Zəlimxan Yaqubu saz yaşat, Allah!
"Qırx
körpü var, qırx keçid var, qırx ada,
Salam verdim otuza da, qırxa
da,
Bir də gördüm əlli qalıb arxada,
Baş götürüb əlli belə gedirəm".
Bu şeiri Zəlimxan Yaqub 55 yaşına bir neçə ay qalmış yazıb. İndi 60-ı haqlayır. Kitablarını varaqladım, 60 yaşla
bağlı şeirə
rast gəlmədim.
Təəccübləndim...
...1998-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin 80-ci ildönümünə
həsr olunmuş rəsmi dövlət tədbirinin ssenarisi mənə həvalə olunmuşdu. Müzakirələr zamanı ssenaridə
Cümhuriyyət dövründə
yazılan şeirlərlə
yanaşı, çağdaş
Azərbaycan ədiblərinin
əsərlərindən istifadə
etməyi, həmçinin
bu mövzuda yeni bir şeir
yazmağı da məsləhət gördülər.
Üç gündən sonra
ssenari ətrafında
müzakirələr yenidən
davam etdirildi və məndən Cümhuriyyətlə bağlı
neçə şeir yazdığımı soruşdular.
"Əlbətdə birini", - cavabını
verdim. "Zəlimxan
Yaqub üç günə beş
şeir yazıb",
- dedilər...
O zaman sözün əsil mənasında təəccüblənmişdim,
bəlkə də heyrətə gəlmişdim.
Zəlimxan Yaqubun yaradıcılığına
daha yaxından bələd olduqdan sonra bu heyrət
hissi məni tamamilə tərk elədi.
İndisə cəmiyyətdə, təbiətdə...
baş verən hər hansı bir hadisənin Zəlimxan Yaqub şeiriyyətindən kənarda
qaldığını görəndə
təəccüblənirəm.
Zəlimxan Yaqub inanılmaz bir ilham sahibidir. Onun şeirlərini
oxuyanda, mirvari kimi sıraya düzülmüş say-seçmə
kəlmələrin yallı
getdiyi çıxışlarını
dinləyəndə sözün
qüdrətinə, nəhayətsizliyinə,
əlçatmazlığına bir daha əmin
olursan.
Sonuncu dəfə Gənc Tamaşaçılar Teatrında
Zəlimxan Yaquba həsr olunmuş sənədli filmi izləyəndə təbədən
dırnağa Türk
ruhundan, Tanrı sevgisindən yoğrulmuş
bu söz adamını özüm üçün yenidən
kəşf elədim. Filmin bədii və vizual tərəfləri haqqında bir kəlmə də yazmayacağam...
Sadəcə Mehriban Zəkinin ifası, şaman ritmləri və Zəlimxan sözü bu filmdən kənarda, izləyicini tamamilə fərqli bir istiqamətə, Zəlimxan
Yaqubun poetik ruhunun yol gəldiyi
məkana doğru aparırdı... Mən filmdə bir-birini əvəz edən vizual görüntülərin
yox, Zəlimxan Yaqub poeziyasının, türkün qan yaddaşının, Sözün
İlahi Qüdrətinin,
Səsin Müqəddəs
Sehrinin arxasınca getdim:
Yaradanım yaxşı
bilir,
Yolum kimlərin yoludu.
Dünənin söhbəti
deyil,
Lap qədimlərin yoludu.
Ruhum yollara bələddi,
Yol çaşanlar
xəcalətdi,
Nuh, İbrahim,
Məhəmməddi,
Yol Adəmlərin
yoludu...
...Əslində Zəlimxan Yaqub poeziyasının nütfəsinə doğru
aparan yol məhz buradan başlayır - Minillərin
o tayından, səsin
və sözün məcrasından, ilkin başlanğıcından, bakirəliyindən,
Tanrı dərgahından...
Zəlimxan Yaqubun şerlərində, misralarında
yer alan
hər söz, hər kəlmə diridir, canlıdır, hərəkətdədir... Sözlər
misra-misra sıralanıb,
halaylanıb Türkün
qan yaddaşından sıyrılıb gələn,
əsrlərin sınağından
keçərək cilananan
vahid bir ritmin üzərində dövrə vurur, zikr edirlər:
Şeytan səni
çaşdırmasın,
Baş vurma çaş dəryasına.
