Bir təmizləməyə dair:
Sovet türkçülüyü
Dəyərli
oxucular. Türkiyə Təhsil Nazirliyi Təlim və Tərbiyə
qurumunun üzvü Ömər Özcan "Xalq Cəbhəsi"
qəzetinə göndərdiyi məktubda Məhəmməd Əmin
Rəsulzadənin Türkiyəyə gəldiyi ilk illərdə
müxtəlif vaxtlarda və fərqli imzalarla dərc etdirdiyi
yazılardan söz açır.
Ömər Özcan
uzun illərdir ki, SSRİ yarandıqdan sonra mühacir həyatı
yaşamaq məcburiyyətində qalan türk liderlərinin
xarici ölkələrdəki fəaliyyətini
araşdırır. Ömər bəy apardığı son
araşdırmalar zamanı Məhəmməd Əmin Rəsulzadənin
"Yalvacoğlu" imzasıyla qələmə
aldığı üç yazısını
aşkarlayıb və onlardan birini dərc olunması
üçün "Xalq Cəbhəsi" qəzetinə
göndərib.
Ömər bəyə
dərin təşəkkürlərimizi bildirir və Məhəmməd
Əmin Rəsulzadənin "Bir təmizləməyə
dair: Sovet türkçülüyü" adlı
yazısını oxucularımıza təqdim edirik.
"Xalq Cəbhəsi"
Sovetlər Birliyinə
daxil türk və tüsəlman respublikalarında indi bir
çox "türkçü və islamçı
kosmopolitlər" Sovet patriotizminin və qırmızı
rus milliyyətçiliyinin mənafeyi üçün silinib
süpürülür. Bu dədilikdən bəhs edən
Avropalı şərhçilərdən bəziləri
"Türkçülük liderlərinin 1937-ci il
repressiyası əsnasında tamamilə yox edildikləri
sanılmışdı", - deyə bir mülahizə ilə
çıxış edib. Məsələni yaxşıca
anlaya bilmək üçün bəhs edilən bu repressiya
hadisəsi üzərində dayanmaq istəyirəm:
Stalin diktatorluğu
1937-38-ci illərdə Sovet dövründə edilən
sistematik təmizləmələrin ən qanlısına
girişmişdi. Bu təmizləmə Rusiyada
Troçkiçilərlə, SSRİ-dəki rus olmayan
respublikalarda isə milli müqavimətçilərə
qarşı həyata keçirilirdi.
Troçkiçilər
Stalinin şəxsi iddialarına, milli dirənişçilər
isə ruslaşdırma siyasətinə qarşı
mübarizə aparırdılar.
Bolşeviklərin
ruslaşdırma siyasəti iqtisadiyyat sahəsində mərkəzləşdirmə,
mədəniyyət sahəsində isə "sovetləşdirmə"
adı altında tətbiq olunurdu.
İqtisadiyyat mərkəziyyətçiliyi
məmləkəti Moskvanın planına görə istismar etməkdən ibarətdir. Mədəniyyətin sovetləşdirilməsi isə
Sovet türk-müsəlman
respublikalarının həqiqi faciəsi - ruslaşdırmaq
anlamına gəlir. İlk sıralarda bu siyasət mədəniyyətin formaca milli, məzmunca kommunist olmasından bəhs edən bir düsturla
maskalanırdı. Başlanğıcda, türk
ellərinin yerli xüsusiyyətlərinə
və milli ənənələrinə
dözən bolşevikler, getdikcə
taktikalarını dəyişdirdilər. Sovet
mədəniyyətçiləri öz
köklərindən qoparılan türk mədəniyyətini
və onunla birlikdə milli
mədəniyyət qatarını sovet
relslərinə oturtdular. Lakin
türk ellərindəki gizli
mədəniyyət qüvvətləri sovetlərin bu siyasətinə qarşı
çıxırdılar. İki
düşmən cərəyan arasında qəti bir döyüş
başladı: Bir yandan
türkləşdirmə, o biri yandan da
ruslaşdırma partizanları üz-üzə gəldilər.
Hər iki zümrənin əsaslı
tezisləri 1937-ci ildə Bakıda toplanan
"qrammatika və termin"
konqresində ifadə və düsturlarını tapdı.
