Ceyhun Hacıbəyli - ədəbiyyatşünas,
musiqi nəzəriyyəçisi..
O, bütün
şüurlu həyatını tərəddüdsüz
olaraq Azərbaycan uğrunda
mübarizəyə həsr edib
Etiraf edək ki, tanınmış ictimai xadim, istedadlı publisist Ceyhun Hacıbəyli kimi şəxslərlə bağlı cəmiyyətimizdə hələ kifayət qədər, ətraflı bilgi yoxdur. Bunun da müəyyən səbəbləri var. Reallıq ondan ibarətdir ki, Azərbaycan müstəqillik qazanandan sonra iqtisadi vəziyyətin
Kövrək olması səbəbindən 70 il ərzində bizə məlum olmayan, səsi-sədası daha çox xarici ölkələrdən gələn bir çox soydaşlarımızın ömrü, yaradıcılığı, əməlləri ilə bağlı soraqları kifayət qədər çap edib, yaymaq mümkün olmadı. Hər halda bu yöndə ardıcıl olaraq iş aparılmalıdır, soydaşlarımızın xəlqi dəyərlərə, bu dəyərlərin yayıcılarına ciddi münasibəti formalaşdırılmalıdır. Hazırda bu sahədə ciddi irəliləyişlər var.
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində Ceyhun Hacıbəylinin həyat və yaradıcılığını özündə müəyyən mənada əks etdirən zəngin soraqlar qorunub saxlanılır. Azərbaycan tarixinin özünəməxsusluğunun qorunub saxlanmasında şübhəsiz, fədakar, təmənnasız insanların müstəsna rolu olub. Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında Hacıbəylilər nəslinin böyük xidmətləri var. Azərbaycan tarixində nəsil, şəcərə məsələsi yaradıcılıq baxımından hələ bundan sonra da araşdırılmaya ehtiyac duyur.
İllər keçəcək, Hacıbəylilər nəslinin mədəniyyətimizin inkişafındakı müsətəsna xidmətləriylə bağlı daha yeni-yeni soraqlar üzə çıxacaq. Bu baxımdan Azərbaycan professional musiqisinin yaradıcısı Üzeyir Hacıbəylinin gördüyü işlər heyrətamizdir. Onun əsərlərində Azərbaycan milli musiqisinin cövhəri böyük bir sayğı ilə qorunub-saxlanılıb və inkişaf etdirilib. Məhz Hacıbəylilər nəslinin sözün böyük mənasında yaradıcılıq təşnəsinin güclü olmasındandır ki, bu nəsildən olan Ceyhun Hacıbəylinin gördüyü işlərin qiyməti, dəyəri bundan sonra daha aydın şəkildə bilinəcək.
Ceyhun Hacıbəyli ədəbiyyatşünas, folklorşünas, politoloq, musiqi nəzəriyyəçisi, istedadlı fəlsəfəçi kimi Azərbaycan mədəniyyətinin inkişafında xidmətlər göstərib. Təəssüf ki, zamanın gərdişindən, 70 illik Sovet imperiyasının ideoloji mübarizəsi nəticəsində Ceyhun Hacıbəyli kimi şəxsiyyətlərin əməlləri barədə bilgilər almaq yasaq olunmuşdu. Təbiidir ki, sovet dövründə hakim ideologiyaya qarşı çıxanların ictimaiyyətə müsbət mənada təqdimindən söhbət belə gedə bilməzdi. Bunlar daim öz vətənlərində xain kimi təqdim edilirdilər. Çünki bu şəxslər sovet ideologiyasını qətiyyən qəbul etmir, gec-tez onun süqut edəcəyinə inanırdılar.
