Öd daşı xəstəliyi
Ərəstun
Həsənov: "İnsanların
80 faizi bundan xəbərsiz olurlar"
Öd daşı xəstəliyi nəinki Azərbaycanda, dünyada geniş yayılan bir patologiyadır. Hətta rəsmi məlumatlara görə, Amerika Birləşmiş Ştatlarında il ərzində 500 min insan öd daşı xəstəliyindən şikayətlənir. Eyni zamanda bu xəstəlik ildə 10 min insanın həyatını itirməsinə səbəb olur. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər çoxdur. Sözügedən bəlanın insan sağlamlığına ciddi təsirləri olduğu kimi, vaxtında aşkarlanan xəstəliyin müalicəsi də mümkündür.
Öd daşı xəstəliyi necə əmələ gəlir? Onun müalicəsi varmı? Sözügedən xəstəlikdən qorunmağın yolları necədir? Bu və digər suallarımızı cavablandıran həkim Ərəstun Həsənov bildirdi ki, öd daşı xəstəliyi, yəni xolelitiaz öd kisəsində çınqıl şəkilli daşların əmələ gəlməsi nəticəsində yaranır. Onun sözlərinə görə, bu daşlar qum dənəcikləri ölçüsündən başlayaraq, yumruq ölçüsünə qədər ola bilər: "Ümumiyyətlə, öd daşı olan insanların 80 faizi bundan xəbərsiz olurlar. Öd qaraciyərdə yaranır və əsas məqsədi həzm sisteminə daxil olan yağların həzmində yardımçı olmaqdır. Gün ərzində 500-600 ml öd ümümi öd axarı vasitəsilə 12 barmaq bağırsağa daşınır. Onun bir hissəsi öd kisəsində depolanır və lazım gəldiyi vaxt, məsələn, yağlı yemək yeyən zamanı öd kisəsi yığılaraq onu ümümi öd axarına ata bilir. Öd özlüyündə çoxkompenentli bir sistemdir. Onun 90 faizi sudan və üç əsas lipid mənşəli maddələrdən ibarətdir. Bu orqanın 80 faizi öd turşuları, 16 faizi lesitin və digər fosfolipidlər, 4 faizi isə xolesterindir. Bundan başqa, ödün tərkibində az miqdarda da olsa elektrolitlər, bilirubin, proteinlər, amin turşuları, sterioidlər, vitaminlər, ağır metallar, dərman və toksinlər ola bilər. Ümumilikdə, bu orqan kolloid məhlul olsa da, uzun müddət stabil və dayanıqlı vəziyyətdə qala bilir. Normal insan ödü xarici mühitdə 90-120 saat, yəni nukleasiya müddətində stabil vəziyyətdə qalır. Yalnız bu müddət keçdikdən sonra ödün tərkib hissələri çökməyə başlayır. Məhz xolesterinin öddə artması öd daşı xəstəliyinin yaranmasına təkan verən əsas faktorlardandır".
Həkim vurğuladı ki, öd daşlarının 80 faizi xolesterin mənşəli olur. Xolesterin mənşəli öd daşları qadınlarda daha çox rast gəlinir: "Bu daha çox hamiləliklə əlaqələndirilir. Hamiləliyin üçüncü trimesterində öddə xolesterinin miqdarı artır və hamilə qadınlarda yemək zamanı öd kisəsinin hərəkətliliyi zəifləyir. Bununla da, ödün kolloidal stabilliyi pozulur və o çökməyə meyilli olur. Bu sahədə aparılan tədqiqatlar onu göstərir ki, hamilə qalan qadınların 20-30 faizində öd kisəsində çöküntülər əmələ gəlir. Amma hamiləlikdən sonra bu qadınların yalnız 5-12 faizində öd daşı inkişaf edir. Digərlərində isə ödün kolloidal stabilliyi və axıcıllığı tam bərpa olunur. Ümumiyyətlə, öd daşı xəstəliyi insanlarda çox hallarda əlamətsiz keçir. Yalnız müayinələr zamanı təsadüfi tapıntı kimi müəyyən olunur. Əlamətlər adətən böyük daşlardan birinin öd kisəsi axarını, eləcə də ümumi öd axarının blok edən zaman yaranır. Buna biliar tutmalar deyilir, sağ qabırğaaltı nayihədə kəskin, bəzən isə küt ağrı yaranır. Ağrılar sağ kürəyə irradiasiya edir. Biliar tutmalar qəfildən başlayır və 30 dəqiqədən beş saata qədər davam edə bilir. Beş saatdan çox davam edən biliar tutmalar kəskin xolesistin inkişafından xəbər verir. Biliar tutmalar yağlı və ya ifrat dərəcədə çox yeməklə təhrik edilir. Tutmalar tez-tez təkrarlanmaya meyilli olur. Eyni zamanda ürəkbulanma və qusma bir çox hallarda biliar tutmalarla paralel müşahidə edilə bilər. Üşütmə halları isə xolangitin inkişafını göstərən əlamətdir. Xolangit daha çox öd daşının ümumi öd axarını tutmasının fəsadı kimi infeksiyanın qaraciyərdaxili öd axarlarına yayılması nəticəsində inkişaf edir".
Həkimin
sözlərinə görə, öd
daşının olmasından xəbərsiz olan
insanlarda adətən bu
heç bir
narahatçılıq törətmir: "Hansı hallarda öd
daşının müalicəsi vacibdir? Burada daha çox
üç faktor nəzərə
alınmalıdır. Birincisi, bilmək lazımdır ki, öd daşı insanın həyat keyfiyyətini
poza biləcək dərəcədə
şikayətlər yaradır. İkincisi,
öd daşının ilkin
ağırlaşmalarının olması kəskin
ağrılara səbəb olur. Üçüncüsü isə öd daşının ağırlaşma törədə
biləcəyini güman etməyə əsas
verən faktorların olmasıdır. Onu da əlavə
edim ki, öd daşı xəstəliyinin iki müalicə üslu var - konservativ və cərahi.
Çox az hallarda öd
daşının müalicəsində konservativ
vasitələrdən istifadə olunur. Öd daşının diametri
10 mm-dən kiçik olarsa
xəstələrin 50 faizində altı aydan
iki ilə qədər öd
turşularının təyini ilə aparılan müalicə
effekt verir. Əgər
daşın diametri 5 mm-dən kiçik olarsa, bu zaman konservativ
müalicənin effetivliyi 70 faizdən çox olur. Öd daşı xəstəliyinin əsas
müalicəsi cərrahi yolla öd kisəsinin
çıxarılmasıdır. Burada
öd kisəsinin laparoskopik
yolla çıxarılması - öd daşı xəstəliyinin müalicəsində
qızıl standartdır. Artıq inkişaf
etmiş ölkələrdə öd kisəsinin açıq yolla
çıxarılmasına olan göstərişlər
çox azalıb. Mütəxəssislərin
rəyinə görə, müalicə alanların 99 faizində
bu xəstəliyin əlamətləri təkrar
olunmur. Bu xəstəlikdən
qorunmaq üçün
yağlı yeməkləri azaltmaq, daha çox hərəkət
etmək lazımdır. Piyliliyi olan xəstələr isə tədricən
arıqlamalıdır".
Ülviyyə Şamilqızı
Xalq Cəbhəsi.- 2010.- 25 sentyabr.- S.13.