"20 Yanvar şahid
jurnalistlərin gözü
ilə"
Mətbuat Şurasında "dəyirmi
masa" keçirilib
Ötən gün Azərbaycan Mətbuat Şurasının
təşəbbüsü ilə "20 Yanvar şahid jurnalistlərin gözü ilə" mövzusunda "dəyirmi
masa" keçirilib. Tədbiri giriş
sözü ilə açan MŞ sədri Əflatun Amaşov 20 Yanvar hadisələrinin Azərbaycan xalqının
müstəqillik taleyində
önəmli mərhələlərdən
biri olduğunu vurğulayıb. Onun
sözlərinə görə,
20 il öncə
yaşanan proseslərdə,
qəhrəmanlıqlarda hər
bir vətənpərvər
azərbaycanlının müstəsna
rolu olub: "Bu mənada peşə vəzifəsini yerinə yetirən jurnalistlərin fədakar əməyi xüsusi qeyd edilməlidir. Çünki onlar millətin
haqq səsinin, dəhşətli faciənin
məşəqqətlərinin bütün dünyaya çatdırılmasını təmin etmək kimi vacib missiyanı
yerinə yetiriblər".
Ə.Amaşov 20 Yanvar faciəsi barədə istər ölkə, istərsə
də dünya ictimaiyyətinin məlumatlandırılmasında
həmin vaxt nəşr olunan "Səhər" qəzetinin
başlıca rol oynadığını önə
çəkib. O, tədbir iştirakçılarına qəzetin
20 Yanvar hadisələrini
əks etdirən
"Güllələnmiş qəzet" adlı toplusunu təqdim edib.
"Səhər"
qəzetinin baş redaktoru Məzahir Süleymanzadə çıxışında
toplunun məhz "Güllələnmiş qəzet"
adlandırılması zərurətinə
diqqət çəkib:
"Senzuranın mövcudluğuna
baxmayaraq böyük çətinliklərlə də
olsa, qəzet çap edildi. Nəşrdə faciə bütün
təfərrüratları ilə əks olundu. Şəkillərdə qətllərin qanlı
foto görüntüləri
yer almışdı.
Yadımdadır ki, "Səhər"in
səhifələri redaksiyanın
qarşısındakı mağazanın
şüşəsinə vurulmuşdu
və insanlar əraziyə toplaşaraq
onu oxuyurdular. Getdikcə sayları çoxalırdı.
Fövqəladə vəziyyət rejimində
o boyda insanın bir yerə toplaşması
mümkünsüz idi.
Tezliklə əsgərlər gəldi. Lakin heç kəs
oradan uzaqlaşmırdı.
Hərbçilərin göyə atdıqları
xəbərdarlıq atəşləri
də nəticə vermədi. Sonda onlar şüşəyə
atəş açdılar.
Şüşə ilə birgə
qəzet səhifələri
də güllələndi".
M.Süleymanzadə "Səhər"
qəzetinin 20 il öncəki fəaliyyətindən danışarkən
nəşrin faciəyə
ilə bağlı sayının 2 milyon tirajla çıxdığını
qeyd edib. O, mövzunu əks etdirən ilk materialın
"Vətən bu gün ağı deyir" sərlövhəli
reportaj olduğunu diqqətə çatdırıb
və yazını 11
jurnalistin müştərək
məhsulu kimi dəyərləndirib. 20 Yanvar tarixini Azərbaycan jurnalistlərini
birləşdirən gün
kimi xarakterizə edən baş redaktor "Səhər"in
ilk saylarının çıxmasında
əməyi keçən
hər bir şəxsə minnətdarlığını
bildirib.
"Xalq
qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu o zaman hələ "Kommunist"
adlanan bu nəşrin binası önünün jurnalistlərin
qərargahına çevrildiyini
vurğulayıb: "Həmin
vaxt qarara gəlindi ki, belə bir dəhşətli
faciədən sonra qəzet "Kommunist" adı ilə çıxarılmasın. Buna mənəvi haqqımızın
olmadığı bildirildi.
Çox
yaxşı ki, Azərbaycanın müstəqilliyinin
elan olunmasından 55 gün öncə nəşrin adı dəyişdi. "Səhər"
"Kommunist"in iqtisadi
əlavəsi kimi fəaliyyətə başlayıb.
Bununla belə, bu nəşrin
ilk günlərdən siyasi
proseslərə aktiv müdaxiləsinin mövcudluğu
qaçılmaz sosial
sifarişdən qaynaqlanıb".
20 Yanvar faciəsinin şahidlərindən olan
Araz Qurbanov qələm sahiblərinin
o zamankı fəaliyyət
istiqamətlərindən ətraflı
söhbət açıb. O, jurnalistlərin
ağ xalatlarda
həkim kimi gizlincə xəstəxanalarda
olmalarını və
yaralılarla intervülər
təşkil etmələrini
konkret cəsarət nümunəsi kimi dəyərləndirib. "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Enes Cansevər çıxışında
rəhbəri olduğu
nəşrin 20 Yanvar həqiqətlərinin dünyaya
çatdırılması sayəsində gördüyü
işlərin müxtəlif
məqamlarından bəhs
edib. Onun sözlərinə görə,
faciə və ondan sonrakı proseslər Azərbaycan xalqının qüdrətinin
nümayişi olmuşdu:
"Eyni zamanda bu, keçmiş SSRİ-yə daxil olan
digər respublikaların
azadlıqlarına qovuşmalarında
mühüm həlqələrdən
idi. Bu mənada
indi müstəqillik qazanmış bir çox postsovet ölkələri Azərbaycan
xalqına minnətdar
olmalıdırlar".
Çıxış edənlərdən
Mətbuat Şurası
İdarə Heyətinin
üzvləri - Beynəlxalq
Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, eyni zamanda 20 Yanvar hadisələri dönəmində "İzvestiya"
qəzetinin müxbiri
olmuş Vasif Səmədov, "Assa İrada" İnformasiya
Agentliyinin baş direktoru Fazil Abbasov və başqaları ayrı-ayrı
jurnalistlərin faciənin
beynəlxalq aləmə
çatdırılması istiqamətindəki fəaliyyətlərindən
söhbət açıblar.
Ülviyyə Şamilqızı
Xalq Cəbhəsi.- 2010.- 20 yanvar.- S.14.