Ümumiyyətlə, Hacıbəylilər XX yüzilin əvvəllərindən başlayaraq Azərbaycan mədəniyyətinin, ictimai-siyasi fikrinin sistemli halda formalaşmasında mühüm xidmətlər göstəriblər. Ceyhun Hacıbəyli bu dövrlərdə qələmini jurnalistikada sınayıb. O dövrdə "Şərqi Rus", ondan sonra çıxan digər qəzetlərdə çalışıb. O, Azərbaycan Demokratik Cümhuriyəti dövründə nəşr edilən rəsmi dövlət qəzeti olan "Azərbaycan"ın baş redaktoru olub. Az sonra Azərbaycanı tərk etməyə məcbur olan Ceyhun Hacıbəyli ömrünün sonunadək qürbətdə yaşayıb və bütün yaradıcılığı, ruhuyla Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb. O zaman Azərbaycanda artıq məşhur bəstəkar kimi tanınan Üzeyir Hacıbəyli Ceyhun Hacıbəylinin Azərbaycana dönüşü, onun haqqındakı təəssüratların dəyişilməsinə nail olmaq istəyib. Onların arasındakı məktublaşmalar həmin dövrün ziddiyyətli məqamlarının aydınlaşmasında mühüm əhəmiyyət kəsb edir. Üzeyir Hacıbəyli qardaşına yazdığı məktubların birində qeyd edir ki, Mustafa Quliyevlə danışıb, gəlişində onun üçün problemlər yaradılmayacaq, burada iş tapmaq məsələsi də həll ediləcək. Ancaq sovet quruluşuna olan qəti münasibətinin nəticəsidir ki, Ceyhun Hacıbəyli qürbətdə yaşayıb Azərbaycan uğrunda mübarizə aparmağı hər şeydən üstün tutub. Ceyhun Hacıbəylinin mühacirətdə yaşayarkən ardıcıl olaraq Azərbaycanda, eləcə də keçmiş SSRİ məkanındakı bütün hadisələri bir politoloq olaraq diqqətlə öyrənib, ardıcıl, ciddi mübarizə aparıb. Bu müşahidələr və təhillərdəki aydınlıq ilk növbədə tədqiqatçını heyran edir.
O, bütün şüurlu həyatını tərəddüdsüz olaraq Azərbaycan uğrunda mübarizəyə həsr edib. 1990-cı illərdə Ramiz Abutalıbovun Bakıya gətirdiyi zəngin sənədlər içərisində Ceyhun Hacıbəyliyə aid xeyli soraqlar var idi. Bu sənədlər əsasında biz Ceyhun Hacıbəylinin adına xüsusi fond təşkil etdik. Burada Ceyhun Hacıbəylinin həm ictimai-siyasi, həm bədii yaradıcılığına dair soraqlar toplanıb. Bu soraqlar hələ bundan sonra daha diqqətlə öyrəniləcək.
Yuxarıda Ceyhun Hacıbəylinin istedadlı bir politoloq olmasını qeyd etdik. Onun fransız dilini son dərəcə gözəl bilməsi, bu dildə ictimai-siyasi gedişatı əks etdirən dərin məzmunlu yazılar yazması siyasi hadisələri çox gözəl bildiyini göstərir. Onun 30-cu illərdə sovet rejiminin sovet insanlarının başına gətirdiyi dəhşətlər barədə qənaətləri diqqəti xüsusi cəlb edir. C.Hacıbəyli staxanovçuluq hərəkatının sovet insanına mənəvi psixoloji baxımdan nə cür zərbə endirdiyini açıq-aydın sübutlarla göstərir. Tarlada işləməyə məhkum edilən hamilə qadının Stalin rejiminin "bərəkallahına" görə bətnindəki körpəsini qurban verməsini bütün acı-ağrısı, yurdunun taleyinə narahatlığı ilə ifadə edir.
Ceyhun Hacıbəylinin fransız dilində yazdığı hekayələr onun daxili dünyasını, narahat təbiətini, yurda qarşı sevgisini bütün çalarları ilə ifadə edir. Bu əsərlərdə dövrün, zamanın girdabına məhkum edilən insanların əzablı həyatı məharətli şəkildə öz əksini tapıb. Azərbaycanı o zaman tərk edən Ceyhun Hacıbəylinin 90-cı illərdə Vətənə ruhən qayıdışını həmişəlik qayıdış hesab etmək olar. Azərbaycana tükənməz sevgisi, böyük mübarizəsi ilə Vətən üçün yaşadığını sübut etdi. Onun arxivimizdə mühafizə edilən yaradıcılıq soraqları içərisində Qarabağ folkloruna həsr edilmiş yazıları diqqəti xüsusi cəlb edir. Şəxsi fondundakı əsərlərinin sayca çoxluğu ilə yanaşı geniş əhatəliliyi, mövzu rəngarəngliyi maraqlı nüanslardandır. Artıq neçə ildir ki, Ceyhun Hacıbəylinin şəxsi fonduna tədqiqatçı kimi müraciət edənlərin sayı artmaqdadır. Ceyhun bəyin arxivi hələ sağlığında çox səliqəli formada olub.
