Məzarsız şəhid

 

Sahibsiz olan məmləkətin batması haqdır,

Sən sahib olarsan bu vətən batmayacaqdır.

 

(Mehmet Akif)

 

Məzarsız şəhidlər... Onların sayı yüzlərlədir. Məzarsız qəhrəmanlara şəhid statusu verilsə , doğmaları, yaxınları hələ onların yolunu gözləyir, vaxtsa geri qayıdacaqları ümidiylə yaşayırlar. Onları ümid yaşadır...

Məzarsız şəhidlərimizdən biri-Abdullayev Şikar İbiş oğlu 20 yanvar 1974-cü ildə Beyləqan rayonunun Bolsulu kəndində əməkçi ailəsində anadan olub, 9 yaşı olanda anasını itirib. 1991-ci ildə Təzəkənd orta məktəbini bitirib. Elə həmin il Beyləqan rayonunun Şirvan (Əli Bayramlı) şəhərində sürücülük kursuna göndərilib. Burada sürücülük peşəsinin sirlərinə yiyələnib yenidən kəndlərinə dönüb. Bir müddət kolxozda fəhlə kimi çalışıb. Şikar Abdullayev hərbi xidmətə 1992-ci ilin oktyabrın 20-də, Qarabağ müharibəsinin alovlandığı çağlarda başlayıb.

Qardaşı Mahir Abdullayevin dediyinə görə, Xocalıda baş verənlərdən sonra Şikarın hirsi-hikkəsi yerə-göyə sığmayıb. Hər gün cəbhə bölgəsindən gələn xəbərlərdən sonra Şikar qeyri-ixtiyari yumruqlarını düyünləyib əsəblə "bu qisas yerdə qalmaz" deyə hayqırıb. Tanınmış diktor Şəmistan Əlizamanlının üsyankar çağırışlarına qulaq kəsiləndə yerində rahat dura bilməyib, könüllü şəkildə döyüşə yollanacağını söyləyib. Bu səbəbdən hərbi xidmətə çağırılmağını böyük sevinclə qarşılayıb. Şikar 742 saylı briqadanın Beyləqan batalyonunda xidmətə başlayıb, qısa müddət ərzində hərbi texnikadan, müxtəlif çaplı silahlardan məharətlə istifadə etmək bacarığına yiyələnib.

Bu yerdə xatırlamağı lazım bilirik ki, cəbhənin bir addımlığında yerləşən Beyləqanın əhalisi Qarabağ döyüşlərində xüsusi fəallığı ilə yadda qalıb. Rayon 137 şəhid verib, 36 nəfər isə itkin düşüb. Üç nəfər beyləqanlıya Azərbaycanın Milli Qəhrəmanı adı verilib, bir neçə döyüşçü "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub.

1993-cü ilin yanvarın son günlərində Nərgiztəpə uğrunda ağır döyüşlərdə Şikar xüsusi fədakarlıq göstərir. Döyüşün qızğın yerində Şikarın döyüşçü yoldaşı İlyas Heydərov ağır yaralanır. Şikar döyüşçü yoldaşına kömək etmək istəyilə sürünə-sürünə İlyasa yaxınlaşır. Bu zaman o da sinəsindən yaralanır. Yaralanmasına baxmayaraq İlyasa kömək göstərmək istəyindən əl çəkmir. Şikar İlyası döyüş meydanından çıxarır. Hər ikisini Ağcabədi rayon mərkəzi xəstəxanasına gətirirlər. Nərgiztəpə uğrunda döyüşdə fəallığına görə Şakirə xüsusi təşəkkür elan olunur. Müalicədən sonra o yenidən döyüşçü dostlarının cərgəsinə qatılır.

