20 Yanvardan 20 il ötür

 

Professor Qüdrət Əbdülsəlimzadə: "Faciənin izlərini itirməyə çalışırdılar"

 

Tarixçi Vaqif Abışov: "Xalq ərazi bütövlüyü, milli dövlətçiliyimiz uğrunda mübarizəyə qalxmışdı"

 

1990-cı ildə baş vermiş qanlı 20 Yanvar hadisələrindən 20 il ötür. O zaman Şəhidlərin dəfnini təşkil etmiş İctimai Komissiyanın sədri, iqtisad elmləri doktoru, professor Qüdrət Əbdülsəlimzadə həmin günləri belə xatırlayır: "O günlərin çaşqınlığını və faciələrlə səciyyələnən qarışıqlığını, fövqəladə vəziyyətin məhdudiyyətləri və yerli hakimiyyət orqanlarının iflic vəziyyətini nəzərə alsaq, bu haqda danışmaq mənim üçün çətindir. Çünki həmin mürəkkəb şəraitdə-qəzəb, kədər, əsəbilik, göz yaşları içərisində, belə bir məsuliyyətli, həm də cəsarət tələb edən işin tam düşünülmüş surətdə getdiyini, addımların hansı təhlükələrlə rastlaşacağını, necə başa çatacağını bilmirdik. Ən başlıcası, bu müqəddəs vəzifəni yerinə yetirmək üçün sağ qalıb-qalmayacağımıza heç bir zəmanət yox idi. Həmin reallığın məntiqindən gələn hərəkətləri, konkret fəaliyyət addımlarını illər keçdikdən sonra soyuqqanlıqla təhlil etmək, atışma səslərini, vertolyotların gurultusunu, hərbçilərin əmrlərini, "sapı özümüzdən baltaların" təxribatını, şəhərin müxtəlif nöqtələrində yerləşdirilmiş snayperlərin hədəfi gerçəkliyində yaşananları təhlil edib qiymətləndirmək mənim üçün çətindir. Bütün maneə və əngəllərə baxmayaraq, 20 Yanvar Şəhidləri Bakı şəhərinin ən uca zirvəsi sayılan Dağüstü ərazidə dəfn olunmalıydı. 1990-cı il yanvarın 20-də səhər tezdən keçmiş Mərkəzi Komitənin qarşısında keçirilən fasiləsiz ümumxalq etiraz mitinqinin iradəsilə yaradılmış təşəbbüs qrupu və onun köməkçiləri dəstəsi birbaşa Dağüstü əraziyə gələrək 1918-ci ildə qətlə yetirilmiş soydaşlarımızın torpağa tapşırıldıqları, sonralar bolşevik rejimi illərində "parka" çevrilmiş məkanda azadlıq Şəhidləri üçün məzarlar qazmağa başladılar. Hamı istəyirdi ki, təşəbbüs qrupu içərisindən formalaşacaq və sırf dəfn mərasimini yola verəcək İctimai Komissiyanın tərkibində millətin tanınmış adamları olsun, nüfuz sahibi kimi bu faciə haqqında öz sözlərini desinlər, çaşqın, vahimə içərisində olan xalqa məsləhətlərilə kömək etsinlər, yol göstərsinlər. Həmin mürəkkəb və sonrakı nəticələri aydın olmayan qanlı-qadalı proseslərin, təqiblərin, həbslərin davam etdiyi fövqəladə hərbi vəziyyət şəraitinin bütün təhlükələrini, məhrumiyyətlərini, yerli-yersiz iradlarını yaşamış bir adam kimi heç kəsə heç nəyi irad tutmadan, ancaq kədərlə qeyd etməliyəm ki, bir sıra tanınmış nüfuz sahibləri obyektiv-subyektiv səbəblər üzündən bu milli şərəf borcundan imtina etdilər. 20 Yanvar faciəsindən sonra xalqın iradəsilə müstəqil qurumun yaradılması konkret şəraitin məntiqi nəticəsi kimi milli həmrəyliyin zəruri ifadəsi idi, kimlərinsə orada ümumi el nəzarəti altında fəaliyyəti isə təsadüfi xarakter daşımırdı".

