Nizami Gəncəvinin heykəlinin qoyulması
tarixindən
Məhəmməd
Əmin Rəsulzadə qərəzli əməl sahiblərinə
daha sərrast cavab vermişdi
I yazı
Dünya ədəbiyyatında
tanınmış şair, mütəfəkkir,
Azərbaycan klassik poeziyasının
yaradıcısı dahi Nizami
Gəncəvinin abidəsinin ucaldıldığı vaxtdan 61 il keçdi.
Bu illər ərzində möhtəşəm
abidənin önündən keçən çoxsaylı
insanları, həmyerlilərimizi və xarici
qonaqları daim görür
və bununla fəxr edirik.
Onlar,
xüsusilə gənc nəslin əksəriyyəti daim öyündüyümüz
şəxsiyyət haqqında xeyli məlumatlansalar
da, həmin abidənin hansı tarixi şəraitdə və necə çətinliklərlə
hazırlanmasını şübhəsiz, bilmirlər. Çünki bu möhtəşəm
xatirə abidəsini yaradanların əksəriyyəti indi həyatda yoxdur. Bununla belə elə amillər də var ki, onlara
əsaslanırıq. Bu amillərdən ən
başlıcası şəhərimizin mərkəzində
ucaldılmış və ona xüsusi gözəllik bəxş edən dahi Nizami abidəsinin özü və min bir əziyyətlə qoruyub
saxlaya bildiyimiz arxiv sənədləridir.
Yalnız indimiz deyil, həm də uzun illik tariximiz boyu millətimizə baş
ucalığı gətirəcək Nizami
abidəsinin yaradılması ilə bağlı layihələr,
protokollar və yazışmalar küll halında Azərbaycan Respublikası
Dövlət Elm və Texnika
Sənədləri Arxivində mühafizə olunur.
Əvvəlcə son dünya savaşının böyük
məhrumiyyətlər yaratdığı o
qanlı-qadalı günlər ərəfəsində daha kəskin səslənən Nizami mövzusunun siyasi tərəfini və sonra
da abidənin ucaldılması naminə Azərbaycanda
aparılmış çox mühüm işləri xatırlamaq istəyirəm.
Bunu məndən düz
40 il ərzində üzərində əziyyət
çəkdiyim və hər bir təcavüzdən
qoruya bildiyim ilkin sənədlərin məzmunu tələb
edir.
Budur, yazı masamın
üstündə cəmi iki qovluqda cəmləşdirilmiş, əməkdaşlarımızın
səyi ilə səliqə-sahmana salınmış xeyli sənəd toplanıb. Sənədləri
araşdırdıqca inşasına üst-üstə 10 ilədək
vaxt sərf olunmuş
bu əzəmətli sənət əsərinin
yaradılma tarixi canlı panorama
kimi göz
önündən keçir. Ötən
yüzilliklər ərzində doğma Azərbaycanımızın
keçdiyi gərgin mübarizə yolunun canlı şahidi olan tarixi sənədlər
çox hallarda
düyünlərə düşmüş
zəngin tariximizin açılmasında
bizə daha yaxından kömək edir. Elə buna görə
də ötən tariximizin müxtəlif
illərində arxivlər barədə aqillərimiz, dövlət
və içtimai xadimlərimiz gözəl
sözlər deyib. Onların
dediklərinə, yazdıqlarına gərəyincə əməl
olunsaydı, onda bütün
tarixi qaynaqlarımız sözün
əsil mənasında tam qorunar
və rəqiblərimizin antiazərbaycan təbliğatına
heç bir əsas
qalmazdı. Ancaq çox
təəssüflər ki,
qayğısızlıq və hətta biganəlik üzündən XIX yüzilin ikinci yarısınadək ötən tariximizin mükəmməl arxivi
saxlanılmadığı kimi, Azərbaycan
mədəniyyətinin intibah dövrü adlandırılan XII yüzilə
məxsus Nizami dövrü
arxivinin də qorunub
saxlanılmaması bu tarixi
yubileyin yüksək dövlət səviyyəsində
qeyd edilməsinə və abidənin
ucaldılmasına əngəl törədən ciddi amillər idi.
Arxivimizdəki
sənədlərdən bəlli olur ki, ötən yüzilin
30-40-cı illərinədək keçən yüzilliklər
ərzində Nizamini öz
doğma vətənindən qoparıb
"fars şairi"
kimi qələmə verənlər peyda olmuşdu. Nəinki
İranın, hətta dünyanın bəzi iranpərəst
qələm sahibləri Nizamini fars şairi hesab edir, bunun
səbəbini də əsərlərini fars
dilində yazması ilə izah edirdilər.
Qeyd etdiyim kimi, XII yüzilə
və bundan sonrakı yüzilliklərə
aid arxivlərimizin ağır müharibələr
zamanı Azərbaycanı əsarət altına salmış
düşmənlərimiz, ilk növbədə
erməni təcavüzkarları tərəfindən, bəzən
də öz biganəliyimiz nəticəsində
məhv edilməsi Nizamini özgələşdirməyə
can atanlar üçün əlverişli imkan yaratmışdı.
