"Azərbaycan teatrının islahatlara ehtiyacı var"

 

 Mərahim Fərzəlibəyov: "Baş rejissor kimi kollektivi idarə edə bilmədiyimi görüb bu vəzifədən getdim"

 

"Reyissor rol bolgusunu səxsi munasibətlər əsasanda ararırsa, , o tamasa suquta ugrayacaq"

 

Beş ilə yaxın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsində çalışan, bir müddət əvvəl bu vəzifədən istefa verən və teatrda fəaliyyətini sıravi rejissor kimi davam etdirən Azərbaycanın xalq artisti, rejissor Mərahim Fərzələbəyov APA-ya müsahibə verib. Rejissor müsahibədə tutduğu vəzifədən imtina etməsinin səbəblərini açıqlayıb (ixtisarla çap olunur).

- Mərahim müəllim, baş rejissor vəzifəsindən uzaqlaşmağınızın səbəbi nə idi?

- İlk dəfə Qroznı şəhərindən gələndən sonra 1977-ci ildə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor vəzifəsinə təyin olundum. Həmin illərdə bir çox tamaşalara quruluş verdim. Bir müddət sonra Akademik Milli Dram Teatrının rejissoru Tofiq Kazımov faciəli şəkildə vəfat etdi. Teatra rejissor tələb olunurdu və məni Sumqayıt Teatrından Akademik Milli Dram Teatrına sıravi rejissor vəzifəsinə göndərdilər. 25 ildən çox sıravi rejissor işlədikdən sonra belə məsləhət oldu ki, məni baş rejissor təyin etsinlər. Tofiq Kazımov dünyasını dəyişəndən sonra təxminən 25 il Akademik Milli Dram Teatrında baş rejissor vəzifəsi boş qalmışdı. Baş rejissor vəzifəsi beş ilə yaxın idi ki, bütün teatrlarda bərpa olunmuşdu. Mənə bu vəzifəni təklif edəndə teatrın truppasını tanıdığıma görə məmnuniyyətlə razılıq verdim. Məhz bu səbəbdən düşündüm ki, mən bu teatrın bədii hissəsini idarə edə bilərəm. O ümidlə və istəklə işə başladım. Lakin müəyyən maneələrə rast gəldim. O maneələrə fikir vermirdim və çalışırdım ki, öz işimi görüm. Yeni tamaşalarla tamaşaçıları sevindirmək, Avropa, Asiya qastrollarına çıxmaq istəyirdim və bu həvəslə də işimi davam etdirirdim. Ancaq, həmin bu kiçik maneələr böyük maneələrə çevrildi və gördüm ki, artıq işləmək mümkün deyil. Teatrda mənimlə birgə yeddi rejissor çalışırdı. Bir teatr üçün yeddi rejissor çox idi, bunu ilk gündən deyirdim. Bu rejissorların təbii ki, öz sevimli aktyorları var idi və istər-istəməz teatrda müəyyən qruplaşmalar əmələ gəlirdi. Bir müddətdən sonra hiss elədim ki, bunlar artıq rejissorların yığdığı sevimli aktyorlar deyil, adi oyunçulardır. Bu qruplaşmaları ləğv etməyə çox çalışdım, lakin, görünür ki, çətinliyin öhdəsindən gələ bilmədim. Bu teatr 25 il baş rejissor görməyib, teatr kollektivi baş rejissorun funksiyalarını demək olar ki yadırğamışdı, ona görə çox aktyorlar mənə aid olan məsələləri müdirlə, müdirlə lazım olan məsələləri mənimlə həll edirdilər. Yəni truppada bir çaşqınlıq var idi. Bu məsələlər mənim səlahiyyətimə aiddir, niyə müdirin yanına gedirsən?! Bütün rejissorlar və truppa baş rejissorun həmfikirləri olmalıdır. Hiss etdim ki, truppada həmfikirlərimi yarada bilmirəm, ona görə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə yaxınlaşıb öz ərizəmlə baş rejissor vəzifəsindən sıravi rejissor vəzifəsinə keçməyimi xahiş elədim. Sağ olsunlar ki ərizəmi qəbul etdilər və hazırda mən Akademik Milli Dram Teatrında sıravi rejissoram.

- Sizcə, baş rejissor vəzifəsini icra etdiyiniz beş il müddətində düzgün siyasət yürütmüsünüz?

- Mənim üçün çətin idi, çünki çalışırdım ki, bütün rejissorlar da, truppa da bilsin ki, biz yaxşı tamaşalar hazırlamalıyıq. Çox çalışırdım ki, onları həmfikirimə çevirim, amma rejissorların çoxluğundan və qruplaşmaların olması səbəbindən bu, mümkün olmadı. Bir teatrda yeddi rejissorun olması çox müşkül məsələdir. Dünyanın heç bir teatrında eyni vaxtda yeddi rejissorun işləməsi faktı yoxdur. Elə rejissor var idi ki, iki-üç ildən bir tamaşa qoyurdu. Ancaq mən 32 il burada işlədiyim müddətdə elə bir il olmayıb ki, tamaşalar təhvil verməyim. Ancaq 3 il, 4 ildən bir tamaşa hazırlayan rejissorları mən öz ətrafımda birləşdirə bilmədim. Gördüm ki, bu minvalla işləmək qeyri-mümkündür və baş rejissor vəzifəsində yalnız vaxt itirəcəyəm.