Min çayın
suyu bağlanır
Gözündə yaş dərgahına.
Əldən yapışsın
əl, gedək,
Biz hamıdan əvvəl gedək.
Durma ayaqda, gəl gedək
Tanrının baş dərgahına...
Bütövlük
Dünyaya qədim
Türk yurdundan - Borçalıdan baxan Zəlimxan Yaqubun şeirlərində parça-parça
olmuş Vətənin
nəhəng imperiyaların
iddialarına əsir düşən bütün
bölgələri dərdlərilə,
acılarıyla birgə
bütövləşirlər:
Dərdlərini zirvələrə
tən bilirəm,
Əzabını saçlarıma
dən bilirəm,
Borçalıyam, nə çəkirəm mən
bilirəm,
Borçalıtək könül bağı talan Kərkük.
yaxud
Şər xeyirə
dönüb, xeyir şər olub,
Hanı Oğuz yurdum, Turanım mənim?
Dərbənd məscidində
dərbədər olub,
Xaça əsir düşüb Quranım mənim.
Başqa bir nümunə:
Onda hələ
Göyçətək
gözüm tökülməmişdi,
Onda hələ
Şuşatək
qəddim bükülməmişdi,
Onda Qarabağ
kimi
bağrım sökülməmişdi,
Onda hələ
yağılar
üstümə gülməmişdi,-
Soyum Qıpçaq
soyuydu,
dağım Tanrı
dağıydı,
Götürdüyüm o torpaq
Borçalı torpağıydı.
Zəlimxan Yaqub poeziyasının ən önəmli cəhətlərindən biri
də onun milli və bəşəri
dəyərləri bir
araya gətirmək,
ilk baxışda tamamilə
fərqli və ziddiyyətli görünən
anlayışlar arasında
ilahi bir harmoniya yaratmaq bacarığıdır. Bu səbəbdən də, Zəlimxanın şeirləri
insanın bütün
duyğularını yerindən
oynadır, əbədi
bir harmoniyanın üzərində kökləyir.
Tanrı duası
Zəlimxan Yaqub şeirlərinin birində
yazır:
Qışda doğulmağım
bəs edər mənə,
Məni öldürəndə
yaz öldür, Allah!
Bilim hansı
gündü gedəcəyim
gün,
Ölüm tariximi yaz öldür, Allah!
Qoy yatım,
yuxudan qaldırma məni,
Əcəlin cəngindən
saldırma məni,
Zarıya-zarıya öldürmə
məni,
Öldürə bilirsən,
saz öldür, Allah!
Acı gülüşlərin
ürəyimdə xal,
Dodağım qıfıllı, baxışlarım
lal.
Alırsan canımı
birdəfəlik al,
Bu qədər
ağrıyla az öldür, Allah!
Şairin 60 illiyinə
bir neçə neçə gün qalmış mən də üzümü Tanrı dərgahına tutdum:
Xaini, namərdi,
ara vuranı
Bu fani dünyada az
yaşat, Allah!
Könül sındıranın,
ürək qıranın
Qəbrini gözündə
qaz, yaşat, Allah!
Namərdlər yaşayar
yal hesabına,
İrfan sahiblərin
al hesabına,
Hər fəsli
bir günün sal hesabına,
Payız yaşat,
Allah, yaz yaşat,
Allah!
Zülmün qənşərində
gülən kəslərin,
Haqqın ünvanını
bilən kəslərin,
Mayası sevgidən
gələn kəslərin
Ömrünü dağlara
yaz, yaşat, Allah!
O sözün
aşiqi, söz yadigarı,
İrfan ocağından
köz yadigarı,
Əlində Tanrının
saz yadigarı -
Zəlimxan Yaqubu saz yaşat, Allah!
P.S. Zəlimxan
Yaqubun poeziyası haqqında bütün düşüncələri və
duyğuları bir yazıya sığışdırmaq
mümkünsüzdür. Bu baxımdan, az
qala bədahətən,
bir-iki saatın içərisində qəlbimdən
keçənləri qələmə
aldım.
Ustad şairi 60 illik yubileyi münasibətilə
təbrik edir, möhkəm cansağlığı
arzulayıram.
Xalq Cəbhəsi.- 2010.- 8 yanvar.- S.7.