Qəhrəmanlıq tariximizin 15 sentyabr zirvəsi

 

 1918-ci ilin həmin günü türkün tarixi zəfər günlərindən biridir

 

Bu gün 1918-1920-ci illərdə mövcud olmuş, cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcudluğu ərzində şanlı tarix yazan soydaşlarımızın, habelə qəhrəman türk qardaşlarımızın obrazının ədəbiyyatda, ümumiyyətlə, incəsənətin bütün janrlarında yaradılması ilə bağlı yaradıcı adamlarımız ciddi fikirləşməlidirlər.

 

II yazı

 

Unutmaq lazım deyil ki, 70 il ərzində Azərbaycan Xalq Cümhuriyyəti də daxil olmaqla həmin dövrün türk millətinin xilasını, rifahını sevən qüvvələri ədəbiyyatda lənətlənib. Bu mənada ədəbiyyatımızın da əsl tövbə vaxtıdır. Hər halda bundan sonra Azərbaycan Xalq Cümhuriyyəti, 15 sentyabrbaşqa bu kimi mövzularda yeni, ciddi əsərlərin yaradılması son dərəcə gərəklidir. Sovet dövrünün öz mövzuları vardı, ideologiya məhz həmin mövzularda əsər yaratmağı tövsiyə edirdi. Sovet dövləti çalışırdı ki, belə mövzular yaddaşlardan silinsin.

 

"Bütün Azərbaycan əhalisinə"

 

1918-ci il 15 sentyabrdan sonra - dekabrda fəaliyyətə başlamış parlament dövlətçiliyin inkişafında xeyli işlər

gördü. 1918-ci il noyabrın 29-da Azərbaycan Parlamentinin çağırılması ilə bağlı Azərbaycan Milli Şurası adından Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və rus dillərində "Bütün Azərbaycan əhalisinə" adlı müraciətnaməsi

dərc edildi. Bu sahədə tədqiqatlar aparmış Milli Arxiv İdarəsinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirir ki, ermənilərin Azərbaycan parlamentində iştirak etməmək taktikası iki aydan çox davam edir. Nəhayət, onlar da parlamentdə iştirak etmək barədə qərar qəbul edirlər: "Parlamentdə onların sonrakı fəaliyyəti göstərdi ki, ermənilərin Azərbaycan parlamentində iştirak etmələrinin başlıca səbəbi Azərbaycan dövlətçiliyinin yaranmasına, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına xidmət etmək üçün deyil, özlərinin şovinist, separatçı "Böyük Ermənistan" idayalarının təbliği məsələlərinə yeni bir tribuna əldə etmək olmuşdu. 1919-cu ilin axırına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi". A.Paşayev qeyd edir ki, cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti özünün həyatiliyi və yüksək işgüzarlıq qabiliyyətini sübut etdi.

 

Tarixi taleyimizdə əhəmiyyətli gün

 

Hər bir xalqın həyatında dövlətçilik ənənələri mühüm, həlledici bir faktordur. Dövlət quruculuğu hər millətin bəxtinə düşmür. Digər tərəfdən də hər millət dövlətçilik ənənəsini axıra qədər qoruyub saxlaya bilmir. Türkün qədim, özünəməxsus dövlətçilik ənənəsi olub. Bu gün həmin ənənələrdən bəhrələnmək türkün özünü qorunmasına xidmət edə bilər. Bu, gələcək üçün ən vacib işdir, əməldir. Hər bir dövlətin yaşamasında onun təhlükəsizlik xidmətinin nə səviyyədə olması xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, bütün dövrlərdə hər bir dövlət çoxlu təhlükələrlə, fəlakətli məqamlarla üzləşib, indi də belə reallıq var. Məhz 1918-ci il 15 sentyabrdan sonra Bakının paytaxt olması Azərbaycanın müstəqil dövlət olaraq daha ardıcıl və ciddi addımlar atması gənc dövlətin düşmənlərin əndişələndirməyə bilməzdi.

Həmin dövrlə bağlı arxiv sənədləri əsasında araşdırmalar aparmış Ataxan Paşayev bildirir ki, o zaman da mühüm geopolitik regionda yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan və təbiətən çox zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin marağı böyük idi. Ermənilər Azərbaycan Cümhuriyyətini yıxmaq üçün bütün mühüm vasitələrdən istifadə edirdilər: "1919-cu il dekabrın 3-də Petrovskdan "QafqazMerkuri" Cəmiyyətində Vasili Kuzneçə L.Kiriyev adından göndərilən məktubda soruşulurdu: "Bizə daxil olan xəbərlərdən məlum olur ki, türk ordusunun baş komandanı Nuru Paşa Bakıya gəlmişdir. Əgər gəlmişsə, onun yerini öyrənib bizə bildir. Sənə 5 min rubl göndərmişik. Xəbər ver, almısan, ya yox? Əgər bir şey öyrənsən, tezliklə bizə xəbər ver. Allah qoysa, tezliklə Bakıda olacağıq. O zaman bizibizim təşəkkürümüzü görəcəksiniz".

Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci ilin 15 sentyabrına kimi Gəncədə fəaliyyət göstərirdi. Sovet Rusiyası gənc Cümhuriyyəti yıxmaq üçün hər cür fitnə-fəsada əl atırdı. Gənc cümhuriyyətin ayaqda qalması, millətimizin siyasi iradəsini təsdiq etməsi üçün Bakı kimi strateji cəhətdən gərəkli mövqedə yerləmiş, əhalinin daha çox cəmləşdiyi, sənayenin inkişaf etdiyi, zəngin neft mədənlərinin olduğu ərazinin paytaxt kimi tanınması Azərbaycanın halal, tarixi əraziləri uğrunda mübarizəsinin yeni səviyyədə vüsət alması demək olacaqdı. Qəhrəman türk ordusunun Azərbaycana köməyə gəlməsi hadisələrin sonrakı inkişafında Azərbaycan Xalq Cümhuriyyətinin müəyyən dövrdə də olsa, özünə gəlməsinə, müstəqil dövlət olaraq tanınmasına böyük təkan verdi. Habelə bu hadisə iki qardaş türk xalqının mənəvi birliyinin sübutu oldu. 1918-ci ilin 15 sentyabrı tarixi taleyimizdə əhəmiyyətli bir dönüş günü idi. Türk ordusunun bu dönəmdə təkcə Quzey Azərbaycanda deyil, habelə Güney Azərbaycanda da böyük xilasçılıq əməli olub.

 

Türk ordusu Güney Azərbaycanda da xilaskarlıq edib

 

Güney Azərbaycanın tarixi ilə bağlı tanınmış araşdırmaçı Əkrəm Rəhimli bildirir ki, Bakı azad olunan vaxtı Xoyda, Urmiyada, Səlmasda və başqa şəhərlərdə, digər yaşayış məntəqələrində ermənilər türklərə qarşı soyqırımı törədiblər. Məqsəd türkləri sarsıdıb məhv etmək idi: "Türk ordusunun bir qolu Quzey Azərbaycana, son nəticədə isə Bakıya ölkəmizin paytaxtını xilas etməyə kömək üçün gəlmişdi. Türk ordusunun digər qolu əgər Güneyə getməsəydi, Güney Azərbaycandakı qırğınların miqyası təsəvvürəgəlməz dərəcədə artacaqdı. Türk ordusunun Bakının qurtuluşunda nə dərəcədə misilsiz rolu varsa, Güney Azərbaycanda Xoyun, Salmasın, Urmiyanın azad olunmasında da rolu o qədər əvəzsizdir. Türk ordusu gələnə kimi orada yaşayan soydaşlarımıza qarşı soyqırım olmuşdu. Ancan türk ordusunun gəlişi ilə qırğınların qarşısı alındı. Ermənilər ümumiyyətlə, orada yaşayan türkləri son nəfərinə kimi qırıb məhv etməyi qarşılarına məqsəd qoymuşdular. Türk ordusu Güney Azərbaycanda da xilaskarlıq etdi. Quzey Azərbaycanda erməni vəhşiliyinə qarşı olan türk ordusunun ciddi müqaviməti Güney Azərbaycanda da gedib".

Mərhum tarixçi-alim Səməd Sərdariniya araşdırmalarında türk ordusunun hünərvərliyindən söz açır. Deməli, ermənilər türk ordusunun gəldiyini görüb Urmiya gölü vasitəsilə Şərabxanaya doğru qaçırlar. Bu hadisə təxminən 1918-ci ilin sentyabrında baş verir. Türk ordusunun hissələri bunları qayıqlarla təqib edirlər. Türk ordusunun bir əsgəri qayıqlardan birinə yanaşanda ermənilər bunun qolunu qılıncla yaralamağa imkan tapırlar. Türk əsgəri yaralanmasına baxmayaraq qayıqdakı bütün ermənilərin hamısını - 18 nəfəri suya tökərək məhv edir.

Beləliklə, ermənilərin Şərabxanaya gedib çıxmasının qarşısı mətanətlə alınır. İran tarixçilərinin bəziləri etiraf edirlər ki, əgər o dövrdə türk ordusu köməyə gəlməsəydi, ermənilər xristian dövlətlərinin köməyilə Urmiyada, Salmasda, Xoyda soyqırım istəklərini başa çatdıracaq, türklərin axırına çıxacaqdılar. Bu, faktdır. Bu fakt isə ümumilikdə tarixşünaslıqda qabardılmır, verilmir, ona görə ki, Türkiyə türklərinə Azərbaycan türklərinin yaxınlığı çox olmasın. İran inqilabından sonrakı araşdırmalarda bu məsələ ilə bağlı bəzi etiraflar var. Mərhum tarixçi Səməd Sərdariniyanın kitablarında ("Arazın hər iki sahilində türklərin soyqırımı" və "İrəvan müsəlman sakinli şəhər olmuşdur") sözügedən mövzuya toxunulub.   

 

 

 Uğur

 

 Xalq Cəbhəsi.- 2010.- 16 sentyabr.- S.11.