Xudafərin körpüləri: Azərbaycanı
birləşdirən rəmzi abidə
Onlar həm də türkün
tarixi hünərlərinə şahidlik və ayrılıq
rəmzidir
Tarixən Azərbaycanın quzeyi ilə güneyini birləşdirən, hazırda ermənilər tərəfindən işğal edilən Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüləri haqqında zaman-zaman az danışılmayıb. Mərhum yazıçı "Fərman Kərimzadənin "Xudafərin körpüsü" romanı Şah İsmayıl Xətayinin həyatı və dövlətçilik uğrunda mübarizəsinə həsr olunsa da, Xudafərin körpüsü qədimlik və türkün tarixi hünərlərinə şahidlik rəmzi kimi əsərin adını təşkil edib. Xudafərin körpülərinin tarixindən danışan Azərbaycan Abidələrini Müdafiə Təşkilatının sədri Şaiq İsmayılov bildirir ki, Xudafərin körpüsü Azərbaycanı birləşdirən simvolik bir abidədir: "Xudafərin deyiləndə ilk növbədə yadımıza Araz çayı üzərində salınan körpü düşür. Xudafərin Azərbaycan memarlıq sənəti tarixinin bəzəyi sayılan möhtəşəm tarixi abidələrimizdəndir. Araz çayı üzərində salınan iki Xudafərin körpüsü bizə məlumdur. Onlardan birincisi "Baş Xudafərin körpüsü" adlanır, uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkinci körpü isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir. Azərbaycanın memarlıq sənətində bu əzəmətli abidələr haqqında dünyanın bir çox alimləri qiymətli fikirlər söyləsələr də, körpülərin nə vaxt inşa edilməsi haqqında tarixdə yekdil fikrə rast gəlinmir. Baş Xudafərin körpüsünün daha qədim olması ehtimal edilir. Belə ki, bu körpünün Əhəməni imperiyası zamanında ağacdan tikilməsi və Eldəgizlər dövləti zamanında isə daş və kərpiclə üzləndiyi güman edilir. Bəzi mənbələrdə isə ikinci körpünün (e.ə.558-529) ağacdan müvəqqəti qurğu kimi inşa edilməsi, Elxanilər dövləti zamanında (13-cü yüzil) isə daş və kərpiclə üzlənməsi haqqında mülahizələr yürüdülür. İran tarixçisi Həmdullah Qəzvini əsərlərində körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da farsca "Allah tərəfindən yaradılmış", "Allaha Mərhəba" mənalarını verir. Qəzvini yazır ki, Xudafərin körpüsü Məhəmməd peyğəmbərin yaxın adamı olan Bəkir ibn Abdulla tərəfindən miladi tarixlə 736-cı ildə inşa etdirilib. Bəziləri isə iddia edir ki, həmin şəxs körpünü tikdirməyib, yalnız təmir etdirib. Xudafərin körpüsünün Makedoniyalı İsgəndər, ya da Roma sərkərdəsi Pompey tərəfindən tikilməsi barədə də fərziyyələr irəli sürənlər var. Ancaq bu körpüləri inşa etdirən şəxsin adı barədə tarixi mənbələrdə heç bir dəqiq yazılı məlumat yoxdur. Araşdırmaçıların çoxunun fikrincə, hər iki körpünün dayaqları çayın ortasında olan təbii sal daşlar üzərində qurulduğundan onlara "Xudafərin" adı verilib. Hələlik Xudafərin körpüləri sirlərini açmayıb. Tarixçilər sirlər arasında ünvansız dolaşaraq gah körpülərin səmtini dolaşıq salıb onları Culfa yaxınlığında abidə kimi göstərir, gah da 1027-ci ildə Şəddadi hökmdarı 1-ci Fəzl və I Şah Abbas tərəfindən tikildiyini deyirlər. Bu körpünün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri arasında Azərbaycanın iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük əhəmiyyəti olub".
Tarixən Xudafərin körpüsü Azərbaycanın quzeyi ilə güneyinin əlaqəsini möhkəmləndirən yeganə vasitə olub: "Bu körpülər həm də yüzillər boyu yadellilərin Azərbaycanın Quzeyinə basqınlarına da şərait yaradıb. Hər halda bu körpülər Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən sayılır".