Rusçular mütləq bir sovetləşdirmə məqsədiylə
bunları istəyirdilər:
1.
Beynəlxalq terminlər əslində olduğu
kimi deyil,
ruslaşdırılmış şəkildə istifadə
edilməlidir.
2.
Rus dilindəki terminlər tərcümə
edilmədən, olduğu kimi
tətbiq olunmalıdır.
3.
Digər türk ləhcələrindən
sözlər alınmamalıdır.
4.
Ərəb, fars dillərindən və
Osmanlı ləhcəsindən alınan sözlər eyni mənaya gələn rus
sözlərilə dəyişdirilməlidir.
Türkçülər
isə bunları istəyirdilər:
1.
Terminlər türkləşdirilməlidir.
2.
Azərbaycanı ruslaşdırmaya aparacaq
sovetləşdirməyə meydan verilməməlidir.
3.
Cümlə məsələsində ümumi
ədəbi əsaslara söykənməli və eyni zamanda, mümkün
olduğu qədər digər türk ləhcələriylə olan ortaq xüsusiyyətləri
qorumağa cəhd göstərilməlidir.
Sovetlər
Birliyindəki çoxdilli mədəniyyətlərin
getdikcə daha çox
ruslaşdırılması bolşevizmin
idealıdır. Bunu reallaşdırmaq istəyənlər
isə Moskvanın səlahiyyətli himayəsindən qüvvət
alaraq, eləcə də siyasi
müdaxilənin kobud təzyiqindən faydalanaraq "sovetçilik"
prinsipini həyata keçirməyə
çalışırlar. Məmləkətdəki mədəniyyət
ənənələrini himayə etmək istəyən ən
kiçik bir
müqavimət də sovet rejiminə
qarşı sui-qəsd kimi dərk olunur. Türkləşdirmək niyyətində
isə xalqın bütün mənəvi
dəyərlərini tək bir varlıq
halına gətirmək məqsədi güdülür.
Halbuki ortadoksal
kommunizmdə dil bir
millətin müxtəlif təbəqə və siniflərini
birləşdirməklə təsanüdə (həmrəyliyə
- red.) aparan bir mədəniyyət vasitəsi kimi deyil, sinif
mübarizəsinin silahı kimi qəbul olunur. Bunun üçün
də ədəbi dilin sadə xalqın anlaya biləcəyi bir dərəcəyə
endirilməsi lazımdır. Lakin bu qaydanın tək türk
dillərinə tətbiq olunduğu da bir həqiqətdir. Lenin və Stalinin dili isə bu qaydaya tabe deyil.
Burada başqa bir qanun hökm
sürür. Bu qanuna
görə sadə rus xalqının
müxtəlif təbəqələri deyil,
Sovetlər Birliyindəki bütün millətlər
də böyük oktyabr
inqilabının "müqəddəs" dilini
anlamaq səviyyəsinə gətirilməlidir.
Çünki ruscaya lovağalanaraq "dünyanın əsas mədəniyyət
və elm dili" deyən
Zaslovskinin təfəkkürünə
görə "latınca-qədim dünyanın",
"fransızca-feodal dövrünün",
"ingiliscə - kapitalizmin", "rusca isə dünya sosializminin dili"dir. Sən demə, "ruscanı bilmədən
dünya inkişaf edə
bilməz"miş ("Literaturnaya qazeta" fevral 1949).
1936-cı ildə Azərbaycan Sovet Respublikasının ən nüfuzlu
şəxsiyyətləri və kommunistləri ilə ölkənin
məşhur dilçi, müəllim və
alimlərinin iştirakıyla qurulan bir komissiyada Azərbaycan
türkcəsi qrammatikasının əsasları işlənmiş
və müəyyən bir sistem qəbul edilmişdi. Sovetçilər, komissiyanın bu
təlimatını "inqilab əleyhində
bir sui-qəsd vəsiqəsi"
adlandırdılar. Çünki bu təlimatda "oktyabr dili", yəni rusca deyil, "pantürkizmin
silahı", yəni ümumi türkcə
əsas götürülmüşdü.
Bu münasibət təkcə Azərbaycana
yox, sovetlərdəki bütün
türk ellərinə
də aid idi. Hər tərəfdə
"pantürkizmə" qarşı cəbhə
açılmışdı.