Şikarın döyüş yoldaşı İlyas Heydərov deyir ki, ağır döyüş illərinin çoxunu Şikar Abdullayevlə birgə keçirib: "Şikarla tanışlığım 1993-cü ilin əvvəlində başlayıb. Bir-birimizə o qədər bağlanmışdıq ki, özümüzü doğma qardaş kimi hiss edirdik. Şikar mahir bir kəşfiyyatçı idi. Kəşfiyyat bölümündə onun kimi igid döyüşçü yox idi. Onun məğrurluğuna, igidliyinə hamı heyran olurdu. 1993-cü ilin qışında Nərgiztəpə uğrunda mövqe döyüşləri gedirdi. Həmin döyüşlərin birində düşmənin atdığı top mərmisinin qəlpəsi sağ qolumu yaraladı. Bunu görən Şikar məni döyüş meydanından çıxartmaq üçün qartal kimi üstümə şığıdı, ancaq mənə çatmağa az qalmış sol çiyninin ürəyinə yaxın hissəsindən qəlpə yarası aldı. Özünün yaralı olmağına baxmayaraq mənə kömək etməyə çalışırdı bu istəyinə nail oldu. Oradan bizi Ağcabədi rayon mərkəzi xəstəxanasına gətirdilər. Xəstəxanada müalicə alıb yaralarımız sağaldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtdıq. Şikar yenidən döyüşə qartal kimi şığıdı. Hərbi əməliyyatların birində Kurapatkino kəndi ətrafında gedən döyüşlərdə hər ikimiz növbəti dəfə ağır yara aldıq yenidən xəstəxanaya gətirildik. Həkimlərin səyi nəticəsində sağalıb yenə döyüşə yollandıq. Şikar neçə-neçə yaralı döyüşçü yoldaşlarımızı çiynində döyüş meydanından çıxarıb, ilk yardım edib həyata qaytarmışdı.

Hərbi əməliyyatların birində mən sol ayağımın bud nahiyəsindən ağır yaralandım. Mərkəzi hospitala müalicəyə göndərildim. Şikarın itkin düşdüyünü valideynlərimdən öyrəndim. Həmin an mənə ağır bir itki üz verdiyini hiss etdim. Hönkür-hönkür ağladım".

1993-cü ilin noyabrında silahlı qüvvələrimizin Füzuli rayonunun neçə-neçə kəndini erməni işğalçılarından azad edir, Şikar bu döyüşlərdə öz qəhrəmanlığıyla diqqəti çəkir. Onun son döyüşü Füzuli rayonunun Şişqaya yüksəkliyi ətrafında olub. Strateji əhəmiyyətli bu yüksəkliyin azad edilməsi silahlı qüvvələrimizə xeyli üstünlük verəcəkdi. Bu yüksəklik vasitəsilə ətraf əraziləri, kəndləri nəzarət altında saxlamaq mümkün idi. Hücum planı hazırlanır, əraziyə bir neçə dəfə kəşfiyyat qrupları göndərilir.

Kəşfiyyatçıların gətirdikləri məlumatlar ümidverici idi. Kəşfiyyat qruplarının rəhbərlərindən biri Şikar olur. Şikar müəyyənləşdirə bilir ki, Şişqayanın üstündəki topçu Aren adlı ermənidi. Ətrafdakı topçular isə ruslardı. Aren ətrafdakı topçuların, həm nəzarətçi-komandiri funksiyasını yerinə yetirir. Kəşfiyyatın gətirdiyi məlumatlar qərargahda incəliklə müzakirə olunur. Şişqayaya hücum üç istiqamətdən başlayır. Sağ sol cinahlar, bir mərkəzdə gedən batalyon. Mərkəzi qüvvə Şikargilin peşəkar döyüşçülərdən ibarət hər cür təlim görmüş hücumçu batalyonu idi. Sağ sol tərəfdəki batalyonlar onları hər hansı təhlükədən qorumalı, müdafiə etməliydi. Yanvarın 25-dən 26-na keçən gün, cəhər alatoran vaxtı həyəcan siqnalıyla döyüş əməliyyatı başlayır. Qısa vaxtda düşmənin xeyli canlı qüvvəsi məhv edilir, zirehli texnikası yandırılır bir o qədər döyüş silahları qənimət götürülür. Topçu Aren əsir alınır. Şişqaya bütünlüklə qəhrəman döyüşçülərimizin nəzarətinə keçir.

