Tarixi həqiqətlər
Qədim tariximizi daim
cidd-cəhdlə danmağa
cəhd edənlərə
qarşı cavab verməyimiz üçün
məsələnin kökünə
getməyimiz gərəkdir.
Məsələnin kökü eradan əvvəl 6-cı yüzildən, yəni
2600 il əvvəldən başlayır. O
vaxtdan ki, Midiya hökmdarı Astiaqın səhvi
ucbatından hakimiyyət əldən gedir.
Artıq bu məqamdan sonra
hakimiyyət farsların əlinə keçir.
O zamanadək nəinki hakimiyyət, ümumiyyətlə, ölkə türklərin idi. Təqribən eradan əvvəl 1-ci minilliyin ortalarında, 7-6-cı yüzillərdə Hindistan, Pakistan tərəfdən İran, farssoylu tayfaların bu ərazilərə köçü başlayıb. Tarixən torpaqlarımıza, əzəli məskənlərimizə başqalarının gəlişinə xüsusi şəkildə reaksiya verməmişik. Somenko adlı tarixçi-alim deyir ki, ümumiyyətlə, dünya tarixini əvvəldən səhv istiqamətdə yazıblar, dolaşığa salıblar. Tarixə bundan sonra düzgün münasibət olmalı, hər xalqın haqqı özünə verilməlidir. Avropa, rus tarixçiləri indiki İran ərazisindən danışanda orada tarixən yaşamış bütün millətlərin adlarını çəkirlər. Fikirlərindən belə çıxır ki, bu ərazidə hamı yaşayıb, ancaq türklər ümumiyyətlə, olmayıb. Faktlar isə göstərir ki, məhz bu ərazilər türklərin ana Vətənləri olub. Opponheym adlı məşhur yəhudi tarixçisi obyektivcəsinə yazır ki, eradan əvəlki 16-cı yüzildə (bu, artıq 2-ci minilliyin ortalarıdır) indiki İran ərazisində, Urmiya gölü, Təbrizin, Tehranın ətrafında, Dəclə-Fərat çaylarının arasında, Zaqros dağlarında Turukkilər yaşayırdı. Bu Turukkilər türklər olublar. Oğuz rayonunda Şumqer adlı kənd var. Şübhəsiz, bu, elə-belə məsələ deyil, şumerlərdən canlı bir soraqdır. Şumerlər türklərin əcdadlarıdır. Yalnız Avropanın bəzi alimləri bu fikri qəbul etmək istəmirlər.
Dünyanın əksər alimləri təsdiq edirlər ki, şumerlər türk olublar. Güney Azərbaycanın ərazisi Dəclə-Fərat çaylarının dənizə töküldüyü yerə qədər uzanıb. Həmin ərazilərdə indiki ərəblərin, farsların, yəhudilərin və başqa xalqların ulu babaları yaşayıblar. Ancaq orada çoxluğu şumerlər təşkil ediblər. Şumer dilindəki türk sözləri təkcə "Bilqamıs" dastanını götürsək, burada geniş şəkildə ifadəsini tapıb. Şəxsən fars millətinə qarşı qətiyyən nifrətim yoxdur, fars şovinizminə qarşı hiddətim, qəzəbim var. Təbiidir, şovinizm məsələsinə ruslarda, eləcə də ermənilərdə az rast gəlinmir. Türkə qarşı şovinizm məsələsini qətiyyən qəbul edə bilmirəm. Ona görə ki, türk heç bir millətə qarşı kinli olmayıb. Farsların ermənilərlə birləşib türkə qarşı durması ümumiyyətlə, insaniliyə ziddir. İndi bu iki millətin bizə qarşı nifrəti daha da artıb. Bu da ki, anlaşılandır. Ancaq tarix tarixdir, onu qətiyyən inkar etmək olmaz.
Şah İsmayıl Səfəvinin vəfatından sonra tədricən farslaşma amilinin artdı. Şah Abbas bütünlüklə farsların əhatəsində qalmışdı. O, farsların əhatəsində tərbiyə almışdı, bu isə Abbasın türkə qarşı nifrətini yaratmışdı. Buradaca bir məqamı demək istəyirəm. Şah Abbas nəinki bir hökmdar kimi, ümumiyyətlə, bir insan olaraq yüksək səviyyəli şəxs olmayıb. Ancaq maraqlıdır ki, Şah Abbasın haqqında xeyli rəvayətlər, nağıllar, dastanlar uydurublar. Paradoksallıq meydana çıxır. Necə ola bilər, tarixin onun şəxsiyyəti haqqında dediyi həqiqətlər həmin nağıllarla, dastanlarla tərs mütənasiblik təşkil etsin? Şah Abbas zalım, rəhmdillikdən uzaq bir hökmdar olub. Şah Abbası katiblər vəsf edib göylərə qaldırıblar. Təbiidir, hər bir hökmdarın sağlığında onu tərifləmək dəb olub. Onun şahlığı zamanında İran, eləcə də Azərbaycanın ərazisində insanlar acından qırılırdılar. Xəstəliklərin əlindən tərpənmək belə mümkün deyildi.
