33-cü güllə...
İsa qardaşı haqqında
danışmaq istəmir.
Şəhid qardaş
haqqında danışmağın
ağır olduğunu
söyləyir: "Mənim
üçün çətindir,
çox çətin.
Sağ olsaydı, yaxşı işləri barədə o qədər
danışardım ki..."
İsanı qınamaq olmur.
Amma ürəyimin dərinliyində
onunla razılaşmıram.
Ürəyimdən keçənləri şəhid Natiq Orduxanovun boya-başa çatdığı evdə
dilə gətirməsəm
də, indi yazmaq zərurəti duyuram.
Şəhidlik zirvədir. Biz şəhidliyə
zirvədən daha çox itki kimi baxırıq. Həm də...
Şəhidlər haqqında danışmaq,
çox danışmaq
lazımdır. Bizim borcumuz danışılanları
qələmə almaqdır.
Şəhidlərdən çox
yazmalıyıq, həm
də lap çox...
Natiq Orduxanovun
anasının yaşadığı
evə yollananda onun haqqında bilgilərimiz çox az idi. Təkcə onu bilirdik ki,
şəhidimiz Abşeron
rayonu, Mehdiabad qəsəbəsində doğulub.
18 yaşında könüllü olaraq döyüşə yollanıb,
böyük fədakarlıq
göstərib və qəhrəmancasına həlak
olub. Natiqin anası Ülkər
xala ilə söhbətdə isə xeyli yeni məlumatlar
əldə edə bildik.
Ülkər xala da söhbətə
başlamağa çətinlik
çəkir, o da şəhid oğul haqqında danışmağın
çətin olduğunu
deyir. Amma çətinliklə olsa da özünü
toparlayıb bizim üçün gərəkli
olan məlumatları söyləyir.
Orduxanovlar ailəsi əslən Qərbi Azərbaycanın Qafan rayonundandırlar. Abşeron rayonunun, Mehdiabad qəsəbəsinə 1970-ci ildə köçüblər. Natiq üç il sonra bu qəsəbədə dünyaya göz açıb. Natiqin atası cavankən dünyasını dəyişib.
Ülkər xalanın dediyinə görə Natiq uşaqlıqda "dava-dava" oyununu çox sevib, taxtadan özünə tapança, avtomat düzəldib, tez-tez davaya gedəcəyini söyləyirmiş. Kiçik yaşlarından güləşlə məşğul olan Natiqin uğurlu nəticələri, mükafatları hər zaman ailə üzvlərinin ürəyini dağa döndərib. Məşqçiləri onun Azərbaycanın ən güclü güləşçilərindən olacağını deyiblər.
Qarabağ müharibəsi başlayanda o Sovet Ordusu sıralarında, Leninqradda hərbi xidmət keçib. Cəmi 4-5 ay qulluq edəndən sonra ürəyi dözmür. Müharibənin günü-gündən şiddətləndiyini eşidəndə qulluq etdiyi hərbi hissədən qaçaraq Bakıya gəlir, dərhal da könüllü şəkildə Qarabağa-döyüş bölgəsinə yollanır.
Ülkər xala deyir ki, ondan əsgərlikdən qaçma səbəbi haqqında soruşanda maraqlı cavab alıblar: "Vətənimdə müharibə getdiyi bir dövrdə mən ruslara palçıq yoğura bilmərəm".
Şəhid anasının söylədiyinə görə, əslində onun müharibəyə getməsinin əleyhinə olublar: "Deyirdik ki, sən hələ uşaqsan. Qardaşın Vidadi cəbhədədir, bilmirik taleyi necə olacaq. Heç olmasa sən getmə, sizin başınıza bir iş gəlsə, axı mən ölərəm. Dedi, ana incimə, ölsən də, qalsan da mən müharibəyə gedəcəyəm".
Natiq əvvəlcə Ağdamda, Qatır Məmmədin batalyonunda döyüşüb.
Amma sonradan həmin batalyonda döyüşmək istəməyib, yenidən Bakıya qayıdıb, evdəkilərə deyib ki, Qatır Məmmədin batalyonundakı əhval-ruhiyyə xoşuna gəlmir. Cəmi bir neçə gündən sonra Ağdərəyə yollanıb könüllülərdən ibarət 2-ci Bakı batalyonuna yazılıb. Gələcək döyüş yoldaşları onun gənc olmasını və qardaşı Vidadinin Füzuli cəbhəsində olduğunu nəzərə alaraq dəfələrlə Natiqdən geri dönməyi xahiş ediblər. Onun cavabı isə belə olub: "Mən son damla qanımadək vuruşub erməni işğalçılarını torpağımızdan qovmayana qədər rahat ola bilmərəm".
