Erməni terrorunun canlı şahidi

 

Hikmət Quliyev: "Araz çayı da Zəngilan torpaqlarından getməyimizi istəmirdi"

 

Doğulduğu ata-baba yurdunun kövrək yaddaşında necə qalması, uşaqkən qaçqın düşməsi barədə yazı yazılmasının gərəkliyini Hikmətə dedim. Dedim ki, acılı-ağrılı xatiratını qələmə alsaq, yaxşı olar. Üstündən çox keçmədi, Hikmət Quliyev buna hazır olduğunu bildirdi. O, söhbətə Vətən sevgisindən başladı o qədər duyğulu danışdı ki, sözünü kəsmədən sonacan onu dinlədim: "Hər bir şəxs üçün Vətən onun doğulduğu məkandır. Təbii ki, geniş anlamda Azərbaycan hamımızın doğma diyarımız, adı ilə ruhumuzun qanadlandığı müqəddəs dəyərdir. Bununla yanaşı, bizim daxilimizdə ümumi Vətən sevgisinin ilkin işartıları məhz dünyaya göz açdığımız kiçik məkana olan sevgidən qaynaqlanır. Deməli, fərd üçün böyük anlamda Vətən elə onun anadan olduğu - dünyayla tanış olduğu ilk yerdən başlayır.

Mənim doğulduğum, dünyaya göz açdığım məkan Azərbaycanın ən ucqar səfalı rayonlarından biri olan Zəngilandır. Hər bir şəxs kimi, mənim üçün doğulduğum məkan dünyanın ən gözəl, ən dəyərli ən əvəzolunmaz yeridir. Ancaq mənim üçün bu sevginin özü qədər ruhi, mənəvi mücərrəd anlam daşıyırsa, Zəngilan haqqında da təsəvvürlərim elə bir o qədər qeyri-konkretdir. Belə ki, Zəngilan işğal olunanda mənim səkkiz yaşım var idi. Kəndimizdə orta məktəbin ikinci sinfində oxuyurdum. Kəndimiz, məktəbimiz, evimiz, kəndimizdə olan müxtəlif ictimai coğrafi obyektlər, o cümlədən qohum-əqrabamızın yaşadıqları yerlər yadımdadır. Çünki uşaq yaddaşımda bunlar xatirəmdə silinməz izlər buraxıb. Ancaq Zəngilan dedikdə yadıma bir hadisə daha dəqiq konkret şəkildə düşür. Sanki bir kino lentini izləyirmiş kimi, olanlar bir-bir gözümün önündə canlanır. Bu hadisə rayonumuzun erməni qəsbkarları tərəfindən işğal olunduğu günləri özündə cəmləşdirir. O günlər sanki dünyanın ən əzablı, ən məşəqqətli günləri idi. Elə bil həmin gün ən müqəddəs dəyərlərimizin itirildiyi, ata-babalarımızın ruhunun bizdən üz döndərdiyi gün idi. Axı bu torpaqlarda bizim ulularımızın ruhu dolaşırdı. Sanki həmin gün onlar da bu dəhşətlə barışmalı olmuşdular..."

O günləri xatırlayarkən həmsöhbətimin yadına düşən ilk hadisələrdən biri kəndlərində top qurğusunun yerləşdirilməsi olub: "Bəlkə mənim üçün müharibənin başlanması elə məhz həmin günlərə təsadüf edir. Çünki mənim müharibə barədə ilk gerçək təsəvvürlərim həmin günlərdən qaynaqlanıb.

Nənəmgilin yaşadığı kənd rayonumuzun Ermənistanla sərhəddə olan ən yaxın kəndlərindən idi. Oradan gələn mərmi səsləri, yaralı həlak olmuş şəxslərin təcili yardım maşınlarında aparılması yadımdadır. Ancaq müharibə artıq bizim kəndə gəlmişdi - kəndimizdə top qurğusu yerləşdirilmişdi.

1993-cü il oktyabrın sonları idi. Təxminən 27-si. Artıq mərmi səsləri, insanların yaralanması həlak olması həyatımızın gündəlik hadisələrinə çevrilmişdi. Saat 10-11 arası olardı. Anam, bacım, qardaşım mən evdə idik. Atamsa həmişə olduğu kimi, kəndimizdə olan hərbiçilərlə bir yerdəydi. Onu da deyim ki, atam ali təhsilli müəllim idi vaxtilə hərbi xidməti zabit kimi başa vurmuşdu.

Birdən bibim çox təlaşla bizə gəldi xəbər verdi ki, bəs camaat çıxır. Bu arada onu deyim ki, bizim evimiz kənddən bir az aralı olduğuna görə bu hadisədən xəbərimiz yox idi. Anam əvvəlcə bibimin sözlərinə elə əhəmiyyət vermədi. Görəndə ki, bibim israr edir, artıq deməyə bir söz qalmadı. Bibim dedi ki, bəs kəndimizdən rayona süd aparan maşın indicə qayıdıb şofer deyir ki, rayonda qarışıqlıqdır, camaat öz canının hayındadır. Beləliklə, bibimlə birlikdə onlara getdik.

