"Vətən elə igid qızlarımızdan, qəhrəman oğullarımızdan başlayır"

 

 Rəfiqə Əsgərova: "O mənim ağır günlərimin Gültəkini idi, vətənimin ağır günlərinin Gültəkini oldu"

 

"Bu dərd o qədər böyükdür, bəzən elə bilirəm Yer üzündə tək şəhid anası mənəm"

 

Azərbaycanın müstəqilliyi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlər heç zaman unudulmur, yaddan çıxmır.

 

Onlar şəhidlikləriylə, qəhrəmanlıqlarıyla tarixin ən şərəfli səhifəsində yer alıblar. Həmin şərəf səhifələrini vərəqlədikcə şəhidlərimiz-qəhrəmanlarımız gözümüzün önündə canlanır və daha da ucalırlar. Belə igidlərimizi-şəhidlərimizi xalqa daha yaxından tanıtmaq məqsədilə onların ailə üzvlərilə görüşüb səmimi söhbətləşirik. Bu dəfəki müsahibimiz Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova ilə oldu.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya gəlib, 1985-ci ilə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı Təcili Yardım Stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki xəstəxanada işləyib. Gültəkin Əsgərova ailəli idi, bir qızı yadigar qalıb.

- Rəfiqə xanım, vətən sizin üçün nədir?

- Mənim üçün vətən başda övladım olmaqla, bizim şəhidlərimizdir. Çünki vətən onların idi, getdilər, vuruşdular, çarpışdılar, şəhid oldular. Şəhidlik zirvəsinə qalxdılar və sanki öz torpaqlarını qanlarıyla yudular, daha da müqəddəsləşdirdilər. 20 Yanvar faciəsindən sonra Bakının küçələrdəki qan izləri hələ də qalır-Vətən budur.

Vətən yaxşı, gözəl şeydir, hər bir kəsin namusu, qeyrətidir. Vətən ucalıqdır, qiymətsizdir. Vətən əcdadlarımızdan övladlarımıza qalan varidatdır. Vətən onun qədrini bilənlər üçün var-dövlətdir. Əlbəttə, bu dediklərim vətəni çox yüksək qiymətləndirən insanlara aiddir. Bir tərəfdən, ziyalılarımız arasında vətənpərvər insanların çox olmasıyla bağlı səsləndirilən fikirlərlə razıyam. Vətən əcdadımızın, övladımızın məskənidir. Vətəni sevməyən insan olmaz, olsa da o şəxsdə vicdan olmaz. Bu, Nizaminin, Nəsiminin dövründən qalmış vətəndir.

Bir müddət əvvəl Suriyaya getmişdik. Orada ilk olaraq İmadəddin Nəsiminin qəbrini ziyarət etdikçox mütəəssir olduq, dedik ki, axı, bu da bir vətən övladıdır. Sonradan eşitdik ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva ora iki nəfər mütüxəssis göndərib ki, onlar İmaddədin Nəsiminin qəbrinin layihəsini çəkib hazırlasınlar. Hazırda orada əsaslı təmir işləri gedir, hətta Nəsimi Mədəniyyət Mərkəzinin də inşası planlaşdırılıb. Bunları eşidəndə çox böyük qürur hissi keçirdik. Həmin ziyarətimizin özü də vətənə olan məhəbbətimizdən irəli gəldi.

- Sizcə, vətənpərvərlik harada aşılanmalıdır, evdə, bağçada, yoxsa məktəbdə?

- Əslində, vətənpərvərliyin bünövrəsi ailədə qoyulur, bağçada davam etdirilir, məktəbdə isə aşılanır. Bu "üçlük" böyük ardıcıllıq tələb edir. Gültəkinin nəvəsi- hələ 3 yaşı tamam olmayıb- Heydər Əliyevlə İlham Əliyevin şəklini bir yerdə görəndə "Azərbaycan" deyir, himnimizi oxumağa başlayır. Vətən elə himnimizdən başlayır. O vaxt qonşuların da uşaqlarını başıma toplayıb Azərbaycanın himnini öyrədirdim. Sözlərinin, musiqisinin kimə məxsus olduğunu deyirdim.

Bilirsiniz, Bayraq Meydanının açılışı da vətənpərvərlikdir, vətəni sevməkdir. Azərbaycan Respublikasının Prezidenti vətənimizin qüdrətlənməsi, güclənməsi, sevilməsi üçün əlindən gələni əsirgəmir. Vətəni nəylə sevərlər? Əlbətdə ki, onun bayrağı, atributları, himniylə.

