Dünya azərbaycanlıları 20 Yanvar faciəsini anırlar

 

1990-cı il yanvarın 20-də törədilmiş faciənin 20-ci ildönümü dünyanın müxtəlif ölkələrində anılır. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yanvarın 17-də Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin radioverilişi bütövlükdə 20 Yanvar faciəsinə həsr olunub. Aparıcılar Elvin Abbasbəyli, Şahin Hüseynli və Alkan Eldəniz Alınca ən müasir silahlarla silahlanmış Sovet ordusunun dinc əhalini ağır texnikanın köməyilə gülləbarana tutması, 20 Yanvar günü 133 insanın həlak olması, 700 adamın yaralanması, yüzlərlə paytaxt sakininin itkin düşməsi barədə fransız dinləyicilərinə ətraflı məlumat veriblər. Verilişdə faciədən 20 il keçməsinə baxmayaraq, beynəlxlaq təşkilatların hələ də hadisəyə münasibət bildirməməsi, bu işdə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmaması diqqətə çatdırılıb.

Proqramda 20 Yanvar facisəilə bağlı "Azərbaycan evi"nin bəyanatı da səsləndirilib. Sənəddə dünyada insan hüquqlarına dair qanunu ilk dəfə qəbul etmiş Fransanın və Strasburqda yerləşən İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin 20 Yanvar faiciəsinə siyasi qiymət verməsi, eləcə də bu cinayəti törədənlərin məhkəməyə cəlb edilərək, öz layiqli cəzalarını alması üçün öz səslərini ucaltması tələb olunur. Bundan əlavə, 20 Yanvar faciəsilə bağlı yanvarın 20-də "Azərbyacan evi"ndə anım tədbiri də keçiriləcək.

 

Azadlığına və müstəqilliyinə can atan millətin qəhrəmanlıq nümunəsi...

 

Eyni zamanda həmin gün İsrailin Hayfa şəhərində Hayfa-Bakı Dostluq Cəmiyyəti 20 yanvar faciəsilə bağlı anım tədbiri keçirib. Tədbirdə faciənin tarixinə nəzər salınıb, şəhidlərin xatirəsi yad edilib.

Bundan əlavə, yanvarın 17-də Benilüks Azərbaycanlıları Konqresi (BAK) Hollandiyanın Rotterdam şəhərində anım mərasimi keçirib. Tədbirdə Vətənin və xalqın azadlığını hər şeydən uca tutaraq şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. BAK-ın sədri Elsevər Məmmədov bildirib ki, Azərbaycan xalqı 20 Yanvar faciəsini yalnız ümumxalq hüzn günü kimi qeyd etmir, eyni zamanda Sovet imperiyasının Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına və müstəqilliyinə can atan millətin mübarizliyini və məğrurluğunu özündə yaşadan qəhrəmanlıq nümunəsi kimi xatırlayır. Mərasimdə kinorejissor Ramiz Əliyevin 20 Yanvar faciəsilə bağlı filmi, eləcə də tələbələrimizin hazırladığı bədii kompozisiya nümayiş etdirilib. 20 Yanvarla əlaqədar anım tədbirləri yanvarın 19-20-də Amsterdam, Haaqa və Hollandiyanın digər şəhərlərində də olacaq.

Həmin gün Bişkekdəki "Azəri" İctimai Birliyinin və Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığıyla Qırğızıstanın Kant şəhərində 20 Yanvar faciəsilə bağlı mərasim keçirilib. "Azəri" İctimai Birliyinin sədri, əməkdar həkim Akif Alaferdov hadisənin başvermə səbəbləri, keçmiş Sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə tədbir iştirakçılarına məlumat verib. Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov isə Qırğızıstanda yaşayan azərbaycanlıları birliyə çağırıb, Qırğızıstan-Azərbaycan əlaqələrinin inkişafında QHT-lərin rolundan bəhs edib. Hətta Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzləri də 20 Yanvar faciəsi qurbanlarını yad edəcəklər.