Bu səbəbdən də Azərbaycanı
istəməyənlər həm gerçək tariximizi saxtalaşdırır, həm də
millətimizi təhqir edirdilər. Elə bütün
bunlara görə də sabiq
sovetlər məkanında, o cümlədən
Azərbaycanda dahi Nizaminin
800 illik yubileyinin qeyd edilməsi və abidənin
ucaldılması onu zorla
farslaşdırmaq istəyənlərə ən tutarlı cavab olmalı idi.
Bir vacib məsələni
də yada salmaq yerinə
düşər. Sovet dövrünə məxsus
arxiv sənədlərində Nizami abidəsinin yaradılması tarixinin yalnız ötən 30-40-cı illərə
aid olduğu göstərilir.
Ancaq əlimizdə olan
əlavə qaynaqlar təsdiq edir ki, Nizami
abidəsinin yaradılmasına, onun doğma Azərbaycan şairi
olmasının təsdiqinə yönəldilmiş ilkin təşəbbüs hələ Cumhuriyyət
hakimiyyəti zamanı göstərilmişdi. Hətta
bu mühüm əhəmiyyət
kəsb edən işin icrası dövlət
proqramına da salınmışdı. Ancaq 1920-ci ilin məlum aprel çevrilişi buna imkan vermədiyi üçün həmin tarixi
təşəbbüsün gerçəkləşməsi
yalnız ötən yüzilin 30-40-cı
illərində mümkün oldu.
Arxivdəki
12 H-li fondun
çoxsaylı sənədləri arasında 1941-ci ilin soyuq fevral
ayının 17-də Moskvada fəaliyyət
göstərən ümumölkə miqyaslı Bədii-Texniki
Şuranın keçirdiyi iclas protokolu diqqəti daha çox cəlb edir. SSRİ hökumətinin qərarı
əsasında müzakirəyə
çıxarılmış ilk məsələ
Nizami abidəsinin ucaldılması ilə
əlaqədar Azərbaycan mütəxəssisləri tərəfindən
hazırlanmış və Bakı müsabiqəsində bəyənilmiş
layihə variantı idi. İclasda
ilk olaraq söz verilmiş, Azərbaycanın
bütün
Sovetlər məkanında seçilib-sayılan memarı Sadiq Dadaşovun məruzəsinin
ilk abzasını olduğu
kimi təqdim edirəm: "Nizami abidəsinin inşası ilə əlaqədar
belə bir vəziyyəti diqqətinizə
çatdırmağı vacib sayıram. Bu abidənin inşası yalnız
keçiriləcək yubileylə bağlı deyil,
eyni zamanda siyasi əhəmiyyətli məsələdir.
Son zamanlara qədər
Nizamini Azərbaycandan ayırıb onu fars şairi
hesab edirdilər. Mən bu
barədə Ukrayna şairinin
şeirindən bir parçanı və Stalin yoldaşın göstərişlərini
sizə oxumaq istəyirəm". Təəssüflər olsun ki, Azərbaycan memarı Sadiq
Dadaşovun öz
çıxışında Nizami Gəncəvinin
məhz Azərbaycan şairi
olmasını təsdiq edən bu
iqtibasları görünür, ancaq ayrı vərəqədə
yazıldığından iclasın stenoqram
yazısına düşməyib. Bəlkə də onu qəsdən həmin yazıya
salmayıblar. Bununla belə, o illərin dövrü mətbuat səhifələrindən
və yuxarı dairələrin
çıxışlarından tez-tez səslənirdi
ki, "Nizamini Azərbaycana
qaytaran Stalin yoldaş oldu". Ölkə
rəhbərliyi tərəfindən göstərilmiş bu gerçək münasibətin nəticəsi
idi ki, Böyük
Vətən Müharibəsinin ən ağır günlərindən
birində amansız düşmən mühasirəsində yaşayan Leninqrad şəhərində
Nizami gecəsi keçirildi
və onun vətənpərvərliyə
səsləyən şeirləri dinlənildi.
Arxivimizdəki stenoqram
yazıdan daha sonra
öyrənirik. İclasın rəyasət heyətində əyləşmiş
Şura üzvləri Zotov,
Andreyev, Maskovtsov, Nosov, Şvarikov, Çaykov kimi
tanınmış ölkə mütəxəssisləri bir-bir çıxış edərək təqdim
edilmiş layihə variantı və portret barədə mülahizələrini
bildirirlər.