Buradakı mənzərə hələ yadımdan çıxmır. Kəndin ortasında sağa-sola qaçan adamların üzündəki dəhşətli ifadələr insanı heyrətə gətirirdi. Ancaq onu da deyim ki, bu vurhavurda belə öz sayıqlığını itirməyənlər ilk növbədə yaşlı adamların körpələrin avtobuslara mindirilməsinə çalışırdılar. Bibimin həyat yoldaşının balaca bir avtobusu var idi. Təsəvvür edin ki, iyirmiyə yaxın ailə həmin avtobusa cəmlənmişdi. Heç kim bir əşya belə götürə bilməmişdi. Buradan Araz çayının qırağına getmək lazım idi. Çünki Zəngilan rayonunun həmin vaxt yeganə çıxışı İranla sərhəd idi. Qonşu rayonlar - Qubadlı, Füzuli artıq işğal olunmuşdu. Bir tərəfdə Ermənistanla sərhəd, o bir tərəfdən isə İranla sərhəd qalmışdı. Təbii ki, çıxış yolu İranla sərhəd idi.

Həmin avtobusla yola düşdük. Təxminən günortaya yaxın Araz çayının qırağına çatdıq. Ən dəhşətli mənzərə burada idi.

Rayonumuzun müxtəlif kəndlərindən axışıb gələn camaatın ah-naləsi, insanların öz doğmalarını axtarması epizodları insanın tüklərini biz-biz edirdi. Üstəlik həmin günlərdə yağan sel kimi yağışlar insanların əzablarını daha da artırırdı. Nənəm deyirdi ki, bala, bizim bu müsibətimizə yer-göy dayanmaz. Ona görə belə yağış yağır. Bu sözlər, təbii ki, həmin vaxt mənə elə təsir etməmişdi. Düzünü desəm, heç başa düşməmişdim . İllər keçəndən sonra mən bunları xatırlayarkən o sözlərin əsl mənasını başa düşdüm.

Oktyabr ayında yağıntılarla əlaqədar olaraq Araz çayında suyun həcmi artardı. Bu günlərdəki dəhşətli yağışlar elə bil insanların qəsdinə durmuşdu. bilim, bəlkə, Araz çayı da o torpaqlardan getməyimizi istəmirdi. Bilirdi ki, bu ayrılıq uzun çəkəcək. Ona görə belə coşmuşdu.

Üç gün, üç gecə Arazın qırağında qalmalı olduq. bir an belə yağışlar kəsmirdi. Arxada qızğın döyüşlər, irəlidə isə Araz çayı. Bir şeyi deyim ki, camaat rayondan çıxsa da ordu hələ rayonda idi ən cəsarətli oğullar hələ Zəngilanın hər qarışı üçün döyüşməyə davam edirdilər. Bir tərəfdən Arazın sahilində qalmağımıza baxmayaraq, İran tərəfə keçməyə icazə verilmirdi. İran əsgərləri əllərində silah Arazın o tayında sıra ilə düzülmüşdülər. Bir adama belə o tərəfə keçməyə icazə verilmirdi.

Bir qədər keçdikdən sonra Araz çayının Naxçıvan ərazisində bir neçə yerdə qarşısı süni maneələrlə kəsildi çayın suyu müəyyən qədər azaldı. Eyni zamanda İran dövləti ilə qazılıq əldə olundu camaat İran tərəfə keçməyə başladı. İnsanlar "Belarus" maşınlara qoşulmuş lafetlərlə Arazın o biri tayına keçirdilər. Bu məqamda da yadıma çox sarsıdıcı bir hadisə düşür. Belə ki, Arazın suyu azaldıqdan sonra əvvəlcə mən, qardaşım, bacım, əmimuşaqları, dayım uşaqları başqaları bibimlə birlikdə lafetə mindik o taya keçməyə başladıq. Çayın düz ortasında lafet göyə qalxdı az qaldı ki, aşsın. Bu anda uşaqların həyəcanlı səsi kənarda əlacsız tamaşa edən anaların qışqırığı insanı dəhşətə gətirirdi. Xoşbəxtlikdən bir şey olmadı biz sağ-salamat İran tərəfə keçdik.

...Üç gün, üç gecə Arazın kənarında qalan insanlar bir an belə geriyə qayıdacaqlarına şübhə etmirdilər. Hamı elə bilirdi ki, bu, müvəqqəti bir şeydir, tezliklə geriyə qayıdacağıq. Ancaq o qayıtmaq, bu qayıtmaq. Artıq 16 ildən çoxdur ki, biz həmin torpaqlardan uzaqdayıq..."

 

P.S. Məqalə "Qarabağ mövzusunun Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqəyə təqdim edilir.         

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 14 yanvar.- S.14.