 

Qanlı tarix bir daha videogörüntülərdə izlənəcək

 

Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə və Nəvai vilayətlərində 20 Yanvar faciəsinin ildönümüylə əlaqədar anım mərasimləri keçirəcək.

Qazaxıstanda fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı Azərbaycanın bu ölkədəki səfirliyilə birlikdə Astana və Almatı şəhərlərində, ümumilikdə ölkənin 14 vilayətində anım tədbirləri təşkil edəcək.

Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı cəfirliyilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəoərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər. Ümumrusiya Azərbaycanlıları Konqresi Murmansk bölməsinin ofisində Qara Yanvar hadisələrinin 20 illiyilə əlaqədar fotostendlər, kitab sərgiləri təşkil olunacaq, şəhidlərin ruhuna dualar oxunacaq, Bakıda baş vermiş qanlı hadisələrdən bəhs edən sənədli filmlər göstəriləcək. Bundan başqa, Rusiya Azərbaycanlı Gənclər Təşkilatı da 20 Yanvar faciəsilə bağlı tədbir keçirəcək.

Kiyev şəhərindəki Müəllimlər Evində Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki səfirliyilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq. Konqresin Xarkov, Donetks, Dnepropetrovsk bə digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.

Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyilə birlikdə yad edəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.

 

"Qara Yanvar faciəsinin 20-ci ildönümü hər zaman yaddaşlarda"

 

Tallində "Aydan" Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi toplantıda 20 Yanvar faciəsinə həsr olunmuş fotoşəkillər sərgilənəcək, film nümayiş etdiriləcək. Litva Azərbaycanlıları Cəmiyyəti də 20 Yanvar hadisəsinə aid faktları və reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq. Latviyadakı "Ocaq" Mədəniyyət Mərkəzi də 20 Yanvar faciəsilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Yanvarın 20-də Riqadakı "Azadlıq" heykəlinin önündə anım mərasimi olacaq, buraya əklil qoyulacaq. Daha sonra "Ocaq" Mədəniyyət Mərkəzinin Gənclər Təşkilatının təşəbbüsüylə "Qara Yanvar faciəsinin 20-ci ildönümü hər zaman yaddaşlarda" adlı anım saatı keçiriləcək. Tədbirdə mərkəzin fəal gənclərinin və tələbələrin təşəbbüsüylə hazırlanmış film nümayiş etdiriləcək. Budapeştdə fəaliyyət göstərən "Macar-Azərbaycan Dostluq Cəmiyyəti", Rumıniyadakı Azərbaycan Mədəniyyət və Gənclər Asossiasiyası, Kişineuda Moldova Azərbaycanlıları Konqresi, Praqada "Azər-Çex" Cəmiyyəti də ölkəmizin bu ölkələrdəki səfirliklərilə birgə Qanlı Yanvar qurbanlarını yad edəcəklər.

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Federasiyası İsveç (AFİ) yanvarın 18-də qurumun nəzdindəki "Azərbaycanın səsi" radiosunda 20 Yanvar faciəsinə həsr olunmuş Azərbaycan və İsveç dillərində veriliş yayımlayacaq. Radio proqram İsveç vaxtıyla saat 17.00-dən 22.00-dək davam edəcək. Yanvarın 20-də isə AFİ qanlı faciəylə bağlı seminar keçirəcək. Stokholmda 20 yanvar qətliamıya əlaqədar daha bir anım tədbirini İsveçdəki "Azərbaycan Naminə", "Odlar Yurdu", "Vətən" və "World Azərbaycan" Cəmiyyətləri birgə təşkil edəcəklər. Böyük Britaniyadakı "Azərbaycan Evi" Londonda Azərbaycanın bu ölkədəki səfirliyilə birlikdə, eyni zamanda İslandiyanın Lundarqata şəhərində İslandiya-Azərbaycan "Azəri" cəmiyyəti bu faciənin 20-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd edəcəklər.