Geri dönməyi ağlının ucundan belə keçirməyən Natiq döyüşlərdə göstərdiyi cəsarət və şücaətlə hamının böyük rəğbətini qazanır. İyunun 12-də Goranboy rayonu Mənəşid, Buzluq, Başkənd, Gülüstan kəndlərinin düşməndən azad olunmasında Natiq xüsusi qəhrəmanlıq göstərir. Gənc döyüşçü Buzluq kəndi alınanda Canbaz yüksəkliyini fəth edən ilk əsgər olub. Gülüstan kəndində isə döyüşçülərimizin qarşısını aramsız atəşlə kəsən düşmən pulemyotunu sərrast atəşlə məhv edib. Məhz bundan sonra düşməni darmadağın edib, geri oturtmaq mümkün olub.
1992-ci il 21 iyun... Ermənilər Magadiz kəndini mühasirəyə alıblar. Vəziyyətin kifayət qədər çətin olduğunu görən Natiq təkbaşına düşmən qüvvələrin qarşısına keçir, daha doğrusu səmti azdırmaqla yoldaşlarının mühasirədən çıxmasına nail olur. Bu Natiqə öz qanı bahasına başa gəlir. Gənc döyüşçü əvvəl sərrast atəşlə dörd ermənini yerə sərir. Gülləsinin lap az qaldığını, əl qumbarasının sonuncusu olduğunu bilsə də geri çəkilmir. Sonaqədər geri çəkilməyi özünə ar bilir və düşmənlə əlbəyaxa döyüşə girir. Düşmən ona 32 güllə vursa da, kürəyini yerə vermir, yanındakı ağacdan yapışıb düşmənə və ölümə müqavimət göstərməyə çalışır. Alnından dəyib boynundan çıxan 33-cü güllədən sonra isə şəhidlik zirvəsinə qovuşur. Döyüş yoldaşlarının dediyinə görə onun biləklərində, qılçalarında 31, gicgahında isə iki güllə yeri olub. Natiq ölümə asanlıqla təslim olmayıb...
Natiqin şəhidliyi haqqında danışanda Ülkər xala qəhərini boğa, göz yaşlarını saxlaya bilmir. Onu güclə sakitləşdiririk.
Natiq Şəhidlər Xiyabınında uyuyur. Şəhidin böyük qardaşı Vidadi Orudxanov dəfn mərasimi zamanı yaxınlarına, doğmalarına belə deyib: "Vay-şivən qoparmaq lazım deyil. Qardaşım müqəddəs torpaqlarımızın azadlığı uğrunda həlak olub, neçə düşməni məhv edib. Belə oğullarla fəxr etmək gərəkdir".
1992-ci ilin son aylarında 2-ci batalyonun komandiri baş leytenant Yaşar Qarayev və rota komandiri leytenant Əbil Babayev Natiq Orduxanova Azərbaycanın
Milli Qəhrəmanı adı verilməsi
üçün Müdafiə Nazirliyinə
təqdimat göndəriblər. Başqa bir müraciəti 703 saylı hərbi hissənin
əsgər və zabitləri mərhum prezident
Heydər Əliyevə və Müdafiə Nazirliyinə
ünvanlayıb. Müraciətdə Natiq
Orduxanovun göstərdiyi qəhrəmanlıqlardan
bəhs edilib və məktubu 23 nəfər
imzalayıb. Həmin müraciətdən sonra
Müdafiə Nazirliyinin Qurbani
soyadlı nümayəndəsi Natiqin ailəsinə
baş çəkir, lazımı sənədləri
toplayaraq yaxın günlərdə bu məsələnin öz
həllini tapacağı vədini verir. Ancaq bu günədək
Müdafiə Nazirliyindən səs-soraq
çıxmayıb...
Anasının dediyinə görə, Vətən Natiq üçün hər şeydən üstün olub, ona görə
də canını torpaq yolunda fəda edib. Mehdiabad qəsəbəsində
salınmış yeni
yaşayış massivindəki
küçələrdən birinə Natiq Orduxanovun adı verilib. Buna baxmayaraq Ülkər xala ciddi diqqət görmədiklərini söyləyir:"Bayaq dedim vaxtilə
maraqlanıblar. Ancaq son illərdə
maraqlanan olmayıb.
Amma ay qurban olum, şəhid
bir deyil, iki deyil. Ağır vəziyyətdir, biz hamını
başa düşürük.
Heç kimdən heç nə istəmirəm, ummuram da... Mənim oğlum Vətəninin
yolunda şəhid olub. Bunun özü mənim
üçün hər
şeydir".
Məşhur hind filosofu
Çandra Mohan Racniş
(1931 - 1990) yazırdı: "Səni kölə edən şey elə sənin öz qorxularındı. Qorxusuz olduğun zaman artıq kölə deyilsən. Əslində başqalarının səni kölə etmədən öncə kölə olmağına
səbəb elə sənin içində olan qorxudur. Qorxusuz bir insan, nə
kimsədən qorxar, nə də başqasını qorxudar.
Qorxu təmamən ortadan qalxar". Şəhidlər kölə olmaq
istəmədikləri, kölə
olmamaq üçün
cəsarət göstərdikləri
üçün hər
cürə diqqətə,
tərifə layiqdirlər.
Natiq kimi
Ağa
Cəfərli
Xalq
Cəbhəsi.- 2010.- 24 sentyabr.- S.11.