Ş.İsmayılov daha sonra bildirir ki, Cəbrayıl ərazisində nəinki təkcə Xudəfərin körpüləri, eyni zamanda Azərbaycan memarlıq sənəti sahəsində bir çox monumental abidələr, qalalar, türbələr, məscidlər və başqaları var. Bu ərazilər Kür-Araz mədəniyyətinin təşəkkül tapdığı və Qədim Şərq mədəniyyətinin Qafqaza təsirində keçid məntəqələrindən, habelə qədim mədəniyyətlərin qovuşduğu mədəniyyətlərdən biridir: "Cəbrayılın tarixi də Xudafərin körpülərinin tarixi kimi müəmmalıdır. Bir çox mənbələrdə Cəbrayılın islam dinində olan mənbələrdən birinin adı ilə bağlılığı iddia edilir. Çünki "Cəbrayıl" sözü ərəbcə "Allahın qulu" mənasını verən "cabri" sözündən yaranıb. 18-19-cu yüzillərdə "Cəbrayıl" sözü ilə bağlı dolaşıq izahlar olub. Belə ki, 1873-cü ildə Tiflisdəki "Qafqaz" qəzetinin əməkdaşı H.Kokçayev yazırdı ki, "Cəbrayıl" tatar sözüdür, ona rusca "Qavril" deyilir. Bunu 19-cu yüzildə rus qafqazşünası K.Qan da təsdiqləyərək əlavə edir ki, bu adın islam dini ilə daha çox bağlılığı var. 1876-cı ildə Azərbaycana ikinci dəfə gələn Kokçayev bu dəfə etnoqrafik məlumatlara əsaslanaraq Cəbrayılı tarixi şəxs adlandırır, əvvəlkindən fərqli fikir söyləyir. Yazır ki, Cəbrayıl keçmiş zamanlarda yaşamış Soltan Əhməd adlı bir hökmdarın yaxın adamlarından olub. Ziyarət dağından Araz çayına qədər torpaqlar da məhz Cəbrayıla və onun qohumlarına məxsus imiş".
Ərazisində Xudafərin körpülərinin yerləşdiyi Cəbrayıl barədə həsrətlə danışan, əslən Cəbrayıldan olan filologiya elmləri namizədi Şakir Albalıyev boya-başa çatdığı türk yurdunun özünəməxsusluğu barədə deyir: "Respublikamızın rayonları içərisində indi erməni əsarətində olan Cəbrayıl özünün bir çox özəllikləri ilə fərqlənir. Cəbrayılın özünəməxsusluqlarından biri bu yurdun övladlarının etnik cəhətdən yekcins olmasındadır, yəni Cəbrayıl ərazisində yaşayanların hamısı Oğuz soylu Azərbaycan türkləridir, Cəbrayıl ərazisi də qədim türkün beşiyidir. Bu mənada Azərbaycan türkünün saf qan, nəsil-soy daşıyıcısı olan cəbrayıllılar öz yaşam tərzlərində, canlı dialekt-şivələrində türklüyümüzü qoruyub yaşadıblar. Dəfələrlə başqa-başqa adamlardan, yəni kənar rayonların nümayəndələrindən cəbrayıllıların türklüyü yaşadan cəhətləri haqqında çox eşitmişəm. Bu imici qazanmağın səbəbi qədim türkün xüsusiyyətlərini fitrətən özündə daşımaqdan irəli gəlir. Bu gün dünyada tamam fərqli dəyişikliklər müşahidə olunur. Ötən yüzilliyin sonlarından başlayaraq dünyada qloballaşma adı altında mənəviyyatımıza düşünülmüş şəkildə yeridilən aşınmalar əxlaqımıza, dilimizin saflığına və milli-mənəvi dəyərlərimizə ciddi zərbələr vurmaqdadır. Sevinirəm ki, bu cür mənəvi aşınmaların qarşısında Cəbrayıl sakinləri möhkəm duruş gətiriblər. 1993-cü ildə Cəbrayıl rayonunun ərazisi mənfur ermənilərin pəncəsinə keçdi. Torpaq itkisi ilə üzləşən rayon sakinləri tarixi, qədim dədə-baba torpaqlarından pərən-pərən düşüb dağılışdılar. Çoxlu şəhidlərimiz oldu. Amma nə vaxtsa torpaqlarımız özümüzə qayıdacaq, cəbrayıllılar yenidən dədə-baba torpaqlarında yaşayacaqlar. Məni yurd sevgisindən gələn bir məsələ ciddi narahat edir. Bu kimi məsələləri gizlətmək qətiyyən olmaz. O bəla mənəviyyatımızın aşınması təhlükəsidir. Elsiz-yurdsuz qalan cəbrayıllılar artıq bir yerdə deyillər, son gedişat bizim də mənəviyyatımıza pis mənada təsirini göstərəcək. Belə ki, Cəbrayılın bağrından qopub gələn yaşlı nəsil yurd nisgili ilə yana-yana, qovrula-qovrula ölür, dünyaya yeni gələnlər isə tamamilə fərqli bir mühitdə, ab-havada yaşayır, yad mənəvi mühitlərdən qaynaqlanırlar. Şəhərləşən, kökündən ayrı düşən yeni cəbrayıllılardan hansı əzəli kəndçiliyi gözləmək olar? Bax, bizi gözləyən ən böyük təhlükə budur. Bu bəlanın bizi tamamilə məhv etməsini gözləməkdənsə, torpaqlarımızı tezliklə düşməndən azad etməliyik".