- Bəlkə bu qərarı verməyə truppanın toplu halında sizə qarşı çıxması və rəsmi dairələrə şikayət etməsi səbəb olub?

- Bilirsiniz, aktyorlar müəyyən bir məqamda birləşdilər, bütün xalq artistləri nazirliyə, sonra Nazirlər Kabinetinə çağırıldı. Onlardan narazılığın səbəbi soruşuldu. Rol bölgüsündən, eyni zamanda truppanın öhdəsindən gələ bilməməyimlə bağlı narazılıqlar səsləndi. Sözün düzü, orada səslənən fikirləri öyrənmədim, çünki o fikirlərin mənim üçün əhəmiyyəti yox idi. Mən onların da şikayətini təbii qəbul edirəm. Onlar bir kütlə şəklində birləşdilər və bunu biləndən sonra qərara gəldim ki, baş rejissor vəzifəsindən getməyim vacibdir. Truppanın baş rejissorun ideyalarından, hansısa fikirlərdən narazılıqlarını yuxarı rəhbərliyə çatdırmasını görüb işdən getmək barədə qərarımı verdim.

- Bütün bu narazılıqlar Sizin özünüzə deyilməmişdi?

- Yox, bunların heç biri mənim özümə deyilməmişdi. Əksinə hər zaman mənim bacarıqlı rejissor olduğumu deyirdilər, tamaşalarımı tərifləyirdilər. Bilirsiniz ki, iki ildir öz binamızda işləmirik, lakin bu çətin vəziyyətdə mən Hüseyn Cavidin "Şeyda" əsərinə müraciət etdim. Bu əsər Azərbaycan teatr tarixində demək olar ki, səhnə üzü görməmişdi. Biz o əsərin məşqlərini məhz gördüyünüz bu çadırda keçirmişik. Heç bir teatr bizə bu əsəri təhvil vermək üçün yer vermədi. Yalnız Opera və Balet Teatrı üç gün yer təklif elədi və mən bu üç günə razı oldum. Təsəvvür edin ki, o boyda nəhəng əsəri səhnədə musiqi və işıq quruluşu ilə birlikdə üç günə hazırlayıb təhvil verdim. Əlbəttə, bu hal o tamaşanın texniki və mənəvi tərəfdən zəif çıxması ilə nəticələndi və "Şeyda" tamaşası haqqında fikirlər mənfi oldu. Çünki biz öz teatrımızda bir əsərə quruluş verdikdən sonra otaq şəraitində qurama dekorasiyalarla səhnədə 20-30 məşq edirik ki, aktyorlar özlərini səhnəyə uyğunlaşdıra bilsinlər. Lakin "Şeyda" tamaşasında belə olmadı. Yəni bu çətinliklə əlaqədar tamaşam çox zəif çıxdı. Ola bilər ki, bu tamaşanın zəifliyi də müəyyən aktyorlarda, rəhbərlikdə şübhə yaratdı ki, mən belə bir tamaşanı tez təhvil verdimsə, deməli bir baş rejissor kimi artıq işimin öhdəsindən gələ bilmirəm. Görünür, baş rejissor kimi müəyyən nailiyyətlər əldə edə bilmədim. Bunun təqsiri həm məndədir, həm də müdiriyyət tərəfindən özümə qarşı yaxınlıq hiss etməməyimdə. Sanki son iki ildə tənhalaşdım. Çünki ancaq müəyyən qrupları birləşdirməyə çalışırdım. Rejissorlara deyirdim ki, əsər səhnələşdirmək lazımdır. Altı rejissordan bir neçəsini dəvət edib məsləhət gördüm ki, filan əsərləri səhnələşdirmək olar. Amma həmin rejissor teatrda boş gəzsin, tamaşa qoymasın deyə o əsəri qoymaqdan imtina edirdi. Onları məcbur edəcək mexanizm yox idi. Teatrda tamaşa hazırlayan bir mən idim, bir də Bəhram Osmanov. Teatr əsaslı təmirə çıxandan sonra iki rejissordan başqa heç bir rejissor tamaşa təhvil verməyib. Görünür, o altı rejissor özlərini yeni teatra hazırlayırlar, yeni texnologiyalar, yeni avadanlıqlarla öz əsərlərinə quruluş verməyə hazırlaşırlar. Amma fikrimcə teatrın bu ağır günlərində onların da tamaşa hazırlaması vacib idi.

- Sizə qarşı söylənilən narazılıqları haqlı, yoxsa haqsız hesab edirsiniz?