- Gənclərimizdə vətənpərvərlik hisslərini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin təxirə salmadan Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəman adı verməsini çox yüksək qiymətləndirirəm. Prezident çox böyük gördü. Bax, bunun özü elə vətənpərvərlik ruhunun yüksəldilməsidir. Bizim 30 minə qədər şəhidimiz var, onların 210 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Çox ağrılıdır ki, hansı küçə, məktəb, bağça, xəstəxana yanından keçirsən şəhidin adını daşıyır. Bir qədər əvvəl Dövlət Neft Şirkətinin bağçasından gəlmişəm. Gültəkinin nəvəsini ora düzəltmək istəyirəm. Bağçanın şəhid adını daşıdığını eşidəndə çox sarsıldım. Amma bu körpələrimizin kiçik yaşlarından vtənpərvər böyüməsi üçün lazımdır.

- Bəs, vətənpərvərlik necə formalaşmalıdır?

- 1987-ci ildən bu yana artıq 20 ildən çoxdur ki, yüz minlərlə insanımız öz yuvalarından didərgin düşüb. Bu didərginlik onların bəzilərində unutqanlığa gətirib çıxarıb. 1992-ci ildə dünyaya gələn gəncin indi 18 yaşı var. Biz ondan vətənpərvərliyi necə tələb edək ki, o öz yuvasından didərgin düşüb. Onların bəziləri ümumiyyətlə, öz torpağı haqqında məlumatsızdır. Soruşanda ki, "haralısan", deyir ki, "bakılıyam". Deyirsən ki, "torpağına qayıdarsan?", deyir ki, "nə torpaq, məgər mənim torpağım olub?". Əlbəttə, bu, absurd fikirdir, belə olmamalıdır. Gənclərimizin bir qismi orduda xidmət keçir. Ordunun döyüş ruhunun yüksək olması da vətənpərvərlik hissini artırır.

Mənim Gültəkinim deyirdi ki, biz övladlarımızı erməninin əlindən alıb geri qaytara biliriksə, sağalda biliriksə, bu xalqımızın uğuru, erməninin məğlubiyyəti deməkdir. Sən demə, bu sözlər bugünkü igidlərimiz üçün deyilib. O zaman irad tuturdum, deyirdim ay Gülüşüm, hara gedirsən, bəsdir də. Müharibənin qızğın çağında ona Bakıda hospitalda təklif etdilər. Dedi ki, "elə bu qalmışdı, desinlər ki, 5 günlük getdi, sonra da vəzifə almaq üçün geri qayıtdı". Dedi ki, "gedirəm, axıra qədər Şuşada olmalıyam". Şuşa da alındı, sonra o, Ağdama gəldi.

- Gültəkin harada şəhid olub?

- Gültəkin 1992-ci ilin aprelindən könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyul 1992-ci ildə qəhrəmancasına həlak olub. 31 yaşında şəhid oldu... Qalsaydı, yaşasaydı, noyabrın 20-də 50 yaşı olacaqdı. Bilmirəm onun övladı üçün neyləyim ki, ürəyim soyusun. Heyf ki, özü görmədi, bir nəvəsi də var. Mən deyərdim ki, vətən elə Gültəkindən, onun kimi igid qızlarımızdan, oğullarımızdan başlayır. Rüxsarə, İradə, Aidə kimi igid döyüşçülərimiz, qızımın döyüşçü yoldaşları var. Onlar hər dəfə gəlirlər, otururlar, Gültəkinin sadəliyindən, qoçaqlığından, işgüzarlığından söhbət açırlar. Əli-Bayramlıdan bir oğlan var, Rahil, Gültəkinin rota komandiri olub. Bir gün bizə gəlmişdi, Gültəkindən danışırdı. Dedi ki, bir dəfə döyüş meydanında, atəşin səngidiyi vaxt qarağat kolunun arxasından inilti səsi gəldi. Biz kişilər onun erməni olduğunu düşündük yaxınlaşmağa ehtiyatlandıq. Gültəkin isə bir anda həyatını təhlükəyə ataraq qəflətən irəli tullandı bir gördük ki, qucağındakı yaralını qırağa çıxarıb, bizə uzadır.

- Qızınızın ən çox hansı sözlərini xatırlayırsınız?

- Gültəkinin son məktubu şagird dəftərində yazılmışdı. "Ordu" qəzetindən Mehman adlı oğlan gedib müsahibə almaq üçün Gültəkinə müraciət edib. Qızım isə deyib ki, "neyləmişəm ki, məndən yazı yazırsan?". Müsahibə ala bilməyən Mehman isə deyib ki, "gedirəm, bəlkə bir məktub yazasan". Yəqin jurnalist düşünüb ki, Gültəkin nəsə yazar, o da bir məqalə hazırlayar. Çünki Gültəkin ilk hərbi həkimlərdən biri idi, o ilk dəfə olaraq özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib. O həm silahı, həm də həkim çantasıyla vuruşurdu. Zəngin döyüş təcrübəsi vardı.

Məktubda yazınlanları olduğu kimi deyirəm, siz də yazın. Ona görə ki, bu məktubu hərə öz bildiyi kimi yazıb. Məktubda yazılmışdı: "Ana, salam. Mən sağsalamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı..."