Əslən
Cəbrayıldan olan yazıçı-publisist Əlisahib Əroğul
deyir: "Ermənilər dərk etməlidirlər ki, Ermənistan
Respublikasının bu gün yerləşdiyi bütün ərazi
tarixi Azərbaycan torpağıdır. O torpaqları cismən
tərk etsək də, biz Azərbaycan türkləri mənən,
ruhən ana yurddayıq. Dürlü-dürlü
dağ çaylarının qıjıltısı, şəlalələrin
şaqqıltısı, şaqraq səsləri, lilpar
bulaqların pıqqıltısı, dağ kəllərinin nəriltisi,
kəkliklərin qaqqıltısı hələ də
qulaqlarımızdadır. Çiçəklərin, güllərin
ətri, ənbər qoxusu burnumuzda, çeşid-çeşid
nemətlərin dadı-tamı damağımızdadır. Dəli dağ, Leyli zirvəsi, Alagöz, Qaranlıq,
Boğazkəsən, Qızılboğaz, Damqaya, Keçəl
dağ, Armudlu dərə, Çalbayır, Soyuqbulaq, Dərəçiçək,
Qaçaqqıran dərə və s. yüzlərlə, minlərlə
adını çəkib-çəkmədiyimiz yurd yerlərimiz,
ocaq daşlarımız, köç düşərgələrimiz
qucaq açıb bizi gözləyir. Biz onlara tamarzıyıq,
onlar bizə həsrət. Axı ora Vətəndir!
Ulularımızın, dədə-babalarımızın məzarları
uyuyan torpaqdır, məkandır. Başdaşları
sındırılmış, oğurlanmış qəbirlərin
sorağındayıq. Bizi bizdən alır o torpaq.
Doğmalarımızın ruhudur, qarabaqara bizi izləyən,
o torpağa səsləyən. Varlığımızı
cismən o yurddan, o eldən-obadan uzaq salsaq da, ruhumuz yenə o
Vətən göylərində dolaşır. Vətən
bizi çəkir. Vətən Vətənə səsləyir
bizi. Bu lal elegiyalar, vaveylalar səddini gec-tez
aşmalıyıq, aşacağıq da. Bugünkü siyasi
xəritəmiz etnik xəritəmizin heç 30 faizini təşkil
etmir. Tarix öz ədalətli hökmünü zamanında
verəcək. Gün gələcək, alman faşistləri
kimi erməni-daşnak faşistləri barəsində də
beynəlxalq ədalət məhkəməsi qurulacaq.
Köçəryanlar da, Zori Balayanlar da, Sarkisyanlar da, beynəlxalq
aləmdə ad çıxarmış terrorçu səhra
komandirləri də, 366 alayın zabit və hərbi
qulluqçuları da Nürnberq mühakiməsinin müttəhimlər
kürsüsündə əyləşməli olacaqlar.
Birbaşa ifrat faşist partiyası olan Daşnaksütyunun
yetirməsi erməni-daşnak faşistləri nə vaxta kimi
meydan sulayacaqlar? Böyük dövlətçilik
şovinizmi bu kiçik etnik xalqın beyninə hardan dolub?
"Böyük Ermənistan" xülyasını beyinlərə
doldurmaqla erməni-daşnak faşistləri nə demək istəyirlər?
Ermənilər öz irqi üstünlüklərini axı nədə
görürlər? Xeyirxah olmayan qəddardır. Bütün
olub-keçənlər bu gün mənə yuxu kimi gəlir.
Qarabağ itkisini heç cür qəbul edə bilmirəm.
Bir onu bilirəm ki, içimizdə erməni əli olub və
hələ də var. Böyük ümidlə, ürək
çırpıntılarıyla bu əlin kəsiləcəyi
günü gözləyir və o günü görürəm.
Bizim özgə torpağında gözümüz yoxdur,
öz torpaqlarımızı qorumağa, müdafiə etməyə
bəs sözümüz nədir? Cənnətimiz
xarabazardır, ancaq belə də qalmaz. Bu
gün Qarabağı geri qaytarmaq, Azərbaycan
varlığını, onun ərazi
bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını
bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət
qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək
haqqımızı kimsə əlimizdən ala bilməz.
"Qarabağsız Azərbaycan yoxdur" - deyənlər
haqq yolundadırlar, sarsılmaz Azərbaycan dövlətçiliyinin
keşiyindədirər. Qarabağ uğrunda ədalətli
mübarizəmiz öz həllini tapmayınca mənəvi
yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin
aradan qalxacağından hər hansı şəkildə
danışmaq olmaz. Nə qədər erməni-daşnak
faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə
dinclik, nə sülh bizə qismət olmayacaq,
varlığımız təhlükə altında qalacaq,
zaman-zaman torpaqlarımız erməni-daşnak faşistlərinin
təcavüzünə düçar olacaq".
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.-
2010.- 6 yanvar.- S.14.