- Bircə onu hiss etdim ki, mən truppada birlik yarada, kiçik qrupları bir yerə yığa və onları öz ətrafımda birləşdirə bilmədim. Özüm bu qənaətə gəldim ki, daha belə işləmək olmaz. Narazılıqların bəziləri haqlı idi, ancaq bəziləri əlbəttə haqsız idi. Şəxsən razıyam ki, "Şeyda" əsərinə verilən quruluş bundan güclü ola bilərdi. Lakin vaxt məhdudiyyəti olduğuna görə əsərdə müəyyən zəif məqamlar oldu. Mən də teatrşünaslar, teatr bilicilərinin çox fikri ilə razılaşdım. Çünki istədiklərimi səhnədə çatdıra bilmirdim. Anladım ki, artıq elə vəziyyət gəlib ki, mən baş rejissor kimi iş qura bilmərəm, bunu anlayandan sonra qalmağın heç bir xeyri ola bilməzdi. Elə aktyorlar mənim əleyhimə sözlər danışırdı ki, onlar 30 il bundan öncə mənim tamaşalarımda püxtələşib, əməkdar və xalq artisti fəxri adlarını alıblar. Lakin, beş ilə yaxın müddətdə kollektivi daha çox tanıdığıma sevinirəm.

- Sizə qarşı səslənən əsas narazılıqlardan biri rol bölgüsünün düzgün aparılmaması ilə bağlı idi...

- Mən yalnız çalışmışam ki, baş rejissor kimi aktyorlarıma, rejissorlara müstəqillik verim. Mən onları heç zaman məcbur etməmişəm ki, bu aktyora rol verin, digərinə isə yox. Rejissor rol bölgüsündə azaddır və azad olmalıdır. Rol almayan aktyorlar özləri düşünməlidir ki, niyə yeddi rejissor daima müəyyən aktyorlara rol verir, amma onlara vermir. Deməli, daim rol alanlar çox istedadlı aktyorlardır. Mən rejissorları məcbur edə bilməzdim ki, bu aktyorların rolu yoxdur, onlara rol ver. Özüm baş rejissor kimi çalışırdım ki, müəyyən qədər kənarda qalan aktyorları öz tamaşalarıma cəlb edim. Beş ilə yaxın baş rejissor işlədim və yalnız mənim quruluş verdiyim tamaşalar plandan kənar idi. Mən özüm plandan kənar tamaşalar səhnələşdirirdim ki, digər rejissorlar dövlət sifarişi əsasında olan tamaşaları hazırlasınlar.

- Yeni rəhbərlik təyin olunandan sonra teatrdakı vəziyyət sabitləşib?

- İsrafil İsrafilovun gəlişi ilk olaraq teatrda nizam-intizamdan hiss olunur. Nizam-intizam olan yerdə yaradıcılıq olacaq və yeni müdiriyyət məhz mənim dediyim o qruplaşmanı dağıda biləcək. Üç ay müddətində nizam-intizam çox dəyişilib, görürəm ki, aktyorlar məşqlərə vaxtında gəlirlər. Şəxsən mən beş il müddətində saat 11-də başlayan məşq xatırlamıram. Lakin indi 11-ə qalmış artıq məşq başlayır. Bu da ondan xəbər verir ki, teatrda nizam-intizam qaydasına düşüb.

- Akademik Milli Dram Teatrında ciddi islahatların aparılacağı deyilir. Bunun üçün xüsusi komissiya da yaradılıb...

- Azərbaycan teatrının ümumiyyətlə islahatlara ehtiyacı var. Truppada elə aktyorlar var ki, 40-50 ildir işləyir. Əslində truppada yeniləşmə getməlidir. Mən yalnız yeniləşmənin tərəfdarıyam. Məncə bu islahatlar teatrın xeyrinə ola bilər. Bu komissiya truppanı hansı parametrlərlə yeniləşdirəcək, bunu bilmirəm. Lakin yeniləşmə olsa, bunun teatra yalnız xeyri dəyə bilər. Teatra yeni nəfəs lazımdır. Bu gün bizdə gənc qəhrəman aktyor və aktrisalar çox azdır. Ancaq teatrda heç olmasa 10 gənc qəhrəman olmalıdır ki, rejissor seçim edə bilsin. Amma indi elə vəziyyət yaranıb ki, rejissor seçim edə bilmir. Bir-iki cavan aktyor var və rolları onlara verməyə məcbursan. Bu yeniləşmədən sonra nəinki Türkiyə, İran səhnəsinə, hətta Avropaya da öz tamaşalarımızla çıxa biləcəyik. Bu minvalla teatr üç il müddətində öz yeni əsərlərini Avropaya çıxara biləcək. Bunun üçün gecə-gündüz işləmək lazımdır. Mən bir sıravi rejissor kimi gecə-gündüz işləməyə hazıram. Çalışacağam ki, bundan sonra nəinki Azərbaycan, hətta Avropa tamaşaçısının da marağını cəlb edəcək tamaşalar hazırlayım.    Faktaraşdıranlar...

"İşğalçı var, işğala məruz qalan var. Bu faktlar məlum ola-ola, indi onlar hansı faktı araşdırırlar, başa düşmək olmur?"

"İşğalçıyla işğala məruz qalan arasında bərabərlik işarəsini qoymaq beynəlxalq təşkilatlara heç cür başucalığı gətirmir"

 

 

Xalq Cəbhəsi.- 2010.- 9 sentyabr.- S.14.