Hətta bu mühüm
məsələnin müzakirəsi zamanı erməni
barmağı da işə düşür. İclasın sonunda
söz erməni millətindən olan Şura üzvü Alabyana verilir. Sənədlərdən göründüyü kimi
o, Bakı müsabiqəsində bəyənilmiş
layihə variantının, xüsusilə rəssam
Xalıqovun hazırladığı portret
və Fuad Əbdürrəhmanovun abidə
cizgiləri barədə söylənilən müsbət
fikirləri bir yana qoyub, yalnız tənqidi mülahizələri
ön planda səsləndirərək
öz qərəzli ifadələrini də
onların üstünə qoyur. Alabyan Azərbaycan mütəxəssislərinin
gərgin zəhmət bahasına hazırladığı
layihənin və portretin yenidən
işlənilmək üçün geri qaytarılmasını təklif edir.
Alabyanın
çıxışından: "Əlbəttə, məndən
əvvəl göstərilən iradlar tam nəzərə alınmalıdır. Həqiqətən
də təqdim olunmuş fiqurda
bir çox mücərrədliklər
var. Bu işə daha ciddi yanaşmaq
olardı. Axı nə üçün
layihəyə konkret bir
şəxsin portretini əlavə edib "Bax, bu, Nizaminin özüdür"-
deməyək. Təklif edirəm: portret
üzərində təkrar işlər aparılsın".
Arxasında haqlı olaraq
əsl "Kreml tülküsü"
adlandırılan, SSRİ hakimiyyətində çox
yüksək vəzifə daşıyan Anastas
İvanoviç Mikoyanın
dayandığı Alabyanlar çox gözəl bilirdilər ki, Nizami dövrünün
arxivləri saxlanılmadığından, onun
şəxsiyyət cizgilərini yalnız ədəbi-bədii
irsinin öyrənilməsi əsasında
hazırlamaq mümkündür. Bu da artıq tələb olunan səviyyədə icra
olunmuşdu. Ancaq ümumölkə paytaxtı Moskvada
dərin kök salmış, yuxarı
dairələrin açıq müdafiə etdiyi
erməni millətinə məxsus "mütəxəssisin"
qərəzli iradlarında indiki şərait
baxımından tam aydın görünən
siyasi məqsəd güdülürdü.
Nizami şəxsiyyətinin Azərbaycan
millətinə "qeyri- məxsusluğu"
barədə yayılan şaiyələr Alabyanların ürəyincə
idi. Onların belə çirkin
cəhdi hələ o zaman
çoxlarının anlamadığı siyasi
məqsədə ünvanlanmışdı. Bu
isə ilk növbədə abidə
inşasının gecikdirilməsinə, heç
olmasa, vaxtın uzadılmasına xidmət
edirdi.
Sənədlərdən
göründüyi kimi,
ötən 30-40-cı illərdə tarixin
özü də Alabyanların xeyrinə
işləyirdi. Axı ölkə sərhədlərinə doğru qədəm basmaqda
olan İkinci Cahan Savaşı həm də Azərbaycanın
taleyini sual altında qoyurdu. Ancaq sənədlərdən məlum olur
ki, Alabyanların bu
növbəti niyyətləri də boğazlarında
qaldı. Öndə gedən ziyalılarımızın və
dövlət rəhbərlərimizin prinsipial
mövqeyi öz işini layiqincə gördü.
Hətta ölkənin birinci şəxsi
sayılan İ.B.Stalin də Azərbaycanın
tərəfində durdu. Təkcə
qalırdı ki, üzərində
xırda əlavələr etməklə abidə layihəsini
gerçəkləşdirmək. Bu barədə
hələlik az sonra.
Nizaminin
öz millətinə qaytarılması və
doğulduğu Vətənin paytaxtı
Bakı şəhərində ona layiq abidənin ucaldılması barədə
mübahisələrin qızışdığı bir şəraitdə əksəriyyətin xəbəri
yox idi ki,
hələ ötən XX yüzilin əvvəllərindən
xaricdə yaşamağa məcbur edilmiş Məhəmməd
Əmin Rəsulzadə bu qərəzli əməl
sahiblərinə daha sərrast cavab vermişdi. Özü də pafoslu
çıxışları ilə deyil,
Nizamiyə həsr etdiyi dərin məzmunlu
tədqiqat əsəri ilə. O, mühacirətdə
olmasına baxmayaraq imkanı
çatdığı arxivlərdən, dünya
tarixinin qaynaqlarından topladığı
tutarlı dəlillərə söykənən "Azərbaycanın
şairi Nizami"
adlı əsərində bu dahi şəxsiyyətin Azərbaycana məxsusluğunu,
Gəncə torpağında doğulub
yaratdığını sübut edib. "Nizaminin 800 illiyinə
həsr edirəm" sözlərini də kitabın ilk səhifəsinə həkk edib.
Ancaq sovet
ideologiyasının hakim olduğu
o çətin illərdə heç kəs bu həqiqəti
qələmə almaqla "Pantürkist" damğasını qəbul
etmək istəməzdi. Çünki bunun üçün
müstəsna cürət tələb olunurdu.
Şahsuvar Haşımov,
Elm və Texnika Sənədləri Arxivinin
direktoru, əməkdar mədəniyyət
işçisi
Xalq cəbhəsi.- 2010.- 1 sentyabr.-S. 14.