Milli ad soyad problemi

 

Qədim milli adlarımızı yaşatmaqla yanaşı bu özül əsasında yeni milli adlar yaratmalıyıq

 

Son günlər adlar və soyadlarla bağlı müzakirələr gündəmdədir. Ancaq hələ ki, yekun rəsmi qərar açıqlanmayıb.

Problem dərindir: yüzillərlə müxtəlif təsirlərə, basqılara məruz qalan xalqımız, dövlətçiliyimiz bu problemlərin yaranmasını təəssüf ki, önləyə bilməyib. Gerçəkdir ki, bu tipli məsələləri bir anın içində həll eləmək olmur. Ancaq maarifləndirmə vacibdir. Maarifləndirmə sözsüz, gərəkdir. Bəlkə sözügedən məsələdə müəyyən məqamlarda könüllülük prinsipinin əsas götürüləcəyini bəziləri bununla əsaslandıra bilərlər. Belə ki, nəzərdə tutulduğuna görə, valideyn arzulayarsa, atasının adını övladına soyad kimi verə bilər.

Soyad sonluqları ilə bağlı ideya isə gərəkli qaçılmazdır.

Əslində burada əsas addım həm bundan sonra soydaşlarımıza milli ad seçməkdə əlaqədar qurumların yardımının təşkil edilməsi olmalıdır. Məhz bu məqsədlə sırf milli adlardan ibarət kitabların tərtib oluna, balasına əcayib ad qoyan valideynlərə mənalı milli adlarla bağlı tövsiyə verilə bilər. Əgər indi bu addımı atmasaq, sabah adlar sarıdan vəziyyət daha da mürəkkəbləşəcək. Çünki haradasa könüllülüyün sərhəddi müəyyən edilmədiyindən sərbəstliyə əsas tapıla, bu dəfə ərəb-fars adlarıyla yanaşı Avropa mənşəli əcayib adlar da soydaşlarımızın ad müəyyənliyini yarada, bir neçə nəsildən sonra baba adı kimi soyadlaşa bilər...

Deməli, indidən vəziyyəti qismən önləmək olar. Ad-soyad müəyyənliyi isə son dərəcə ciddi məsələdir. Bir görürsən, valideynlərin xoşuna sıradan bir ad çox xoş gəlir, həmin ad sənədləşir. Vaxt keçir, uşaq böyüyür adından utanır... ya heç utanmır da. Beləcə həmin ad onillərlə dilimizi yağır eləyir, milli ruhumuzun üzərində at oynadır. Bu, artıq ciddi problemdir. Ad, adqoyma məsələləri isə birbaşa ana dilimizin yüzillərlə çəkdiyi ağrılardandır. Tarixən bir millət olaraq bizi sevməyənlərin başımıza gətirdikləri, yaxud özümüzün biganəliyimiz, ya biri-birimizi sevməməyimiz ucbatından yaranan fəlakətlər səbəbindən ana dilimiz çoxsaylı zərbələr alıb. Baxmayaraq ki, əksər hallarda dilimiz mətinliyini qoruyub, ancaq zərbələr ona təsirini göstərib. Bu gün Azərbaycan türkcəsinin lüğət fondundakı sözlərin yarıdan çoxunun alınma sözlərdən ibarət olduğu deyilir. İki hissəli "Azərbaycan klassik ədəbiyyatında işlədilən ərəb-fars sözləri lüğəti"ndə 20 min söz cəmləşdirilib. Şərq birliyi naminə ana dilimizdəki müəyyən ərəb-fars sözlərinin qalması gərəklidir, ancaq bu qədər çoxsaylı söz istər-istəməz sabahımızda dilimizin mövcudluğu üçün təhlükə yarada da bilər. Deməli, ana türkcəmiz əsasında yeni-yeni sözlər yaratmalıyıq. Klassik ədəbiyyatımızda işlədilən bu sözlər tədricən, yüzillərlə ana dilimizin gözəl, mənalı sözlərini, o sıradan da türk şəxs adlarımızı, soyadlarımızı sıxışdıraraq aradan çıxarıb. Tarixən öz sözlərimizi bu ya digər əcnəbi sözlə əvəz etməyi qəbahət hesab etməmişik, əksinə, bunu qabaqcıllıq intellektuallıq saymışıq. Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır. Onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Nəticədə bir dildən bu ya digər dillərə çoxlu sözlər keçir ya əksinə: əksər hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır ki, tarixin çox dönəmlərində işğalçılıq motivləri bu ya digər dilin başqa dili üstələməsinə, nəticədə "dilin dili işğal etməsinə" səbəb olub. Fars dilində Azərbaycan türkcəsinə məxsus min söz belə yoxdur. Tarixən türk qılıncının zəhmini dadmış çinlilərin dilində belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm təəssüf ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi xarakterimizdə mövcuddur. Bu gün Türkiyədə fəaliyyət göstərən Türk Dil Qurumu yenə mümkün qədər Türkiyə türkcəsinə gələn yeni sözlərin öz ruhuna uyğun səviyyədə anlamını tapmağa cəhd edir. Vaxtilə Atatürk dövründə türk dilinin təmizlənməsi ilə bağlı edilən cəhdlər hamının yadındadır. Türkiyədə ad-soyad məsələsi hər halda uğurlu həllini tapdı.

Bu gün Azərbaycanda söz, ad yaradıcılığı ilə məşğul olmaq geniş anlamda ənənə olmalıdır. Sovet vaxtında da barmaqla sayılası qədər söz şəxs adlarımız yaranıb. "Dədə Qorqud dastanları"nda söz-ad yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin əcnəbi adlara qarşı mümkün qədər "sipər çəkilməli"dir. Dilimizə gələn qeyri-şəxs adlarının qarşılığının tapılmasına səy etməliyik. Ana dilimizin qayda-qanunlarının qorunması baxımından, xüsusən Bakının küçələrində çoxsaylı mağazaların digər obyektlərin üzərindəki əcnəbi adlarla bağlı qəti mövqe olmalıdır. Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olması danılmazdır. Ad yaradıcılığımız zəifdir. Qədim milli adlarımızı yaşatmaqla yanaşı habelə bu özül əsasında yeni milli adlar yaratmalıyıq. Əgər bir millət olaraq ana dilimizin təəssübünü sözün böyük mənasında çəkəriksə, bu, Güney Azərbaycanda soydaşlarımızın milli oyanış mərhələsi üçün ciddi, mənəvi sarsılmaz güc olar.

Azərbaycan dialektlərində olan, bu ya digər bölgədə işlədilən sözlərin çalarlı, ümumişlək xarakterli olmağa layiqlilərini seçərək onların əcnəbi sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün əksər ucqar kəndlərimizdə "dialekt" deyə işlədilən sözlərin varlığı əslində o bölgələrə "mədəni inqilabın" gedib çıxmaması ilə bağlıdır. Təəssüf ki, bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizi fəth etməyə girişib. Ona görə ləngimədən ana dilimizin qayğısını çəkməliyik. Bayatı dili son dərəcə təmizdir, çünki elat dilidir. Əgər ana dilimizin qayğısını hər mənada çəkib qoruyucusu olarıqsa, milli ad soyadlarla bağlı çabalarımız da davamlı, uzunömürlü olar.

 

   

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 16 yanvar.- S.14.