"Tarixi yaddaşına qayıdan xalq zirvəyə qalxa bilir"
Seyfəddin Rzasoy: "Xalqın
faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalır"
Bu yaxınlarda tanınmış mifoloq-alim Seyfədin Rzasoyun "Mifologiya və folklor: nəzəri-metodoloji kontekst" adlı kitabı işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Hüseyn İsmayılovdur. Əsərdə Azərbaycan və dünya folklorşünaslığının XX yüzildəki elmi-nəzəri təcrübəsi əsasında "Folklor nədir" sualına cavab axtarılıb, folklor etnokosmik düşüncə modeli, etnik özünüifadə və davranış kodu kimi səciyyələndirilib, mif-folklor-ədəbiyyat münasibətlərinin dialektik quruluşu, ədəbi düşüncənin quruluşu və metod problemi, ədəbi düşüncə tarixi və struktur-semiotik təhlil metodu, folklorun struktur-semiotik metodla öyrənilməsi təcrübəsi, "oğuz mifi", "türk mif metamodeli", "epos", "Oğuznamə eposu" anlayışları, mif və müqayisəli-tarixi təhlil metodu, oğuz mifinin strukturunun təhlili, "Azərbaycan mifologiyası" problemi və s. kimi məsələlərdən bəhs olunub.
S.Rzasoy yazır: "Folklor xalqın yaddaşıdır: fərd yaddaşı, etnos yaddaşı, millət yaddaşı və xalq yaddaşı... Xalqın varlığı söz və sənət kodları ilə onun yaddaşında inikas olunur. Yaddaş "qalar-qopar" dünyada "gəlimli-gedimli" ritmlə öz yaşamını gerçəkləşdirən xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxır: yaddaşı yaradan xalqın mövcudluğu yenə də birbaşa onun yaddaşına müncər olunur. Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir. Hər etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır. Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir... Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır. Xalqın yaddaşını incələyə-incələyə onun mədəni-ictimai yaddaşına adı həkk olunmuş mərhum akademik Yaşar Qarayev "Göyçəyə qayıdan yol folklordan keçir"- deyərək millət və xalq kimi bütöv olmağın, parçalara, tikələrə bölünməməyin, milli bütövlüyün formulunun, bütün mahiyyətinin folklor yaddaşına sədaqətdə olduğunu bəyan etdi: "Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kərküklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı folklordur. Sehrli və müqəddəs folklor ərazisindən bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib".
S.Rzasoy bu qənaətdədir ki, xalqın məhvi və yaşamı onun total milli yaddaşından - folklor yaddaşından asılıdır: "Yaşar Qarayevin "bəyanından" aydın olduğu kimi, Azərbaycanın Kərkükü - İraqın, Təbrizi - İranın, Göyçəsi - mənfur Ermənistanın, Dərbəndi - Rusiyanın, Borçalısı - Gürcüstanın siyasi xəritəsində "məskunlaşsa" da, vətən, xalq və millət Azərbaycanın milli folklor yaddaşında bütün tarixi əzəməti ilə bütövdür. Xalqın faciəsi o vaxt başlanır ki, milli yaddaş korşalır: onda bütövlüyün milli sxemləri tədricən silinir. Milli yaddaş heç bir zaman və heç bir halda korşalmamalıdır. Millətin ən böyük vəzifəsi bu yaddaşı qorumaqdır. Çünki yaddaş korşalanda: vətəndaş-vətənin sərhədlərini səhv salır; işçi - çörək üçün düşmənə də nökərçilik edir; siyasətçi - ölkənin siyasi balansını nizamlaya bilmir; iqtisadçı - ölkənin maddi əsaslarını dağıdır; müəllim - xalqın intellektual inkişafının bünövrəsini məhv edir; həkim - millətin fiziki-mənəvi sağlamlığına "balta çalır"; general - ordunu və vətəni satır; əsgər - düşmənlə dostu səhv salır; alim - intellektini bir qarın çörəyə satır...
Demək, vətəndaşlı, fəhləli, siyasətçili, iqtisadçılı, müəllimli, həkimli, alimli, əsgərli, sərkərdəli - bizim hamımızın millət olmaq yolumuz milli yaddaşın qorunmasından keçir. Etnik yaddaşı qorumaq - milləti qorumaqdır: millət olaraq özünü təsdiq etmək və xəlqi mahiyyətini, etnik varlığını yaşatmaq deməkdir. "Göyçəyə qayıdan yol folklordan keçdiyi" kimi, millətin bugününə, şanlı keçmişinə və işıqla dolu sabahına gedən yol da folklordan keçir".
S.Rzasoy deyir, folkloru da özündə birləşdirən bir ulu yol var: mifologiya: "Mifologiya bəşər mədəniyyətinin başlanğıc nöqtəsidir. Ondan o yananı dərk etmək, anlamaq hələlik mümkün deyil. Ümumiyyətlə, insanın özünüdərkinin yolu mifologiyadan keçir. Mifologiyasız heç bir mədəniyyətin etnokosmik mahiyyətinə nüfuz etmək mümkün deyil. M.Öcal Oğuzun yazdığı kimi, "mifologiyasız bir mədəniyyətin olması mümkün deyil. Mifologiya insan oğlunun öyrənmək ehtiyacının başlanğıc nöqtəsidir. Mifologiya öyrənmək ehtirasının doğurduğu, günümüzə gəlib çatan ən əski bilgilərdir. Mifologiya elmin başlanğıcıdır. Təəssüf ki, günümüzün pozitivist anlayışı içərisində mifologiya elm tarixinin başına yerləşdirilməyib. Mifologiya insan oğlunun öz çevrəsi ilə bağlı ilk maraq və öyrənmək ehtiyacının məhsulu olaraq meydana çıxıb". Oğuz mifi oğuz mədəniyyətinin və bütövlükdə Azərbaycan etnokosmik varlığının bütün təzahür formalarının, o cümlədən folklorun arxetipini təşkil edir. Bu səbəbdən milli mədəniyyətimizin struktur semantikasının, funksional dialektikasının dərki və onunla hər cür, o cümlədən elmi "ünsiyyətin" (bugünlə keçmişin, tarixlə mifin "dialoqunun") metodologiyasının əsasında oğuz mifinin öyrənilməsi durur.
Xaos şərti olaraq "nizamsız" dünya kimi səciyyələndirilməklə bizim nizamlı dünyamızın əsasını təşkil edir. Bu "nizamsız" dünya insan psixikasında təhtəlşüur, qeyri-şüuri, şüuraltı və s. anlayışlarla səciyyələndirilən psixik aləmdir. XX yüzil struktur antropologiyanın əsas tezisinə görə real aləmin (materiyanın) gerçək mahiyyəti qeyri-şüuridə ifadə olunub (ona kodlaşıb, onda obrazlaşıb). Ona gedən yol həm də birbaşa mifologiyadan keçir".
Folkloru etnokosmik düşüncə kodu kimi araşdıran və təqdim edən S.Rzasoy bu qənaətə gəlir ki, ənənədən qıraqda "folklor" sayıla biləcək hadisə yoxdur: "Folklor həm də şifahi ənənədə mövcud olan ədəbiyyatdır. Çünki folklorun reallaşma vasitələrindən biri poetik sözdür. Folklor xalq ənənəsi kimi etnosun inandıqları, etdikləri, yaratdıqları, söylədikləridir". Kitab sözügedən mövzuda ətraflı, gərgin axtarışların zəngin ifadəsi olaraq meydana çıxıb.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2010.- 9 yanvar.- S.14.