 

Mayntsda da 20 Yanvar faciəsindən danışılacaq

 

Yanvarın 19-da Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzilə Avroqafqaz Cəmiyyətinin birlikdə keçirəcəyi anım tədbirinə qanlı hadisənin şahidlərindən də bir neçə nəfər qatılacaq, faciədən bəhs edən sənədli film göstəriləcək. Yanvarın 20-də isə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi Alman-Azərbaycan Forumuyla birlikdə Heilig-Kreuz kilsəsində alman ictimaiyyətinin nümayəndələrinin də iştirakıyla anım mərasimi təşkil edəcək. Mərasim Azərbaycan bəstəkarlarının orqan üçün bəstələdiyi əsərlərdən ibarət matəm konsertilə davam edəcək. Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti də Berlində 20 yanvar faciəsi qurbanlarının xatirəsini anacaq. Mayntsda isə "Maynts Azərbaycan Cəmiyyəti"nin Frankfurt Azərbaycan Cəmiyyəti birgə keçirəcəyi anım mərasimində 20 Yanvar faciəsilə bağlı qonaqlara ətraflı məlumat veriləcək. Hamburqdakı Türk Mərkəzində Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Türk Mədəniyyət Cəmiyyəti birlikdə 20 Yanvar faciəsinə, onun mahiyyətinə bir daha nəzər salacaqlar. Alman-Azərbaycan Cəmiyyətinin Drezden şəhər inteqrasiya şöbəsiylə birlikdə bu şəhərdə təşkil edəcəyi anım tədbirində də faciəni əks etdirən sənədli film nümayiş olunacaq, bu qanlı hadisənin tarixi barədə tədbir iştirakçılarına məlumat veriləcək.

20 Yanvar faciəsini anma mərasimlərinə Kanada Azərbaycan Təşkilatları Assambleyası (KATA) Toronto, Monreal, Ottava və Edmonton şəhərlərində keçirəcəyi tədbirlərlə qatılacaq. ABŞ-ın Nyu York şəhərindəki Amerika Azərbaycanlıları Cəmiyyəti, Los-Ancelesdə Amerika-Azərbaycan Şurası da 20 Yanvar faciəsini yad edəcəklər. Yanvarın 19-da İsrailin Akko şəhərində yerləşən "Qafqaz klubu"nda Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) anım tədbiri keçirəcək.

 

"Azərbaycanın həm matəm, həm də qürur günü"

 

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına (TADEF) üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Balıkesir, Muğla, Qars, Antalya, Adana, Hatay və digər şəhərlərdə anım tədbirləri keçirəcək, mətbuat konfransları təşkil edəcək, yerli televiziya, agentlik və qəzetlər üçün press-relizlər yayacaq, 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakı şəhərində dinc sakinlərə qarşı törətdiyi qətliam haqqında geniş məlumat verəcəklər. Eyni zamanda TADEF Ankaradakı mərkəzi ofisində qanlı yanvarla bağlı fotosərgi təşkil edəcək və mətbuat üçün açıqlama verəcək. Xatırladaq ki, artıq Türkiyədə nəşr olunan "Kocaeli" qəzetinin 2010-cu il yanvarın 16-da çıxan sayında TADEF sədri, bu qəzetin köşə yazarı Bilal Dündarın 20 yanvar faciəsindən bəhs edən "Azərbaycanın həm matəm, həm də qürur günü" başlıqlı məqaləsi dərc olunub.

Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi 20 Yanvar faciəsilə bağlı anım tədbiri keçirəcək, fotosərgi və bədii kompozisiya təşkil edəcək. Eyni zamanda "Qeyrət" xalq hərəkatı Marneulidə 20 yanvar şəhidlərinin xatirəsini yad edəcək. Marneulidə keçiriləcək digər anım tədbiri isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin 20 Yanvar faciəsinə həsr etdiyi elmi-praktiki konfrans olacaq. Tiflisdə isə Gürcüstan Azərbaycanlıları Konqresi "20 Yanvar Azərbaycanın azadlığı və suverenliyi naminə mübarizənin rəmzidir" mövzusunda dəyirmi masa təşkil edəcək, daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş elmi-praktiki konfrans olacaq.    

 

 

 Turqut

 

  Xalq Cəbhəsi.- 2010.- 19 yanvar.- S.4.