Tarixin yaddaşı, yaddaşın dili...

 

Qəhrəmandır dilimiz, ona görə ki, bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə o, ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi ölkəmizdə yaşayan xalqların doğma, birləşdirici ünsiyyət dilidir. Professor İsmayıl Məmmədov fikrimizlə razılaşır: "Bəli, doğrudan da Azərbaycanda bütün dillərə sayğı var. Heç kəs heç kəsə demir ki, sən tat, eləcə də talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir kənddir .

Bu kənddə yaşayan əhali dünyada yeganə olan xınalıq dilində danışır. Hər halda Azərbaycanda başqa dillərə sayğının nəticəsidir ki, xınalıq dilinin daşıyıcısı olduğu yeganə kənd yüzillərdir ki, öz mövcudluğunu nəinki qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili ümumi, birləşdirici, anlaşma dilidir. Bu, bütün dövrlərdə belə olub. Dünyada 6 mindən çox dil var. Dillərin qorunması məqsədilə Beynəlxalq Ana Dili gününün təsis edilməsi son dərəcə əhəmiyyətli, zəruri bir məsələdir. 9 benqalın ana dilini qorumaq uğrunda mübarizəsi ilə əlaqədar olaraq həmin gün YUNESKO- da qeyd olunmağa başladı".

Dil bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Çağdaş dönəmdə - dünyada hər mənada gərginliklərin artdığı bir vaxtda xalqlar, dövlətlər dil qoruyuculuğu məsələsində daha da ciddiləşiblər. Bu amil dil uğrunda mübarizənin əslində xəlqi müəyyənlik uğrunda mübarizə demək olduğunu dərk etməyə bizə imkan verir. BMT-nin hesabatından məlum olur ki, hazırda dünyanın 25 müxtəlif regionunda 210 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri məsələsi ilə bağlı göstəricilər isə belədir: hazırda erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb. Çoxlu zamanlar keçir, dövranlar bir-birini əvəz edir, ancaq dil ölmür, daim yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəslə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.

Dilçi professor İsmayıl Məmmədov deyir: "Müəyyən dövrlərdə müəyyən ərazilərdə yaşayan xalqlar buya digər yerlərə adlar qoyublar, həmin adlar xalqın düşüncə tərzini, milli xüsusiyyətini özündə bu günə qədər qoruyub saxlayıb. Hər hansı bir dildə o xalqın nə dərəcədə zəngin olması ifadəsini tapır. Düzdür, elə xalqlar var ki, onun özünüifadəsi o qədər də zəngin olmur. Hər şeydən əvvəl bu, həmin xalqın dilinin qüdrətindən çox asılıdır. Bizim dilimizin qüdrəti çox böyükdür".

Hazırda Güney Azərbaycanda yaşayan 30 milyondan çox soydaşımızın fars şovinizminin əsarəti altında qalması səbəbindən ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim mövcudluğunu hünərvərliklə qoruyub saxlayır. Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Habelə aşıq sənəti Güney Azərbaycanda çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər.

Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin bizə soraqlarını çatdıran ən gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə, Yurda və Dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, o, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması onun milli ruhunun izharı oldu. Ancaq Xətayi çox gənc yaşlarından ana dilimizin qüdrətli qoruyucusuna çevrildi.

Biz bu dünyadan gedəcəyik, ancaq dilimiz, millətimiz və Vətənimiz qalacaq. Bu səbəbdən də xalq ölmür, məhv olmur.

Dilçi alim İsmayıl Kazımov isə deyir: "Hər bir xalqın milli dəyərlərinin əsası onun ana dilidir. Dilimiz türk dilləri arasında özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam qaydamızdır. Müstəmləkə sisteminin dağılması ilə dilimizin inkişafının yeni bir mərhələsi başlandı. Sovet dövründə dilçiliyin inkişafı sahəsində az görülməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra dilimiz xüsusi geniş imkanlar əldə etdi".

Müstəqillikdən sonra ana dilimiz tədricən beynəlxalq aləmdə tanınmağa başladı: "Əgər sovet dövründə alınma terminlər, beynəlxalq sözlər dilimizə rus dili vasitəsilə gəlirdisə, hazırda Avropa dillərindən birbaşa bəhrələnmə çoxalır. Habelə dilimizdə Avropa terminlərinə meyl artıb".

Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Nəticədə bir dildən buya digər dillərə çoxlu sözlər keçirya əksinə: əksər hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır ki, tarixin çox dönəmlərində işğalçılıq motivləri buya digər dilin başqa dili üstələməsinə, nəticədə "dilin dili işğal etməsinə" səbəb olub. Fars dilində Azərbaycan türkcəsinə məxsus min söz belə yoxdur. Tarixən türk qılıncının zəhmini dadmış çinlilərin dilində belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə mövcuddur. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndə 80 min söz var.