Bu sözdən sonra çoxlu nöqtələr qoyub. Yazıb ki, övladımı göz bəbəyin kimi qoru, anasına layiq övlad kimi böyüsün. O mənim ağır günlərimin Gültəkini idi, ölkəmin də ağır günlərinin Gültəkini oldu.

- Yuxuda görürsünüz, Gültəkini?

- Əfsus ki, Gültəkini cəmi bir dəfə yuxuda görmüşəm. Necə var, elə idi. O da ki, bilirsiniz necə oldu? Fikirləşirdim ki, Gültəkin heç yuxuma girmir. Onun bir qara köynəyi var idi, qoydum başımın altına dedim bəlkə girdi yuxuma. Həqiqətən həmin gecə Gültəkini gördüm yuxuda. Görməsəydim, yaxşıydı. Ancaq yuxuda yalnız sözünü, söhbətini, fikirlərini eşidirdim. Mənimlə danışsa da, özünü görə bilmirdim. Ana bala ancaq səmimi söhbət edirdik.

- Şəhid anası olmaq deməkdir?

- Şəhid anası olmaq çox ağırdır, çox. Təsəvvür edin ki, bu dərd o qədər böyükdür, bəzən elə bilirəm Yer üzündə tək şəhid anası mənəm. Çox yaxşı oldu ki, söhbətləşdik, ağladım, boşaldım. Yenə ağlayanda bir az sakitləşirəm, elə bil ürəyimdən tikan çıxır. Mən Gültəkin haqqında yazılanların hamısını toplayıb iki kitab hazırlamışam. Kitabların arxasında da yazmışam ki, "Hörmətli yazarlar, sizin Gültəkin haqqında məqalələriniz mənim üçün o qədər qiymətlidir ki, istəmədim ki, bunlar qəzetlərdə qalıb saralsın, itib-batsın. Ona görə sizlərə öz təşəkkürümü bildirirəm". Çox sağ olsun, Azərbaycan Prezidenti. Onun ayırdığı 600 manat təqaüdlə Gültəkinlə bağlı 3 kitab buraxmışam. Şövkət İmaminin 150 kitabını buraxdırmışam. Bir kitabımın adı isə "Tarix, illər, hadisələr, xatirələr, görüşlər" adlanır.

-...Hər dəfə Gültəkinin adını çəkəndə Rəfiqə xanım ağlayırdı. Sual verməyə ürək eləmirdik. Özü ürəyindəkilərini danışırdı...

- Heç vaxt Gültəkinin yoxluğuna öyrəşə bilmərəm. Bilirsiniz, xoşbəxtlik xoşbəxtlikdir . Toy eləyirsən, xoşbəxtlikdir. 2005-ci ildə Gültəkinin balasının toyunu elədik. Gültəkinin övladının toyundan qabaq bir dəfə olsun toya getməmişdim. Bu toydan sonra kiçik qızım soruşurdu ki, "ana, indi mənim uşaqlarımın toyuna gəlməyəcəksən, biz varıq ". Deyirdim, ay qızım, belə sual vermə mənə. Sonra fikirləşdim ki, yaxşı deyil, camaat sayıb gəlir, mən getməliyəm. Bu il xeyir işimiz çox olub. Bax, bu bir böyük xoşbəxtlikdir. İnsanın başına bədbəxtçilik gəlməsin. Gəldisə, onu öldüyü günə qədər izləyir, səninlə yol gedir, səninlə dincəlir, oturur, yeyir, içir. İstəsən , istəməsən səni dindirir, dilə gətirir. Bu, çox ağrılı acıdır. Dünyada bundan ağrılı-acılı heç ola bilməz.

- Bu il Gültəkinin 50 illiyi olacaq...

- Artıq bu ərəfədə ona bir kitab həsr etmişəm - "Zirvələr fatehi Gültəkin". Gültəkinin adına bir küçə, xəstəxana yoxdur. Əgər bir xəstəxanaya onun adı verilsə, elə bilərəm ki, Gülüşüm yaşayıb, yaradıb, 70 yaşa çatandan sonra isə dünyasını dəyişib. Ən azı, belə fikirləşərdim. Dövlətimdən çox razıyam, Gültəkinə hörmət çox böyükdür. Azərbaycan Respublikasının prezidenti, ümumilli liderimiz Heydər Əliyev 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanıyla Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, qızım Şəhidlər Xiyabanında dəfn edilib. Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib, büstü qoyulub. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın-Gültəkinin adını daşıyır, elə həmin gəmidə muzeyi yaradılıb. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə Gültəkinin büstü qoyulub.   

 

 

 Raifə Həsənova

 

 Xalq Cəbhəsi.- 2010.- 14 sentyabr.- S.9.