Musiqimizin qəhrəmanlıq ruhu

 

 Üzeyir Hacıbəylinin musiqisi xalqı həmişə saflığa, mətanətə, igidliyə çağırır, onda daxilən döyüşkənlik hissi yaradır

 

Hər ilin 18 sentyabrı artıq neçə ildir ki, Milli Musiqi Günü kimi qeyd olunur. Bu, həmin gündür ki, Üzeyir Hacıbəylinin 125 yaşı tamam olur. İllər keçəcək, ümumiyyətlə, Hacıbəyovlar nəslinin mədəniyyətimizin inkişafındakı əvəzsiz xidmətləri ilə bağlı daha yeni-yeni soraqlar üzə çıxacaq.

Bu baxımdan Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər son dərəcə heyrətamizdir. Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyətinin möhtəşəm himnini yazması, o dövrdə Cümhuriyyətin yaşaması üçün xeyli gərəkli sahələrdə çalışması onun daim millətimiz üçün yaşamasından xəbər verir. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni son dərəcə möhtəşəmdir: bu gün sözügedən himn Azərbaycan Respublikasının dövlət himnidir. Musiqisinin dahiyanə olması danılmazdır: himnin əvvəlinin fəlsəfi mənası haray, ortası ümid, sonu isə inamdır...

Bu gün Azərbaycanda ədəbiyyat, musiqi sahələrində yeni nəfəslərin, orijinallığın tədricən azalması müşahidə edilməkdədir. Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlərin qətiyyən inkar edilməməsi şərtilə indiyeni-yeni nəfəslərin meydana çıxmasına, yeni-yeni sənət zirvələrinin yaranmasına böyük ehtiyac var. Ancaq acınacaqlı haldır ki, bu gün belə zirvələri yox, olanların, yaradılanların kor-koranə şəkildə təkrarçılığının, daha çox isə təqlidçiliyinin şahidi oluruq. Məsələn, məşhur "O olmasın, bu olsun", "Arşın mal alan" kimi əsərlər müasirləşdirilir, obrazlar bugünkü tamaşaçının, gənc nəslin gözündə cılızlaşdırılır. Bu cür şoular xalqın sabahkı yaradıcılıq üfüqlərini daraldır. Bu, hər şeydən əvvəl o deməkdir ki, böyük mənada yeni yaradıcılar meydana çıxmalıdır. Möhtəşəm sənətkarlar yenə də özünəməxsus şəkildə fərdiliklərini yaratmalı və yaddaşlarda bu cür iz qoymalıdırlar.

Bir neçə il qabaq Azərbaycan cəmiyyətində Üzeyir Hacıbəylinin itmiş, daha doğrusu oğurlanmış əlyazmalarının, əşyalarının oğurlanması, tapılması, yenidən muzeyə qaytarılması ilə bağlı söz-söhbətlər kulminasiya nöqtəsinə çatdı. Türk ruhundan doğulmuş Üzeyir Hacıbəylinin canlı yaradıcılıq soraqlarının sübutu, ifadəsi olan əlyazmalarının yoxa çıxarılması istəyi onu sevməyənlərin gözündə qaldı. Bu hadisə real mənada xətasız sovuşsa da, hər halda bizim üçün sözün əsl mənasında dərs olmalıdır. Yəni bir xalq olaraq belə hadisələrdən bundan sonra da sığortalanmayacağımızı, belə hadisələrin yenə də baş verə biləcəyini, daim belə təhlükəli vəziyyətlərə hazırlıqlı, ayıq-sayıq olacağımızı dərk etməliyik. Zaman-zaman Azərbaycanın çoxlu milli-mənəvi soraqları məhv edilib, başqa millətlərin adına çıxılıb. Bizi sevməyənlər mümkün qədər belə nümunələri təhrif ediblər. Yüzillərlə türkə qarşı həqarət, hər cür murdarlıq, xəyanətlər edən köksüz-soysuz, ruhsuz ermənilər xüsusən son yüzildə daha da amansızlaşıblar.   

 

 

  Elçin Qaliboğlu

 

  Xalq Cəbhəsi.- 2010.- 18 sentyabr.- S.11.