30 il əvvəl çap olunmuş analoji lüğətdə cəmi 58 min söz olub. Dili qorumaq əslində milləti qorumaq deməkdir, dövləti, dövlətçiliyi təsdiqləməkdir. Bu gün açıq-aşkar belə bir təəssürat yaranır ki, şəhərdə, konkret olaraq Bakı, Sumqayıt, Gəncə və başqa iri yaşayış məskənlərində yaşayanlar ədəbi dilin buya digər səviyyədə inkişaf etdiriciləridir. Təbiidir, burada ilk növbədə ziyalılar nəzərdə tutulur. Ancaq hazırda ana dilimizin elmi-rəsmi səviyyədə doğmalığını və ülviliyini saxlaması çox hallarda görünmür, bilinmir. Çünki bu gün elmi əsərlərin dili əvvəlki dövrlərlə müqayisədə daha da qəlizləşib. Eləcə də siyasi aləmin leksikonunda çoxlu yeni anlayışlardan istifadə edilir, Azərbaycan telekanallarında, özəl radiolarında ana dilimizin qayda-qanunlarına biganə yanaşmaq baxımından xeyli məqamlar tapmaq mümkündür. Deməli, bu gün ədəbi dilə sayğı məsələsində hələ də məsuliyyətimiz tam deyil. Bu, hər şeydən əvvəl aydınlarımızdan mümkün qədər ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Əks təqdirdə bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də " bayraq" qaldıracaq, nəticədə dilimiz tamamilə əlimizdən gedəcək. Nə qədər bədbin səslənsə də, gerçəklik budur. Ona görə də Azərbaycan dialektlərində olan, buya digər bölgədə işlədilən sözlərin çalarlı, ümumişlək xarakterli olmağa layiqlilərini seçərək onların əcnəbi sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq.

Bayatı dili son dərəcə təmizdir, çünki elat dilidir. Bu gün Azərbaycanda söz yaradıcılığıyla məşğul olmaq ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə səyli şəkildə şair yazıçıların üzərinə atırlar. XX yüzildə şair yazıçılarımız çox az söz yaradıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada da Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin sözlərə qarşı mümkün qədər "sipər çəkilməli", yəni onların qarşılığının tapılmasına səy etməliyik. Başqa bir fəlakətli hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olmasıdır. İndi kim balasına demək olar, xoşuna gələn hansı ad varsa, onu da qoyur. Əgər bir millət olaraq ana dilimizin təəssübünü sözün böyük mənasında çəkəriksə, bu, Güney Azərbaycanda soydaşlarımızın milli oyanış mərhələsi üçün ciddi, mənəvi, sarsılmaz güc olar.

Azərbaycan xüsusən Babəkin qətlindən sonra uzun müddət ərəb imperiyasının əsarətində yaşamağa məcbur oldu. Sonrakı yüzillərdə ərəb sözlərilə yanaşı, dilimizə çoxsaylı fars sözləri keçdi. Məhz bu sarıdan dilimizdəki ərəb-fars sözləri artdı. Şah İsmayıl Xətayinin hakimiyyəti dövründə Azərbaycan Türkcəsinin inkişaf imkanları həm siyasi, həm bədii istiqamətdə xüsusi şəkildə genişləndi. Ancaq təəssüf ki, Səfəvilərin hakimiyyətinin sonrakı mərhələlərində ana dilimizin imkanları daralmağa başladı. Bu isə Azərbaycan Türkcəsində olan sözlərin tədricən sıxışdırılmasına, onların yerinin daha güclü şəkildə ərəb-fars sözlərinin tutmasına səbəb oldu. Rusiyanın Quzey Azərbaycanı işğalından sonra dilimizə rus dili vasitəsilə tədricən rus Avropa mənşəli sözlər keçməyə başladı. XIX yüzildə bu, daha geniş xarakter aldı. Azərbaycan yazıçılarının əsərlərində Avropa mənşəli sözlərin istifadə edilməsinə başlanıldı. XX yüzilin əvvəllərində ana dilimizin imkanları alınma sözlər, elmi terminlər hesabına daha da zənginləşdi. Ancaq bu, bir həqiqətdir ki, hər bir xalqın dilinin mümkün qədər təmiz, yəni onun özünəməxsus sözlərindən ibarət olmasına cəhdi millətin hünəri sayılmalıdır. Təəssüf ki, əksər hallarda özümüzdən ayrımağımız dilimizin zərbələr almasına səbəb oldu. Bununla belə dilimiz bütün hallarda qəhrəman olduğunu sübut etdi.

Azərbaycanın Güney torpaqlarının 1828-ci ildə İranın qəsb etməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran hökuməti əlindən gələni edir. İranda ana dilimizdə məktəblər yoxdur, faktiki olaraq Azərbaycan Türkcəsinin elmi, kütləvi yöndə soydaşlarımız arasında daha geniş şəkildə bərqərar olmasına ciddi maneə yaradılıb. Əksinə, İran hakimiyyəti Güney Azərbaycanın çoxsaylı bölgələrində, ümumən isə İranın hər yerində farsdilli məktəblərin sayının artırılmasına çalışır ki, Azərbaycan türklərinin ana dilinin imkanları daha da məhdudlaşsın.

İranda neçə onillərdir ki, soydaşlarımızın adqoyma haqqına rəsmi şəkildə müdaxilə edilir. Bu səbəbdəndir ki, yeni doğulan uşaqlarına valideynlər fars adları seçməli olurlar:

Güney Azərbaycanda ana sazımıza soydaşlarımız arasında ciddi sayğılı münasibət ana dilimizin imkanlarının artmasının, ürəklərdə ağıllarda daim qorunmasının təminatıdır. Digər tərəfdən Güneydə Azərbaycan folklorunun soraqlarının çağdaş dövrümüzdə daha səyli şəkildə yığılmasına başlanıb. Bütün bunlar isə İranda hədsiz məhrumiyyətlərə düçar olan ana dilimizin yaşadılması üçün geniş imkanlar açır.   

 

 

 Elçin Qaliboğlu

 

  Xalq Cəbhəsi.- 2010.- 9 sentyabr.- S.11.