Ramiz Abutalıbov hələ 1990-cı ildə SSRİ dağılmamış Ceyhun Hacıbəylini arxivini böyük bir əzabla Parisdən Moskvaya, oradan da Bakıya gətirməyə müvəffəq olmuşdu. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ramiz Abutalıbov Azərbaycan mətbuatında nəşr etdirdiyi "Parisdə keçən günlər" adlı əsərini kitab halında da nəşr etdirib. Çox oxunaqlı bir dildə yazılmış həmin əsərdə Ceyhun Hacəbəylinin şəxsiyyəti, yaradıcılığı, mübarizəsi ilə bağlı maraqlı məqamlar var. Ceyhun Hacıbəylinin şəxsi arxivində olan soraqlar içərisində ötən yüzilin 20-ci illərinə aid fransız qəzetlərindən nümunələr, habelə sonrakı dövrlərdə Azərbaycanda, keçmiş SSRİ məkanında çıxan qəzet-jurnallar, kitablar o dövrün ab-havasının Ceyhun bəy tərəfindən diqqətlə öyrənildiyini göstərir. 20-ci illərdə Parisdə çıxan jurnalların birində ermənilərin Azərbaycanla bağlı soraqları öz adlarına çıxmaq cəhdlərinə qarşı Ceyhun bəyin mübarizəsini göstərən məqalə çap edilib. Ceyhun bəyin arxivində belə məqamlar az deyil. Ceyhun Hacıbəylinin rusca yazılmış "Batumdan keçərkən" adlı xatiratında da maraqlı məqamlar çoxdur. Ceyhun Hacıbəylinin bir neçə dil bilməsi onun zamanın gərdişindən yaxşı baş çıxarmasına kömək edib. O, daim keçmişimizi öyrənməyə səy göstərirdi. Azərbaycanı tarixi aspektdən öyrənir, bir millət olaraq uğrunu, uğursuzluqlarını təhlil edirdi. O, heç zaman bir mövzuya qapanıb qalmırdı. Ceyhun Hacıbəylinin əsərlərinin hamısının ana dilimizə tərcümə edilərək ictimaiyyətə çatdırılması yaxşı bir hadisə olardı.
Arxivdə habelə Ceyhun Hacıbəylinin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər qorunur. Bu şəkillər onun ömrü, şəxsiyyəti haqqında müəyyən təəssürat yaradır. Ceyhun Hacıbəylinin milli geyimlərimizin milli obrazlarda ifadəsi yönündə çəkdiyi şəkillər də diqqəti cəlb edir. Bu, Ceyhun Hacıbəylinin bir rəssam olaraq xəlqi soraqları qorumaq istəyindən irəli gəlir.
Ceyhun Hacıbəylinin jurnalisitika fəaliyyəti Abid Tahir tərəfindən araşdırılıb. O dövrdə Azərbaycanın başına gələn fəlakətlərə dünyanın münasibəti bütün çalarlarıyla Ceyhun Hacıbəylinin yaradıcılığında görünür. Ceyhun Hacıbəylinin qardaşı Üzeyir Hacıbəyli ilə məktublaşmasında Ceyhun bəyin ömrünün müxtəlif məqamları ilə bağlı soraqlar var. Məlum olur ki, Ceyhun Hacıbəyli Üzeyir bəyə məktublarında sətiraltı eyhamlarla müxtəlif məsələlərə işarə edir, münasibətini bildirir. O, Bakını tərk edərkən 28 yaşında idi. Ceyhun Hacıbəyli Azərbaycanda olarkən ailə qurduğu həyat yoldaşı ilə ömrünün axırına qədər yaşayıb. Onun Timurçin adlı oğlu da olub.
Arxiv materialları içərisində Ceyhun Hacıbəylinin xaricdə yaşayarkən xəstəliyi ilə bağlı həkim tərəfindən yazılan resept nüsxələri diqqəti cəlb edir. Maraq üçün fransız dilində yazılmış bu resept nüsxələriini tərcümə etdirdim. Məlum oldu ki, Ceyhun Hacıbəyli daxili xəstəliklərdən və ürək ağrılarından əziyyət çəkirmiş. Məktublarda barəsində danışılan Ceyhun Hacıbəylinin ailə qurduğu qadının əslən qarabağlı olması aydınlaşır. Məktublarında bu məqamla bağlı işarələr var.
Hacıbəylilər nəslinin xalqımız qırşısında göstərdiyi xidmətlərin coğrafiyasının geniş şəkildə öyrənilməsi vacibdir. Təəssüf ki, sovet dövründə - xüsusilə 20-30-cu illərdə ermənilər tərəfindən arxiv sənədlərinin müəyyən mənada yox edilməsi baş verib ki, nəticədə həmin dövrlərdə bəzi mənbələrlə bağlı kasadlıq hiss edilir. Bu, bizim bir millət olaraq bundan sonra arxiv sənədlərinə daha ciddi yanaşmamızı zəruri edir.
Maarif Teymur
Xalq Cəbhəsi.- 2010.- 28 sentyabr.- S.14.