Q.Əbdülsəlimzadə qeyd edir ki, şəhidlərimizin dəfn mərasimilə bağlı sırf təşkilati və müxtəlif tədbirləri əlaqələndirmə işlərini yerinə yetirmək məqsədilə bir-iki günlüyə yaradılmış İctimai Komissiya fəaliyyətini 42 gün davam etdirməli olub: "Komissiya xalqın bir damlası kimi onun səlahiyyətli nümayəndəsi vəzifəsini yerinə yetirmişdi; xalq isə milli birlik rəmzi olmuş qurumun həm təşkilatçısı, arxası, məsləhətçisi, həm də istiqamətləndirici nəzarətçisi olmuşdu. Aydındır ki, sovet rejimi və fövqəladə vəziyyət şəraitində yerli hakimiyyət orqanları Moskvadan aldıqları təlimatlara uyğun olaraq 20 Yanvar faciəsinin izlərini itirməyə, həlak olanların ayrı-ayrı yerlərdə dəfn olunmasına, ümumiyyətlə, faciə qurbanlarının sayını azaltmağa çalışır, bütün günahları işğalçı ordunun deyil, öz hüquqları uğrunda mübarizəyə qalxmış insanların, ilk növbədə isə Xalq Cəbhəsi liderlərinin üzərinə atırdılar, İctimai Dəfn Komissiyasını tanımaq istəmirdilər, onun ayrı-ayrı üzvlərini hüquq-mühafizə orqanlarına çağıraraq hədələyir, bu işin onlar üçün "yaxşı qurtarmayacağı" haqqında hədə-qorxu gəlirdilər. Onların içərisində təsadüfi adamlarla yanaşı bir sıra ziyalıların, müəllimlərin, mühəndislərin, din xadimlərinin olması bu işin müəyyən qüvvələr tərəfindən istiqamətləndirildiyini sübut edirdi. Onlar milliyyətindən asılı olmayaraq Şəhidlərin bir ərazidə dəfn edilməsinin əleyhinə çıxır; hökumətin bu məzarları hökmən başqa yerə köçürəcəyi haqqında şayiələr yayır; komissiya üzvlərinin "hökumət adamları" olduqlarını söyləyir; müxtəlif pozucu hərəkətlərilə ətrafdakı silahlı hərbçilərin nəzər-diqqətini "Şəhidlər Xiyabanı"na cəlb etməyə, əhalidən pul toplamağa çalışır; fitnəkar şüarlar səsləndirir; tezliklə "Şəhidlər Xiyabanı"na hərbçilərin basqını olacağını deyərək xalqın ziyarətinin qarşısını almağa çalışırdılar. Millətimizin o ağır günlərində Şəhidlərimizin dəfni kimi məsuliyyətli bir işi xalqın iradəsi və nəzarəti altında, vətəndaşlıq borcu səviyyəsində yerinə yetirən insanlara qarşı belə qəzəbli münasibəti ürək ağrısı ilə xatırlayaraq dəfnin üçüncü cümə axşamı mərasimində "Şəhidlər Xiyabanı"nda səslənmiş bir fikri demək istəyirəm: "Bəlkə də Dəfn Komissiyası çirkin əməllərinizi nə vaxtsa bağışlaya biləcək..., lakin millətimiz, torpağımız, duz-çörək, ana südü və Şəhidlərimizin ölməz ruhları belə bir günahı heç vaxt bağışlamayacaq". Hətta "sanitar-gigiyena tələbləri" bəhanəsilə şəhidlərin məzarlarını asfaltla örtüb iz itirmək kimi qərəzli, sərməst cəhdlər bizim günlərimizdə nə qədər qəribə səslənsə də, o vaxt bütün bunlar "qırmızı imperiya" ideoloqları, habelə onların yerlərdəki manqurt xislətli əlaltılarının xəstə təfəkkür tərzinin yaratdığı acınacaqlı reallıq idi".

Xalqa arxalanan İctimai Dəfn Komissiyası və onun çevik köməkçilər dəstəsinin, xüsusilə Abşeron kəndləri cavanlarının səyləri nəticəsində bu cür fitnəkar hərəkətlərin qarşısı alınmışdı: "O dövrdə hüquq-mühafizə orqanlarında çalışan namuslu həmyerlilərimiz özlərinin və ailələrinin həyatını təhlükə altına qoymalarına baxmayaraq, müxtəlif yollarla çatdırılan xəbərdarlıq siqnalları gözlənilən təxribatların qarşısının alınmasında əvəzsiz rol oynamışdı. 1990-cı il yanvarın 22-dən - Şəhidlərin dəfn günündən sonra başlamış ümumxalq ziyarəti, artıq 20 ildir davam edir. İllər ötəcək, yüzillər dolanacaq, nəsillər bir-birini əvəz edəcək, ancaq milli oyanış və mübarizə tariximizin ən müqəddəs, baş ziyarətgahı olan Şəhidlər Xiyabanına xalqın ehtiramı heç zaman tükənməyəcək. Neçə illərin söhbətidir, "Şəhidlər Xiyabanı"nda bir cümə axşamı yeganə oğulları İlqarı və Faiqi itirmiş analarla qəbirləri ziyarət edir, dualar söyləyir, asta-asta dərdləşirdik.

Analardan biri yuxuda oğlunun yatdığı yerin nəm-yaş olduğunu, ikinci isə oğlunu yuxuda həmişə islanmış paltarda gördüyünü danışırdı. Onların yuxusunu yozmağa və saçları son vaxtlar xeyli ağarmış analara təsəlli verməyə çalışsam da, düzü, tutarlı bir söz tapa bilmədiyimdən acizanə tərzdə susuram... Analar dərin kədər-qüssə içində, sanki özləri ilə danışırmışlar kimi deyirlər ki, görünür, çox ağlayıb onların ruhunu incidirik, gərək səbrli olaq... Anaların müdirkliyinə mat qalıram. Ana fəhmi və yozumu ilə mənalandırsaq, Şəhidlərimizin məzarları yaş, kəfənləri islanmış, məğrur ruhları o vaxta qədər narahatlıqla başımız üstündə dolaşacaq ki, biz bir millət kimi Şəhidlərimiz qarşısında borcumuzu onların layiq olduqları zirvədə, qeyrətlə yerinə yetirək.