İranda şah dönəmindən sonra Azərbaycan türkcəsində bir neçə qəzetin, kitabların çıxması artıq davamlı şəkil almaqdadır. Ancaq şahın dövründə ümumiyyətlə, belə şeylər mümkün deyildi. Hətta Tehranın küçələrində türkcə danışan bir şəxsi tutub¬ amansızcasına şallaqlayırdılar. Bu, o demək deyil ki, indi İranda türk dilinə yaxşı münasibət var. Əksinə, sadəcə, türkə qarşı münasibət daha başqa formalarda davam edir. Şəhriyar kimi böyük şairimiz yalnız ömrünün müəyyən bir dövründə ayıldı gördü ki, o, türk oğlu türk olmasına baxmayaraq, hələ də türkə böyük mənada xidmət göstərməyib. Məhz bundan sonra ürəyi parça-parça olmuş Şəhriyar məşhur "Heydər babaya salam" poemasını yazdı. Doğrudan da bu poema Azərbaycan türklərinin ruhunu möhtəşəm şəkildə ifadə edir. Necə ki, Füzuli klassik şeirdə ənənə yaratmışdı, Şəhriyarın bu poeması da ondan sonra həm Güneydə, həm də ki, Quzeydə gözəl bir ənənə yaratdı. Məhz bu əsərdən sonra xüsusən Güneydə ana dilimizin soydaşlarımız tərəfindən saflaşdırılması uğrunda mübarizə başladı.
Türkün dünyaya verdiyi şəxsiyyətlər çoxdur. Əksər hallarda biz yaradıcılıq ənənəmizi düzgün qiymətləndirə bilmirik. Nizamini məqsədli şəkildə fars kökənli təqdim edirlər. Ancaq bu fikrin heç bir əsası yoxdur. Dahi Nizami "Xosrov və Şirin", xüsusilə "Leyli və Məcnun" poemalarında türk olmasına açıq-aydın işarələr edir. Yazır dövr, zaman məni məcbur edir ki, bu əsərlərimi öz doğma türk dilimdə yox, fars dilində yazım. Türk xalqının dahiləri o qədər çoxdur ki, İran əlacsız qalaraq onların nailiyyətini özününkü hesab edir.
Qarabağın əzəli türk məskənidir. Ötən yüzillərin tarixçiləri Azərbaycanın təsvirinə səhifələr həsr ediblər. Hələ 19-cu yüzilin birinci yarısında alim və səyyah Şopen Qarabağın tarixi keçmişi və abidələri ilə maraqlanıb. O, 1840-cı ildə Peterburqda nəşr etdirdiyi "Qafqaz" adlı kitabında yazıb: "Bu ölkənin (yəni Quzey Azərbaycanın-Ə.F.) düşmənləri həmişə çox olub. Eramızın 310-378-ci illərində davam edən dəhşətli zəlzələlər bu ölkənin şəhər və kəndlərini xaraba qoyub. Bu yurdun çox gözəl guşələrindən olan Qarabağın adı da xalqın dilində işlənən "xaraba" sözündən qalıb".
Bu fikir məntiqsizdir. Şopen xalqın milli təfəkkür yaradıcılığından xəbərsiz olaraq belə bir fikir irəli sürüb. Sonradan bəziləri bu fikri eyni ilə təkrar ediblər. XX yüzilin əvvəllərində F.Yanoviç "Qarabağ" sözünün açımını belə izah edirdi. Orada, yəni Qarabağda lap qədimdən qara üzüm yetişdirilir. Ona görə də həmin ərazi Qarabağ adlanır". Bu yöndə başqa fikirlər də var. Ancaq Qarabağ Azərbaycanın müəyyən coğrafi hissəsinə verilmiş tarixi-ənənəvi ad olub, dilimizə məxsus "qara" və "bağ" sözlərindən ibarətdir.
Mərhum alim, tanınmış tədqiqatçı Mirəli Seyidov bu yöndə ciddi araşdırmalar aparıb. O, "Arsak", "Artsak" sözlərini araşdırmaya cəlb edərək belə bir qənaətə gəlir ki, bu söz "Ər saklar", "kişi saqlar", "igid saqlar" anlamını verir. Xalqımızın soykökündə iştirak edən saqların 2700 il əvvəl yurdumuzda, o cümlədən də Qarabağ ərazisində yaşadıqları bəllidir. Bu, bizə belə bir qənaətə gəlməyə əsas verir ki, "Arsak" və "Artsak" əslində Azərbaycan mənşəlidir, xalqımızın soykökündə iştirak edən qəbilələrdən biridir. "Artsak" sözünün "art" komponenti "od" məzmunundadır. Araşdırmamız göstərir ki, "Artsaq" Qarabağ ərazisinin çox-çox sonralar meydana gəlmiş adlarındadır. Qarabağ nə qəbilə-tayfa, nə də şəxs adı ilə bağlı deyil. Bu, ibtidai azərbaycanlıların (türklərin) ilk inamından doğulmuş addır.
Fərzəli Əjdər
Xalq
Cəbhəsi.- 2010.- 22 sentyabr.- S.14.