Ancaq sağ sol cinahda döyüşən batalyonlar nədənsə gecikir. Komandirlər hansısa anlaşılmazlığın olduğundan şübhələnirlər. Radiostansiya ilə əlaqə yaratmaq istəsələr , bu alınmır. Siqnallar ünvana yetişmir. "Demək, tələyə düşmüşük" deyən komandir igid döyüşçülərini bir yerə cəm edib gözləniləcək erməni hücumlarının qarşısını almaq üçün təcili tədbirlər planı fikirləşir. Gözlənildiyi kimi ermənilər yeni qüvvə ilə hücuma keçir.

Batalyon ermənilərlə on bir saat döyüşür. Batalyonun bir hissəsi geri çəkilsə , iyirmi iki nəfərlik dəstə düşmənlə ölüm-dirim mübarizəsi aparır. Döyüş sursatları tükənməsi isə vəziyyəti kritik həddə çatdırır.

Şişqayada qəhrəmancasına döyüşən əsgərlərimizin böyük əksəriyyətinin taleyi naməlum qaldı. Ermənilərlə müəyyən, uzun sürən danışıqlar nəticəsində səkkiz nəfər döyüşçünün meyidi geri alınsa da, on dörd nəfərin taleyi bu gün sirr olaraq qalır.

Şikarın şəhid olduğu tarix kimi 1994-cü ilin 27 yanvarı qeyd olunur. Bu günə kimi onun öldü, qaldısından xəbər olmasa da, ona şəhidlik statusu verilsə , doğmaları onun qayıdıb gələcəyinə ümidlidirlər.

Mahir Abdullayev deyir ki, Beyləqanda naməlum şəhidlərin məzarı var: "Elə hiss edirəm ki, bu məzarlardan biri Şikarındır. Şişqayada şəhid olmuş döyüşçülərimizi gətirmişdilər. Onların adları, soyadları bilinmirdi. Biz dəfn etdik. Bir meyid Şikara oxşayırdı. Elə şübhələnmişdim ki, bu Şikar ola. Bacım Solmazı çağırdım. Solmaz dedi ki, yox, bu Şikar deyil. Ancaq mən bilən o Şikar idi. Onu özüm dəfn elədim. Hətta bir neçə dəfə o şəhidin qəbrini ziyarət etdim. Ümumiyyətlə, getmədiyimiz yer, məkan qalmayıb. Sağ qalan döyüş yoldaşlarıyla görüşmüşük. Qırmızı Xaç Cəmiyyətinə getmişik. Amma bir nəticə hasil olmayıb ki, olmayıb".

Şəhidin bacısı Solmaz deyir ki, Şikar analarından sonra mehri-məhəbbətini ona salıb: "Mənə sevgisi o qədər böyük, ülvi idi ki, inanmazdım biz bu qədər ayrı düşəcəyik. Yaz vaxtları çöllüyə gedib yemlik yığar, arasına da lalə dəstəsi qoyub mənə gətirərdi. O döyüşdə olanda qardaşım Ramiz tez-tez ona baş çəkərdi. Axırıncı dəfə yemək aparmışdı. Ramiz qayıdıb gələndə yemək boxçasın dolu qaytardı. Dedim bu nədi? Dedi: - Döyüşə gediblər. Şikarla son görüşüm 1994-cü il yanvarın 8-də oldu. Dedim bir neçə gün qal dincəl. Dedi bacı, hücuma keçəcəyik. Uğur qazanaq, qayıdacağam, bax onda bir neçə gün sənin yanında dincələcəm".

Məhəmməd peyğəmbər (s) deyirdi: "Şəhidlərin ölümü, ölümlərin ən gözəlidir".   

 

 

Ağa Cəfərli

 

Xalq Cəbhəsi.- 2010.- 29 sentyabr.- S.11.