldılar. Borçalı ermənilər və gürcülər
arasında bölüşdürüldü.
Bölgənin böyük əksəriyyətini
təşkil edən türk əhalisi Ermənistanın
və Gürcüstanın idarəçiliyi altına düşdü.
Şahbaz Şamıoğlu,
araşdırmaçı
Xalq Cəbhəsi.- 2010.- 30 oktyabr.-
S.15.