Rus
imperatorluğunun tarixi
qəhrəmanları gündəlik sovet
siyasətinin tələblərinə
uyğunlaşdırılaraq ideallaşdırılır, sovet türk
respublikalarında tarixi şəxsiyyətlərin
xatirələri isə unutdurulurdu. Çünki birincilərin xüsusiyyəti
Rusiyanı qorumaqdan, ikincilərin tarixdəki
rolu isə Rusiyaya qarşı
mübarizə aparmaqdan ibarət idi.
Tarixə
tətbiq olunan bu yanaşma Stalinin
aktuallıq üçün verdiyi düstura da uyğundur: "Hər
hansı bir müstəmləkənin hər
hansı bir imperatorluqdan
ayrılması inqilab, hər hansı bir məmləkətin Sovetlər Birliyindən
çıxması isə irticadır".
Qeyd edək ki,
siyasi tarixə tətbiq olunan
bu metod mədəniyyət
tarixinə də tətbiq olunur.
Hər şeyi rus millətiylə birləşdirmək məqsədini
güdən bu siyasət, nəhayət,
1939-cu ildən etibarən, Sovetlər Birliyindəki bütün türk
respublikalarında mədəniyyətin formaca
ruslaşdırılmasına gətirib çıxardı.
Yazı kiril-rus hərfləri sisteminə
uyğunlaşdırıldı. Türkcə qəzet
və kitablar rus hərfləriylə
nəşr olunmağa başladı.
Bu "islahat"
qırğın (repressiya-red.) dövrü deyilən 1937-1938-ci illərdən
dərhal sonra tətbiq olundu.
"Qırğın illəri" adlanan
mərhələ sözün bütün mənasında faciəli bir dövr idi.
Bu
dövrə qədər türk
respublikalarında, həyatın hər mərhələsində
rol alan yerli sovet ziyalıları
"təmizləndilər". 1937-ci ildən sonra nə önə gələn bir kommunist, nə məşhur
bir yazar, nə sevilən
bir artist, nə də
az-çox tanınmış bir cəmiyyət adamı qaldı...
Türk
ellərini sovetləşdirmədə rus
bolşeviklərinə böyük xidmətlər
göstərən Azərbaycanda Nerimanov, Türkistanda Feyzullah Xocayev, Uralda Sultan Aliyev, Krımda qubernator İbrahim kimi adamlar belə sonradan milliyyətçiliklə ittiham olunaraq, təzyiqlərə
məruz qaldılar. Qarayevler, Ruhullalar və başqaları belə 1937-ci ilin qırğınında ortadan
qaldırıldılar. Böyük şair və
yazıçılardan Hüseyn Cavid, Əhməd Cavad,
Münəvvər Qazançı, Çobanzadə kimi milliyyətçi nəsilə mənsub
şəxsiyyətlərlə yanaşı, bolşevik
məktəbindən, gənc kommunistlər sırasından
çıxan ziyalılar da "sovetləşdirmə"
terrorunun qurbanı oldular.
Sultan Məcid Əfəndiyev, Həmid Sultanov kimi köhnə
kommunistlər belə milliyyətçi deyə
boğazlanıldılar. Hətta sovet Azərbaycan
Respublikasının ölüb getmiş ilk baş nazirinin xatirəsi
də "vətən xaini", - deyə
məhkum edildi və mənən edam olundu.
Böyük qırğın ilində
Moskva yerli türk respublikalarında mövcud
milli ənənələri zorlayaraq onları böyük
Rusiyanın içində əritmək istəyirdi. Təbiəti
dəyişməyə məcbur edirdi. Bu məcburetmə bu gün də dayanmadan davam edir və dayanmadan qurbanlar istəyir.
Lakin şübhəsiz ki,
təbiəti zorlayan bütün
güclərin aqibətinə onlar da uğrayacaqlar. Çünki son zəfər
zülmün və əsarətin deyil, ədalət və
azadlığındır. Gələcək, totalitarizmin
deyil, demokratiyanındır!
Məhəmməd Əmin Rəsulzadə
Xalq cəbhəsi.- 2010.- 1 sentyabr.- S. 3.