Bu, Vətən və qeyrət borcu itirilmiş torpaqlarımızın qaytarılması əzmindən, insan hüquqlarının qorunub müdafiə edilməsindən, iqtisadi inkişafın tarazlı inkişafına nail olmaqdan, xalqın rifahının durmadan yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir."

20 Yanvar Bakıda baş verdiyi dərəcədə bu fəlakətli hadisənin təsiri demək olar ki, o dövrdə Azərbaycanın bütün bölgələrində hiss edildi. Yanvarın 26-da Lənkəranda törədilən qanlı əməllərin canlı şahidi, o dövrdə itkin düşmüş onlarla soydaşımızın axtarılıb-tapılmasında xüsusi səy göstərmiş, hazırda AMEA-nın Tarix İnstitutunun əməkdaşı Vaqif Abışov həmin günləri belə xatırlayır: "Xalqımız Moskvanın ona qarşı belə amansızlıqla davranacağını gözləmirdi.

O zaman xalq ərazi bütövlüyü, milli dövlətçiliymiz uğrunda mübarizəyə qalxmışdı. Hələ 1988-ci ildə Ermənistandan Dağlıq Qarabağa, Şuşaya ilk qaçqınlar gələndə Şuşaya lənkəranlıların topladığı ərzaq və digər zəruri ləvazimatın maşın karvanı ilə aparılmasına rəhbərlik etmişəm. 1990-cı il yanvarın 10-dan 11-nə keçən gecə Lənkəranda sovet hakimiyyətini bütün strukturlarının fəaliyyəti dayandırıldı. Moskvadan gələn hökumət səlahiyyətliləri əmin oldular ki, əhalinin məqsədi dünya ictimaiyyətinin diqqətini ermənilərin təcavüzkarlığına, mərkəzi hakimiyyətin yeritdiyi yanlış siyasətə yönəltməkdən ibarətdir".

V.Abışov azərbaycanlıların o dövrdə baş vermiş Lənkəran hadisələri zamanı qətliamı barədə bunları deyir: "O dövrdə Lənkəranda imperiya hərbiçiləri tərəfindən vəhşicəsinə öldürülənlər Lənkəranın dinc sakinləri, ümumxalq hərəkatına qoşulanlar idi. Onlar Qarabağ savaşı uğrunda döyüşə hazırlaşırdılar. Bu qüvvələr rusların Lənkəranda qırğın törədəcəyindən ehtiyatlanaraq meşəyə çəkilməyi, sonradan isə dağılmağı qərara aldılar. Rus qoşunlarının məqsədi xalqın gözünü qorxutmaq idi. İmperiya bir nəfəri də olsa məhv etmək istəyirdi ki, başqalarının gözü qorxsun. Bu məqsədlə vertolyotdan meşəyə desant atıldı. Ruslar qəfildən onları mühasirəyə aldılar, dağılışmalarına imkan vermədilər. Mühasirədəkilərin bir neçə ov tüfəngindən başqa heç nələri yox idi. Sovet əsgərləri pulemyotdan, avtomatdan atəş açdılar, beş nəfər elə oradaca qətlə yetirildi. Qalan 61 nəfərin əl və ayaqları möhkəmcə bağlandı, onları insanlığa qəti uyğun olmayan bir formada vertolyotun içində üst-üstə yığdılar. Bu hadisədən az sonra itkin düşənlər barədə siyahı hazırladıq. O zamankı Ali Sovetdə 20 Yanvar hadisələri ilə bağlı yaradılmış komissiyanın üzvlərindən olan Ramiz Fətəliyev, Arif Məlikov, Adilə Namazova və başqalarına siyahını təqdim etdik. Araşdırmalar nəticəsində məlum oldu ki, müəmmalı şəraitdə aparılan 62 nəfərdən biri vertolyota qalaqlanan zaman altda qalaraq ölüb. Hakimiyyət dairələri ciddi reaksiya olduğunu görəndə Ulyanovska aparılan 30 nəfərin geri qaytarılmasını təmin etdilər. 31 nəfər isə Şüvəlan həbsxanasına salınmışdı. Lənkəran hadisələri zamanı həlak olmuş 6 nəfərdən biri Bakıdakı Şəhidlər Xiyabanında, qalanları isə Lənkəranda dəfn edilib. Lənkəran şəhidləri 131 nəfər 20 Yanvar şəhidləri sırasındadır. Hakimiyyət dairələri Şəhidlərin ümumi qəbristanlıqda dəfn edilməsini istəsələr də, camaat bununla razılaşmadı. Sonradan təkidimizlə Lənkəran şəhidlərinə abidə qoyuldu."

 

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2010.- 19 yanvar.- S.14.